Oqtay Əsədov: "Öz prezidentinizin saytına baxın"

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı məsələ müzakirəyə çıxarılıb. SİA-nın xəbrinə görə, Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, Ramil Səfərov yerli və beynəlxalq konvensiyalara uyğun şəkildə Azərbaycana ekstradisiya olunub: "Erməni tərəfi bu məsələni gündəmdə saxlamaqla status-kvonun qalmasını istəyirlər. Bu isə yolverilməzdir. AŞPA-nın toplantısında erməni tərəfinə bizim prezidentin saytına baxdıqları üçün təşəkkür etdim və əlavə etdim ki öz prezidentinizin də saytına baxın".

İclasda Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında təmsil olunduğu partiyanın təşkilatçılığı ilə Avropa Parlamentinə etiraz məktubunun göndərildiyini xatırladıb: "Bu onu göstərir ki, Azərbaycanın siyasi partiyaları ümummilli məsələlərdə eyni nöqtəyə vurur".

Milli Məclisin sədri Oqtay Əsədov yenidən çıxış edərək beynəlxalq təşkilatları qətiyyətsizlikdə suçlayıb. Mövzu ətrafında deputatlar Zahid Oruc və Fəzail Ağamalı da çıxış ediblər. F.Ağamalı öz növbəsində Azərbaycanda ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasını təklif edib.

Qeyd edək ki, Ramil Səfərovla bağlı müzakirələr davam edir.

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə