Niyaməddin Orduxanlı: “Ayaz Mütəllibovun tərəfdaşlarının siyasi fəaliyyəti sönüb”

"Ayaz Mütəllibov artıq Azərbaycan siyasətində tarixə çevrilib. Onun ölkəyə qayıtdıqdan sonra peşəkar siyasətlə məşğul olması inandırıcı deyil". Bunu Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, Ayaz Mütəllibov 20 ildir Azərbaycanda deyil və o, ölkə cəmiyyətində gedən proseslərdən xəbərsizdir.

Qeyd edək ki, Ayaz Mütəllibov xeyli müddəti Moskvada yaşamağına baxmayaraq buradakı bir sıra siyasətçilərlə tərəfdaşlıq edirdi. Hətta Araz Əlizadəyə məxsus Sosial Demokrat Partiyasının həmsədri idi. Niyaməddin Orduxanlının fikirincə, Ayaz Mütəllibov kimi onun siyasi tərəfdaşları da siyasətdən gedəcəklər. BAXCP sədrinin müavini qeyd edib ki, bu gün onlar da Azərbaycan siyasətində sönük vəziyyətdədir: "Onların adi siyasi toplantıları belə nəzərə çarpmır. Sosial dayaqları olmadığı üçün ictimai nüfuzları yoxdur. Bu səbəbdən həmin şəxslər də siyasi fəaliyyətlərini dayandıracaq".

Ayaz Mütəllibovun ölkəyə qayıtdıqdan sonra siyasi fəaliyyət göstərməsi ilə bağlı fikirləri ASDP-nin həmsədri Araz Əlizadə ilə araşdırdıq. Araz Əlizadə bildirdi ki, Ayaz Mütəllibovun peşəkar siyasətlə məşğul olmaq fikri yoxdur. Onun sözlərinə görə, uzun müddətdir mühacirətdə olan eks-prezident bundan sonrakı vaxtını ailəsinə ayırmaq istəyir. Ayaz Mütəllibovun siyasi tərəfdaşı olaraq onun siyasətdə qalmasına gəlincə isə Araz Əlizadə qeyd etdi ki, ASDP Ayaz Mütəllibovdan əvvəldə mövcud olub,bu gündə var. Araz Əlizadə də həmişə olduğu kimi siyasi fəaliyyətini eyni xətt üzrə davam etdirəcəyini dedi.


Vüqar Əliyev


Bütün xəbərlər Facebook səhifəmizdə