Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü yüksək səviyyəsini və gələcək inkişaf perspektivlərini aydın şəkildə nümayiş etdirir. Müsahibədə Azərbaycan - Özbəkistan əlaqələrinin siyasi, iqtisadi, humanitar və regional əməkdaşlıq baxımından əhəmiyyəti xüsusi vurğulanır. Azərbaycan və Özbəkistan arasında münasibətlərin möhkəm təməlində ilk növbədə xalqlarımızın tarixi, milli və mədəni yaxınlığı dayanır. İki xalqı birləşdirən ortaq türk kökləri, zəngin tarixi irs, adət-ənənələr və mənəvi dəyərlər dövlətlərarası əlaqələrin inkişafına xüsusi dinamizm verir. Məhz bu amillər Azərbaycan və Özbəkistan münasibətlərinin dərin qarşılıqlı rəğbət və səmimi dostluq üzərində qurulmasını təmin edir. Burada söhbət yalnız siyasi maraqlardan deyil, xalqların bir-birinə bəslədiyi hörmət və qardaşlıq hissindən gedir.
Son illərdə Azərbaycan-Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış səmimi münasibətlər və qarşılıqlı etimad ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə mühüm təkan verib. Ali Dövlətlərarası Şuranın yaradılması da münasibətlərin strateji xarakter daşıdığını göstərən mühüm addımlardan biridir. İqtisadi sahədə əlaqələrin genişləndirilməsi də diqqət çəkən istiqamətlərdəndir. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birgə müəssisələrin yaradılması, investisiya layihələrinin həyata keçirilməsi və sahibkarlar arasında əlaqələrin gücləndirilməsi iki ölkənin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan yaradır. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan və Özbəkistanı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm bağlantı nöqtələrinə çevirir.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də Qarabağın və Şərqi Zəngəzurun bərpasında Özbəkistanın göstərdiyi qardaş dəstəkdir. Füzulidə Özbəkistanın təşəbbüsü ilə məktəb binasının inşa edilməsi iki ölkə arasındakı dostluğun əməli nümunəsi kimi xüsusi əhəmiyyət daşıyır. Bu, Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən quruculuq prosesinə verdiyi mənəvi və praktiki dəstəyin ifadəsidir. Humanitar və mədəni əlaqələr də Azərbaycan-Özbəkistan münasibətlərinin ayrılmaz hissəsidir. Ədəbiyyat, incəsənət, təhsil, elm və media sahələrində əməkdaşlığın genişlənməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsinə mühüm töhfə verir.
Ölkə Başçımızın müsahibəsindən də aydın görünür ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq ənənəvi dostluq əlaqələrindən daha geniş məzmun kəsb edir. Bu münasibətlər qarşılıqlı etimad, strateji maraqlar, siyasi iradə və ən əsası, xalqlarımız arasında mövcud olan dərin qarşılıqlı rəğbət üzərində inkişaf edir. Bu gün Azərbaycan və Özbəkistan bir-birini regional və beynəlxalq məsələlərdə dəstəkləyən, qarşılıqlı maraqlara əsaslanan genişmiqyaslı əməkdaşlıq həyata keçirən iki qardaş dövlətdir. Mövcud əlaqələrin dinamikası göstərir ki, Azərbaycan-Özbəkistan dostluğu bundan sonra da möhkəmlənəcək, yeni layihələrlə zənginləşəcək və Türk dünyasının birliyinə mühüm töhfələr verəcək.
Elşən Səfərov,
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB