“Böyük Qayıdış proqramının icrası çox mühüm və uzunmüddətli prosesdir” - ŞƏRH EDİLDİ
Təbii ki, Böyük Qayıdış proqramının icrası çox mühüm və uzunmüddətli prosesdir. Lakin bu prosesdə bir neçə mühüm məqam xüsusi diqqətdə saxlanılmalıdır. İlk növbədə məskunlaşma məsələsi ön plana çıxır. Hər bir insanın doğulduğu, böyüdüyü doğma torpaqlara qayıtması, orada rahat və təhlükəsiz şəkildə yaşaması əsas məqsədlərdən biridir. Bununla yanaşı, həmin şəxslərin məşğulluğunun təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır.
Bu sözləri SİA-ya politoloq Samir Hümbətov deyib.

O bildirib ki, çünki insan doğma yurduna qayıtdıqdan sonra orada işləmək və gəlir əldə etmək imkanına malik deyilsə, onun uzunmüddətli məskunlaşması çətinləşə bilər. Bu baxımdan məşğulluğun təmin olunması müxtəlif istiqamətlərdə həyata keçirilə bilər. Burada həm dövlətin, həm də özəl sektorun üzərinə mühüm vəzifələr düşür. Yeni müəssisələrin, istehsal və xidmət sahələrinin yaradılması, qayıdan vətəndaşların həmin müəssisələrə cəlb edilməsi mühüm addımlardan biri ola bilər:
“Digər tərəfdən, vətəndaşlara müəyyən maliyyə dəstəyi göstərilərək onların öz bizneslərini qurmasına şərait yaratmaq mümkündür. Bu, güzəştli kreditlər, birdəfəlik maliyyə yardımları, subsidiyalar və digər dəstək mexanizmləri vasitəsilə həyata keçirilə bilər.
Xüsusilə kənd təsərrüfatı ilə məşğul olmuş şəxslərin öz fəaliyyətlərini davam etdirməsi üçün əlverişli şərait yaradılmalıdır. Onlara torpaq, texnika, kredit və subsidiya imkanlarının təqdim olunması, istehsal etdikləri məhsulların satışına dəstək göstərilməsi həmin insanların həm məşğulluğunu təmin edə, həm də bölgələrdə iqtisadi aktivliyi artıra bilər.
Eyni zamanda, müxtəlif peşə və bacarıqlara malik insanların da imkanlarından istifadə olunmalıdır. Sənətkarlar, sahibkarlar, tikinti və istehsal sahəsində təcrübəsi olan şəxslər üçün kiçik müəssisələrin, emalatxanaların, fabrik və digər istehsal obyektlərinin yaradılmasına dəstək göstərilə bilər. Beləliklə, həmin şəxslər həm öz gəlirlərini formalaşdırar, həm də yeni iş yerlərinin yaranmasına töhfə verərlər.
Əgər işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik lazımi səviyyədə təmin olunmasa, yalnız yaşayış evlərinin tikilməsi uzunmüddətli məskunlaşma üçün kifayət etməyəcək. Dövlət tərəfindən yatırılan böyük həcmdə investisiyaların real nəticə verməsi üçün həmin ərazilərdə yaşayışla yanaşı, iqtisadi fəaliyyət də formalaşmalıdır.
Bu baxımdan hesab edirəm ki, məskunlaşma, məşğulluq və iqtisadi aktivlik Böyük Qayıdış proqramının bir-birini tamamlayan əsas istiqamətləri kimi nəzərdən keçirilməlidir. Bu məsələlər kompleks və sistemli şəkildə həll olunarsa, Böyük Qayıdış proqramının daha uğurlu, səmərəli və uzunmüddətli nəticələr verməsi mümkün olacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB