"Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) etibarlı və ləyaqətli tərəfdaşlarından biri kimi beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır".
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, məhz ölkəmizin artan beynəlxalq nüfuzu və həyata keçirdiyi balanslı xarici siyasət nəticəsində Azərbaycan 2011-ci ildə BMT Baş Assambleyasında 155 dövlətin dəstəyi ilə 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir:
"Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və ölkəmizə göstərilən yüksək etimadın bariz nümunəsidir.
Azərbaycan BMT-nin məqsəd və prinsiplərinə sadiq qalaraq təşkilatın qlobal təşəbbüslərində fəal iştirak edir, beynəlxalq əməkdaşlığın inkişafına və çoxtərəfli diplomatiyanın gücləndirilməsinə mühüm töhfələr verir. Ölkəmizin nüfuzunun göstəricilərindən biri də beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsidir.
BMT-nin iqlim dəyişiklikləri üzrə COP29 konfransının Azərbaycanda keçirilməsi, eləcə də 2026-cı ildə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ümumdünya Şəhərsalma Forumu – WUF13-ün Bakıda təşkil olunması beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadının və dəstəyinin göstəricisidir. Bu mühüm tədbirlərin ölkəmizə həvalə edilməsi Azərbaycanın uğurlu xarici siyasətinin və diplomatiyasının mühüm nəticələrindəndir.
Azərbaycan eyni zamanda BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin uzun illər icra olunmaması şəraitində öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn norma və prinsipləri əsasında bərpa etmişdir. Bununla Azərbaycan beynəlxalq hüququn aliliyinin təmin olunması baxımından mühüm presedent yaratmış, ikili standartların və selektiv yanaşmaların yolverilməzliyini nümayiş etdirmişdir.
Azərbaycan BMT ilə əməkdaşlığın və tərəfdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Çünki bu əməkdaşlığın inkişafı ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli prioritetlərin həyata keçirilməsinə, iqlim dəyişikliyi, rəqəmsal transformasiya, humanitar məsələlər və digər qlobal çağırışlara qarşı birgə fəaliyyət imkanlarının genişlənməsinə, həmçinin
Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişafına mühüm töhfə verə bilər".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB