"Bu, Bakı-Vaşinqton tərəfdaşlığını yeni strateji mərhələyə çıxarır" - ŞƏRH

"Bu, Bakı-Vaşinqton tərəfdaşlığını yeni strateji mərhələyə çıxarır" - ŞƏRH

"Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik etməsi son illərdə yüksələn Azərbaycan-ABŞ münasibətlərinin məntiqi davamı kimi qiymətləndirilə bilər. Bu fikrləri deputat Vüqar İskəndərov deyib.Bu gün Bakı ilə Vaşinqton arasında formalaşan siyasi dialoq təkcə ikitərəfli əlaqələri deyil, bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasını müəyyən edən əsas amillərdən birinə çevrilib".

Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, xüsusilə 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması regionun tarixində yeni səhifə açdı:

"Ağ Evdə keçirilən görüş zamanı Prezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan və Prezident Donald Trampın iştirakı ilə əldə olunan razılaşma uzun illər davam edən münaqişənin yekun həlli istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir.

Vaşinqton görüşünün ən mühüm nəticələrindən biri də Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutu ilə bağlı əldə edilən razılaşma oldu. ABŞ tərəfindən dəstəklənən və beynəlxalq iqtisadi əməkdaşlıq layihəsi kimi təqdim edilən TRIPP – (Trump Route for International Peace and Prosperity) təşəbbüsü regionun nəqliyyat, enerji və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyi hədəfləyir. Bu layihə faktiki olaraq Zəngəzur marşrutunun beynəlxalq legitimlik və iqtisadi təminat qazanması baxımından yeni mərhələnin əsasını qoyur. Donald Tramp administrasiyasının Azərbaycanla bağlı mövqeyi də münasibətlərdə yeni dinamikanın formalaşmasına səbəb olub. Vaşinqtonun Azərbaycanın regionda sabitlik yaradan, enerji təhlükəsizliyinə töhfə verən və mühüm geosiyasi tərəfdaş kimi rolunu yüksək qiymətləndirməsi ikitərəfli münasibətlərin strateji xarakterini gücləndirib. ABŞ və Azərbaycan arasında enerji, nəqliyyat, texnologiya, təhlükəsizlik və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar bunun bariz nümunəsidir.

Eyni zamanda, uzun illər Azərbaycan ictimaiyyətində narahatlıq doğuran 907-ci düzəliş məsələsində Vaşinqtonun daha praqmatik yanaşma nümayiş etdirməsi də diqqət çəkən məqamlardandır. ABŞ-ın regional reallıqları və Azərbaycanın strateji əhəmiyyətini nəzərə alan siyasəti tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Bütün bunlar göstərir ki, Azərbaycan-ABŞ münasibətləri artıq ənənəvi diplomatik əməkdaşlıq çərçivəsini aşaraq daha geniş geosiyasi və iqtisadi məzmun qazanır. Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında formalaşan qarşılıqlı etimada əsaslanan dialoq, Vaşinqton sülh təşəbbüsü və regionun nəqliyyat-kommunikasiya xəritəsini dəyişdirəcək layihələr Bakı-Vaşinqton tərəfdaşlığını yeni strateji mərhələyə çıxarır".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə