"Mina təhlükəsi Azərbaycan üçün əsas təhlükəsizlik çağırışıdır" - ŞƏRH EDİLDİ

"Məlum olduğu kimi, Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan Respublikasının ərazisinin təqribən 12–13 faizi mina və partlamamış hərbi sursatlarla çirklənib. Bu, təxminən 1,5 milyondan artıq mina və partlamamış hərbi sursatın torpaqda gizli təhlükə mənbəyi olaraq qalması deməkdir. Yalnız 2025-ci il ərzində ümumilikdə 6 824 mina və 52 392 partlamamış hərbi sursat aşkarlanmış və zərərsizləşdirilmişdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, mövcud hesablamalara əsasən, bu qədər geniş miqyaslı çirklənmənin tam şəkildə aradan qaldırılması üçün milyardlarla ABŞ dolları həcmində maliyyə vəsaiti və uzun zaman müddəti tələb olunur: "Hazırkı mərhələdə Azərbaycan dövləti bu ağır vəzifənin öhdəsindən əsasən öz daxili maliyyə resursları hesabına gəlir ki, bu da dövlətin məsuliyyətli və ardıcıl siyasətinin göstəricisidir.

Bütün bunlar onu göstərir ki, mina və partlamamış hərbi sursat problemi bu gün də ölkəmiz üçün ən ciddi təhlükəsizlik çağırışlarından biri olaraq qalır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı mina təhlükəsi həm mülki əhali üçün birbaşa həyat təhlükəsi yaradır, həm də azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və məskunlaşma proseslərini ciddi şəkildə ləngidir. 44 günlük Vətən müharibəsindən sonra ötən dövr ərzində 400-dən artıq Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş, həyatını itirmiş və ya ağır bədən xəsarətləri almışdır. Ümumilikdə isə Azərbaycanda 4000 mina qurbanı var. Bu fakt mina təhlükəsinin nə qədər real və davamlı olduğunu bir daha təsdiqləyir".

Eyni zamanda deputat qeyd edib ki, mina təhlükəsi yalnız konkret ərazilərlə məhdudlaşmır, o, demək olar ki, bütün yaş qruplarını əhatə edən genişmiqyaslı humanitar problemə çevrilib: "Minalar insanların gündəlik həyatını risk altına salmaqla yanaşı, kənd təsərrüfatı fəaliyyətini məhdudlaşdırır, yaşayış məntəqələrinə və nəqliyyat infrastrukturuna çıxışı çətinləşdirir, iqtisadi və sosial inkişafın qarşısında ciddi maneələr yaradır. Bu səbəbdən humanitar minatəmizləmə təkcə təhlükəsizlik deyil, eyni zamanda sosial-iqtisadi inkişaf məsələsidir.

Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi mövcuddur və hər bir dövlət, o cümlədən Azərbaycan Respublikası bu məqsədlər əsasında öz milli inkişaf prioritetlərini formalaşdırıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə humanitar minatəmizləmə 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi irəli sürülüb. Bu yanaşma, mina probleminin təkcə regional deyil, qlobal humanitar çağırış kimi qəbul edilməsinin vacibliyini ortaya qoyur. Hazırda dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan diplomatiyası beynəlxalq platformalarda humanitar minatəmizləmənin qlobal səviyyədə dayanıqlı inkişaf məqsədi kimi tanınması istiqamətində fəal iş aparır.

Digər mühüm məqam ondan ibarətdir ki, mina terroru yalnız insan həyatına deyil, eyni zamanda mədəni irsə, ətraf mühitə və bütün canlı aləmə ciddi təhlükə yaradır. Bu baxımdan mina problemi çoxşaxəli, kompleks və uzunmüddətli fəsadlara malik təhlükə kimi qiymətləndirilir. Azərbaycan dövləti bu reallığı nəzərə alaraq, mümkün olan bütün istiqamətlər üzrə sistemli fəaliyyət göstərir. Bu istiqamətlərdən biri də minaların mədəni irs obyektlərinə vurduğu ziyanın beynəlxalq səviyyədə tanınması və sənədləşdirilməsidir.

Məlum olduğu kimi, 1954-cü ildə “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyası qəbul edilib. 2023-cü ildə Haaqa Konvensiyasına Tərəf dövlətlərin 15-ci beynəlxalq toplantısında Azərbaycan Prezidentinin təlimatına uyğun olaraq aparılan məqsədyönlü fəaliyyət nəticəsində “Minaların mədəni irsə təsiri” ilə bağlı xüsusi qətnamə qəbul edilib. Bu sənəd mina terrorunun mədəni irsə vurduğu dağıdıcı təsirin beynəlxalq hüquqi müstəvidə tanınması baxımından mühüm əhəmiyyət daşıyır və Azərbaycanın bu sahədə qlobal təşəbbüskar rolunu bir daha nümayiş etdirir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə