“Oktyabrın 6–7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) “Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə Görüşü, türk coğrafiyasının gələcək onilliklərdəki geosiyasi trayektoriyasını müəyyənləşdirəcək hadisələrdən biri olacaq. Bu zirvə sadəcə diplomatik protokol və bəyanatlar toplantısı deyil, Türk dünyasının öz daxilində inteqrasiya səviyyəsini yoxlayan ciddi siyasi imtahandır”. Bu sözləri SİA-ya Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Türk Dövlətləri Təşkilatının “Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə görüşü barədə danışarkən qeyd edib.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı uzun illər mədəni və iqtisadi əməkdaşlıq platforması kimi fəaliyyət göstərsə də, hazırkı mərhələdə təşkilatın gündəliyinə təhlükəsizlik, müdafiə və sərhəd sabitliyi kimi məsələlərin daxil edilməsi, onun siyasi mahiyyətinin dəyişdiyini göstərir.
“Bu dəyişikliklər regionda baş verən hadisələr fonunda təbii və zəruridir. Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Orta Asiya dövlətlərinin təhlükəsizlik çağırışları, qlobal güclərin rəqabəti türk ölkələrini daha sıx koordinasiyaya sövq edir.
Azərbaycan üçün bu zirvənin Qəbələdə keçirilməsi həm simvolik, həm də strateji məna daşıyır. Qəbələ Azərbaycanın tarixində qədim dövlətçilik mərkəzi olmaqla yanaşı, bu gün müstəqil Azərbaycanın diplomatik gücünün təzahürünə çevrilib. Azərbaycanın ev sahibliyi, onun TDT məkanında lider ölkələrdən biri kimi nüfuzunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin son illərdə türk birliyinin siyasi gücə çevrilməsi istiqamətində atdığı addımlar artıq nəticə verir: Türk dövlətləri arasında iqtisadi əlaqələr dərinləşir, birgə müdafiə təşəbbüsləri müzakirə olunur, enerji və nəqliyyat layihələri ortaq strateji hədəfə çevrilir.
TDT-nin gündəliyində bu dəfə “sülh və təhlükəsizlik” mövzusunun önə çəkilməsi təsadüfi deyil. Regionun geosiyasi sabitliyi yalnız diplomatik bəyanatlarla təmin edilmir. Bu, həm də konkret layihələr, sərhəd təhlükəsizliyi mexanizmləri, informasiya mübadiləsi və strateji koordinasiya tələb edir. Türk dövlətləri artıq başa düşürlər ki, qlobal mühitdə ayrı-ayrılıqda qalmaq nə siyasi, nə iqtisadi, nə də təhlükəsizlik baxımından səmərə verir”.
Millət vəkili qeyd edib ki, Türk dövlətlərinin təşkilatlanmasının yüksəlişə doğru irəliləməsi hamının xoşuna gəlmir: “Türk dünyasının birləşməsi bəzi regional və qlobal güclərin maraqlarına birbaşa ziddir.
Rusiya üçün türk birliyi postsovet məkanında təsir dairəsinin zəifləməsi deməkdir. Moskva üçün Orta Asiya “arxa həyət” sayılırdı. Lakin indi bu region getdikcə Ankara və Bakı ilə daha sıx əməkdaşlığa gedir. TDT-nin iqtisadi, mədəni və hərbi bağları artdıqca, Kremlin “rus mədəni dünyası” konsepsiyası daha da zəifləyir.
İran türk dövlətlərinin ortaq mövqeyindən narahatdır. Tehran Orta Dəhliz və Zəngəzur koridoru kimi layihələri öz geoiqtisadi maraqlarına təhdid hesab edir. Bundan əlavə, Azərbaycanın regional nüfuzunun artması və Türkiyə ilə strateji ittifaqı İran üçün balanssızlıq yaradır.
Qərb gücləri (xüsusən bəzi Avropa ölkələri) də türk birliyinin siyasi-iqtisadi cəhətdən güclənməsini ehtiyatla izləyir. Onlar hesab edir ki, bu birlik enerji bazarlarında və logistika dəhlizlərində Avropanın təsirini azalda bilər. Türk dövlətləri enerji tranzitini birgə idarə etməyə başlasa, Qərbin regiondakı oyun qaydaları dəyişəcək.
Sadaladığımız üç güc mərkəzi — Rusiya, İran və bəzi Qərb dövlətləri — türk inteqrasiyasının dərinləşməsini istəmir. Çünki bu, yeni geosiyasi balansın yaranması, yəni “Avrasiya türklərinin siyasi oyanışı” deməkdir.
Bu kontekstdə Qəbələ Zirvəsi Türk dünyasının bir növ strateji “konsolidasiya sınağı” olacaq. Zirvədə qəbul ediləcək qərarlar TDT-nin yalnız ideoloji birlik olmadığını, həm də real güc mərkəzinə çevrilmək iddiasını ortaya qoymalıdır. Əks halda, bu format yalnız rəmzi dəyərlə məhdudlaşa bilər”.
Deputat təşkilatın qarşısındakı mümkün risklərdən də bəhs edib.
“Üzv ölkələrin xarici siyasət kursları, regional maraqları və iqtisadi imkanları arasında fərqlər qalmaqdadır. Bəzi dövlətlər hələ də böyük güclərin təzyiq balansında siyasət aparır. Bu səbəbdən, TDT-nin birgə təhlükəsizlik və diplomatik qərarlarının icrası müəyyən çətinliklərlə üzləşə bilər. Bununla belə, təşkilat daxilində yaranan qarşılıqlı etimad mühiti və ortaq tarixi dəyərlər bu riskləri minimuma endirmək potensialına malikdir.
Qəbələ görüşünün əsas əhəmiyyəti ondadır ki, Türk dünyası ilk dəfə sülh və təhlükəsizlik kimi həssas mövzunu açıq şəkildə müzakirə etməyə başlayır. Bu, TDT-nin sadəcə iqtisadi və mədəni deyil, həm də siyasi güc mərkəzi kimi formalaşmasının göstəricisidir. Türk dövlətlərinin regional sabitliyə töhfə verməsi, həm Qərb, həm də Şərq gücləri qarşısında yeni balans yarada bilər.
Azərbaycan bu zirvədən öz liderlik missiyasını bir daha təsdiqləyərək çıxmalıdır. Qəbələ Zirvəsi ölkəmizin diplomatik nüfuzunun, siyasi etibarının və regionda formalaşdırdığı yeni reallığın təntənəsi olacaq. Bu tədbir həm də Türk dünyasının bir ideyadan real siyasi gücə çevrilməsi yolunda atılmış növbəti addımdır.
Türk birliyi artıq romantik ideya deyil – bu, XXI əsrin yeni geosiyasi arxitekturasıdır. Qəbələdə baş tutacaq Zirvə, bu arxitekturanın təməlinə çevriləcək və gələcəkdə Türk dövlətlərinin qlobal siyasətdə koordinasiyalı mövqeyinin bünövrəsini formalaşdıracaq”,- deyə E.Akimova əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə