Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib

İyulun 4-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, iclasda Sahibə Qafarova Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin iyunun 30-da və iyulun 1-də Özbəkistan Respublikasında işgüzar səfəri barədə məlumat verib.

Sonra parlamentin sədri Sahibə Qafarova iclasın gündəliyinə 22 məsələnin daxil olunduğunu deyib.

Gündəliyin birinci məsələsi qərar layihəsi olub. Bildirilib ki, Prezidentin təqdimatına əsasən, Milli Məclis Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi məsələsinə baxmalıdır.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məsələ barədə məlumat verib. O, Azərbaycan Prezidentinin Otari Qvaladzenin, Fərhad Tutayukun, Rauf Quliyevin və Rəşid Rzayevin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi məsələsinə baxılması üçün Milli Məclisə müraciət etdiyini deyib. Deputat namizədlərin ikisinin icra hakimiyyətinin, digər iki nəfərin isə məhkəmə hakimiyyətinin təmsilçiləri olduğunu söyləyib, onların fəaliyyəti və iş təcrübəsi barədə məlumatı təqdim edib.

Sonra qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Yeni təyin edilmiş hakimlər iclasda and içiblər.

Növbəti məsələni - “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda çıxış edən maliyyə naziri Sahil Babayev ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı məhsuldar müzakirələrin keçirildiyini söyləyib. O, 2024-cü ilin Azərbaycan üçün uğurlu olduğunu, həm makro-iqtisadi sabitliyin, həm makro-fiskalsabitliyin qorunduğunu, önəmli dövlət proqramlarının, o cümlədən “Böyük Qayıdış” Proqramının uğurla icra edildiyini,ölkənin müdafiə qabiliyyətinin gücləndirildiyini, habelə sosial rifah məsələlərinin büdcədə geniş şəkildə əhatə edildiyinivurğulayıb. Nazir, ümumilikdə, 2024-cü ilin dövlət büdcəsininhəm gəlirlərinin, həm də xərclərinin icrasında müsbət dinamikanın müşahidə olunduğunu bildirib.

Növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və bir oxunuşda qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə qanun layihəsini təqdim edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov isə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nun təsdiqlənməsi haqqında qanun layihəsini təqdim edib.

Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gündəliyin növbəti 13 məsələsi ikinci oxunuşda qanun layihələri olub.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsini, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsini, həmçinin “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə, "Müdafiə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini Aqrar siyasət komitəsini sədri Tahir Rzayev, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinəqarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin üzvü Kamal Cəfərov, “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təqdim ediblər.

Komitə sədri Əli Hüseynli, həmçinin Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Gündəliyin son 5 məsələsi isə birinci oxunuşda qanun layihələri olub.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Komitə sədri bildirib ki, sənədə əsasən, "Media haqqında" Qanunda "Media subyekti" anlayışı Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə genişləndirilib. Xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycanda fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsi nəzərdə tutulur, ölkəmizdə fəaliyyət göstərəcək filial və nümayəndəliyin Dövlət Vergi Xidmətində (DVX) qeydiyyatdan keçdikdən sonra Media Reyestrinə daxil edilməsi üçün müraciət etməsi tələbi gətirilir. Bununla yanaşı, "xarici jurnalistlər" ifadəsi "xarici media nümayəndələri" ifadəsi ilə əvəzlənir.

Layihədə, həmçinin saxta məlumatların dərci və yayımını qadağan edən norma müəyyən edilir. İnformasiya agentliklərinə münasibətdə xarici ölkələrdə akkreditasiyadan keçmiş jurnalistlər və digər subyektlərlə informasiya əldə edilməsi (verilməsi) barədə müqavilələr üzrə minimum say müəyyənləşdirilir, həmçinin istehsal etdikləri informasiyanın minimum nisbətinə dair tələblər təsbit olunur.

Xarici media subyektlərinin filial və nümayəndəlikləri də daxil olmaqla, bütün media subyektlərinin onlayn resurslarına münasibətdə mediada dərci və yayımı qadağan olunan materiallar üzrə tədbirlərin görülməsinin Medianın İnkişafı Agentliyinin səlahiyyətlərinə aid edilməsinə dair dəyişiklik edilir.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda isə xarici media subyektinin filial və nümayəndəliyinin beynəlxalq müqavilədə nəzərdə tutulmadan və ya Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması DVX tərəfindən onun ləğvi üçün əsas kimi müəyyənləşdirilir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev qanun layihəsinin xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycanda fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsini nəzərdə tutduğunu qeyd edib və təmsil etdiyi komitənin məsələyə dair müsbət rəyini səsləndirib.

İclasda diqqətə çatdırılıb ki, növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-biri ilə bağlıdır. Ona görə də layihələrin təqdimatları və müzakirəsi birlikdə aparılıb.

Gündəliyin 19-cu məsələsi olan "Xüsusi icra məmurları haqqında" qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd icra sisteminin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb. Komitə sədri layihədə təklif olunan xüsusi icra institutunun yaradılmasının əsasları, yeni institutun funksiyaları, səlahiyyətləri, fəaliyyət istiqamətləri barədə məlumat verib.

Əli Hüseynli gündəliyin 20-ci məsələsi olan Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrasıMəcəlləsində, Rəqabət Məcəlləsində, "Sosial sığortahaqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcrahaqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin vəonların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraathaqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalarhaqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunlayihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd hazırda Milli Məclisin müzakirəsinə təqdim edilmiş "Xüsusi icraməmurları haqqında" qanun layihəsinə uyğunlaşdırmaq məqsədilə hazırlanıb.

Gündəliyin 21-ci məsələsi - "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri vəolduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri vəolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı qeyd edilib ki, sənəddə şəxsiyyət vəsiqəsindəolan məlumatların dairəsində dəyişiklik edilməsi təklif olunub. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayışyeri və vətəndaşlıq məlumatları əlavə edilir.

Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsivə digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemi vasitəsilə saxlanılacaq. Bundan başqa, qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur. Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur.

Gündəliyin sonuncu məsələsi olan Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Notariat haqqında", "İcra haqqında", "Daşınmaz əmlakındövlət reyestri haqqında" və "İpoteka haqqında" qanunlardadəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı bildirilib ki, layihə icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləməni nəzərdə tutur.

Qanun layihələri birinci oxunuşda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə