Azərbaycanın söz sahibi olduğunu təsdiq edən SÜLHMƏRAMLILIQ – TƏHLİL

Dünyada baş verən proseslərin, ələlxüsus da bəzi dövlətlər arasında olan müxtəlif qarşıdurmaların fonunda rəsmi Bakı məhz həmin qarşıdurmaların aradan qaldırılmasında vasitəçi olaraq qəbul edilməkdədir. Son bir ay ərzində Bakıda iki dövlətlərarası görüşün və bir mühüm rəsmi səfərin baş tutması heç də təsadüfi sayılmır. Belə məlum olur ki, Azərbaycan artıq sülhün, əmin-amanlığın tərəfində olan, sülhsevər dövlət olaraq tanınır və ölkəmizin sülhməramlılığı bütün dünyada yuksək qiymətləndirilir.

Münaqişə edən iki ölkənin bir araya gətirilməsi, münaqişənin aradan qaldırılması istiqamətində atılan hər bir addım ancaq alqışa layiqdir

Qlobal diplomatiyanın təzahürləri açıq-aşkar göründüyü bir vaxtda diqqət məhz ABŞ, Rusiya, Avropa ölkələri, Çin, Türkiyə və İran olmaqla, bir neçə dövlətin üzərindədir. Sadalanan bu dövlətlərin bəziləri arasında olan münaqişələr artıq elə bir həddə çatıb ki, həmin münaqişələr müharibə təhlükəsi belə vəd edir. Məhz belə bir məqamda müharibənin qarısının alınması, daha dəqiq desək, dövlətlər arasında sülh naminə danışıqlar üçün vasitəçilik ən böyük humanist addım sayılır və elə sülhməramlılıq kimi də qəbul edilir. Azərbaycan belə bir humanist addımla, münaqişənin aradan qaldırılması istiqamətin vasitəçilik etməsi ilə həqiqətən də sülhməramlılıq edir.

Bəli, əsl sülhməramlılıq elə budur. Münaqişə edən iki ölkənin bir araya gətirilməsi, razılaşma üçün danışıqlar zamanı vasitəçilik etmək, münaqişə edən ölkələri müharibədən çəkindirmək sülhməramlılıqdır. Rəsmi Bakı bir çox qondarma sülhməramlılardan, guya ki, sülhməramlılıq missiyasını üzərinə götürən, sonra da sərhəd zonasında, təmas xəttində cəsusluq edən bəzi Avropa qurumlarından fərqli olaraq, sülhməramlılıq yolunda əlindən gələni əsirgəmir. Bu həqiqətən də sülhməramlılıqdır və münaqişənin aradan qaldırılması istiqamətində atılan hər bir addım ancaq alqışa layiqdir.

Azərbaycanın artıq qlobal miqyasda söz sahibi hesab olunması başadüşüləndir

Bildiyimiz kimi, 10 aprel tarixində iki ölkənin, daha dəqiq desək, Türkiyə və İsrailin Müdafiə nazirliklərinin nümayəndələri Azərbaycanın paytaxtına gəliblər. Yəqin ki, bu “gəlişin” nə demək olduğu bəllidir. Hər halda, il yarım davam edən döyüşlərdən sonra bu ölkələrin məhz Suriya ərazisində qarşıdurmanın yeni mərhələsinə qədəm qoyduqları bir vaxtda hər iki ölkənin Müdafiə nazirlikləri nümayəndələrinin Bakıya gəlməsi təsadüfi, səbəbsiz və sıradan bir hadisə sayıla bilməz. Dünyanın ən tanınmış siyasətçiləri bunu xüsusilə əhəmiyyətli hesab etdiklərini və məhz Azərbaycanın sülhməramlılıq etdiyini vurğulamaqla, ölkəmizə olan etimadın hansı həddə olduğunu ifadə etmiş olurlar. Bu, həm də onu deməyə əsas verir ki, Azərbaycan artıq qlobal miqyasda söz sahibi hesab olunur və ölkəmiz barədə deyilənlər bir növ, bunun etirafıdır.

Gərginlik narahatlıq doğuracaq həddədir. Dəməşq hökumətinin Ankaraya arxalanması, Türkiyənin də Suriyada hərbi bazalar tikməsi, İrana zərbələr endirmək niyyətinin açıq şəkildə bəyan edilməsi, Qolan təpələri və onlara yaxın ərazilərə nəzarət etmək üçün istifadə oluna bilən hava qüvvələri və quru qüvvələrinə qoyulan məhdudiyyətlər heç də xoşagələn deyil və ələlxüsus da İsrailin xoşuna gəlmir. Bax elə bu xoşagəlməzliklərin aradan qaldırılması çox aktual məsələ sayılır, çünki gərginliyin aradan qaldırılması ən vacib məsələdir. İsrail və Türkiyə nümayəndə heyətlərinin Bakıda keçirilən danışıqlarının məhz ölkələr arasında gərginliyin azaldılması istiqamətində bir addım sayılması da təsüdüfi deyil, hətta başadüşləndir. Bəli, bu elə sülhməramlılıqdır. Özü də danışıqların Bakıda keçirilməsi məhz Azərbaycanın söz sahibi olduğunu təsdiq edən sülhməramlılıqdır.

Azərbaycan paytaxtı danışıqlar üçün ən münasib sayılırsa, sülhməramlılığı qlobal miqyasda şəksiz-şübhəsiz qəbul olunur

Bakının məhz Rusiya ilə Suriya arasında koordinasiya mərkəzinə çevrilməsi də politoloqların, dünya miqyaslı siyasətçilərin diqqətindən yayınmır. Elə məhz yayınmır deyə də yenə də danışıqlar üçün məkan məhz Azərbaycan paytaxtı seçilir. Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin məhz Bakıda Suriya və Rusiya xüsusi xidmət orqanları arasında aparılan danışıqlardan danışması da bu baxımdan təsadüfi sayılmır. Söhbətin məzmunu, əlbəttə ki, elə gözlənildiyi kimi, məhz pərdə arxasında qalıb. Bununla belə, həmin söhbətin keçirilməsi özü artıq bir fakt olaraq, ölkələrin təhlükəsizlik sahəsində qarşılıqlı marağından xəbər verir. Bu, məhz Azərbaycan paytaxtının görüş üçün məkan seçilməsi fonunda həm də ondan xəbər verir ki, Bakı həm Dəməşq, həm də Moskva üçün kifayət qədər əhəmiyyətlidir və hər iki ölkə paytaxı Azərbaycanın söz sahibi olduğunu qəbul edir.

Qeyd olunduğu kimi, ölkələrin təhlükəsizlik sahəsində qarşılıqlı marağının olduğu artıq öz təsdiqini tapıb. Belə məlum olur ki, Rusiya da, Suriya da təhlükəsizliklə bağlı arzuolunan nəticəyə nail olmaq marağındadır. Bir sözlə, təhlükəsizlik məsələlərinə bu iki ölkənin heç biri “barmaqarası” baxmır. Əksinə, çox həssas yanaşılır. Məhz belə həssas yanaşılan məsələnin Bakıda müzakirəsinə razılıq özü artıq bir çox məqamdan xəbər verir. İlk növbədə ondan xəbər verir ki, məhz Azərbaycan paytaxtı danışıqlar üçün ən münasib sayılır və artıq söz sahibi olan Azərbaycanın süıhməramlılığı qlobal miqyasda şəksiz-şübhəsiz qəbul olunmaqdadır. Əgər Azərbaycan da həmin o təmas xəttində, sərhəd zonasında qərarlaşan sülhməramlı adı altında cəsusluq fəaliyyəti göstərənlərdən fərqlənməsəydi, sülhməramlı olaraq qəbul olunmazdı.

Azərbaycana olan maraq durmadan artır, ölkəmizin sülhməramlılığı da qiymətləndirilir

Hazırda dünya mediasının diqqət mərkəzində olan ölkələrin daha birinin, İranın lideri ilə məhz Bakıda danışıqlar aparılması da nəzərdən qaçacaq məqam deyil. Bəli, məhz İran Prezidentinin Azərbaycan paytaxtında olması bütün dünyanın diqqətini cəlb edib. Aprelin 28-də İran prezidenti Məsud Pezeşkianın Bakıya gəlməsi, Azərbaycan haqqında, xalqımızla bağlı xoş sözlər söyləməsi, əlaqələrə böyük önəm verməsi, hörmətlə yanaşması tamamilə yerinə düşüb və böyük marağa da səbəb olub. Doğrudur, İranın ABŞ-la apardığı danışıqlar indi dünya mediası üçün daha çox maraq kəsb edir, ancaq bu marağın fonunda belə bütün dünya gördü ki, Azərbaycanla münasibətlər İran İslam Respublikası üçün heç də az aktual məsələ sayılmır. Bax elə bu məqamın özü də ölkəmizin, Azərbaycanın bütün dünyada söz sahibi olduğunu təsdiq edən məqamdır. Həmçinin, belə bir məqamda İranın Azərbaycana olan marağı heç də təsadüfi sayılmır və bir sıra məsələlərə aydınlıq gətirilməsi üçün kifayət də edir.

Ən çox diqqəti çəkən məqam budur ki, İran məhz Azərbaycanın Cənubi Qafqazdakı nüfuzunun zərərinə İsrail və Tramp administrasiyası ilə əlaqələri gücləndirmək niyyətində olmadığını açıq-aşkar şəkildə nümayiş etdirir. Daha dəqiq desək, İran lideri bizim ölkəmizin bölgədə, Cənubi Qafqazda olan nüfuzuna zərrə qədər də xələl gəlməməsinə çalışdığını, bu nüfuza, ölkəmizin söz sahibi olmasına böyük hörmətlə yanaşdığını qətiyyən gizlətmir. İranın Azərbaycana daha yaxın ölkə olduğunu sübut etmək qərarına gələn prezident Məsud Pezeşkiyanın məhz Şəhriyarın Azərbaycan dilində şeirini ucadan səsləndirməsi də dünya ictimaiyyətinin diqqətindən yayına bilməz. İndi hər kəs görür ki, Azərbaycana olan maraq durmadan artır və rəsmi Bakı bütün dünyada söz sahibi olaraq qəbul edilir. Hər kəs görür ki, qonşu dövlət olan İran bu vaxta qədər münasibətlərə bir o qədər də məhəl qoymamasına baxmayaraq, artıq rəsmi Tehran Azərbaycana böyük maraq göstərir və ölkəmizin sülhməramlılığı da qiymətləndirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə