Almaniyanın taleyini dəyişən gün – 9 noyabr

Noyabrın 9-u Almaniya tarixində mühüm yer tutan üç hadisənin - Berlin divarının yıxılmasının, yəhudi poqromunun və Almaniyada respublikanın elan edilməsinin ildönümləri qeyd olunur. 9 noyabr ölkənin azadlıq, məsuliyyət və tarixi yaddaşla bağlı ən önəmli simvolik tarixlərindən biri sayılır və Almaniyada “Tale günü” (Schicksalstag) kimi xatırlanır.

SİA yerli mənbələrə istinadən Almaniyada bu gündə baş verən bu üç mühüm hadisəyə nəzər salır.

Berlin divarının yıxılması - azadlığın və birliyin rəmzi

1989-cu il noyabrın 9-u Almaniyanın və bütün Avropanın tarixində yeni dövrün başlanğıcı oldu. Berlin divarının yıxılması ilə Almaniyanın 40 ilə yaxın davam edən bölünməsi başa çatdı, Almaniya birliyə doğru addım atdı. “Soyuq müharibə”nin əsas rəmzinə çevrilən Berlin divarının çökməsi ilə dünya tarixində yeni bir səhifə açıldı. Məhz buna görə də, bu hadisə təkcə alman xalqı üçün deyil, həm də Avropa qitəsi üçün azadlıq, demokratiya və vətəndaş birliyinin simvoluna çevrildi.

Hər il bu gün Berlində rəsmi mərasimlər keçirilir, divarın qalıqları önünə gül dəstələri qoyulur, Berlin divarını aşmaq istəyərkən sovet ordusu tərəfindən vurularaq öldürülən insanların xatirələri yad olunur, azadlıq və demokratiyanın dəyəri bir daha vurğulanır. Tədbirlərdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak edirlər.

1918-ci il: Monarxiyanın sonu və respublikanın doğuluşu

1918-ci il noyabrın 9-u Almaniyanın siyasi tarixində mühüm dönüş nöqtəsi hesab olunur. Birinci Dünya müharibəsinin sonunda imperator II Vilhelm taxtdan imtina etməsi ilə monarxiya süquta uğradı və Almaniya Respublikası elan olundu. Bu hadisə ölkədə demokratik idarəetmənin əsasını qoyan Veymar Respublikasının yaranmasına gətirib çıxardı. Tarixçilər bu günü Almaniyanın müasir dövlətçilik yolunun başlanğıcı kimi dəyərləndirirlər.

1938-ci il: “Kristallnacht” – faciəli yaddaşın başlanğıcı

1938-ci ilin 9 noyabrında isə nasist rejimi tərəfindən Almaniyada və Avstriyada yəhudilərə qarşı kütləvi zorakılıqlar törədildi. Tarixə “Kristallnacht” – “Qırılmış şüşələr gecəsi” adı ilə düşən bu hadisə zamanı yüzlərlə sinaqoq, mağaza və evlər dağıdıldı, yüzlərlə insan öldürüldü, on minlərlə yəhudi həbs düşərgələrinə - konslagerlərə göndərildi. Bu poqrom tarixçilər tərəfindən Holokostun başlanğıcı kimi qiymətləndirilir.

Almaniyada həmin faciənin qurbanları müxtəlif memorial tədbirlərdə anılır, məktəblərdə və mədəniyyət ocaqlarında tolerantlıq, insan hüquqları və demokratiyanın əhəmiyyəti barədə müzakirələr keçirilir.

Almaniya Kansleri Fridrix Mertz bu günlə əlaqədar X sosial şəbəkəsindəki səhifəsində paylaşımında bildirib: “Biz azadlığı ən qaranlıq dövrlərdən çıxaraq qazandıq. 9 noyabr bizə xatırladır ki, tarix necə tez dəyişə bilər, demokratiya nə qədər dəyərlidir, azadlığımızı qorumaq nə qədər vacibdir. Bu azadlığı bu gün və gələcəkdə qorumağa borcluyuq”.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də bu günə həsr olunan rəsmi mərasimdə çıxışında alman xalqının taleyinə çevrilmiş bu tarixi günün irsinin indiki dövrün çağırışları ilə səsləşdiyini qeyd edib: “Bir daha heç vaxt!” çağırışından irəli gələn vəzifə budur ki, demokratiyanı hər zamankindən daha qətiyyətlə müdafiə edək, çünki demokratiya indi heç vaxt olmadığı qədər təhdid altındadır”.

Bu sözlər 9 noyabr gününün Almaniya tarixində həm azadlığın, həm də məsuliyyətin simvolu kimi xüsusi yer tutduğunu bir daha nümayiş etdirir.

Simvolik günün mənası

Beləliklə, 9 noyabr Almaniyada həm azadlıq, həm də yaddaş günü kimi qeyd olunur. Faciəli keçmişin xatırlandığı, eyni zamanda, demokratiya və insan hüquqlarını qorumağın vacibliyinin vurğulandığı bu gün xalqın həm birliyini, həm də tarixi məsuliyyətini dərk etməsinin rəmzinə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə