Heydər Əliyevin iqtisadi siyasətinin Azərbaycanın müasir tarixində rolu

Heydər Əliyevin iqtisadi siyasəti Azərbaycanın müasir dövlətçilik tarixində dönüş yaradan əsas mərhələlərdən biri hesab olunur. Xüsusilə onun 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən iqtisadi islahatlar ölkənin böhrandan çıxmasına, dövlət müstəqilliyinin möhkəmlənməsinə və gələcək inkişaf modelinin formalaşmasına ciddi təsir göstərdi.

1970–1980-ci illərdə, Sovet dövründə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda sənaye, kənd təsərrüfatı və infrastruktur sahələrində böyük inkişaf müşahidə olunmuşdu. Həmin illərdə yeni zavod və fabriklər tikildi, neft-maşınqayırma, kimya sənayesi və energetika sahələri genişləndirildi. Bakı ilə yanaşı regionlarda da istehsal müəssisələrinin yaradılması iqtisadi fəallığı artırdı. Eyni zamanda minlərlə azərbaycanlı gəncin SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsi gələcək milli kadr potensialının formalaşmasına xidmət etdi.
Lakin Heydər Əliyevin iqtisadi siyasətinin ən mühüm mərhələsi məhz 1993-cü ildən sonrakı dövr hesab olunur. Çünki həmin illərdə Azərbaycan həm siyasi, həm iqtisadi, həm də sosial baxımdan çox ağır vəziyyətdə idi. Ölkədə inflyasiya yüksək idi, sənaye istehsalı kəskin azalmışdı, işsizlik artırdı, xarici investisiya demək olar yox səviyyəsində idi və iqtisadi idarəetmə sistemi dağılmış vəziyyətdə idi.

Heydər Əliyevin ilk əsas addımlarından biri ölkədə siyasi sabitliyi təmin etmək oldu. Çünki iqtisadi inkişaf üçün ilk şərt təhlükəsizlik və sabitlik idi. Sabitlik yaradıldıqdan sonra iqtisadi islahatların həyata keçirilməsinə başlanıldı.

Bu siyasətin əsas istiqamətlərindən biri bazar iqtisadiyyatına keçid idi. Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi başladı, sahibkarlığın inkişafı üçün hüquqi baza yaradıldı, xarici investisiyaların cəlb olunması istiqamətində mühüm qərarlar qəbul edildi.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tarixində xüsusi mərhələ oldu. Dünyanın aparıcı enerji şirkətlərinin iştirakı ilə bağlanan bu müqavilə ölkəyə milyardlarla dollar sərmayənin gəlməsinə şərait yaratdı. Bu addım Azərbaycanı beynəlxalq enerji xəritəsində mühüm tərəfdaşa çevirdi və sonrakı illərdə iqtisadi inkişafın əsas maliyyə bazasını formalaşdırdı.

Neft strategiyası çərçivəsində Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri, Bakı–Supsa və digər enerji layihələrinin əsası qoyuldu. Bu layihələr Azərbaycanın enerji resurslarının dünya bazarına təhlükəsiz şəkildə çıxarılmasını təmin etdi.

Heydər Əliyevin iqtisadi siyasətində mühüm istiqamətlərdən biri də maliyyə və vergi sisteminin formalaşdırılması idi. Milli valyuta – manatın möhkəmləndirilməsi, bank sisteminin yaradılması, vergi və gömrük idarəçiliyinin təkmilləşdirilməsi iqtisadi sabitliyə xidmət etdi.

Eyni zamanda regionların inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və torpaq islahatları həyata keçirildi. Torpaqların kəndlilərə verilməsi aqrar sahədə yeni mərhələnin başlanğıcı oldu və özəl sahibkarlığın inkişafına təkan verdi.

Bu siyasətin ən mühüm nəticələrindən biri Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunması idi. Ölkə xarici yardımdan asılı vəziyyətdən çıxaraq öz iqtisadi imkanlarını formalaşdırmağa başladı.

Bu gün Prezident İlham Əliyev tərəfindən həmin iqtisadi strategiya daha müasir mərhələdə uğurla davam etdirilir. Əgər Heydər Əliyev Azərbaycanın iqtisadi sabitliyinin və strateji inkişaf modelinin əsasını qoymuşdusa, Prezident İlham Əliyev bu modeli yeni qlobal çağırışlara uyğun şəkildə genişləndirib.

Son illərdə qeyri-neft sektorunun inkişafı, sənayeləşmə siyasəti, nəqliyyat-logistika layihələri, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və regionların sosial-iqtisadi inkişaf proqramları bu siyasətin davamı kimi çıxış edir.
Bu gün Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilir. Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, azad iqtisadi zonalar və Zəngəzur dəhlizi ilə bağlı layihələr ölkənin strateji əhəmiyyətini daha da artırır.

Eyni zamanda strateji valyuta ehtiyatlarının artması, dövlət borcunun aşağı səviyyədə saxlanılması və sosial layihələrin genişləndirilməsi iqtisadi dayanıqlığın göstəricisi hesab olunur.

Ümumilikdə, Heydər Əliyevin formalaşdırdığı iqtisadi inkişaf modeli bu gün də Azərbaycanın iqtisadi siyasətinin əsas sütunlarından biri olaraq qalır. Prezident İlham Əliyev isə həmin strategiyanı yeni dövrün tələblərinə uyğunlaşdıraraq Azərbaycanın regional və qlobal iqtisadi mövqeyini daha da gücləndirir.

Aydın Hüseynov, millət vəkili

Bütün xəbərlər Facebook səhifəmizdə