"İpək Yolunun bərpası Çinin əsas strateji maraqlarına xidmət edir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycanla Çin arasındakı münasibətlər daim inkişaf edir. 1991-ci ilin dekabrın 27-də Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Çin ilə Azərbaycan arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprel ayının 2-dən qurulub. Onu da qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci ilin sentyabrın 8-də Bakıda tarixi Böyük İpək Yolunun bərpası üzrə Trasika proqramı çərçivəsində Avropa və Asiya ölkələrinin dövlət başçılarının zirvə görüşləri keçirilib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatının Astana şəhərində keçirilən zirvə toplantısı çərçivəsində də 2024-cü ilin iyulun 3-də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyanat imzalamışıq: "Azərbaycan daima Çini dəstəkləyir, Çinlə münasibətləri inkişaf etdirir və bu barədə də Azərbaycan Prezidenti cənab İlham Əliyev Çin kanalına müsahibəsində də ətraflı danışmışdır. Eyni zamanda biz də Çinin ərazi bütövlüyünü, müstəqilliyini tanıyırıq, yəni Tayvanı ayrıca dövlət kimi tanımırıq, yəni bu özü çox vacib bir məsələdir. Çünki bu gün ABŞ məhz Tayvanla bağlı Çinlə müharibəyə hazırlaşır. Ancaq biz Çinin bölünməz olduğunu, bütövlüyünü, ərazi suverenliyini dəstəkləyirik. Ona görə də Çin BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı olan məsələlərdə daim Azərbaycanı dəstəkləyib. Bu mənada biz Çinlə birgə hərəkət edirik.
"Bir Kəmər Bir Yol" çərçivəsində bizim əməkdaşlığımızda dərinləşdirilir. Çin Trans-Xəzər nəqliyyat dəhlizinin, yəni Orta Dəhlizin fəal üzvüdür. Eyni zamanda onu da bildirim ki, Çin Zəngəzur Dəhlizinin açılmasında da maraqlıdır. Çünki qədim İpək Yolunun bərpası Çinin əsas strateji maraqlarına xidmət edir. Son dövrlər ABŞ-nin Çinlə və digər ölkələrlə tarif müharibəsi aparması da Çini regionda daha da gücləndirir. Çin regionda güclənmək istəyir və artıq Gürcüstanda onların böyük layihələri var və ona görə də, Çin Orta Asiya ölkələri ilə həm də Cənubi Qafqazla sıx əlaqələr qurmaq istəyir. Ancaq özəlliklə Azərbaycanla münasibətlər də daimi inkişaf edir, bu barədə də biz Azərbaycanlılar Çini dəstəkləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə