"Qərbin nə düşünməsinin bir əhəmiyyəti yoxdur" - ŞƏRH EDİLDİ

“27 sentyabr Azərbaycan tarixinə anım günü kimi daxil olub. Əslində 27 sentyabr tarixinə qədər uzun bir yol var. XX əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəlində Sovet dövləti zəiflədi və son nəticədə süqut etdi. Süqut edən ərəfədə isə 15 müttəfiq ölkədən biri olan Ermənistan tarixi Azərbaycan torpağı olan Qarabağda separatçı qüvvələr növbəti dəfə Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək fikrinə düşdülər. Təbii ki, Sovet dönəmində ermənilər tərəfindən bir neçə buna cəhd olunmuşdu. İstər Sovet, istərsə də Qərb rəhbərliyində Ermənistanın arzusunu müdafiə edən qüvvələr var idi. 1990-cı illərin əvvəllərində də Qərb dövlətlərində olan erməni lobbisi və erməni diasporu bu istiqamətdə xeyli iş gördülər və son nəticədə Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. Bunun nəticəsində 1 milyon azərbaycanlı öz ərazilərdən çıxarılaraq qaçqın və köçkün həyata yaşamağa məcbur oldu. Həmçinin tarixi və mədəniyyət abidələrimiz yerlə-yeksan edildi, məktəblər yandırılaraq sıradan çıxarıldı, insanların evləri dağıldı, əmlakları müsadirə olundu. Bütün bu illər ərzində azərbaycanlıların ən böyük dərdi öz torpaqlarına qayıtmaq oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

O bildirib ki, 1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyi haqqında konstitusiya aktını qəbul etsə də, müstəqilliyin şirinliyini dada bilmədi: “Əksinə əhali erməni təcavüzü, daşnaq qüvvələrinin silahlı dəstələri ilə üz-üzə gəldi və dinc, əliyalın əhali zülm gördü. Minlərlə insan məhv edildi. Amma dövrün ən ağrılı hadisəsi o idi ki, siyasi hakimiyyət güclü deyildi. Sovet hakimiyyəti dağıldığı kimi, Azərbaycanda da sabit hakimiyyət yox idi, xalq və iqtidar birləşə bilmədi. Ermənistanda erməni müxalifəti ilə hakimiyyəti Qarabağı işğal etmək üçün birləşdilər. Lakin Qarabağı müdafiə etmək üçün Azərbaycanın milli demokratik ziyalıları ilə Azərbaycan hakimiyyəti birləşə bilmədi. Nəticə etibarilə torpaqlarımız işğal olundu.
1993-cü ildə Azərbaycanı vətəndaş müharibəsindən qurtarmaq üçün Azərbaycan hakimiyyəti, xalqının xahişi ilə Ulu Öndər Heydər Əliyev Bakıya gəldi və böyük çətinliklər hesabına Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bildi. Hətta 1994-cü ildə Ermənistanla atəşkəs imzaladı, lakin hər iki tərəf bu razılaşmanın müvəqqəti olduğunu başa düşürdü. Azərbaycan öz tarixi torpaqlarını geri qaytarmaq üçün mübarizə aparırdı, Ermənistan isə Qarabağı işğal etdikdən sonra mənimsəmək üçün əlindən gələni edirdi.

Təəssüflər olsun ki, bu mövzuda Qərb dövlətlərinin mövqeyi də ədalətsiz idi. Azərbaycanın haqq işini müdafiə etmir, Ermənistana havadarlıq edirdilər. Beləliklə uzun illər bu mübarizə davam etdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçün əlindən gələni edirdi. Amma təəssüflər olsun ki, nahaqdan düşmən müdafiə edilirdi. Nəhayət 2020-ci ildə artıq Azərbaycan birmənalı olaraq bütün məsuliyyəti üzərinə götürdü. Azərbaycan tərəfi dərk etdi ki, ATƏT-in Minsk Qrupu bu məsələni həll etməyə çalışmır.

44 günlük müharibə 27 sentybar tarixində başlandı və bu gün tariximizə anım günü kimi daxil oldu. Artıq dövlət, xalq, xalqın övladı olan əsgər dərk etdi ki, nüfuzlu təşkilatlar və böyük dövlətlər bu məsələdə Azərbaycanı müdafiə etmirlər və heç bir zaman da etmiyəcəklər. Sentybarın 27-dən sonra Azərbaycan 44 gün ərzində dünyanın nə təhdidi, nə təzyiqini, nə də danışıqlarını qəbul etdi. Azərbaycan öz yolu, yəni haqq-ədalət yolu ilə irəlilədi. 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ildə bir gün davam edən anti-terror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bütün torpaqlarında bərpa etdi. Eyni zamanda Azərbaycan humanistlik göstərərək Qarabağda yaşayan ermənilərə bizim qanunlarımız çərçivəsində burada yaşamağı da təklif etdi.

Qərb isə Ermənistandan daha çox narahatlıq keçirərək Azərbaycanın haqq işini, qələbəsini hələ də qəbul etməkdə çətinlik çəkirlər. Erməni tərəfi özü etiraf edir ki, etnik təmizləməyə məruz qalmayıb. Amma Fransa və ABŞ tərəfi hələ də bu məsələni yanlış formada müzakirəyə çıxarırlar. Bu gün də Azərbaycana qarayaxan dövlətlərin sayı kifayət qədərdir. Hətta Ermənistan tərəfi Qərbdən böyük yardım aldığına görə, onların təsiri altına düşürlər. Amma Qərbin nə düşünməsinin bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan qalib dövlətdir, öz haqq işini apararaq torpaqlarını azad edib, suverenliyini təmin edib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə