İsveçrədə ilk dəfə "Ölüm maşını" istifadə edildi

"Sarko" adlı intihar kapsulunun qeyri-qanuni olmasına baxmayaraq ilk dəfə İsveçrədə istifadə edildiyi üzə çıxıb. Polis kapsulun istifadə olunduğu nöqtədə əməliyyat keçirib və saxlanılan şübhəlilər haqqında cinayət işi açılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Ölüm maşını” adlandırılan "Sarko" intihar kapsulundan ilk dəfə İsveçrədə istifadə edilib. Cihazla bağlı illərdir davam edən müzakirələr gündəmə gəlib.

İsveçrə qanunlarına zidd olsa da, "Sarko" adlı kapsuldan bazar ertəsi "Schaffhausen" kantonunda istifadə edildiyi müəyyən edilib. Kapsulda amerikalı olduğu müəyyən edilən qadının cansız cəsədi tapılıb. Polis əməliyyat başladıb, bəzi adamlar nəzarətə alınıb. Şübhəlilər haqqında "intihara təşviq etmək və intihara kömək etmək" maddələri ilə cinayət işi açılıb. İsveçrədə evtanaziya qanuni olsa da, ilk dəfə 2018-ci ildə təqdim edilən "Sarko" adlı intihar kapsulu, təhlükəsizlik qanunvericiliyinə və kapsulda azot qazının istifadəsinə uyğun gəlmədiyi üçün qanunsuzdur.

İntihar maşını kimi də tanınan kapsul günəş şezlonuna bənzər dizayna malikdir. O, hermetikdir və istifadəçi içəridə uzanıb azot qazının axınına başlamaq üçün düyməni basdıqda “ölüm” prosesinə başlayır. Qazın təsirindən insan əvvəlcə huşunu itirir və bir şəkildə yuxuya gedir. Sonra oksigen çatışmazlığından ölür. İntiharı cazibədar etdiyi üçün tənqid edilən kapsulda insan ölümdən əvvəl ən son görmək istədiyi mənzərəni də seçə bilir. Bu hadisə İsveçrədə "köməkli intihar"la bağlı müzakirələrə səbəb olub. Qanun ölkədə köməkli intihara icazə verir, bir şərtlə ki, həmin şəxs öz həyatına “kənar yardım olmadan” son qoyur və onun ölümünə kömək edənlər bunu “öz mənfəətləri üçün” etməsinlər. Evtanaziya istəyənlər bir sıra təşkilatlara müraciət edirlər.

Qeyd edək ki, 2020-ci ildə İsveçrədə təqribən 1300 nəfər köməkli intihar nəticəsində həyatını itirib. İsveçrədəki bəzi millət vəkilləri qanunun aydın olmadığını iddia edərək, qanuni boşluqları bağlamağa çalışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə