"Rusiya silahlarında xarici hissələrin 60 faizi Çin istehsalıdır..."

Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi silahlarda ABŞ, Hollandiya, Yaponiya, İsveçrə və digər ölkələrdə istehsal olunan komponentlər də var

…Rusiya silahlarında tapılan xarici hissələrin təxminən 60 faizi Çin istehsalıdır.

SİA “Reuters”-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna prezidentinin müşaviri Vladislav Vlasyuk bildirib.

Ukrayna hakimiyyətinin bəzi istehsalçılarla bu məsələ ilə bağlı uzun müzakirələr apardığını qeyd edən Vlasyuk, “Çin, demək olar ki, ən böyük problemdir”- deyə bildirib.

Qeyd edək ki, Pekin dəfələrlə Ukraynadakı müharibə ilə bağlı bitərəfliyini bəyan edib və Rusiyaya silah verməsini təkzib edib.

Vlasyuk əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi silahlarda ABŞ, Hollandiya, Yaponiya, İsveçrə və digər ölkələrdə istehsal olunan komponentlər də var.

Onu da qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin bir ay əvvəl sanksiyalar siyasəti üzrə müşaviri təyin etdiyi Vlasyuk Avropa İttifaqını Rosatom-a qarşı tədbir görməyə çağırıb.

Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya dövlət korporasiyası ordunu təchiz etmək üçün öz şəbəkələrindən istifadə edir.

Bundan əlavə, Vlasyukun sözlərinə görə, Avropa İttifaqı Rusiya hava limanlarının, dəniz limanlarının və ticarət dövriyyəsində iştirak edən maliyyə institutlarının işinə məhdudiyyətlər qoya bilər.

Nümunə kimi Vlasyuk 2024-cü ilin avqustunda qəbul edilmiş Amerika sanksiyaları paketini göstərib.

Buraya ABŞ-ın Ukraynadakı müharibə üçün Rusiyaya mal və xidmətlərin çatdırılmasında iştirak etdiyini düşündüyü 400-ə yaxın fiziki və hüquqi şəxs daxildir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə