"Qafqaz evi ideyası beynəlxalq və regional təhlükəsizlik siyasətinin bir seqmentidir" - ŞƏRH EDİLDİ

"Qafqaz evi ideyası beynəlxalq və regional təhlükəsizlik siyasətinin bir seqmentidir. Praqmatik siyasətdə bunu inkar etmək və nəzərə almamaq mümkün deyil. Bütövlükdə beynəlxalq təhlükəsizlik ölkələrdəki daxili sabitlik - regional təhlükəsizlik - continental təhlükəsizlik - qlobal təhlükəsizlik vektoruna əsaslanır. Ayrılıqda götürülmüş hər hansı bir ölkədə daxili qeyri-sabitlik və qarşıdurma bütün regionun təhlükəsizliyinə və sabitliyinə təhdid yaradır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, regionalmiqyaslı qarşıdurma isə öz növbəsində qitə və qlobal səviyyədə sabitliyi pozan hadisədir: "Bu baxımdan, Cənubi Qafqazla Baltikyanı ölkələri müqayisə etmək yerinə düşərdi. Sovet İttifaqının süqutu zamanı Baltikyanı ölkələr tarixi fürsəti düzgün dəyərləndirərək bir- birinə qarşı hər hansı iddia ilə çıxış etmədilər. Azadlıq idealı uğrunda səylərini birləşdirdilər və İttifaqdan ən az itkilərlə çıxıb müstəqil inkişaf yoluna qədəm qoydular. Cənubi Qafqaz dövlətlərinin həmin dövrdə apardığı siyasət isə fərqli oldu. Ermənistan bu tarixi fürsətdən özünün və bölgə dövlətlərinin faydalanmasına töhfə vermək əvəzinə imperiya mərkəzinin göstərişi ilə regional savaşa rəvac verdi. Deməli, Ermənistan formal olaraq müstəqilliyini elan etsə də, əslində müstəqil siyasət yürütmədi, əksinə müstəqilliyə can atan bölgə dövlətlərinin mübarizəsinə maneçilik törətməklə dağılmaqda olan imperiyaya xidmət göstərdi. Nəticə isə Ermənistan özü də daxil olmaqla bütövlükdə region üçün faciəli oldu".

Deputat sözlərinə davam edərək bildirib ki, belə destruktiv mövqe tutan Ermənistan yalnız 30 il sonra taleyin ironiyası ilə üzləşib: "Onun vassallıq etdiyi imperiya da dağıldı, imperiyanın dəstəyi ilə işğal etdiyi ərazilər də əlindən çıxdı, on minlərlə insan itkisi, iqtisadi - sosial iflas, ölkədən güclü emiqrasiya axını ilə üzləşdi. Bu gün Ermənistan siyasi, iqtisadi, mədəni, sosial müflisləşməyə uğramış bir ölkədir. Ermənistanın bu rəzil siyasəti bölgə dövlətlərinə də təsirsiz ötüşmədi. Azərbaycan torpaqlarının 20 faizi təxminən 30 il işğal altında qaldı, 1 milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşamalı oldu, milli resursların böyük bir hissəsi məhz bu problemlərin aradan qaldırılmasına sərf edildi və hələ də sərf edilməkdədir. Ermənistanın belə dağıdıcı siyasəti nəticəsində imperiya mərkəzi Gürcüstanın da torpaqlarının 20 faizini işğal etməyə, ölkədə permanent qeyri-sabitlik yaratmağa nail oldu. Nəticədə Gürcüstan da öz müstəqillik ideyalarını gerçəkləşdirə bilmədi. 90- cı illərdə Cənubi Qafqazda və Baltikyanı ölkələrdə baş vermiş bütün bu hadisələrin təhlili və müqayisəsi bizə regional sabitliyin nə qədər zəruri olduğunu anlamağa imkan verir. Qafqaz evi ideyası ilk növbədə bu bölgədə mövcud olan dövlətlər arasında qarşılıqlı əməkdaşlığı, maraqların uzlaşdırılmasını və ümumi təhlükəsizlik konsepsiyasının həyata keçirilməsini özündə ehtiva edən bir yanaşmadır. Bu yanaşma Azərbaycan dövlətinin beynəlxalq siyasət doktrinasında öz əksini tapır və müstəqilliyimizin ilk illərindən qətiyyətlə həyata keçirilir".

"Odur ki, Qafqaz evi ideyası Azərbaycan xalqı üçün doğma ideyadır. Ölkə başçısının Gürcüstana səfərləri zamanı regional təhlükəsizliyin qorunması, bölgə dövlətləri arasında mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsi ilə verdiyi bəyanatlar da Azərbaycan dövlətinin faktiki rəsmi mövqeyini əks etdirir. Bu gün də Qafqaz Evinin təşəkkül tapması ideyası həmişə olduğu qədər aktualdır. Üstəlik bu gün bu ideyanı reallaşdırmaq üçün şərait də daha əlverişlidir. Azərbaycan- Gürcüstan- Ermənistan əlaqələrinin müsbət məcraya yönləndirilməsi, regional sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün ilk növbədə bölgədən kənar qüvvələrin Cənubi Qafqaza təsirininin minimuma endirilməsi vacibdir. Təəssüf ki, yenə də Ermənistanın bölgədən çox uzaqlarda yerləşən güc mərkəzlərini Cənubi Qafqaza cəlb etmək cəhdlərini görürük. Bu isə Qafqaz Evi ideyasına ziddir və bölgədaxili münasibətlərin sabitləşməsini, bütövlükdə Cənubi Qafqaz bölgəsinin münaqişə rejimindən qarşılıqlı faydalı əməkdaşlıq rejiminə keçməsinin qarşısını alır",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə