Ermənistan suverenliyini itirmədədir - TƏHLİL

Ermənistanın suverenliyinə çoxdandır ki, nə inanan var idi, nə də bunu eşitmək istəyən. Onsuz da Rusiyanın əli, yaxud da qapazı altında olan Ermənistanın heç zaman suveren olmadığı bəlli idi. Bu ölkənin ən vacib qərarlarına Rusiya birbaşa təsir edirdisə, deməli, suverenlikdən danışmağa dəyməzdi. Bir müddətdir ki, başı özünə qarışan Rusiyanın Ermənistana diqqət ayırmağa imkanı olmadığından rəsmi İrəvan bir qədər boyunduruqdan uzaqlaşsa da yenə özünü başqa bir boyunduruğa sürükləyib və bu dəfə həmin dövlətin müstəqilliyi, suverenliyi tamamilə şübhə altına düşmüş olur.

Avropa İttifaqı missiyasının Ermənistanda peyda olması bu ölkənin suverenliyini tamamilə itirməsinə və parçalanmasına səbəb olacaq məqam hesab olunur. Onsuz da suverenliyini çoxdan itirməkdə olan bir ölkənin suverenlikdən tamamilə məhrum olması üçün Avropa İttifaqı missiyasının həmin ölkədə bundan sonra olması bir növ katalizator hesab oluna bilər. Bir sözlə, artıq Ermənistanın dağılacağı barədə proqnoz vermək heç də yanlışlıq sayılmaz. Bu işğalçı ölkə onsuz da Qərbin oyunlarına çoxdandır alət olmağı özünə rəva bilib. Demokratiya oyunu ilə Ermənistan çoxdandır ki, idarə olunur. Daxilində fikir ayrılıqlarına görə həbslər müşahidə olunan, baş nazirinə əks mövqedə olanları həbs edilən, bir sözlə, heç bir demokratiyadan söhbət belə gedə bilməyən ölkə barəsində demokratiya sözünü, ifadəsini işlətmək Qərbin ənənəvi planı idi. Məqsədlər içərisində elə həmin ölkənin suverenliyini əlindən almaq da var idi ki, buna da nail olunduğu istiqamətində addımlar çoxdandır özünü göstərirdi. İndi də Avropa İttifaqı missiyasının Ermənistana göndərilməsi barədə fikir belə bu ölkənin suverenliyinin tamamilə itirilməsi əlaməti olaraq qəbul edilir.

Rusiyanın hərbi hissəsi Ermənistanda olduğuna görə ermənilər öz ölkələrinin suverenliyinin şübhə altında olduğunu deyirdilər. Hələ ötən əsrin sonlarından, daha dəqiq desək, 1995-ci ildən Gümrüdə yerləşdirilən Rusiyanın 102-ci hərbi bazası barədə ermənilərin spekulyasiyaları çoxdandır ki, bütün dünyaya bəllidir. Görəsən, niyə indi Avropa İttifaqı missiyasının bu ölkəyə “təşrif buyurmasını” ermənilər eyni şəkildə qiymətləndirib, bunu da həmin o şübhə üçün əsas saymırlar? Onsuz da Nikol Paşinyan öz hakimiyyəti, öz postu naminə çoxdandır ki, Ermənistana kimi gəldi burxıb. Xüsusən də Qərbə məxsus olanları. Hamı da bilir ki, beli çantalı küçə nümayişçisi hakimiyyətə Amerika kəşfiyyat xidmətlərinin dəstəyi ilə gəlib. Buna adekvat cavab olaraq Nikol da Ermənistanı çoxdandır ki, Amerika QHT-ləri ilə doldurub. Hətta erməni baş nazir Qərbin casus şəbəkəsinin rəhbərlik etdiyi ölkəyə nüfuz etməsinə, ABŞ-ın bölgədəki gizli mövcudluğuna şərait də yaradıb. Həmin o küçə nümayişçisi çoxdandır ki, ABŞ və Rusiyanın Ermənistan barədə hansısa yolla anlaşmasına nail olmuşdu, amma sülhməramlılarını bölgəyə yerləşdirən Moskva Avropa İttifaqı missiyasının Ermənistanda peyda olmasını nə həzm edən deyil, nə də bunu Nikol Paşinyana bağışlayan. Heç şübhəsiz ki, yaxın zamanda ruslar buna görə nəinki Nikolu, bütövlükdə Ermənistanı, ermənilərin özlərini də yaxşıca cəzalandıracaq və bunu onlar gözləyirlər də. Çünki hələ də Rusiya xofu ilə yaşayırlar və bilirlər ki, Moskva İrəvanın açarını Avropaya vermək niyyətində deyil. Məntiqi yanaşma onu deməyə əsas verir ki, bu xəmir hələ çox su aparacaq və bundan sonra Rusiya mövcud məsələyə daha kəskin münasibət sərgiləyəcək. Bu isə Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatı Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə əməkdaşlığı ilə bağlı Moskvanın kifayət qədər qıcıqlanmasından xəbər verir. Xüsusən də Ukraynaya müasir hərbi texnikanın, silah-sursatın tədarükü ilə bağlı Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin çox kəskinləşməsi, pisləşməsi fonunda bu qıcıq müşahidə olunmaya bilməzdi. Kreml Avropalıların Ermənistana nüfuz etməsi ilə barışmayacaq və deməli, haqqında qeyd etdiyimiz qıcıq tezliklə özünü göstərəcək. Çox güman ki, Ermənistan intriqalar meydanına çevrilir və burada rəsmi İrəvan zərrə qədər nüfuz və söz sahibi olmadığından qərarları da özü verə bilməyəcək. Deməli, Ermənistan birmənalı şəkildə öz müqəddəratını başqalarına həvalə edir və bu zaman hansısa suverenlikdə danışmağa dəyməz.

Avropa İttifaqı missiyası dedikdə göz önünə qeyri-ixtiyari olaraq Fransa gəlir. Fransanın isə hansısa dövlət üçün edəcəyi yaxşılıqdan danışmaq mümkün deyil. Rəsmi Paris hər zaman öz dvidentləri üçün çalışıb və indi də belədir. Heç Emmanuel Makronu belə Ermənistan maraqlandırmır və ermənilər üçün etdikləri də öz müqəddəratını qorumaq, seçkilərdə erməni lobbisinin zərərli təsirlərindən sığortalanmaq məqsədi daşıyıb. Bu gün də belədir və əgər Fransa hansısa əraziyə soxulursa, deməli, şəxsi maraqları var, özü də ön plandadır. Paris İrəvandan yalnız regiona nüfuz etmək üçün bir vasitə kimi istifadə edib. İndi də eyni ssenari qüvvədədir. Bu ssenaridə haylar hesaba belə alınmır və hətta məhv olmaları belə nəzərə alınan deyil. İşğalçı ölkənin daxilində parçalanmaların belə olacağı rəsmi Parisin maraqları daxilində ola bilər. Bəlkə də Ermənistanın parçalanması üçün “zəhər” belə çoxdan hazırdır.

Nikol Paşinyan üçün belə hərəkətlər, məsələn, Qərbi Ermənistana dəvət etmək, yaxud hansısa qüvvələri ölkəyə buraxmaq adi haldır. Bu küçə nümayişçisi onsuz da 2018-ci ildə Amerika Birləşmiş Ştatlarına ölkəsini öz hakimiyyəti naminə satmışdı. Amerikalılar da ona az qala “demokratiya medalı” verirdilər. Amma arzusu ürəyində qaldı. İndi də Avropaya ölkəni satmaqda onun üçün qeyri-adi heç nə yoxdur. Əvvəla ona görə ki, Nikolu da öz hakimiyyətini qorumaq maraqlandırır və ölkəsinin suverenliyinin itirilməsi onun heç vecinə də deyil. Digər tərəfdən axı Paşinyan özü də yaxşı bilir ki, Ermənistanın suverenliyi deyilən bir şey artıq yox dərəcəsindədir və ona görə də bu barədə fikirləşmək belə istəmir. Amma bu avantürist onu nəzərə almır ki, onun bu manipulyasiyaları ölkəsi üçün də, özü üçün də yaxşı heç nə vəd etmir.

Ermənis siyasi texnoloqlarının, eləcə də Ermənistan hakimiyyətinin zərrə qədər ağlı, düşüncəsi olsaydı, başa düşərdi və nəzərə alardı ki, Ermənistan dövlətini xilas edə biləcək addım ambisiyalarından əl çəkməkdir. Bu bir reallıqdır və bütün kini, nifrəti, eləcə də ambisiyaları bir kənara qoyub, ağılla qərar verilmiş olsa, Ermənistan sülh yolunu seçməli, bölgədə bütün qonşu dövlətlərlə, ələlxüsus Azərbaycanla normal qonşuluq münasibətlərinə üstünlük verməlidir. Bu ən sağlam və ən doğru yanaşmadır ki, ermənilər bununla ölkələrini, bu ölkənin suverenliyini xilas edə bilərlər. Ermənistanın Azərbaycan dövlətinə qarşı ərazi iddialarından, eləcə də çürük “miatsum” ideyasından əl çəkməsə, sülh müqaviləsi imzalamasa, sərhədlərin delimitasiyası və demarkasiyasına mane olmasa bu ölkəni daha aydın gələcək gözləyə bilər. Kommunikasiyaların açılması və ən əsası, Bakı ilə, Ankara ilə mehriban qonşuluq münasibətləri Ermənistan üçün, onun suverenliyinin qorunması üçün yeganə xilas yoludur. Özü də ən asan, ən sadə yolu. Özündə patoloji iddialılığı və şovinizmi boğmaqla bu yolu ən asan şəkildə seçmək mümkündür ki, bununla da Ermənistan öz süverenliyini və vətəndaşlarının rahat yaşayışını təmin edə bilər. Təəssüf ki, bunun əksi müşahidə olunur və bu da nəticə etibarı ilə işğalçı ölkəni məhvə sürükləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə