20 yanvar 1990-cı il: bir qərinənin o başı və bu başı ARAŞDIRMA

33 il... 20 Yanvar faciəsindən ötən bir qərinəlik dövrün hər ilində bu fikirlər xatırlanır: nə faciələr yaşayıb bu xalq. Daha doğrusu, nə faciələr yaşadılıb bu xalqa. Birinin bitdiyi, yaralarımızın qaysaq bağladığı anda yenisi hazırlanıb, yaşadılıb. Səbəb? Səbəb bir neçədir. Birincisi, xalqın qüruru, mübarizliyi, əyilməzliyi. Tarixin bütün dönəmlərində haqqını, hüququnu bilən xalqlar daim incidilib. İkincisi, yaranışdan tale payımız olan, qismətimizə düşən gözəl, bərəkətli torpaqlara sahib olmağımız. Buna çoxları göz dikib, tamah salıb. Üçüncüsü isə taleyimizin nisgilli tərəfi – erməni adlı bədxah, azğın, tamahkar qonşumuzun olması. Buna, əslində, qonşu da demək olmaz. Çünki biz binə olanda bu adda qonşumuz olmayıb. Sonradan torpaqlarımızın bir küncünə qısılıb “qonşu” olublar bizə.

Qərinənin o başı…

Tarixin bütün dönəmlərində bu üç amildən doğan və zaman-zaman bir-birini əvəzləyən faciələrin növbətisi 1990-cı ilin 20 yanvarında Bakıda törədildi. Çox yazılıb bu barədə. Faciənin yaratdığı əsərlər qan çanağına dönüb, poeziya nümunələrindən qan süzüb, məqalələrdə, oçerklərdə, reportajlarda gənc ömürlər erkən çiçək açıb, vaxtsız solub, ataların beli bükülüb, analar ağlar qalıb. Tele­viziya ekranlarında, qəzet səhifələrində qərənfillər dil açıb bu faciənin dəhşətindən danışıb. Əllərin solmamış xınası, boş qalan məktəb partaları, qana boyanan tələbə biletləri, ali təhsili başa vurmaq haqqında diplomla ölüm arasındakı qısa zaman fasiləsi, bir də ki həmin gün doğulan atasız uşaqlar ürəklərə sevgili, ər, övlad dağı çəkib, silinməz nisgil həkk edib.

20 yanvar 1990-cı il. Müstəqil tariximizin şanlı səhifəsinə çevrilən həmin tarix əsrlərin zülmətinə bir nur saçır. Bu nurun ziyasında Azərbaycan xalqının illərlə zülmlərlə, məşəqqətlərlə üz-üzə dayanan, azadlıq, müstəqillik yolunda mübarizələrlə dolu çoxəsrlik tarixi vərəqlənir. Vərəqləndikcə də başına gətirilən müsibətlər, mübariz bir xalqın müstəqil olmaq arzusunun reallaşa bilməməsi səbəbləri açıqlanır, gözlər önündə canlanır.

1990-cı ilin azadlıq mübarizəsi bir ilin, iki ilin mübarizəsi deyildi. Əsrlərin qan yaddaşına hopmuş hisslərin yenidən coşması idi. Bir sözlə, müstəqillik arzusunun reallşması üçün növbəti bir mübarizə idi. Xalq öz soy-kökündən qaynaqlanan hissləri ilə yenidən azadlığa can ataraq müstəqil yaşamaq istəyirdi. Elə bu arzu ilə də minlərlə soydaşımız 33 il əvvəl Azadlıq meydanına axışırdı. Günlərlə bu meydanda azadlıq istəklərini səsləndirir, bu istəklərin ozamankı hakimiyyətə çatdırılmasını, bu istəklərin həyata keçirilməsini tələb edirdi. Və qarşıda bu meydandakı minlərlə insanı nələrin gözləyəcəyini də təxmin edirdi. Çünki tariximizdən bizə azadlıq mücadiləsində başımıza gətirilən müsibətlər gün kimi aydın idi. Lakin Azərbaycan xalqı azad yaşamağı o qədər ürəkdən arzulayırdı ki, qarşıda onu nələrin gözlədiyini çox yaxşı bilə-bilə yenə də bu yoldan dönmürdü.

70 il sovet imperiyasının əsarəti altında yaşayan Azərbaycandan təbii ki, bu imperiya əl götürmək fikrində deyildi. Çünki bu xalqın milli sərvətlərinə çox yaxşı bələd idi və onun əlindən çıxması ilə əsla razılaşmaq fikrində də deyildi. Ona görə də bu mübarizəni yerindəcə boğmaq onların qarşılarına qoyduğu yeganə məqsəd idi.

Bəli, bir tərəfdən imperiya ünsürləri, digər tərəfdən isə hələ iki il öncə ermənilərin xalqımıza qarşı başladıqları müharibə və onun hər gün neçə-neçə övladımızın həlak olması ilə davamı, ölkədəki ictimai-siyasi vəziyyət, dövlətimizin başında səriştəsiz rəhbərliyin olması Azərbaycanı olmazın çətinlikləri ilə üz-üzə qoymuşdu.

Yanvarın 19-da gecə saatlarında Azadlıq meydanına toplaşan insanların ölüm hökmünü verən, bunun üçün Azərbaycana ordu göndərən rus imperiyası nümayəndələri üçün buradakı insanların taleyi yox, onların ailələrindəki insanların nələr çəkəcəyi yox, 70 il sərvətini mənimsədikləri xalqın tarixinə özləri ilə bağlı qara sətirləri həkk edəcəkləri yox, nəyin bahasına olursa olsun, Azərbaycan adlı sərvətin əldən verilməməsi maraqlı idi. Elə bunun üçün də xalqımızı mübarizə yolundan döndərmək üçün nə bacarırdılarsa, onu da etdilər.

Lakin sinəsini güllə yağışı qarşısına sipər etməyi əvvəlcədən düşünən və buna hazır olan xalqın mübariz, coşğun hisli mərd oğul və qızları bu yoldan bircə addım belə geri çəkilmək fikrində deyildilər. Güllələr onlara tərəf tuşlandıqca, qarşıya doğru irəliləyirdilər. Bu, azadlıq uğrunda mübarizənin xalqımızın qəhrəmanlıq tarixində yeni mərhələsi idi. İllər öncə əldə olunmuş və əldən verilmiş azadlıq üçün mübarizənin son həddi idi. O günlər ya xalq bütövlükdə məhv olmalı, ya da əsrlərin arzularını gerçəkləşdirməli idi. Fikir qəti, iradə qəti, lakin xalq əliyalın idi. Həm də arxasında dayanan hakim qüvvə yox idi. Dövləti idarə edənlər düşmənə satılaraq millətin taleyini əsla düşünmək belə istəmirdilər. Buna görə də xalq meydanda tək qalmışdı, ona heç bir dəstək, kömək yox idi. Tək güc qarşıya qoyulan məqsəd idi. Bu güc və iradə ilə hər kəs şəhid olmağa razı idi, nəinki mübarizə meydanından geri çəkilməyə.

Beləliklə, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda qanli qətllər törədilsə də, azadlığa gedən yolun təməli qoyuldu. Xalq öz mübarizliyi ilə düşmənə sübut etdi ki, o, var-qüvvəsi ilə azadlığa can atır və bu yolda canından keçməyə hazırdır.

Tək Bakıdamı yaşandı faciə?

Xeyr, 1990-cı ilin yanvarı Naxçıvan Muxtar Respublikasının alınmaz qalası Sədərəyin Kərki faciəsini də tarixə yazdı, Sədərək uğrunda onlarla igidin faciəli ölümünün başlanğıc nöqtəsi oldu, neçə-neçə ömürləri yarımçıq qoydu. Kərkinin tarixi, burada törədilən hadisələrlə bağlı ümummilli liderimiz Heydər Əliyev sonralar kərkililərlə görüşü zamanı bir neçə cümlə ilə tarixi bir açıqlama vermişdir: “Kərki kəndi Azərbaycanın ən gözəl guşələrindən biridir. Amma təəssüflər olsun ki, o vaxt bu xəritəni cızanda Azərbaycana düşmən olan insanlar elə etmişlər ki, Azərbaycanın Kərki kəndi Ermənistanın içində qalmışdı. Buna baxmayaraq, Kərki həmişə yaşayırdı. Ancaq 1990-cı ildə ermənilər hücum etdilər. Yaxşı yadımdadır, onda mən hələ bura gəlməmişdim. Sonra gəldim, mənə dedilər ki, kərkililər orada möhkəm müqavimət göstərdilər. Ancaq təəssüflər olsun ki, onda ermənilərlə birlikdə sovet ordusunun hissələri sizi öz kəndinizdən çıxardılar”.

Tarixə mərhum şair-publisist Vaqif Məmmədovun “Sədərəkdə yazılan gündəlik” kitabında yer alan faktlarla nəzər salaq: 13 yanvar 1990-cı il
Dünənki plenumun gedişindən, yersiz münasibətlərdən, siyasi hadisələrin getdikcə gərginləşməsindən hiss olunur ki, Sədərək ağır təhlükə qarşısındadır…Düşmən yaxın vaxtlarda Sədərək üzərinə hücum edə bilər. Buna görə də bir gün də vaxt itirmədən öz səsimizi ucaltmalı, təcili tədbirlər görməliyik... Bu məqsədlə bu gün saat 14-də direktor işlədiyim Sədərək kənd 1 saylı orta məktəbdə kənd ağsaqqallarının, ziyalıların və digər nümayəndələrin ümumi yığıncağını keçirdik. 7 saata yaxın davam edən yığıncaqda son vaxtlar baş verən hadisələr ətraflı təhlil edildi, Sədərəyə Ermənistan tərəfdən böyük təhlükə gözlənildiyi etiraf olundu. Və 40-a yaxın təklif müzakirə olunandan sonra 270 nəfərin imzası ilə müraciət qəbul olundu. Gecə saat 10-da Şərurun mərkəzi poçtundan 5 ünvana (Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinə, Naxçıvan MSSR Ali Sovetinə, Nazirlər Sovetinə, Dövlət Təhlükəsizliyi Komitəsinə və Daxili İşlər Nazirliyinə) yola saldığımız müraciətdə aşağıdakı tələblər qoyulmuşdu:

1.Sədərək əhalisinin tam təhlükəsizliyi təmin edilsin.

2. Mövcud vəziyyət nəzərə alınmaqla Sədərək kəndində İliç rayon Daxili İşlər Şöbəsinin xüsusi bölməsi yaradılsın.

3. Sədərək ərazisində yerləşib inzibati cəhətdən Ermənistan SSR-in Artaşat rayonuna tabe olan sərhəd zastavası Naxçıvan MSSR-in sərhəd qoşunlarının ixtiyarına verilsin.

4. Kərkinin blokada vəziyyəti nəzərə alınmaqla Sədərəkdən Kərkiyə Cəhənnəmdərə istiqamətindən qısa vaxtda yol çəkilməsi üçün tədbirlər görülsün.

15 yanvar 1990-cı il …Müraciətdən 2 gün sonra yanvarın 15-də ermənilər Kərkiyə hücum etdilər… Səhər məktəbdə birinci dərs başlanana qədər Kərkiyə ermənilərin hücum etməsi xəbəri bütün kəndə yayılmışdı. Kərkidən sonra Sədərəyə də ermənilər tərəfdən hücum oluna biləcəyi gözlənildiyindən hamı narahatdır.
…Kərkidə axşama qədər atışma getsə də, saysız daşnak xəyanətkarı qarşısında 20-25 nəfərin dözməsi mümkün olmadı. Müdafiəçilər çox inad etsələr də, rus hərbçiləri: “Daha sizin təhlükəsizliyinizi qorumağa bizim gücümüz çatmır, təcili kəndi tərk etməlisiniz, hamınızı girov götürəcəklər”, – deyəndən sonra kəndin son müdafiəçiləri axşamüstü bütün cığırları qarla örtülmüş Cəhənnəmdərə-Qaraağac yolu ilə çox çətin vəziyyətdə özlərini Sədərəyə çatdıra bildilər. Qədim Oğuz yurdu olan Kərki rus hərbçilərinin əli ilə ermənilərə beləcə ərməğan edildi.

19 yanvar 1990-cı il. Səhər saat 11 radələrində məktəbdə gözlənilməz, o vaxta kimi bizə tanış olmayan bir səs eşitdik. Az sonra həmin səs təkrar olunanda hamı məktəbin həyətində idi. Arazdəyən tərəfdən ermənilər Sədərəyi aramsız top atəşinə tutmuşdular. Kinolarda gördüyümüz müharibə qoxusunu və qorxusunu hiss etdik… Bizi – məktəb kollektivini ən çox narahat edən odur ki, məktəbdə 1000 nəfərdən artıq uşaq var, kəndə də aramsız top mərmiləri yağır.

…Çox möhkəm qar yağmasına, bərk şaxta olmasına baxmayaraq, Naxçıvanın bütün rayon və kəndlərindən – Şərurdan, Ordubaddan, Culfadan, Nehrəmdən, Şahbuzdan, bütün bölgələrdən bu xəbəri eşidənlər Sədərəyin köməyinə gəlirdilər. Vəziyyət çox gərgin olduğu üçün qadınlar, qocalar, uşaqlar kənddən çıxarılır, əsasən, Şərura, bəziləri isə muxtar respublikanın digər kəndlərinə daşınırlar. Sədərəkdə kişilərin əksəriyyəti səngərlərdə, döyüşdə olduğundan çıxarılmalı əhali, əsasən, rayon rəhbərliyi tərəfindən ayrılmış avtobuslarla, bir də Sədərəyin köməyinə şəxsi maşınları ilə gələnlərin vasitəsilə həyata keçirilir.

Bu gün (yanvarın 19-da) axşam qaranlıq düşənə qədər sərhəddə döyüşlər getdi. Ermənistan tərəfdən kəndə mərmilər yağdırıldı. Xeyli insan yaralandı, 8 nəfər şəhid oldu. Onlar arasında balaca Malik və Elvin qardaşları da var.

20 yanvar 1990-cı il. Kənddə hamı təşviş içindədir. Dünənki faciə və yuxusuz gözlərin baxışları dəhşətlidir. Dünən kəndə qarşı törədilən erməni vəhşiliyi nəticəsində bizimkilərdən 8 nəfər həlak olub. Səhər saat 11 radələrində bir qara xəbər də aldıq. Guya fövqəladə vəziyyət yaratmaq adı ilə gecə Bakıya hərbi qüvvələr girib, həmin qüvvələrin qarşısına çıxan dinc əhali atəşə tutulub, yüzlərlə adam faciəli surətdə həlak olub. Azərbaycan faciəli, qara günlərini yaşayır”.

Sədərəkdə yazılan gündəlik beləcə bir neçə il davam edir. Bu faktları sadalamaqda məqsədim var. Tarixçi­-alimlər haqlı olaraq qeyd edirlər ki, heç şübhəsiz, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri muxtar respublikanın ermənilərlə həmsərhəd olan rayonlarında, xüsusilə də Sədərəkdə və Dağlıq Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdi.

Nə üçün həm Bakı, həm də Naxçıvan?

20 Yanvar... Nə üçün həm Bakı, həm də Naxçıvan? Bir ayın iki böyük təcavüzkar hadisəsinə tarixçi-alim, dosent Elçin Zamanov belə açıqlama gətirir: – Hadisələri geosiyasi kontekstdə incələyərkən Bakıya qoşunun məhz yanvarın 19-20-də yeridilməsi ilə Naxçıvana eyni vaxtda Ermənistanın işğalçı qüvvələrinin hücumunun üst-üstə düşməsi Moskvada əvvəlcədən hazırlanmış bir planın həyata keçirilməsini gün kimi açığa çıxarır. Bir anlıq tarixə nəzər salsaq, bolşevik Rusiyasının Bakını işğal etmək üçün erməni amilindən yararlanması faktının şahidi olarıq.

1920-ci il martın əvvəllərində işğalçı XI Qızıl ordunun Bakıya maneəsiz soxulması üçün Moskva Qarabağda erməni üsyanı təşkil etdi ki, Azərbaycan hökuməti Milli Ordunun əsas heyətini oraya dislokasiya etməyə məcbur olsun. Ermənilərlə birgə hazırlanan bu təhlükəli əməliyyat planı Azərbaycanın işğalı ilə nəticələndi.

Elçin Zamanovun sözlərinə görə, Moskvanın 20 Yanvar əməliyyatı da təkrar olunan mənfur tarixin yenidən reallaşması idi. Moskva Azərbaycanda yeni bir milli dövlətin qurulmasından çox qorxurdu, çünki bu, nəticədə, bütünlüklə Cənubi Qafqazın itirilməsi və Türküstana yolun Rusiyanın üzünə bağlanması demək idi. Milliyyətçiliyin və milli şüurun qüvvətlənməsi müstəvisində Azərbaycanda milli müqavimət hərəkatının müdafiə gücünü qıra bilməyəcəyindən qorxan Moskva həmin dövrdə ermənilərin bütün qüvvələrinin ən geostrateji bölgə olan Naxçıvana yönləndirilməsini təşkil etdi. Həm də mərkəzdə düşünürdülər ki, Azərbaycanda suveren milli dövlət quruculuğu ideyası ətrafında yaranan milli birliyə dəstək ruhu Türk qapısı olan Naxçıvandan gəlir və buna görə də Azərbaycanın mübariz qüvvələrinin əsas diqqətini Bakıdan yayındırmaq üçün Naxçıvana çox qüvvətli erməni hücumu təşkil edilmişdi.

Mühüm faktor: Ümummilli Lider Heydər Əliyevin

Naxçıvana qayıda bilməsi məsələsi

Tarixçi-alim onu da qeyd edir ki, Moskvanı narahat edən ən mühüm faktor ulu öndər Heydər Əliyevin Naxçıvana qayıda biləcəyi və özünün mühüm tarixi liderlik missiyasını yerinə yetirəcəyi məsələsi idi. Buna görə də Naxçıvanın işğalı planlaşdırılırdı. Bu işğal Azərbaycan milli şüuruna 20 Yanvar faciəsindən də dəhşətli bir zərbə olacaqdı. Eyni zamanda həm də Türkiyə ilə Azərbaycanın, həmçinin böyük Türk dünyasının ən mühüm geostrateji əlaqə qovşağına çox ciddi bir tarixi zərbə endirəcəkdi. Ümummilli liderimizin həmin taleyüklü zamanda Naxçıvana dönüşü həm Moskvanın, həm də ermənilərin böyük planlarını pozmuş oldu.

Bəli, o zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib, SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etdi. Bundan sonra böyük şəxsiyyətin Naxçıvana gəlişi isə mərkəzin Bakı planını da, Naxçıvan planını da alt-üst etdi. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüzkar 20 Yanvar hadisələrinə siyasi qiymət verildi.

Bu tarixi-siyasi faktlara nəzər saldıqca bir daha özlüyündə düşünürsən ki, 20 Yanvar faciəsindən müstəqilliyimizə bir yol uzandı. Bu yol Naxçıvandan başlandı. Ulu öndərin tövsiyələrini dinləyən xalq müstəqilliyini qazandı. 1918-ci ildəki müstəqillikdən fərqli olaraq 1991-ci ildə bərpa olunan müstəqilliyimizə ümummilli liderimizin sayəsində daimilik qarantı verildi. Bu müstəqilliklə Azərbaycan tamahında olanların bütün arzuları puç oldu, bütün planları pozuldu… Müstəqilliyimizdən isə qələbəyə bir yol uzandı.

Qərinənin bu başı…

Bəli, qərinənin bu başında artıq o başdakı Azərbaycandan əsər-əlamət yoxdur. Çünki xalq çox böyük çətinliklərdən keçə-keçə yaxşı günlərin sahibinə çevrilib. Xalqın ulu öndərin ətrafında birləşməsi uğrunda canından keçməyə hazır olduğu müstəqilliyinə daimilik bəxş etdi. Ötən 33 ilin tarixi vərəqlədikcə bu səhifələrdə yeni bir Azərbaycanla, onun qurulması-yaradlması, inkişafı ilə bağlı hadisələr sıralanır. Bu səhifələrdə o zaman işğal olunmuş torpaqlarımzın bir gün geri alınması ilə bağlı ulu öndərin tövsiyələri, vəsiyyəti xüsusi yer alır.

Zaman bu missiyanı ulu öndərin özünün yerinə yetirməsinə imkan verməsə də, böyük şəxsiyyətin mənəvi və siyasi varisi Azərbaycana ötən 20 illik rəhbərliyi dövründə tarixə yaxşı atanın yaxşı oğlu imzasını ata bildi.

Hakimiyyətə gəldiyi ilk illərdən Qarabağın azad olunması siyasi liderimizin fəaliyyətinin əsasını təşkil etdi. Heydər Əliyev ideyaları istiqamətində atılan addımlar, ölkənin sosial-iqtisadi vəziyyətinin dirçəldilməsi, Milli Ordumuzun gücləndirilməsi Qarabağın geri alınması üçün əlverişli şərait yaratdı. Və biz 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsində böyük Zəfər qazandıq. Qarabağı dogma anası Azərbaycana qaytara bildik.

Bu Zəfər qərinənin o başında-Birinci Qarabağ Müharibəsində niyə uduzduq, niyə o qədər şəhid verdik suallarına cavab oldu. İkinci Qarabağ Müharibəsində qələbəmizin səbəbini izah etdi. Nəticə etibarilə Zəfərimizin əldə olunmasında Vətən sevgisi amilinin dayandığını göstərdi. Bu Zəfərlə o illərdə ölkəmizin rəhbərlərinin sevgisizlikləri fonunda böyük Vətən sevgisini ölkəmizin rəhbərində gördük. Həm də onun sonsuz olduğunu gördük. Bu sevgi bölünüb torpaqlarımıza paylananda isə onların hər birinin azad olunması, anası Azərbaycana qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpasının böyük arzu olduğunu gördük. Gördük ki, ölkəmizin rəhbəri bütün gücü ordu quruculuğuna, dünyanın fikrini Qarabağa yönəltdi. Qarabağın geri alınması üçün illərlə iş apardı. Dünyaya üz tutdu, torpaqlarımızın dinc yolla, qan tökülmədən alınmasına çalışdı. Lakin buna nail olmayanda müharibə yolu ilə düşməni yerində oturtmasını, diz çökdürməsini də gördük.

Əgər Birinci Qarabağ Müharibəsində 15 mindən çox şəhidimiz olmuşdursa, İkinci Qarabağ Müharibəsində 3 minədək şəhidimiz oldu. O qədər şəhidlə əldən gedən torpaqlar geri alındı. Bu, müharibənin planlı şəkildə aparılmasının, güclü ordunun, orduya bacarıqla, səriştə ilə rəhbərliyin göstəricisi, yazılan şanlı tarixdir. O tarix ki, vərəqləndikcə hünərdən, qeyrətdən, namusdan, ləyaqətdən, vətənpərvərlikdən, həmrəylikdən söhbət açacaq.

Minlərlə şəhidi olan Birinci Qarabağ Müharibəsi isə bu tarixin səhifələrinə əliyalın insanların hünəri ilə yanaşı, həm də xalqına xəyanət edən rəhbərlərin adı, pis əməlləri ilə yazılıb. Bax, Zəfər bunları ortaya qoydu.

Bir qərinənin o başı ilə bu başındakı fərq indi göz qabağındadır. 20 Yanvar hadisəsinin baş verdiyi dövrdə həm də torpaqları işğal olunan Azərbaycan indi qalib bir ölkədir. Xalqımız bu qalib ölkənin başını dik tutan, alnıaçıq, qürurlu insanlarıdır. Bu qüruru bizə bəxş edən ölkəmizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə və Milli Ordumuzun qəhrəman oğullarına daim minnətdarıq. Çünki Qarabağ tariximizin qara ləkəsi idi. Onlar bu qara ləkəni təmizlədilər, 20 Yanvardan bu ötən bir qərinənin müəyyən zamanlarında şəhid olan övladlarımızın qisasını aldılar. Azərbaycanın adını yenidən qeyrət və qüdrətləri ilə bütün dünyaya yaydılar. Biz onlarla qürur duyuruq.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə