İnsanlar niyə bir-birinə qarşı daha da aqressivləşib? - SORĞU

Son günlər insanlar arasında bir-birinə qarşı aqressiya artır. İnsanlar əvvəlki kimi xoşbəxt görünmür. İnsanların bir-biriləri ilə ünsiyyəti azalır. Bəs görəsən bunun səbəbləri nələrdir? SİA bu barədə şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Firəngiz Useynova: “İnsanlar arasında aqresiyyanın artmasının səbəbi maddi imkanın aşağı olmasıdır. İnsanlar bir tikə çörək üçün işə səhər çıxıb, axşam gəlirlər. Gündən-günə ölkədə hər şeyin qiyməti artır. İnsanların ərzaq almağa imkanı yoxdur. Mənim 62 yaşım var. Təqaüd üçün yaşım çatmır. Həyat yoldaşımın pulu ilə dolanıram. Qadınların pensiya yaşını 58-dən 65-ə qaldırıblar. Pensiya yaşı günü-gündən qaldırılır. Ona görədə insanlar aqresivləşirlər. İnsanlar işləsələrdə ürəkləri istədikləri şeyləri ala bilmirlər”.

Şəhər sakini Etibar Məmmədov: “İnsanların aqressiv olmasının səbəbi bahalıqdır. Aydın məsələdir ki, bu insanların şəxsi həyatlarına da təsir edir. Qiymətlər günü-gündən artır. Pensiya yaşını da qaldırmaq istəyirlər. Gənclər üçün həyat çox çətindir. Onlar iş tapa bilmirlər. Ona görə də insanlar xoşbəxt deyillər".

Şəhər sakini Təranə Şahbazova: “Hesab edirəm ki, hər yaş kateqoriyası üçün həyat çox çətindir. Gənclərin gələcəkləri ilə bağlı qayğıları var. Maddi və mənəvi çətinliklər insanları çox yorur. Bu da insanlarda aqresiyyanı artırır. Ona görə də insanlar bir-birlərinə hörmət etmir. Etika qaydaları pozulur. İnsanlar əsəbidirlər və həyat şərtləri belə olduğu müddətdə vəziyyət bu cür davam edəcək. Əsas gənclər arasında işsizlik problemi həll olunmalıdır. Ali savadlı gənclər iş tapmaqda çətinlik çəkirlər”.

Şəhər sakini Sadiq Quluzadə: “Mən gəncəm və düşünürəm ki, bir gənc üçün universitetdə dərs yükü və iş yükü gəncləri yorur. Dolanışıq üçün tələbələr işləmək məcburiyyətindədirlər. Bir tərəfdən yuxusuzluq, digər tərəfdən də stress gənclər arasında aqresiyyanı artırır. Semestr imtahanları dövründə əlavə imtahan stressi gəncləri məhv edir. İmtahan vaxtlarının iş gününə düşdüyü dövr ümumiyyətlə stressdir. İşdən icazə almalı oluruq. İmtahanlardan keçmək dərdi də bizi daha da gərginləşdirir. İşsizlik problemi də insanlarda aqresiyyanı artırır. Gənclərin əksəriyyəti işsizdir".

Şəhər sakini Əli Məmmədli: “Mən onu deyə bilərəm ki, insanlar əvvəlki dövrlə müqayisədə çox dəyişiblər. Mən insanları müşahidə edirəm və görürəm ki, insanlar çox yorğundur. Mənim öz dostum çox əsəbi olub. Məsələn, zəng edirəm üzümə dəstəyi asır. Bildirir ki, çox yorğunam. İnsanları məhv edən yuxusuzluqdur. Bu gün araşdırma aparsaq görərik ki, insanların əksəriyyəti normal yuxu yata bilmirlər. Bundan başqa ağır həyat, maddi problemlər insanlar arasında aqresiyyanı daha da artırır. Çünki maaşlar və təqaüdlər artırılmır. Ancaq marketlərdə qiymətlər günü-gündən artır. Elə bir gün yoxdur ki, qiymət artımı olmasın”.

Şəhər sakini Fuad Abdullazadə: “Məncə mobil telefonlardan istifadə insanlar arasında aqresiyyanı artırır. Ona görə də əvvəlki dövrlə müqayisədə insanlar arasında aqresiyya artıb. Bundan başqa ağır iş rejimi, gündəlik tıxaclarda aqresiyyanı artıran amillərdəndir. Mobil telefonlardan insanlar neqativ xəbərlər oxuyurlar və bu insanların əhval ruhiyyəsinə mənfi təsir göstərir. Birdə insanlar arasında aqressiyanı artıran səbəblərdən biri də işsizlikdir. Çünki insanların əksəriyyəti işsizdir. Maddi problemlərdə aqressiyanı artırır. Çünki gündəlik 12 saat işləyirsən və aldığın maaş ərzağa belə çatmır. Maaşlar məncə artırılmalıdır. Bu gün maaşlar qiymətlərə uyğun deyil”.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə