Hər uşağın şərəfli bir həyat yaşamağa haqqı və bu yolda ona hörmət göstərilməyə ehtiyacı var...
Bəşəriyyətin xoşbəxt gələcəyi uşaqların qorunmasından, onların yaxşı tərbiyə olunmasından asılıdır. Axı bu günün uşaqları sabahın böyükləri, dolayısı ilə idarəçisidirlər. Sülhü təmin etmək üçün bütün dünya uşaqları arasında dostluq əlaqələrini qurmaq, bütün xalqlarının vəhdətini yaratmaq, uşaqlara sülhün nə demək olduğunu anlatmaq lazımdır. Bunun üçün uşaqlar arasında ümumi hisslər yaratmaq və xalqların sülh şəraitində yaşamaq istəklərini gücləndirmək lazımdır.
Uşaqlar və media: nəyi necə etməli?
Uşaq anlayışı, uşaqların mediada qorunması, uşaqların mediadan qorunması anlayışı, əslində, çox geniş mövzudur. Dünya əhalisinin üçdə iki payı uşaqlardır. Hər dövrün öz uşaqlığı, öz uşaq problemləri və həll yolları olub. Əslində, uşaq haqlarının müzakirəsi, sadəcə, onların təhlükəsizliyi yox, ümumilikdə dünyanın gələcəyinin təhlükəsizliyi deməkdir.
Mediada uşaq hüquqlarının müdafiəsi uşaq haqları mövzusu kimi çeşidli və mərhələli prosesdir. Media dünyanı səsli, görüntülü və yazılı tora salmış böyük bir hörümçəkdir. Media anlayışı yekdil fikir ifadə etsə də dinə, irqə, coğrafiyaya, dilə görə fərqli problemləri ola bilir. İnkişaf etmiş yeni dünya qaydalarına görə ortaq media anlayışı çox məhduddur və qaydalar hər ölkəyə görə dəyişə bilir.
Uşaq haqları və media mövzusunun da əslində ucu-bucağı yoxdur. Uşağın mediada necə, nə cür təmsil olunması, müzakirə edilməsi, yer alması uşaq haqları ilə uyğunlaşmalı, biri digərini tapdamamalıdır. Uşaqların ən çox istifadə etdiyi media növü olan televiziyaların üzərinə bu işdə çox məsuliyyət düşür. Günlərinin böyük hissəsini televizor qarşısında keçirən uşaqlar efirdə tərbiyələrin sağlamlıqlarına, psixoloji inkişaflarına zərər verəcək material görməməlidir.
Daha açıq desək, uşaqları mediadan qorumaq ehtiyacı duymaqdansa, uşaqları etibar edə biləcəyimiz bir media sistemi daha əlverişli olardı. Biz övladımız efirdə kimə, nəyə baxır deyə narahat olmamalıyıq, efirdə peşəkarlar var deyə övladımızın izləyəcəyi proqramlardan arxayınlıq hiss etməliyik. Amma çox təəssüf ki, bu gün dünya mediası təcavüzə məruz qalan körpələrin üzünü açıq nümayiş etdirəcək, adını aydın yazacaq vəziyyətə gəlib çıxıb...

Bizdən övladımıza, övladımızdan övladına...
Əslində, valideynsinizsə, bütün söhbətlərin sonu dönüb-dolaşıb uşaqlara gəlir. Ən vacib qərarlarımız onlar haqqındadır, ən ciddi planlarımız uşaqlarımızın barəsindədir, ən böyük arzularımız onların gələcəyi ilə bağlıdır. Ekspertlərin fikrincə, uşaqların istəklərini sıralasaq yalnız 5 faizinin istəyi maddi olacaq, yerdə qalan qisim istəklərin psixoloji-mənəvi olduğunu görərik.
Dövrün uşaqları fərqli düşüncədə, fərqli istəkdədir. İndi valideynlərin “yedirdim, içirdim, geydirdim, başqa nə lazımdır ki?” düşüncəsi ilə razılaşmır uşaqlar. İnsafən, dövrün bir çox valideynləri də bu məsələdə həssasdır, 20-30 il əvvəlki düşüncə indi yoxdur. İndi valideynlər uşaqla ünsiyyətdə daha ehtiyatlıdırlar, yaş dövrünə xas krizlərin nə olduğunu anlaya bilirlər, psixoloji gərginlikdə olan uşaqları ilə şiddət yolu ilə yox, anlayışla ünsiyyət qururlar.
Əgər valideynsinizsə bütün həyatınız özünüzdən nələri isə uşağınıza transfer etməklə keçir – diqqətinizi, qayğınızı, sevginizi, sağlamlığınızı və bu kimi bir çox şeyi ona ötürürsünüz. Hər uşağın böyüyərkən ehtiyacı olan bu duyğuları ona ötürmədikdə yalnız fiziki olaraq böyüyən, ruhən həmişə uşaq qalan insanlarla zəngin cəmiyyət formalaşır. Dolayısı ilə bizim ona verə bilmədiyimizi o da öz övladına verə bilməyəcək.
Uşaqlar nə istəyir? 5 şərt
Uşaqların birinci və təməl ehtiyacı qidalanma, sağlamlıq, təhsil kimi vacib ehtiyaclardır. Öncəlik təbii ki, ailəyə aiddir. Amma dövlətin öz kiçik vətəndaşlarının təməl ehtiyaclarını ödəmək öhdəliyi var- təhsil vermək, sağlamlıqla bağlı problemlərini həll etmək, uşaqpulu və ya sosial müavinətlə təmin etmək kimi.
Uşaqların ehtiyacı olan ikinci vacib amil şərtsiz sevgidir. Hər uşaq qeyd-şərtsiz sevgi ilə təmin olunmağa ehtiyac duyur. Doğulduğu andan etibarən bu sevgini hiss edən uşaq hər bir şəraitdə, hər bir vəziyyətdə onu şərtsiz sevən ailəsinin olduğunu bilməli, bunu bilərək böyüməlidir. Bu, onun özünə inamla böyüməsinə, həyata bağlanmasına dəstək olur.
Uşaqlar üçün üçüncü vacib amil güvən duyğusu, etibardır. Hər uşaq başına nəyin gəlməsindən asılı olmayaraq güvənli yerdə, ailədə olduğunu hiss etməli, özünü o evdə təhlükəsiz hiss etməlidir. Biz valideynlərin ən vacib vəzifələrindən biri də uşaqların təhlükəsizliyini ən dəqiq şəraitdə təmin etməkdir.
Lakin bəzən bizdən asılı olan və olmayan səbəblər olur, yetkin insan kimi bunun fərqində oluruq, lakin uşaqlar bizim kimi düşünməyə bilər və özünü təhlükədə hiss etdiyi zaman valideyninin dəstəyini almadığı üçün narahat ola bilər. Uşaqlar valideyninin onu bütün təhlükədən qoruduğuna əmin olduğu qədər onların yanında güvəndə olduğunu hiss etməyə də ehtiyac duyur və bunu onlara hiss etdirmək bizim borcumuzdur.
Dördüncü amil qayğı və diqqətdir. Bütün uşaqlar haqlı olaraq öz valideynindən bunu istəyir. Uşaqlar danışmaq, özünü ifadə edə bilmək, öyrənmək, qayğı göstərmək, sevmək kimi ilkin duyğuları məhz bu yolla- valideyninin ona qayğı ilə yanaşması nəticəsində öyrənir. Onu diqqətlə dinləmək, çəkdiyi şəklə diqqətlə baxmaq, onunla oynamaq, birlikdə vaxt keçirmək diqqət və qayğınmın ilk etaplarıdır.
Beşinci amil özünü təsdiq etməkdir. Uşaqlar bunu etməyi çox sevir. Yeməyini özü yemək istəyir, dişlərini kömək olmadan fırçalamaq istəyir, nə geyinəcəyini, bu gün hansı oyuncaqla oynayacağını özü seçmək istəyir. Bu, ilkin özünü təsdiq duyğusudur.

Təkuşaqlı ailələr milli genefond üçün ciddi təhlükədir
Azərbaycanda çoxuşaqlı ailələrin sayı getdikcə azalır. Artıq ailələr 1 və ya 2 uşaqla kifayətlənir. Bu vəziyyət dünyanın bir çox ölkəsində müşahidə edilir və hər ölkədə müxtəlif səbəb olsa da, əsas önə çıxan sosial-iqtisadi və mənəvi-psixoloji amillərdir.
Əslində, bu statistika gözlənilən idi. Çünki bütün dünya insanları pandemiya imtahanından sonra dünyaya uşaq gətirməyin məsuliyyəti altına girmək istəmirlər. Bizim kimi çoxuşaqlılığı sevən cəmiyyətlərdə əhalinin təbii artım tempi azalırsa, Qərb ölkələrində vəziyyətin hansı həddə çatacağını təsəvvür belə etmək ürküdücüdür.
Azərbaycanda təkuşaqlı ailələr olduqca az idi, həttə dövrümüzün ailələri də adətən 1-2 uşaqlı olur, halbuki normal ailə 3 uşaqdan başlayır. Lakin yaşadığımız çətin dönəm bir neçə uşağı təmin etməyin daha çox məsuliyyət tələb etdiyini bariz nümayiş etdirdiyi üçün bizdən asılı olmayan səbəblərə görə artıq ailələr 1-2 uşaqla kifayətlənməli olur. Gəlir kifayət qədər olmadığı, iş yerlərinin pandemiya dövründə bağlı olması, bütün dünyada bahalaşma müşahidə edildiyi üçün biruşaqlı ailələrin sayı getdikcə artdı.
Çoxuşaqlılığı necə stimullaşdırmalı?
Əgər uşaqpulu məsələsində tənzimləmə aparılsa, dövlət ailələrə uşağın təməl ehtiyaclarını ödəmək üçün çox da böyük olmayan yardımlar təşkil etsə insanlar dünyaya uşaq gətirməkdən bu qədər qorxmaz. Uşaqpulu ilə bağlı müzakirələr aparılır, doğrudur, lakin hələlik bir nəticə yoxdur. Əslində söhbət o qədər də yüksək məbləğdən getmir.
Əgər mexanizm işlənsə uşaqpulunu mərhələli şəkildə də tətbiq etmək olar, 1-3, 3-7, 7-18 yaş aralığına ayıraraq ehtiyaclara görə fərqli məbləğ təyin etmək mümkündür. Belə olduqda həm dövlət büdcəsinə yük düşməz, həm də ailələr az da olsa qayğıdan azad olar.
Dövlət uşaqlara ayrıdığı vəsait ilə vətəndaşının yanında olduğunu, təbii artımın ölkə üçün nə qədər vacib olduğunu anlatmış olar. Əgər vətəndaş dünyaya uşaq gətirməyin özündən başqa heç kimi maraqlandırmadığını düşünərsə, bu fikirdən daşınar və bu da dolayısı ilə təbii artıma təsirini göstərər.
Yeri gəlmişkən, Azərbaycanda çoxuşaqlı ailə kriteriyaları da yumşaldılmalıdır. Mövcud qanunvericiliyə görə çoxuşaqlı ailə 5-dən artıq, yəni 6 uşağı olan ailələr hesab edilir və dövlət bu halda onlara və uşaqların himayədarına sosial müavinət ödəyir. Lakin razılaşarsınız ki hazırda ölkəmizdə 6 uşaqlı ailə çox nadir rastlanır. Çoxuşaqlılıq meyarı yenidən müzakirə edilə, kriteriyalar yumşaldıla bilər. Bu, əhalinin təbii artım tempini stimullaşdıra bilər. Hesab edirəm ki bunda həm dövlət, həm cəmiyyət maraqlı olmalıdır.
Dövlət sağlam uşaqların, sağlam ailənin qarantıdır. Xalqımızın, dövlətimizin də gələcəti bundan asılıdır. Bunun üçün həm dövlət, həm cəmiyyət olaraq əlimizdən gələni etməliyik.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB