MEDİA mediamızla nə etmək istəyir? - ANALİZ

Mediamızın mövcud problemlərinin onların aradan qaldırılması üçün nələr edilir və edilməlidir?

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Medianın İnkişafı Agentliyi çap mediası və onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində 2022-ci ilin ikinci yarısı üçün elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb. Həftədə bir nömrəsi dərc edilən qəzetlərin hər birinə aylıq 5 000 manat, həftədə 5 dəfə çıxan qəzetlərin hər birinə isə aylıq 15 000 manat məbləğində maliyyə yardımı göstərilib. Həmçinin, 33-ü ictimai-siyasi, 6-sı isə idman məzmunlu olmaqla 39 xəbər saytının da hər birinə ayda 3 min manat yardım ayrılıb.

Göründüyü kimi, dövlət hər zaman olduğu kimi, mediaya yardımlarını davam etdirir. Qəzet və saytlarda müəyyənləşdirilmiş sahələr üzrə yazıların təvşiqi üçün belə qrant layihələri həm media subyektlərinin maddi-texniki bazasının güclənməsinə, həm jurnalistlərin bu sahədə peşəkarlaşmasına səbəb olur, həm də dövlətin həmin sahələrdə ictimaiyyətə çatdırılması vacib bildiyi məsələlər geniş işıqlandırılır. Hələlik, yardım ala bilməyən bəzi həmkarlarımız narazı qalsa da, yardım alan media subyektləri bu addımı dəstəkləyir. Bəs ekspertlər nə fikirdədir?

Jurnalist Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli hesab edir ki, dövlətin mediaya yardımı yaxşı haldır: “Yaşadığımız dövr yeni media dövrüdür. Media texnoloji baxımdan inkişaf dövrü keçir və buna uyğun olaraq özünün nəzəri yanaşmasını yeni dövrün tələblərinə uyğunlaşdırır. Yaxşı haldır ki, 2022-ci ilin fevral ayında cənab Prezident Azərbaycanda Media Haqqında Yeni Qanun imzaladı.

Bu qanun yeni media dövrünə adaptasiya olunan Azərbaycan mediasının hüquqi statusunu və təşkilatı formasını müəyyən edir. Həmçinin, jurnalistikanın statusunun müəyyənləşməsi üçün kifayət qədər töhfələr vermiş olur. Bu qanunvericiliyin qüvvəyə minməsindən sonra Azərbaycanda jurnalistlərin və media subyektlərinin missiyası, cəmiyyətdəki rolu və statusu barədə kifayət qədər aydın təsəvvür formalaşır və media da buna uyğunlaşır.

Azərbaycan mediasının yeni dövrə uyğunlaşması üçün dövlətimiz yeni proqramlar da icra edir. Media İnkişaf Agentliyi vasitəsilə KİV subyektlərinə təkmilləşmə üçün maliyyə dəstəyi göstərilir. Bu dəstək 50-dən yuxarı KİV-ə göstərilir ki, onlar da öz fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun qurmaq, inkişaf etmək və cəmiyyəti lazım olan informasiya ilə təmin etmək üçün bu vəsaitdən istifadə edirlər.

Azərbaycanda həm ənənəvi, həm də sosial media inkişaf edir. Əsas odur ki, ölkəmizdə media mühiti normaldır. Yəni, medianın qanunvericilik bazası, təhlükəsizlik normaları, etik standartlar və s. liberaldır. Buna uyğun olaraq Azərbaycan mediası həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf edir.

Azərbaycanda informasiya təminatına ictimai rəyin sabit tutulmasına baxsaq və bu ictimai rəyin sabit tutulmasında medianın rolunun olduğunu nəzərə alsaq, Azərbaycan mediası öz üzərinə düşən missiyanı uğurla davam etdirir. Dövlətimiz medianın təkmilləşməsi, yaşaması və keyfiyyətli informasiya istehsal etməsi üçün ona lazımi dəstək və qayğını göstərir”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Medianın İnkişafı Agentliyi tərəfindən çap

mediası subyektlərinə və onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri sosial şəbəkələrdə çox müsbət qarşılanıb: "Düşünürəm ki, son zamanlarda Medianın İnkişafı Agentliyinin üzərinə böyük yük düşür. Media subyektlərinin maliyyələşdirilməsi, “Media haqqında” qanunun hazırlanması, bir sıra müsabiqələrin təşkil olunması, bunlar hamısı çox ciddi məsuliyyət tələb edən işlərdir.

Jurnalistlər istedadlı və fərqli insanlardır. Bu baxımdan jurnalistərlə ortaq nöqtə tapmaq, onları qane edəcək nəticələr ortaya qoymaq çətindir. Düşünürəm ki, Medianın İnkişafı Agentliyi bu işin öhdəsindən gəlir. Medianın İnkişafı Agentliyinin elan etdiyi çox müsbət reaksiya doğurur".

“TvPress.Az” internet qəzetinin baş redaktoru Elçin Bayramlı isə hesab edir ki, dövlətin mediaya yardımları çox müsbət haldır. Xüsusən də, konkret mövzular üzrə layihələrə qrant ayrılması. Bununla dövlət insanlara çatdırılması vacib olan sosial, iqtisadi, siyasi, mədəni və digər sahələrdə materialların yazılmasını təmin edir.

Lakin ölkədə həddən artıq çox sayda media subyekti olduğundan maliyyə ala bilməyənlər narazı qaldı. Bu, təbii qəbul olunmalıdır. Çünki minlərlə xəbər saytı, qəzet, agentlik fəaliyyət göstərir və dövlət bunların hamısına maliyyə yardımı edə bilməz. Yardım almaq üçün tələblər qoyulub və bu tələblərə cavab verənlərə maliyyə yardımları edilir.

Bizim sayt həmin tələblərə cavab vermədiyindən hər hansı bir yardım və ya qrant layihəsi üçün indiyədək müraciət etməmişik. Lakin bilirik ki, müəyyən olunmuş şərtlərə və tələblərə cavab verdikdə müraciət etmək mümkündür və MEDİA imkan daxilində daha çox media subyektinə yardım etməyə çalışır.

Baş redaktor hesab edir ki, mediamızın əsas problemləri başqa yerdədir: “Ciddi medianın idarə edilməsi, yəni menecment məsələsi… Biz hər zaman dünya standartları, peşəkarlıq və sairə məsələləri müzakirə edirik, özümüzü bu prinsiplərə uyğunlaşdırmaq istəyirik. Amma bunu tətbiq edə bilmirik. Bir neçəsini istisna etmək şərtilə əksər media subyektləri tərəfli olur- ya hansısa bir qüvvənin tərəfində və ya bir şəxsin tərəfində. Bu cür idarəetmə ilə media bazarına, auditoriyaya girmək mümkün deyil. Çünki həm tərəfsiz, obyektiv materiallar paylaşılmalıdır, həm də auditoriyanın gözlədiyi məlumatlar çatdırılmalıdır. Məsələn mediada sosial problemlərə çox az toxunulur, onun əvəzinə şou xarakterli materiallar işlənilir”.

Sayt rəhbəri deyir ki, hazırda oxucu auditoriyası minlərlə qəzet-sayt arasında bölüşüb: “Hər media subyektinə məhdud sayda oxucu düşüb. Media orqanlarının sayının az olması daha effektli olardı. Xırda, zəif və çoxsaylı media orqanlarında təmərküzləşmə prosesi getməlidir. Bir neçə kiçik media subyekti birləşərək, böyük media holdinqləri formalaşmalıdır. Kiçik saytların işçi qüvvəsi saxlaya bilməməsi və ya 1-2 nəfərlə ortaya ciddi media qoyması mümkün deyil. Onun xaricdə və ölkənin regionlarında müxbir postları saxlamaq imkanı yoxdur. Bu kimi çatışmazlıqlarla biz dünya mediasına çıxa bilmərik.

Elçin Bayramlı hesab edir ki, son zamanlar Medianın İnkişafı Agentliyinin bu sahədə həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir: Ümumiləşdirsək, mediamız özünü maliyyələşdirə bilmir, asılıdır, tərəflidir, sponsorludur. Bu tip media ictimaiyyət arasında nüfuz qazana bilməz, ancaq şou auditoriya toplaya bilər. Artıq bunlar ciddi istinad ediləcək media hesab edilmir.

Media kütlələrə psixoloji təsir silahıdır. İnsanlar media orqanlarında dolğun, ciddi , tərəfsiz məlumat ala bilməyəndə artıq sosial şəbəkələr üz tuturlar. Nəticədə, ölkə mediası ictimaiyyətə təsir funksiyasını itirir. Bu məsələnin müəyyən edilmiş mexanizmi olmalıdır. Qızıl ortanı tutmaq lazımdır. Senzura olmur, mətbuata tam azadlıq verilir və digər tərəfdən ifrat azadlıq meyllərinin qarşısı alınır. İnsanların bir-birini təhqir etməsi, şər-böhtan atması, təxribat xarakterli məlumatların yayılması məsələlərinə ciddi nəzarət edilməlidir. Digər tərəfdən azad reklam bazarı olmalıdır. Bu özünü maliyyələşdirmə prosesində əsas rol oynayır.

Əsas problemlərdən biri də peşəkarlığın olmasıdır. Bununla bağlı ilk vaxtlarda media orqanlarına maliyyə yardımı lazımdır. Hər hansı bir media özünü tam doğruldanadək ona edilən yardımlarla, peşəkarları ətrafına toplamalı və onları əlində saxlamağı bacarmalıdır.

Elə bir şərait yaradılmalıdır ki, həm dövlətin çatdırmaq istədiyi məlumatlar, həm də ortaya qoyulan sosial problemlər böyük kütləyə çata bilsin. Əhalinin böyük hissəsi həmin media orqanına inansın, onu dinləsin, oxusun, izləsin. Yalnız bu halda biz sosial şəbəkələrin medianı sıradan çıxarmasının qarşısını ala bilərik”.

Göründüyü kimi, mediamızın çox sayda problemi var və MEDİA bunların həllinə çalışır. Bu dəstək isə təkcə maliyyə yardımları, qrant layihələri ilə bitmir. Media subyektlərinə həm maddi-texniki, həm mənəvi-pxioloji dəstək verilir. Əməkdaşların peşəkarlaşması, fəaliyyətin şəffaflaşması, reklam bazarına çıxış üçün də dəstək verilir. Mütəmadi olaraq gənc jurnalistlər üçün təlimlərin keçirilməsini, jurnalistlər arasında müsabiqələrin təşkilini də bura aid etmək olar.

Azərbaycan mediası dünya standrtlarına uyğun peşəkar və nüfuzlu bir sistemə çevrilməlidir. Yeni qəbul olunmuş və bu ildən qüvvəyə minmiş Media haqda Qanunun da əsas məqsədi bundan ibarətdir. Mediamız təkcə ölkə səviyyəsində yox, həm də beynəlxalq səviyyədə etibar olunan ciddi bir mənbə statusunu qazanmalıdır. Şübhə yoxdur ki, yaxın bir neçə il ərzində bu məqsədə nail olunacaqdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...