Tereza Hamlin: Mən Azərbaycanı sevirəm və həmişəlik burada qalmaq istərdim - MÜSAHİBƏ

“Azerbaijansocks” şirkətinin təsisçisi Azərbaycandakı 18 illik həyatı haqda maraqlı faktlar açıpqlayıb

Amerikalı Tereza Hamlin üçün Azərbaycan ikinci evə çevrilib. O, ingilis dilini öyrətmək üçün Azərbaycanın şimal bölgəsinə gəlib və müqaviləsi bitəndən sonra ABŞ-a qayıtmaq istəməyib. Tereza ənənəvi yerli milli naxışlı corabların toxunma sənəti ilə məşğul olmaq qərarına gəldi və çox keçmədən “Azerbaijanbajanisocks” şirkətini qurub. Bu gün bu şirkətdə Azərbaycanın müxtəlif bölgələrindən olan usta xanımlar çalışır ki, onlar üçün corab toxuması əlavə gəlirə çevrilib. Tereza deyir ki, onların məhsulları təkcə Azərbaycanda deyil, əl işlərinin yüksək qiymətləndirildiyi xarici ölkələrdə də məşhurdur. Tereza Hamlin “Moskva-Bakı” portalına müsahibəsində Azərbaycandakı həyatından və burada əbədi qalmaq arzusundan danışıb. Müsahibəni oxucularımzıa təqdim edirik.

- Necə oldu ki, illər əvvəl bir amerikalı gənc Azərbaycana köçməyə qərar verdi?

- Mən ABŞ-da universitetdə oxuyanda Bakıda doğulmuş bir dostum var idi, ölkəsi haqqında çox danışırdı. Mən ingilis dili müəllimi olacaqdım, amma universiteti bitirdikdən sonra dünya ölkələrinin birində bir ay ingilis dili dərsi verməli idik. Azərbaycan haqqında çox eşitdiyim üçün artıq qiyabi olaraq bu ölkəni seçdim və dostumun dəstəyi ilə ora getməyə qərar verdim. Mən Azərbaycanın Qusar şəhərində məskunlaşdım, Şahdağın ətəyindəki kəndlərin birində ingilis dilindən dərs deyirdim.

- Yeni ölkəyə köçmək çətin idi? Yeni şərtlərə necə uyğunlaşdınız?

- Mən 18 ildir burada yaşayıram və bunun necə baş verdiyini unutmamışam. Yadımdadır, bəzi çətinliklər var idi, amma müəllimlik kursunda yaxşı insanlar işləyir, yerli həyat şəraitinə uyğunlaşmağa kömək edirdilər, ölkənin adət-ənənələrindən danışırdılar. Ona görə də deyə bilmərəm ki, Azərbaycanda yeni həyatın qurulması mənim üçün çətin proses olub.

- Əvvəlcə burada sizi nə təəccübləndirdi, amma indi adiləşib?

- Hər şeydən çox biri! İlk gələndə mənə elə gəldi ki, burada çox ciddi insanlar yaşayır, bu, Amerikada böyümüş, hətta yad adamlara belə gülümsəyən mənim üçün tamamilə qeyri-adi idi. Hətta burada hamı bir-birini diqqətlə nəzərdən keçirir (gülür), amma Amerikada kiməsə baxmaq ədəbsiz hesab olunur. Bəzi yerli sakinlərin qaydaları pozaraq maşın sürmələri, daha doğrusu manevr etmələri əvvəlcə təəccüblü və hətta qorxulu idi. Bu gün mən buna öyrəşmişəm. Bəzən hətta fikir verirəm ki, mən özüm də azərbaycanlılar kimi maşın sürürəm! ABŞ-da qeyri-rəsmi geyinməyi xoşlayırlar, Azərbaycanda isə hətta dağ kəndində gəzməyə belə kişilər kostyum geyinir, qadınlar isə ən gözəl paltar, hündürdabanlı ayaqqabı geyinirlər. Ətrafdakı hər kəs çox gözəldir, həmişə səliqəli geyinirlər. Yadımdadır, ABŞ-a ilk dəfə evə gedəndə uzun müddət başqalarına öyrəşə bilmirdim, mənə elə gəlirdi ki, ətrafdakıların hamısı səliqəsiz geyinib. Mən özüm artıq amerikalılar kimi geyinə bilmirəm. Etiraf edim ki, hələ də hündürdaban çəkməyə öyrəşməmişəm, amma geyimimə daha çox fikir verməyə başlamışam, indi bütün Azərbaycan qadınları kimi geyinməyi xoşlayıram.

- Azərbaycan corablarından biznes ideyası necə yaranıb?

- Əslində, mən bu corablar haqda hələ ABŞ-da olarkən Qusarda eyni işlə məşğul olan amerikalıdan alıb öyrənmişəm. Və mən onları çox bəyəndim. Qusara köçəndən sonra yerlilərlə dostluq etdim, onlardan bu corablar haqqında soruşmağa başladım. Çox təbii və isti idilər! Sonra xarici qonaqlar yanıma gəlməyə başladılar və hamısı soruşdular ki, bu rayonda yaşayan ləzgilərin toxuduğu corabları haradan almaq olar. Bazarda çox seçim yox idi və bundan əlavə, çoxları bunu hədiyyə olaraq istəyirdi, ona görə də bu corablar çox gözəl olmalı idi. Sonra dostlarım məndən onlara belə corablar toxuya biləcək adam tapmağımı istədilər. Bu, heç də çətin deyildi, çünki kənddə hər bir qadın belə corablar toxuya bilər. Bir neçə cüt sifariş verdim, sonra daha çox. İstəyənlər çox idi, sonra düşündüm ki, niyə bundan biznes qurmayaq? Bundan əlavə, bu vaxta qədər öz işimdə "ixtisar"a düşmüşdüm. Anladım ki, mən qalmaq və vacib bir şey etmək istəyirəm.

- Yerli sakinlər, yəqin ki, belə bir işin uğuruna dərhal inanmadılar?

- Bəli, çoxları fikirləşirdilər ki, onların corabları xaricdə kimə lazım ola bilər? Dedilər ki, yəqin ki, hər yerdə belə corablar toxuyurlar. Mən onlara dedim ki, heç yerdə belə qeyri-adi, orijinal naxışlar yoxdur və ona görə də yerli corablar bütün dünyada məşhurlaşa bilər.

- Bu biznes nə dərəcədə gəlirli oldu?

- Toxuyanlarımız çoxdur və əksəriyyəti dağ kəndlərində yaşayır. Nə qədər çox toxusan, bir o qədər çox qazanırsan, çünki bu məhsula xaricdə böyük tələbat var. Bundan əlavə, yerli sənətkar qadınlar onları qışda, tarlada və ya evin ətrafında heç bir işləri olmayanda toxuyurlar. Mənə gəlincə, bu işdə çox qazanmadım, amma əlimdə olan mənə kifayətdir.

- Azərbaycanda şəxsi həyat qura bildinizmi?

- Yox, mən hələ ailə qurmamışam. Azərbaycanlıların gözəl bir atalar sözü var, mən onu çox sevirəm. Burada deyirlər- “Subaylıq sultanlıqdır”. Bu, “subayların həyatı sultanın həyatına bənzəyir” kimi tərcümə oluna bilər.

- Gələcəklə bağlı planlarınız nədən ibarətdir? Qalacaqsınız, yoxsa vətənə qayıdacaqsınız?

- Mən Azərbaycanı sevirəm və həmişəlik burada qalmaq istərdim. Mən hətta Azərbaycan vətəndaşlığını da almaq istərdim, amma təəssüf ki, burada ikili vətəndaşlığa icazə verilmir, mən də Amerika vətəndaşlığından imtina etmək istəməzdim. Burada özümü o qədər rahat hiss edirəm ki, indi başqa ölkədə həyatımı təsəvvür edə bilmirəm.

- Yerli xörəkləri bişirməyi öyrənmisiniz?

- Yalnız ən yüngül yeməklər, məsələn, kukyu və ya plov. Amerikalıları təəccübləndirmək üçün ABŞ-a evə gedəndə onları bişirməyi sevirəm. Əslində Azərbaycanda yeməklərin əksəriyyəti çətin hazırlanır, çox vaxt və bacarıq tələb olunur. Və mənim qətiyyən səbrim yoxdur! Bundan əlavə, azərbaycanlılar kimi dadlı olması üçün illərlə məşq etmək lazımdır. Qutablar, dovğa, “üç bacı” dolması və başqa yeməklər burada elə dadlı bişirilir ki. Azərbaycanlıların inanılmaz ləzzətli mətbəxi var və mən ABŞ-a gedəndə onlar üçün çox darıxıram. Bundan əlavə, Azərbaycanda bütün məhsullar təbii və dadlıdır. Məsələn, Amerikada belə dadlı süd məhsulları tapa bilməzsiniz. Həm də dağ kəndlərində hazırlanan qatiq və müxtəlif pendirlərdən orada yoxdur!

- Yəqin ki, artıq bütün Azərbaycanı gəzmisiniz? Ən sevdiyiniz yerlər haqqında bizə məlumat verə bilərsinizmi?

- Hansınısa xüsusi qeyd etmək çətindir. Qusarı, Qəbələni, Astaranı, Zaqatala, Şəkini sevirəm, dağları çox sevirəm. Maraqlıdır ki, Azərbaycanda bütün bölgələr maraqlı və bir-birindən fərqlidir. Keçən il yeni təcrübə axtarışında dostlarımla birlikdə Azərbaycanın çətin gediş-gəlişi olan yerlərinə, turistlərin nadir hallarda gəldiyi ən ucqar kəndlərə gəzinti turuna çıxdım. Və məlum oldu ki, Azərbaycanda 18 il yaşadıqdan sonra hələ də bu ölkədə çoxlu yeni və maraqlı şeylər kəşf edə bilərsiniz.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə