Yaradılış bayramının həqiqi mahiyyəti- II YAZI – ARAŞDIRMA

Novruz bayramı tarixdə ilk dəfə olaraq Nərimanov tərəfindən 1921-ci ildə Azərbaycanda rəsmi dövlət bayramı elan edilib

Əvvəli burada - https://sia.az/az/news/media/939551.html

II HİSSƏ

Od çərşənbəsində insanlar səhər tezdən hündür bir təpənin üstündə tonqal qalayar və həmin tonqalın dövrəsinə toplaşaraq Günəşin doğmasını gözləyərmişlər. Elə ki, Günəş doğdu, hamı xorla təbiətin bu “odlu qızı”nı salamlayan “Qodu xan” nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hərə öz məşəlini yandırıb ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdilər. Tonqalın başına fırlandıqca oxuyarmışlar:

Ey Qodu xan, Qodu xan,

Yandır bizim odu, xan!

At üstə qod gətir,

Ulusa od gətir

Sözü bal Qodu xan,

Özü al Qodu xan.

Torpaq çərşənbəsində həm də qəbiristanlıqlara və müqəddəs yerlərə ziyarətə gedir, ata-babaların əziz ruhunu şad etmək və ehtiram bildirmək üçün məzarların üzərinə bayram payı düzülür, ətrafında məşəllər və şamlar yandırılır. Bu qədim ənənəni Tovuz televiziyasında çalışarkən apardığımız çəkiliş zamanı Düz Qırıqlı kəndində müşahidə etmişəm. Bu cür səhnələr bizə Dədə Qorqud dastanlarından da tanışdır. Amma təəssüf ki, bəzi qədim rituallara indi az yerdə təsadüf olunur.

Müqəddəs günlərin çərşənbə axşamı seçilməsinin isə mahiyyəti bundan ibarətdir ki, qədim şərq dini-fəlsəfi biliklərinə əsasən, Tanrı dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini görmüş, ikinci gün (çərşənbə axşamı) yaratmağa başlamışdı: üçüncü gün su, dördüncü gün od, beşinci gün torpaqla bağlanan varlıqları yaratmış; altıncı gün yaranışların hamısına ruh (can) vermiş, yeddinci gün isə istirahət etmişdi. Bu inama görə, bütün İlahi yaradıcılıq işlərinin bünövrəsinin qoyulması çərşənbə axşamına düşür.

Mənəviyyat, və humanizm bayramı

Novruzun nə dərəcədə sülh, humanizm, mərhəmət bayramı olması onun süfrəsindən də aydın olur. Novruz süfrəsində ət yeməkləri olmamalıdır- yəni, qan tökülməməli, heç bir canlı qida məqsədilə öldürülməməlidir. Bu bayramda nəinki insanlar daha mehriban olmalıdır, həm də heyvanlara qarşı mərhəmət göstərilməlidir.

Novruzun öz spesifik süfrəsi var. Novruz yeməklərin şahı təbii ki xalqımızın kulinariyasında ən dəyərli yemək sayılan aşdır. Novruz aşı xüsusi formada müxtəlif meyvə qurularından ibarət qara ilə bəzədilir və ətrafına şamlar düzülür. Bundan əlavə, hər evdə Novruz xonçası hazırlanır. Bu xonça xeyli çesiddə meyvələr, şirnilər, qoz-fındıq boyanmış yumurtalar və s. nemətlərlə bəzədilir, kənarında şamlar yandırılır. Yeri gəlmişkən, yumurta həyat rəmzi sayılır və onun boyanması həyatın çalarlarına işarədir.

Novruz xonçası düz süfrənin ortasına qoyulur. Xonçanın mərkəzində isə, bu bayramın əsas atributlarından biri olan bərəkət rəmzi Səməni olur. Səməninin ta qədimdən bəri Azərbaycan xalqının müqəddəs rəng hesab etdiyi qırmızı rəngli sarğı ilə əhatələnməsi də təbiidir. Qırmızı Tanrıya sevginin, müsbət enerjinin, xeyir quvvələrin və toy-bayramın rəngidir.

Çox təəssüf ki, minilliklər keçdikcə bəzi qədim bayramlarımız və digər mədəniyyət elementlərimiz unudulub, yaddan çıxıb. Məsələn, oktyabrın 8-i Xvarna (bolluq-bərəkət) bayramıdır, amma bu bayramı çox təəssüflər olsun ki, hazırda qeyd etmirik.

Professor Azad Nəbiyev deyir ki, bayramlar xalqın ritual və mərasim folklorunun ən əsas göstəricisidir. 40-a yaxın bayramı olan xalqımızın tamam unudulub gedən mərasimləri də var, unudulmaqda olanı da: “Hələlik milli bayramlarımızın 3 tipindən danışmaq mümkündür. Birincisi, mövsüm mərasimləri, yəni, əmək həyatının başlanması, ilin fəsilləri ilə bağlı keçirilən bayramlardır. İkincisi, məişət həyatını əks etdirənlərdir, üçüncüsü isə, dini bayramlardır”.

Bütün bu bayramların, adət-ənənələrin zirvəsində qədimliyimizi, ucalığımızı, idrakımızın ənginliyini, ruhumuzun bütövlüyünü özündə yaşadan Novruz bayramı durur. Novruzda Zərdüştlükdən gələn xeyirin şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur. Yəni, Tanrının xeyir və şər enerjisi arasındakı mübarizədə hansı tərəfin qalib gəlməsi insanların özündən asılıdır.

Səməd Vurğunun kəndində unikal Novruz mərasimləri

Bahar bayramının atrubutları da zəngindir- “Atıl-Batıl”, “Kosa-kosa”, “Yeddiləvin”, “Səməni”, “Cıdır”, “Od qalama və üstündən atılma”, “Axar su başına getmə və su üstündən atılma”, “Evə təzə il suyu gətirmə”, “Qulaq falına çıxma” və s. kimi adətləri bu gün Azərbaycanda və digər yerlərdə yaşadılmaqdadır.

Novruz insanları azı 1 ay xoş əhval-ruhiyyədə və həm fiziki, həm də ruhi cəhətdən təmiz formada saxlayır. Çərşənbələrdə hamı bir-birinə pay-püsk aparır, qonaq gedir bayramlaşırlar. Bu ay ərzində ancaq xoş sözlər danışır, xeyir işlər görülür, küsülülər zorla olsa da barışdırılır.

İnsanlar çərşənbə və böyük bayram axşamı məşəllərlə və toy-bayramla çöllərə çıxır, elliklə gəzinti keçirir şənlənirlər. Cavanlar evlərin qapısına papaq atırlar, ev yiyəsi də onların bayram payını qoyur papağın içinə. Bu bayramda qapı pusma, səhərədək çillə keçirilməsi və s. zəngin adət-ənənələr var ki saymaqla qurtarmaz.

Kosa, bahar qız və keçəlin ifasında nümayiş etdirilən tamaşalar isə bəlkə də dünyanın ilk xalq teatrıdır, təbiət hadisələrinin dramatikləşdirilmiş formada səhləşləşdirilməsidir.

Maraqlı bir məsələ də Novruz deyimləri ilə bağldır.

Dərvişlər ay dərvişlər

Haqq üzünü görmüşlər

Verin bizim payımızı

Aparaq verək ustada

Ustad yesin ad eləsin

Tanrı sizi şad eləsin.

Təkcə bu bənd göstərir ki, ta qədimdən Tanrı aşiqləri adlanan dərvişlər diyar-diyar gəzib Tanrıya sevgi təbliğ edər, insanlara ruhi biliklər bəxş edər, məbədlərdə ibadət və elmlə məşğul olan ustadlara xalqdan bayram payı aparırlarmış. Ustad bu payı qəbul edib ad verirmiş. (Burada Dədə Qorqut dastanı yada duşur.) İnama görə, ruhani ustadı sevindirməyə və ona xidmətə görə Tanrı o pay sahibini şad edərmiş.

Yeri gəlmişkən, hazırda Novruzun ən qədim koloritləri, zəngin adət-ənənələri ilə birlikdə keçirilməsinə Səməd Vurğunun doğulduğu kənddə- Qazax rayonunun Yuxarı Salahli kəndində də rast gəlmək olur. Bayram martın 21-dən 22-nə keçən gecə bu kənddə o qədər maraqlı adətlər və zəngin ənənələrlə keçirilir ki, sanki qədim dövrlərə düşmüsən. Hər il buraya ölkəmizin hər yerindən qonaqlar gəlir ki, bu gecəni canlı seyr etsinlər.

Bu sətirlərin müəllifi də hələ 15 il öncə Novruz gecəsini həmin kənddə keçirib, həmin kənddə təşkil olunan mərasimlərlə bağlı kiçik bir televiziya filmi çəkə bilib. Ümumiyyətlə, orada təşkil olunan mərasimlər tam bir kitablıq söhbətdir. Düsünürəm ki hələlik itirilməyən ən qədim elementləri özündə cəmləyən bu mərasimin araşdırılması ilə tarixçilərimiz və folklorsunaslarımız ciddi məşgul olsa yaxşıdır.

Novruz 1921-ci ildə rəsmi dövlət bayramı kimi təsdiq olunub

Sovet dövründə də xalqımız bu qədim bayramı unutmayıb, onu elliklə qeyd ediblər. Nəinki Azərbaycanda, hətta azərbaycanlıların kompakt yaşadığı Ermənistan, Gürcüstan kimi respublikalarda belə Novruz bayramı həmişə elliklə kecirilib və bu bayramın qeyd edilməsi qadağan olunmayıb.

Novruz bayramı tarixdə ilk dəfə olaraq Azərbaycanda rəsmi dövlət bayramı elan edilmişdir. Belə ki, respublika rəhbəri Nərimanovun təşəbbüsü ilə Novruz bayramı 1921-ci ildə ilk dəfə dövlət səviyyəsində qeyd edilmiş və həmin gün qeyri-iş günü elan edilmişdir.

1931-ci ilə kimi Novruz Azərbaycanda dövlət bayramı kimi qeyd edilmişdir və yalnız sözü gedən tarixdən sonra rəsmi dövlət bayramları siyahısından cıxarılmışdır. Ermənilərin davamlı təbliğatı ilə bunu dini bayram kimi göstərirdilər, o üzdən dünyəvi dövlət olan SSRİ öz ideologiyasının ziddinə gedib dini bayramı dövlət bayramı kimi rəsmiləşdirə bilməzdi. Lakin sonra, xalqımızın layiqli oğulları, xüsusən də Şıxəli Qurbanov bunun dini bayram olmadığını izah etdilər və Bahar bayramı kimi yenidən dövlət səviyyəsində keçirildi.

Müəyyən müddət dövlət bayramı kimi keçirilmədiyinə baxmayaraq, bu bayram hər zaman xalq tərəfindən acıq bir şəkildə, hec kəsdən gizlədilmədən tam sərbəst surətdə qeyd edilmişdir. Xalqımız hər zaman Novruzu sərbəst şəkildə təntənəylə qeyd edirdilər, kinolarımızda Novruz şənlikləri verilər, ədəbiyyatda geniış yer alar, məktəb kitablarında Bahar bayramıyla bağlı şeirlər dərc olunardı.

Əvvəllər Səmənini satmazdılar, hər kəs öz evində, öz əli ilə Səməni göyərdərdi. Çünki, Səməni evin, yurdun bolluq və bərəkət rəmzi sayılırdı. Son vaxtlar bayramın bəzi adətləri, ritualları unudulsa da, hələ ki əsas mahiyyətini saxlayır.

Bu bayramı radikal dinçilərin ləkələməyə çalışması da uğursuzdur. İddia olunur ki, guya bu, Tanrıya şərik qoşmaqdır. Guya, min illərdir hamı axmaq imiş və Odu Tanrı hesab edirmiş. Əslində, bu iddialar bayramın mahiyyətini anlamayan mövhumatçılar tərəfindən irəli sürülür, normal dindarlar bahar bayramını layiqincə qeyd edirlər. Xurafatçılar isə, anlamır ki, insanlar odu, işığı, Günəşi Tanrı kimi qəbul etməyib, ona Yaradanın yaradılışda ən güclü enerjisi kimi ehtiram göstəriblər. Ehtiram və sitayiş tamamilə fərqli anlayışlardır.

Novruz bayramı birmənalı olaraq, yaradılışın ad gününü, dünyanın yaranması və insanlara bəxş olunan nemətlərə görə Tanrıya minnətdarlığı özündə ehtiva edir. Ən qədim vətəni Azərbaycan olan Novruz bayramı elə bir zəngin xəzinədir ki bəşəriyyətə bundan qədimi və bundan möhtəşəmi hələ məlum deyil. YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınan bu bayram Yaradılış, İnsanlıq, Mənəviyyat, Sülh və Humanizm bayramı kimi dünya xalqlarının mədəniyyət xəzinəsində ən önəmli yerini saxlayır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə