Əcnəbi ekspertlər: “İrəvan bu cür bəyanatlar verməklə vaxtı uzatmağa çalışır” - ŞƏRHLƏR

Noyabrın 23-də onlayn mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, “Ermənistan və Azərbaycan MDB çərçivəsində ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb. Demarkasiya və delimitasiya prosesdir və Ermənistan orada öz maraqlarını müdafiə etməlidir. Ümumiyyətlə, “Ermənistan” deyəndə sərhədi olmayan amorf bir şeyi deyil, çox konkret bir sahəni başa düşməliyik”.

Paşinyanın bu açıqlamasını necə izah etmək olar? Bu məsələdə ondan ayıq yanaşma gözləmək lazımdırmı? Yoxsa bu, İrəvanın üçtərəfli bəyanatın imzalanmasından bəri bütün müddət ərzində etdiyi kimi, bir növ süründürməçilik hiyləsidir?

Bu suallarla cavabı Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musiyenko, amerikalı politoloq və siyasi strateq Ceyson Cey Smart, Prudent Solutions (Bişkek) analitik mərkəzinin direktoru Esen Usubəliyev, Ukrayna Gələcək İnstitutunun analitiki, fəlsəfə doktoru İlya Kuse, Yaxın Şərq üzrə gürcü ekspert Vasili Papov “Caliber” analitik mərkəzinə şərhlərində veriblər.

A.Musiyenkonun fikrincə, Ermənistan tərəfinin guya Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı müəyyən manipulyasiyası var, eyni zamanda bu məsələdən hər cür manipulyasiya etməyə və yayınmağa çalışır: “Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıq şəkildə bəyan etməsi müsbət əlamətdir. Hesab edirəm ki, bu, yalnız ilk addımdır və bunu Ermənistan tərəfi həmişə olduğu kimi, məsələn, Paşinyan “Qarabağ məsələsi ərazi deyil, hüquq məsələsidir” deməsi şərti ilə atılır. Bəs onda biz ərazi bütövlüyünün tanınmasını necə başa düşməliyik? Axı onun tanınması qanunla qırılmaz şəkildə bağlıdır. Paşinyan bununla öz məntiqini ərazi bütövlüyünün tanınması ilə razılaşmaqla yanaşı, həm də millətin öz müqəddəratını təyinetmə hüququnu özündə saxlamaq istəməsi ilə əvəz etmirmi?

Əslində, onun çox təhlükəli məntiqi var, ona görə də yekun razılaşmanın əldə olunduğunu, Ermənistanın dərhal öhdəliklərini yerinə yetirməyə və bütün əraziləri Azərbaycanın nəzarətinə keçirməyə hazır olduğunu söyləmək hələ tezdir, çünki həqiqətən belə olmalıdır,- həm ərazi, həm də hüquqi əsasda. Hələlik, onun açıqlamasına müəyyən şübhələrim var.

Hesab edirəm ki, bu, bir az sayıqlığı səngitmək və bununla da münaqişənin bitdiyini və İrəvana qarşı daha heç bir iddianın ola bilməyəcəyini göstərmək üçün hazırlanmış hiylədir.

Diqqət yetirməyə dəyər daha bir mühüm məqam- mətbuat konfransında Paşinyan Zəngəzur dəhlizi ilə bağlı açıq şəkildə danışıb. O, bəyan edib ki, dəhliz məntiqini qəbul etmir və Azərbaycanın şərtləri ilə nəqliyyat dəhlizinin açılmasını Ermənistan ərazisinə açıq-aşkar təcavüz hesab edir. Burada İrəvan faktiki olaraq bir il əvvəl əldə edilmiş üçtərəfli bəyanatın həmin bəndlərinin tanınmadığını və yerinə yetirilmədiyini nümayiş etdirir. Erməni tərəfi manipulyasiya etməyə və konsepsiyaları əvəz etməyə çalışır, ona görə də hesab edirəm ki, Azərbaycan bu məsələni müxtəlif beynəlxalq platformalarda qaldırmalıdır. Bunun regional səviyyədə qaldırılması, əlbəttə ki, yaxşıdır, amma burada, məsələn, BMT-də bu məsələnin daha geniş müzakirəyə çıxarılması vacibdir.

Erməni tərəfinin üçtərəfli bəyanatın bəndlərini yerinə yetirmədiyini birbaşa bəyan etmək lazımdır ki, bunun nəticəsində nəqliyyat kommunikasiyasının normal fəaliyyəti bloklanır, bu, həm humanitar, həm də iqtisadi vəziyyətə təsir edir, çünki bu dəhliz açıldıqdan sonra, tranzit axınları artacaq, iqtisadi fəaliyyətin kommunikasiyası üçün daha çox imkanlar olacaq. Şübhəsiz ki, bu, Azərbaycanın güclənməsidir, ona görə də erməni tərəfi mane olur”.

C.Smart hesab edir ki, Paşinyanın açıqlaması Azərbaycan üçün yaxşı əlamətdir: “Əslində bu, mühüm addımdır. Qarabağla bağlı Paşinyan bəyan edib ki, “bu məsələnin beynəlxalq yanaşmalarla əlaqələndirilməsi vacibdir”. Bu, Azərbaycan üçün yaxşı əlamətdir, çünki beynəlxalq ictimaiyyət vəziyyəti fəal şəkildə izləyir və Ermənistan tərəfinin hər hansı əsassız addım atması çətin olacaq. Regionda sabitliyin sülh yolu ilə möhkəmləndirilməsi istiqamətində istənilən irəliləyiş alqışlanır. İnsanlar özlərini təhlükəsiz hiss etməlidirlər.

E.Usubəliyev qeyd edir ki, bu, Ermənistan tərəfindən həm ikitərəfli, həm də regional səviyyədə vəziyyətin tədricən normallaşması yolunda mühüm addımdır: “Ermənistanın baş nazirinin bəyanatı yeni geosiyasi reallığın tədricən tanınmasına və bu ölkə üçün mövcud çətin iqtisadi və siyasi vəziyyətdən çıxış yolunun axtarılmasının zəruriliyinə dəlalət edir. Azərbaycanın ərazi bütövlüyünün tanınması Ermənistanın siyasi dairələrinin ilk psixoloji addımıdır. Təbii ki, bu, son dərəcə qütbləşmiş ictimai əhval-ruhiyyəni əks etdirmir - bəziləri üçtərəfli bəyanatın nəticələrini tanımağa hazırdır, digər hissəsi revanşist əhval-ruhiyyə ilə çıxış edir.

Hər halda, fikrimcə, bu, Ermənistan tərəfindən həm ikitərəfli, həm də regional səviyyədə vəziyyətin tədricən normallaşması istiqamətində mühüm addımdır. Vaxtın uzanmasına gəlincə, Ermənistanın siyasi dairələrində Azərbaycanla bağlı problemlərin həlli yolu ilə bağlı müxtəlif fikirləri nəzərə alaraq, bu ehtimalı istisna etmək olmaz.

Ancaq yenə də mənə elə gəlir ki, zaman faktoru Ermənistanın əlinə işləmir- əgər onlar üçtərəfli bəyanat nəticəsində açılan imkanları əldən versələr, sonradan regionun gələcək inkişafı şansını əldən verəcəklər. yeni genişlənmiş nəqliyyat və rabitə şəbəkələrini. Hansı ki, bu ölkə üçün son dərəcə vacibdir.

Bəlkə də məhz İkinci Qarabağ müharibəsinin nəticələridir ki, bu ölkəyə ilk dəfə olaraq iqtisadi vəziyyətini xeyli yaxşılaşdırmaq şansı verir. Eyni zamanda, istisna etmək olmaz ki, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması həm birbaşa - Rusiya, həm də dolayısı ilə Türkiyə və hətta İran tərəfindən edilən xarici təsirlərin nəticəsidir.

Bütün bu ölkələr ümidlərini regional blokun açılmasına bağlayırlar ki, bu da onlar üçün xarici siyasət təşəbbüslərində son dərəcə əhəmiyyətlidir. Bu baxımdan Ermənistanın barışmazlığı ciddi maneə yaradırdı. Növbəti addım Türkiyə ilə münasibətlərin normallaşması olmalıdır. Bu addım olmadan Ermənistanın iqtisadi dirçəliş və inkişaf şansı olmayacaq”.

İ.Kusanın fikrincə, Paşinyanın bəyanatları daha çox Ermənistanda daxili siyasi prosesləri əks etdirir, burada “köhnə elita” içərisindən hakimiyyətlə müxalifət arasında mübarizə gedir: “Məncə, bu bəyanatların Qarabağ ətrafındakı vəziyyətə və ya iki ölkə arasındakı münasibətlərə heç bir aidiyyəti yoxdur. De-yure, qarşılıqlı sərhədlərin tanınması adətən müvafiq sazişin imzalanmasından sonra baş verir. Və belə deyildi. Bundan əlavə, bu bəyanatların Qarabağın “statusuna” da təsir göstərməsi ehtimalı azdır, çünki bu məsələ beynəlxalq razılaşmalara əsasən, ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır”.

V.Papov hesab edir ki, İrəvan bu cür bəyanatlar verməklə vaxtı uzatmağa çalışır: “İkinci Qarabağ müharibəsində məğlubiyyətə uğrayan, Rusiya və KTMT-nin dəstəyi olmadan qalan Ermənistan Azərbaycana ciddi güzəştlərə getməyə məcburdur. Söhbət təkcə onun 30 il ərzində işğal etdiyi ərazilərdən imtinasından getmir, həm də Azərbaycanın ərazi bütövlüyünün tanınmasından gedir ki, bu da öz növbəsində SSRİ-nin tərkibində mövcud olan sərhədlərin, yəni Qarabağın Azərbaycanın bir hissəsi kimi avtomatik olaraq tanınmasına səbəb olacaq. Amma İrəvan bu cür bəyanatlarla vaxtı gecikdirməyə çalışsa belə, bu cür cəhdlər uğur qazanmayacaq.

Öz növbəsində Azərbaycanda İrəvanın kənardan təzyiq olmadan belə güzəştlərə gedəcəyi ilə bağlı heç bir illüziya yoxdur. Paşinyanın danışdığı saziş imzalanana qədər Bakı İrəvana həm siyasi, həm də hərbi təzyiq göstərəcək”.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə