Ekologiyanın və ətraf mühitin qorunmasına həssas yanaşılır - TƏHLİL

İnsan cəmiyyəti inkişaf etdikcə təbii sərvətlərin istismarı da, onların tullantıları da sözsüz ki, artır və buna görə də təbii ehtiyatlardan rasional istifadə, ələlxüsus da təbiətin, əltraf mühitin, ekologiyanın mühafizəsi ümumbəşəri məsələ hesab olunur. Hər zaman olduğu kimi, ekoloji tarazlığın qorunub saxlanması, torpağın, suyun, ələlxüsus da atmosfer havasının çirklənmədən mühafizə edilməsi öz aktuallığını qoruyub saxlayır. Ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji tarazlıqlar bağlı xoşagəlməz halların yaranmaması üçün insan cəmiyyəti bizi əhatə edən ətraf aləmi qorumalıdır, çünki ekoloji tarazlığın pozulması və ekoloji problemlər bütövlükdə dünya ictimaiyyətini narahat edəcək problemlərdir və diqqət mərkəzində olması da bu səbəbdən başadüşüləndir.

Dünyada insanları sayı artdıqca, müvafiq olaraq, istehsal və istehlak da genişlənməkdədir. Deməli, bərpası mümkün olmayan təbii ehtiyatların istifadəsi də artmaqdadır və bu da o deməkdir ki, hətta gələcəkdə onların tükənməsi də gözləniləndir. Bu səbəbdən də həmin ehtiyatlarla bağlı məsələlər insanları daim düşündürür və onların səmərəli istifadəsi öz aktuallığını qoruyur. Əgər təbii ehtiyatlardan gələcək nəsillərin də istifadə etməsini istəyiriksə, onlardan daha səmərəli istifadə edərək, tullantılara yol verməməliyik, hansıki bu tullantılar özü də ətraf mühitin çirklənməsi deməkdir. Onsuz da istehsalın artması ilə paralel şəkildə texnikanın inkişafı, texniki vasitələrin sayının artması da, onların atmosfer havasını çirkləndirəcək qazları havaya buraxması da qaçılmazdır və bunun minimuma endirilməsi günümüzün ən düşündürücü məsələsi sayılır. Təsadüfi deyil ki, ətraf mühitin, ekologiyanın mühafizəsi ilə bağlı ayrı-ayrı dövlətlərin öz strategiyaları olmasına baxmayaraq, bizi əhatə edən aləmi mühafizə etmək, qorumaq baxımından məqsəd, amal eynidir və qeyd olunan məsələlər dünya ictimaiyyəti üçün eyni dərəcədə maraqlı və eyni dərəcədə təsirlidir.

Bəşəriyyəti neft və neft məhsulları olmadan təsəvvür etmək mümkün deyil. Çünki insan cəmiyyəti artıq uzun müddətdir ki, neft məhsullarından davamlı və hətta fasiləsiz şəkildə istifadə edir. Neft məhsulları insanların gündəlik həyatlarının bir çox sahələrində istifadə edilməkdədir. Nəqliyyat vasitələrinin yanacağından tutmuş, məişətdə istifadə etməyimiz neft məhsullarına qədər hamısı tükənən ehtiyat olmaqla bərabər, onların tullantıları da var və bu tullantılar bizi əhatə edən aləmi çirkləndirməyə bilməz. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan neft hasil edən, ixrac edən ölkədir və neftin hasil olunması zamanı səmərəlilik mütləq şəkildə nəzərə alınmalıdır. Əks halda bu, tullantıların həcminin artmasına, ətraf aləmin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olar. Təbii ki, bütün bunlar ölkəmizdə nəzərə alınmaqdadır və elə Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi, qayəsi də məhz ekoloji tarazlığın pozulmasının qarşısının alınmasını təmin etməkdir. Əgər məqsədyönlü şəkildə ekoloji siyasət yürüdülməzsə, ətraf mühit elə insan cəmiyyətinin özü tərəfindən çirkləndirilər və təbiətin, fauna və floranın mühafizəsinin qarşısını almaq qətiyyən mümkün olmaz, hansıki bu, ekoloji tarazlığın pozulmasına gətirib çıxarar. Sözsüz ki, bu arzuolunmaz halların qarşısının alınması üçün yarana bilən ekoloji problemlər təhlil edilib, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilib, illər ərzində onların icrası istiqamətində tədbirlər də görülüb.

Azərbaycan öz müstəqilliyini ötən əsrin 90-cı illərində bərpa etdikdən sonra dövlətimizin qarşısında duran bir sıra mühüm vəzifələrdən biri də ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı idi. Çünki ölkəmiz öz müstəqilliyini yenidən bərpa etdiyi dövrə qədər, yəni Sovetlər İttifaqının mövcud olduğu 70 il ərzində Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsinin diqqət mərkəzində olmaması və hətta ciddi problemlərin də mövcud olması səbəbindən ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı ciddi işlər görülməsi mühüm vəzifələrdən sayılırdı. Enə buna görə də müstəqilliyini yenidən bərpa edən Azərbaycanda təbiətin, ekologiyanın, ətraf mühitin mühafizəsinə xüsusi diqqət ayrıldı. Həmin dövrlə qədər məhəl qoyulmayan ekologiya və ətraf mühitin mühafizəsi artıq prioritet olaraq qəbul olundu.

Müstəqilliyimizin yenidən bərpa edilməsindən, eləcə də Ümummilli Lider Heydər Əliyevin məhz xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ətraf mühitin, təbiətin, ekoloji vəziyyətin yaxşılaşdırılması, sağlamlaşdırılması istiqamətində əsaslı işlər, lazımi tədbirlər görülməyə başlanıldı. Ekoloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbiətin qorunması sahəsində ardıcıl işlərin aparılması prioritet məsələ oldu. Beləliklə də, paytaxt Bakının, eləcə də rayonların yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına ilk öncə başlanıldı. Məhz ekoloji siyasətə dair imzalanan “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında yeni dövr üçün ekoloji strategiya müəyyənləşdirildi. “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı”nın 1998-ci ildə qəbul edilməsi, ardınca da 1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Ekoloji təhlükəsizlik haqqında” qanunun təsdiqlənməsi, eləcə də 2000-ci ildə “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” daha iki qanunun qəbul olunması ilə ekologiyanın və ətraf mühitin mühafizəsi məsələsi qanuni şəkildə nəzarət altına alındı. Artıq 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması onu deməyə əsas verdi ki, ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir və diqqət mərkəzindədir.

Cənab İlham Əliyevin Azərbaycan Prezidenti olaraq ölkəyə rəhbərlik etdiyi son illər ərzində ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktların qəbul edilməsi, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki işlərin görülməsi onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə rəhbərimiz bütün sahələr kimi, ekologiya və ətraf mühitin mühafizəsinə də ciddi diqqət yetirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda bir çox tələblərlə yanaşı, meşələrin seyrəkləşməsinin, torpağın erroziyasının, meşə massivlərinin azalmasının qarşısının alınması barədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub ki, bu da həmin diqqətin bariz nümunəsi sayılır. Azərbaycan dövlətinin və dövlət başçımızın ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər önəm verdiyi 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bir daha öz təsdiqini tapdı və heç də təsadüfi deyil ki, həmin il Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması baxımından dönüş ili kimi tarixə düşdü. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə dövlətin ekoloji siyasətinin əsas istiqamətləri kimi götürülüb. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2016-2020-ci illər üçün Dövlət Proqram”ında ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə ilə bağlı prioritet istiqamətlər müəyyənləşdirilərək, həyata keçiriləcək vəzifələr öz əksini tapıb və bu vəzifələrin öhdəsindən layiqincə də gəlinib. Son illərdə minlərlə hektar sahədə meşəbərpa tədbirlərinin görülməsi, meşə əkini və səpininin aparılması, minlərlə ağac əkilməsi onu deməyə əsas verir ki, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində kifayət qədər işlər görülüb. Təsadüfi deyil ki, ölkədə milli parkların, dövlət təbiət qoruqlarının və dövlət təbiət yasaqlıqlarının sayı artmaqdadır, hansıki bu, məhz ətraf mühitin, təbiətin mühafizəsinə, ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına hesablanıb.

Heç şübhəsiz ki, ekolguyanın qorunması, ətraf mühitin mühafizəsi təkcə dövlətin, dövlət başçısının, dövlət orqanlarının yox, həmçinin cəmiyyətin də maraq dairəsində olmalıdır. Çünki təbiətin, ətraf mühitin qorunmamasının, onun çirklənməsinin nəticə etibarı ilə ekoloji problemlərə, ekoloji tarazlığın pozulmasına gətirib çıxara biləcəyini bütövlükdə insan cəmiyyəti bilməlidir və bilir. İnsan cəmiyyəti bilir ki, təbiətin mühafizə edilməməsi, çirkləndirilməsi bütövlükdə insan cəmiyyəti üçün təhlükəli vəziyyətin yaranması deməkdir. Onu da bilir ki, qlobal istiləşmədən tutmuş, təbiətdə su ehtiyatlarının tükənməsinə qədər bütün arzuolunmaz şərait məhz ekoloji tarazlıqla bağlıdır və bu baxımdan ətraf aləmin qorunmasının nə dərəcədə əhəmiyyətli olduğu da zərrə qədər şübhə doğurmur.

Sevindirici haldır ki, ümumilikdə cəmiyyətimiz sözügedən məsələyə çox ciddi yanaşır və təbiətin, ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə qətiyyən laqeyid deyil. Elə ekoaktivistlərin dinc aksiya keçirmələri də bu baxımdan təsadüfi sayılmır, ekologiyanın çirklənməsinə qarşı Azərbaycan cəmiyyətinin haqq səsinin ucaldılması kimi qiymətləndirilir. Sərvətlərimizi talan edən, yerini də viran qoyan ermənilərin filiz yataqlarımızda da analoji vəziyyətə səbəb olan əməllərinə qarşı cəmiyyətimizin çıxması, ətraf mühitin qorunmasının bizim üçün nə dərəcədə dəyərli olduğunu bir daha təsdiq edir. Təsdiq edir ki, cəmiyyətimiz məhz ermənilərin ərazilərimizi işğal altında saxladığı dövrdə bizə məxsus olan torpaqlarda ekoloji terror törətmələri, fauna və floraya ciddi şəkildə ziyan vurmaları, su hövzələrimizə, meşələrimizə, yaşıllıqlarımıza qənim kəsilmələri, sularımızı çirkləndirmələri, ağacları qırıb daşımaları, yaşıllıqları məhv etmələri, yandırmaları, ərazilərimizin həm bitgi örtüyünə, həm də heyvanat aləminə zərər yetirmələri, nəticədə də ekoloji tarazlığı pozmaları cəmiyyətimiz tərəfindən qəbuledilməz hesab olunur. Bu həm də onu təsdiq edir ki, Azərbaycan ekologiyanın, ətraf mühitin, təbiətin qorunduğu, mühafizə edildiyi bir ölkədir və ölkəmizdə ekoloji məsələlərə həssas yanaşılır.

Müəllif: İnam Hacıyev

6.3.17. “Ekologiya və ətraf mühitin mühafizəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə