İnformasiya və kommunikasiya texnologiyalarının inkişafı prioritetdir - TƏHLİL

İnformasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi artıq qlobal miqyasda genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edib. Təsadüfi deyil ki, informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl ölkələri, İKT-nın ən çox nüfuz etdiyi cəmiyyətlər də dünyanın ən öndə olan cəmiyyətləri sayılırlar. Ölkəmiz Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına, təsir dairəsinin genişləndirilməsinə xüsusi önəm verilməsi, eləcə də bütövlükdə cəmiyyətimizi əhatə etməsi bu rakursda heç də təsadüfi sayıla bilməz və məhz buna görə bizim cəmiyyətimiz də dünyanın ən öndə olan cəmiyyətləri sırasındadır.

Bütövlükdə dünyamızı artıq informasiya-kommunikasiya texnologiyaları sahəsində ən mühüm yenilik olan internet olmadan təsəvvür etmək mümkün deyil. İnternet artıq qlobal miqyasda istənilən cəmiyyətin, bütün insanların həyatının ayrılmaz hissəsinə çevrilib və bunu hər sahədə müşahidə etmək mümkündür. Azərbaycanda da internetdən artıq bütün sahələrdə istifadə olunur və bütövlükdə cəmiyyətimizi əhatə edib desək, yanılmarıq. Bu da təbii ki, dövlətimizin apardığı məqsədyönlü, uzaqgörən siyasət, qlobal çağırışlara cavab verilməsi, bütün istiqamətlərdə dinamik inkişafa rəvac verilməsi, şərait yaradılması sayəsində mümkün olub. Etiraf etmək lazımdır ki, müasir dünyada ölkələrin rəqabət aparmaq qabiliyyəti məhz həmin ölkələrin informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə dərəcəsindən bilavasitə asılıdır. Çünki informasiya və kommunikasiya texnologiyalarının istifadə dərəcəsi və səviyyəsi hər bir ölkənin demək olar ki, bütün sahələrinin, eləcə də dövlət idarəçiliyinin səviyyəsinin göstəricilərindəndir.

Xatırlatmaq yerinə düşərdi ki, hələ 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi "2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı", həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı", “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən bu sənədlər Azərbaycan dövlətinin informasiya-kommunikasiya texnologiyalarının inkişafına hər zaman diqqətlə yanaşdığını göstərir. Sözsüz ki, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, eyni ilə bütün dünyada olduğu kimi, ölkəmizdə də ənənəvi iqtisadi sahələrin inkişafında mühüm rol oynamaqdadır və ilk növbədə məhsuldarlığın artmasına, rəqiblər üzərində üstünlüyün əldə olunmasına, eləcə də tərəfdaşlarla münasibətlərin daha da möhkəmləndirilməsinə, cəmiyyətin rifahının belə yaxşılaşdırılmasına mühüm töhfə verdiyi də diqqətdən yayınan deyil, çünki göz önündədir. Son illərdə informasiya və kommunikasiya texnologiyaları sektorunun iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilməsi heç də təsadüfi deyil. Cənab Prezident İlham Əliyevin rəhbərliyi və müvafiq fərmanları ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Föndu və Yüksək Texnologiyalar Parkının yaradılması ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ informasiya və kommunikasiya texnologiyaları sənayesinin inkişaf etdirilməsi məqsədi daşıyıb. Görülən işlərin və aparılan islahatların nəticəsi isə göz önündədir və cəmiyyətimiz tərəfindən çox yüksək qiymətləndirilir.

Bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırmağa xidmət edən islahata imza atılması, daha dəqiq desək, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması bu istiqamətdə görülən işlərin daha çox nəzərə çarpanıdır. İndi cəmiyyətimiz məhz bu islahatlar sayəsində heç bir bürokratik əngəllə, yaxud korrupsiya halları ilə qarşılaşa bilməz və həqiqətən də vətəndaşlarımız üçün hər şey tamamilə asan olub. Cənab Prezident İlham Əliyevin 2009-cu ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib və bu da öz növbəsində, xarici dövlətlərin peyklərindən asılılığı aradan qaldırıb. Unutmaq lazım deyil ki, "Azerspace-1” ölkəmizin informasiya təhlükəsizliyinin vacib komponentinə çevrilib və İKT-nin inkişafının ön planda olduğu bir zamanda bunun nə dərəcədə əhəmiyyətli olduğu hər halda hər kəsə bəllidir.

Heç kim üçün sirr deyil ki, bir zamanlar silah gücünə həll edilən bəzi məsələlər artıq müasir dövrdə informasiyanın köməyi ilə yoluna qoyula bilinir. Hər cür informasiyanı əldə etmək, yaymaq üçün texnologiyanın son uğurlarından istifadə etmək mümkündür və internet həm də getdikcə savaş meydanı kimi tanınır. Azərbaycan haqqında, ölkəmizin tarixi, mədəniyyəti, siyasi sistemi barədə informasiyaları, eləcə də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdıracaq çoxlu sayda yaradılmış veb-saytlar, səhifələr, informasiya resursları hazırda önəmli rola malikdir. Çünki müharibə bitsə də, 30 illik işğala son qoysaq da, düşmən qarşımızda diz çöksə də, informasiya cəbhəsində müharibə bitməyib və informasiya cəbhsində davam edən savaşın nə qədər davam edəcəyi də bəlli deyil. Belə çıxır ki, günümüzün ən aktual məsələsi məhz informasiya müharibəsinə də hazırlıqlı olmağımızdır. Deməli, İKT-nin rolunun daha da artdığı göz önündədir. Xüsusən də belə bir şəraitdə Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesində ölkənin milli informasiya təhlükəsizliyi sisteminin yaradılması, informasiya fəzasının təhlükəsizliyinin və vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər qarşısında duran əsas vəzifə hesab olunur. Bütövlükdə Azərbaycan cəmiyyəti üçün informasiya texnologiyalarının nə dərəcədə vacib olduğu həm də ona görə təkzib edilə bilməz ki, xalqımıza məxsus olan maddi, mədəni, tarixi və başqa nə varsa hamısını mənimsəmək niyyətində olan düşmən məhz informasiya müharibəsini dayandırmaq niyyətində deyil. Azərbaycanın hər bir vətəndaşı tarixi həqiqətləri dərindən bilməli, milli dəyərlərinə sayib çıxmalıdır. Eyni zamanda xalqımıza məxsus həqiqətlərin dünyaya çatdırılması üçün göstərilən səylər də olduqca əhəmiyyətlidir. Bu baxımdan informasiya və kommunikasiyalarının yeri və rolu hal-hazırda hər zamankından daha üstündür və əvəzsizdir. Deməli, informasiya və kommunikasiya texnologiyalarının inkişafı hər zaman olduğu kimi yenə də prioritetdir.

Müəllif: İnam Hacıyev

6.3.13. "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə