Ekoloji böhran yanlış iqtisadi siyasətin nəticəsi kimi - TƏHLİL

Bu gün bütün dünya üçün ən vacib, ən prioritet məsələlərdən biri, hətta birincisi ekogiyanın və ətraf mühitin qorunması hesab olunur. Ona görə ki, ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi bütövlükdə insan cəmiyyəti üçün gərəklidir. Yer üzünün bütün insanlarına birinci növbədə təsir edən məhz ekoloi problemlərdir və bu problemlər artdıqca nəticə etibarı ilə ekoloi böhrana səbəb ola bilər.

Ekoloji böhranın bilavasitə səbəbi dar düşüncə ilə qazanc dalınca qaçmaqdır. Bu, o deməkdir ki, qazanc naminə təkcə fəhlə qüvvəsi deyil, təbii ehtiyatlar da istismar edilir, məhsulun maya dəyəri mühitin çirklənməsi hesabına aşağı salınır. Ən doğru yol ondan ibarətdir ki, iqtisadiyyatda istehsalın məqsədi ekologiyanın prinsipləri və insanların sağlamlığı üçün təhlükəsiz olan əmək şəraiti ilə müəyyən olunmalıdır, qazanc qanunları ilə yox. Yəni, iqtisadiyyat təkcə gəlir üçün deyil, ümumi fayda üzərində qurulmalıdır.

Müxtəlif təbii ehtiyatlardan istifadə zamanı onların tükəndiyini də bilirik. Eyni zamanda, mühitin müəyyən dərəcədə çirklənməsi istənilən iqtisadi fəaliyyət zamanı gözləniləndir. Çirklənmə təkcə istehsal prosesləri ilə deyil, istehlak ilə də bağlıdır. Məsələn, atmosferə düşmüş dəm qazının miqdarı müxtəlif tip avtomobil mühərrikləriklərində yandırılan yanacağın kəmiyyət və keyfiyyətindən asılıdır. Həmçinin çirklənmiş suyun bizim göl və çaylarımıza axıdılması özü də bilavasitə istehlakla əlaqədardır. Amma bəllidir ki, ekologiyanın, ətraf mühitin çirklənməsinə, nəticədə də ekoloji böhranın yaranmasına səbəb olacaq birinci amil məhz düzgün qurulmayan, zərərverici təsirə malik istehsal, daha dəqiq desək, yanlış iqtisadi siyasət hesab olunur.

Əlbəttə ki, iqtisadiyyatçı yeni texnologiya kəşf edə bilməz. Lakin o texnologiyanın dəyişməsini, istehsalın ekoloji nəticələrini, məsələn, mühitin çirklənməsinin azalma, və ya çoxalmasını, təbii ehtiyatların istifadəsini izah edə, yaxud bunlar barədə xəbərdarlıq edə bilər. İstehsalın müxtəlif sahələrinin rəhbərləri təkcə təbii sərvətlərdən istifadəyə görə deyil, eyni zamanda onların törətdiyi çirklənmənin aradan götürülməsinə görə də məsuliyyət daşımalıdırlar. İqtisadiyyatın ekologiyalaşdırılması həm ictimai istehalın əsas istiqamətlərində, həm də əhali tərəfindən istehlakın xarakter və mədəni səviyyəsində dəyişikliklərin edilməsini tələb edir. İqtisadiyyatın ekologiyalaşdırılmasının bu gün üçün ən vacib zəmini təbiətdən səmərəli istifadənin hüquqi və təşkili şəraitinin formalaşması hesab olunur. İqtisadiyyatı təbiətqoruyucu əsasa keçirməkdən ötrü elmi-texniki potensialın yaradılması, ictimai istehsalın dəyişdirilməsi və onun son istehlak məhsulunun artırılmasına doğru istiqamətləndirilməsi, “istehsal xatirinə istehsal” prosesinin minimuma endirilməsi, eyni zamanda istehsal tullantılarının minimuma endirilməsi vacib şərtlər sayılır.

Təbii mühitin vəziyyətini adi istehlakçılar, iş adamları, fermerlər müəyyən edirlər. Ona görə də cəmiyyət tərəfindən yeni istehsalın yaradılması, alternativ ehtiyatlardan istifadə edilməsi haqqında qərarların qəbulunda cəmiyyətin bütün təbəqələrinin əməkdaşlığına arxalanan yeni iqtisadi siyasətin qəbul edilməsi gərəkir. Davamlı inkişafın əsasını açıq rəqabətli bazar təşkil edir ki, burada qiymətlər sərvətlərin dəyərini əks etdirir. Davamlı inkişaf sürətlə artan əhalinin tələblərini ödəmək üçün əmtəə istehsalının və xidmətlərin genişləndirilməsini tələb edir. Bu zaman təbii ehtiyatlardan istifadə səmərəli, istehsal prosesləri və istehlak ekoloji baxımdan təmiz olmalıdır. Təbii ki, yalnız hökumət qərarları ilə davamlı inkişaf konsepsiyasını tənzimləmək mümkün deyil. Ona görə ki, istehal və istehlakda milyardlarla insan iştirak edir və deməli, ekologiyanın qorunmasına onların hər birinin individual yanaşması da ətraf mühitin qorunması üçün vacib şərtdir.

Bu gün dünya iqtisadiyyatı qarşısında duran ən vacib məsələ məhz ekoloji xərclərin istehsal məhsullarının maya dəyərinə daxil edilmək yollarını müəyyən etməkdir. Əgər xammalın və hazır məhsulun üzərinə sosial xərclər əlavə edilməsə və əgər istifadə edilən, həmçinin hazırda pulsuz olan hava, su və torpaq sərvətlərinin dəyəri müəyyən edilməsə, bu ehtiyatlar bundan sonra da səmərəsiz istifadə ediləcək, nəticədə çirklənmə dərəcəsi artmaqda davam edəcəkdir. Üstəlik, təbii sərvətlərin, təbii ehtiyatların əldə edilməsi zamanı mütləq şəkildə bunun ekosistemə zərər vurub-vurmadığı araşdırılmalı, nəticələrə uyğun olaraq istifadə qaydaları müəyyən edilməlidir.

Artıq bir neçə aydır ki, ekoaktivistlərin Laçın yolunda dinc aksiya keçirdiyini bütün dünya ictimaiyyəti yaxşı bilir. Doğrudur, ermənilər buna hansısa siyasi don geyindirməyə, Azərbaycan tərəfinin Qarabağ ərazisində məskunlaşan ermənilərə qarşı təzyiqi, blokadası kimi təqdim etməyə çalışır, amma görünən reallıq odur ki, ekoaktivistlər məhz ölkəmizə, xalqımıza məxsus olan təbii sərvətlərin necə istifadə olunduğunun monitorinqini aparmaq üçün həmin aksiyanı keçirirlər. Ermənistan tərəfinin isə aylarla bu monitorinqə mane olması onu göstərir ki, təbii sərvətlərimiz həm qeyri-qanuni şəkildə əldə edilir, həm də bu zaman ekoloji məsələlərə, təbiətin, ətraf mühitin mühafizəsinə məhəl qoyulmur. Əks halda monitorinqin keçirilməsinə tərəfdar olmalı idilər. Əslində, ermənilər özləri də etiraf edirlər ki, həmin ərazilərdə monitorinq, yoxlama keçirilsə, yüzlərlə qanunsuzluq halları aşkarlanacaq və ermənilər tərəfindən ətraf mühitin çirkləndirilməsi faktı ortaya çıxacaq. Deməli, ətraf mühitin mühafizəsi işğalçı ölkəni heç maraqlandırmır və məqsəd yalnız iqtisadi gəlir əldə etməkdir, hansı ki, bu zaman təbiətə dəyən ziyan, ətraf mühitin çirklənməsi maraq dairəsində görünmür. Bu hal isə məhz haqqında bəhs olunan ekoloi böhranın yaranmasına gətirib çıxarır. Bir sözlə, yanlış iqtisadi siyasət ekoloji böhranın yaranması deməkdir. Elə buna görə də ekoloji fəallarımız məhz Laçın yolunda monitorinq aparılması tələbi ilə dinc aksiya keçirməklə, qanunsuzluğun, ətraf mühitin çirkləndirilməsinin qarşısını almağa çalışırlar və bu çox böyük, təqdirəlayiq iş hesab olunur. Bilirik ki, Ermənistan Sevan gölü adlandırdıqları Göyçə gölünün sürətlə çirkləndirilməsi faktını açıq-aşkar etiraf ediblər, hətta bu barədə həmin ölkənin mətbuat səhifələrində də dəfələrlə informasiyalar yayımlanıb. Bəllidir ki, turizm sahəsində qazanc əldə etmək naminə həmin göldən istifadə olunduğu zaman o mühafizə edilməyib, təmizliyi qorunmayıb, yalnız mənfəət haqqında düşünülüb. Deməli, yenə də yanlış iqtisadi fəaliyyət ekoloi böhranın səbəbi olaraq diqqəti cəlb edir. Bu isə o deməkdir ki, məhz ekoloji böhranın olmaması üçün ilk növbədə təbiətə, ekologiyaya ziyan vuran yanlış iqtisadi fəaliyyətdən imtina edilməlidir və təbiətin qorunması ilə iqtisadi fəaliyyətin davam etdirilməsi ən doğru yanaşmadır. Belə bir yanaşmanı bütün dünya qəbul etməlidir, çünki bu dünya bütün insanların məskunlaşdığı müstəvi, yaşadığı yerdir və onun mühafizəsi, ekoloji böhrandan qorunması, ələlxüsus təbiətin mühafizəsi həm hər bir ölkənin, həm də hər bir insanın ən ümdə vəzifəsi, borcudur. Bax elə buna görə də dövlətimiz ekologiyanın qorunmasına xüsusi həssaslıqla yanaşır. Yaşıllıqların salınmasına, fauna və floranın mühafizə edilməsinə, ümumiyyətlə, təbiətin mühafizəsinə böyük yer verilir. Hər il ağac əkmə kompaniyasının keçirilməsi, bununla da yaşıllıqların sahəsinin genişləndirilməsi, eyni zamanda təbiət qoruqlarının yaradılması deyilənləri təsdiq edir. Eləcə də ölkə vətəndaşlarımızın Laçın yolunda ermənilərin ekoloji böhrana səbəb olan hərəkətlərinin qarşısının alınması məqsədi ilə keçirdiyi dinc aksiya da vətəndaşlarımızın məhz ekologiyanın, ətraf mühitin qorunmasına böyük önəm verdiyini isbatlayır.

Müəllif: İnam Hacıyev

6.3.17. “Ekologiya və ətraf mühitin mühafizəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə