(Əvvəli bu linkdə: https://sia.az/az/news/literature/820299.html)

Mürsəl isə Oruca öz etirazını bildirdi:

- Niyə imkan vermirsən bu tulanı o dünyalıq edim?

Oruc:

- O bizə lazımdır.

Talıb da bir şey başa düşmədiyindən təəccüblə Orucun gözlərinə baxdı.

Oruc Muradov qərarına aydınlıq gətirmək üçün dedi:

- O bizim planlarımızın bir hissəsi ola bilər.

Mürsəlin acıqlı səsi eşidildi:

- Yəni erməni bizə kömək edə bilər?

Oruc Muradov:

- Hə edər. Ən azı bu ərazinin durumu, gedəcəyimiz yerin təhlükəli və təhlükəsiz olması, oradakı şəraitlə bağlı müəyyən məlumatlar verə bilər.

Alı Məmmədov da əsgər yoldaşına dəstək oldu:

- Hə, Oruc düz deyir. Biz onu danışdırmalı, dilini açmalıyıq.

Talıb da deyəsən, Orucu başa düşdü. Ona görə də İlkinə üzünü tutub, dedi:

- Əmioğlu, onun qollarını bağla, divara söykə.

İlkin dərhal uzanılı vəziyyətdə dinməz, söyləməz qorxaq baxışlarla onları süzən erməniyə yaxınlaşıb, cibindən çıxartdığı iplə arxadan onun qollarını bağladı. Sonrada it leşi kimi sürüyüb, divarın küncündə oturtdu.

Alı Məmmədov Rusiyada hərbi xidmətdə olduğu zaman öyrəndiyi rus dilindən, bir-iki kəlmə ilə ermənini sual-cavab etmək üçün ona yaxınlaşdı. Dizləri üstə çöməlib, onun codlaşmış qara simasına, burnundan süzülən qan ləkəsinə və üzgün görünən gözlərinə diqqətlə baxıb, sual etdi:

- Haradan gəlirsən? Kimsən? Bizi izləyirdin?

Erməninin dillənmədiyini görən, Alı Məmmədov onun sağ çiyninə bir yumruq vurub dedi:

-Səninləyəm, eşitmirsən nə deyirəm? Hardan gəlirsən? Bizi izləyirdin? Ətrafda səndən başqa kimsə varmı?

Erməni başını sağa-sola yelləyib, Azərbaycan dilində dedi:

- Mən rus dilində bilmirəm, amma Azərbaycan dilini bilirəm.

Otaqdakılar təəccüblə bir-birilərinə baxdılar. Talıb aşağı əyildi, onunla göz-gözə dayanıb, dedi:

- Səndən başqa çöldə kimsə var?

Erməni:

- Xeyr.

Mürsəlin acıqlı səsi eşidildi:

- Buralarda nə qələt edirsən, nə axtarırsan?

Erməni ağır-ağır nəfəs alıb, pıçıltılı səslə dedi:

- Mən çox vaxt gecələr gəlib burada qalıram.

Talıb hirslə onun üstünə qışqırdı:

- Xarabanız yoxdur? Bizim kimi eviniz-eşiyini talanıb, qarət olunmayıb ki. Niyə xarabanda qalmırsan?

Erməni ona ünvanlanan suallara cavab verməyə tələsmədi. Sanki artıq onu öldürmək fikrindən daşındıqlarını başa düşmüşdü. Ona görə də, rahatlanmağa, çalışdı. Burnundan axan qanı, nəfəsini içinə çəkməklə, azaltmağa cəhd etdi. Amma buna nail ola bilmədiyindən, burnunu sol çiyninə söykəyib, qanını paltosuna silməyə çalışdı. İstəyinə qismən nail olduqdan sonra suala cavab vermək üçün üzünü gözlərini ona dikənlərə tutub, dedi:

- Evim də, ailəmdə var...

Erməni sözünü tamamlaya bilmədi, öskürək onu tutdu. Bir xeyli öskürdü. Qamətini düzəltməyə, bir qədər rahatlanmağa çalışdı. Ancaq arxadan qollarının bağlı olması, ona dikəlməyə və kürəyini divara tam söykəməyə imkan vermədi.

Alı Məmmədov ağzını Oruc Muradovun qulağına söykəyib, pıçıltılı səslə - yaxşı olardı ki, əlini açaq. Bununla biz onunla daha rahat danışa bilərik, - deyə təklif etdi.

Oruc Talıba baxdı. Sanki - sən nə deyirsən, - deyə fikrini öyrənmək istədi. Talıb məsələ ilə bağlı müzakirə aparmağa ehtiyac duymadı. Üzünü İlkinə tutub, dedi:

- Alı düz deyir, onun qollarını açaq.

Mürsəl etiraz etdi:

- Bu şərəfsizin qolunu açmaq deyil, cəhənnəmə vasil etmək lazımdır. Heç olmasa bir ermənidən qisasımız almış olarıq.

Talıb incik baxışlarla Mürsəli süzüb, dedi:

- Tələsmə, əgər bizimlə əməkdaşlıq etməsə o zaman istədiyini həyata keçirərsən. İndi isə bizim onun dilini açmağımıza heç olmasa mane olma.

Narazı şəkildə deyilən bu sözlər Mürsəli tutdu. Dostlarından aralanıb, ehtiyatla dar pəncərədən gözlərini dağlara dikdi. Bu məqamda İlkin erməninin əllərini açmışdı. Hətta ona burnunu silmək üçün kağız parçası da vermişdi. Erməni bir qədər özünə gəldikdən sonra dedi:

- Siz azərbaycanlısınız, eləmi?

Talıb, kinayəli nəzərlərlə onu süzüb, dedi:

- Nə demək istəyirsən?

Erməni, başını aşağı əyib, susdu.

Talıb, onu dümsükləyincə, ağlamağa başladı. Gözlərindən süzülən göz yaşlarını ovcunun içi ilə silib, dodaqlarını büzdü. Sonrada göz qapaqlarını qaldırdı, titrək səslə dedi:

- Hər kəsin pisdən, yaxşıdan qalmağa, üz tutmağa yeri, yurdu var. Mənim isə, yoxdur. Zorla evimdən-eşiyimdən, isti yuvamdan qaçaq düşmüşəm.

Talıb yumruğu ilə onun dizini döyəcləyib, acıqlı səslə dedi:

- Ə nə sayıqlayırsan, sizin ki, ev-eşiyiniz işğal olunmayıb, sizing ki, əzizləriniz öldürülməyib.

Erməni dərin fikrə daldı. Gözlərindən yaş axdı.

Bu İlkinin acığına gəldi. Onun qıçına bir təpik vurdu:

- Ə, nə tülkülük edirsən. Elə bilirsən biz sənə rəhm edəcəyik. Suala cavab ver, burada nə gəzirsən? Nə axtarırsan?

Erməni sol əli ilə göz yaşlarını silib, dedi:

- Mən Erkiş kəndindənəm. Zorla evimdən-eşiyimdən qaçaq düşmüşəm.

Talıb qeyri-ixtiyarı sual verdi:

- Niyə?

- Çünki bir qəddar iblisin zorakılığına tuş gəlməmək üçün ailəmi, uşağımı qoyub, qaçmışam.

Oruc Muradov:

-Kimdən və niyə?

- Samveldən.

Talıb sual vermək istəyərkən, Oruc Muradov ona imkan verməyib dedi:

- Samvel kimdir? Ondan niyə qaçırsan ki?

Erməni gözlərini bir nöqtəyə dikib, ağlar səslə dilləndi:

- Samvel bu yerlərin banda başçısıdır. Silahlı dəstənin rəhbəridir. Azərbaycan kəndlərinə hücum çəkir, oraları qarət və talan edir, dinc insanları qırmaqla kifayətlənməyib biz ermənilərə də dinclik vermir.

Alı Məmmədov sual etdi:

- Səninlə nə problemi var ki?

Erməni:

-Mənim qardaşım Dağlıq Qarabağda yaranan azərbaycanlı- erməni konfliktində ortaq mövqe tutan, mübahisənin böyüməsinin qarşısını almağa çalışan şəxs idi.

Talıb sual etdi:

- Nə idi ki, qardaşının adı?

- Setraq.

Talıb:

- Nə?

- Setraq Akopyan.

Talıb yenidən sual etdi:

- O Xankəndi şəhər sovetində işləyən Setraq?

Erməni başı ilə - hə - işarəsi verib, sonra da əlavə etdi:

- 1989-cu ildə Xankəndində mitinqlərdə Setraq azərbaycanlı-erməni qarşıdurmasının müharibə vəziyyətinə çevrilməməsi üçün çıxış etdi. Azərbaycanlılara haqq qazandırdı, azərbaycanlılarla dost-qardaş olmağın vacibliyini bildirdi. Xankəndinə gələn xaricdəki erməniləri qınadı. Onların bu ərazilərdən getməsinin vacibliyini bildirdi.

- Sonra da onu öldürdülər, hə?

Bunu deyən Talıb idi.

Erməni:

- Hə. Samvel Xaçaturyan mitinqdəki çıxışından sonra Setraqı ağaclıqların arasına aparıb, bıçaqla öldürdü. Bu azmış kimi onun evinə basqın təşkil edib, arvadını, qızını zorlatdı. Oğlunu küçənin ortasında güllələtdi. Mənim böyük qardaşım Sarkisi də Samvel müharibəyə apartdırdı və az sonra onu arxadan güllə ilə vurub, öldürtdürdü. Beş-altı ay öncə 10-cu sinifdə oxuyan qızım məktəbdən çıxıb, evə gələndə maşına basıb aparıb, hərbi hissədə zorlatmışdı.

Mürsəl zorlatmış sözünü eşidəndə pəncərədən uzaqlara dikilən gözlərini çəkib, erməniyə yaxınlaşdı. Nifrət dolu baxışlarla onu süzüb, acıqlı səslə dedi:

- Bütün bunlar sənin uydurmandır. Qorxudan yazıq görkəm almısan. Ermənilərin xisləti belədir.

Talıb Mürsəlin gözlənilmədən onu güllələyə biləcəyindən narahat olduğundan ayağa durdu. Onun qoluna girib söhbət etmək üçün pəncərənin yanına apardı.

Oruc Muradov isə peşəkar kəşfiyyatçı kimi erməni ilə söhbətini davam etdirdi:

- Sənin adın nədir?

- Karen. Karen Akopyan.

Oruc Muradov yenidən sual verdi:

- Yaxşı, dediyin o Samvel ailənə və yaxınlarına ziyan vurub, öldürüb, zorlayıb. Bəs siz qarşılığında nə isə etməmisiniz?

Karen bu dəfə udqunub, əllərini döşəməyə söykəyib, bir qədər geriyə çəkildi, rahatlandıqdan sonra dedi:

- Niyə ki, 7-8 ay öncə mən onun ortancıl qardaşını, oğlu ilə bir yerdə güllələdim. Bir ay öncə kəndə gələndə klubun yanında ona atəş açdım. Yaralanmaqla canını qurtara bildi. Söz vermişəm onun ailəsini məhv edəcəyəm.

- Onun ailəsi var? - deyə Talıb sual verdi.

- Hə Daşnakstyun partiyasının Dağlıq Qarabağ üzrə rəhbəri Mişkinin qızını alıb, artıq bir yaşında qızı da var.

- Ev-eşiyi haradadır?

- Kəndin ucqarında, özünə böyük ev tikdirib. Azərbaycan kəndlərini qarət və talan edib, insanları öldürdükdən sonra gəlib evində məclis qurur. Bir həftə əvvəl də deyəsən, Sırxavənd kəndini aldığından, gəlib evində məclis təşkil etmişdi.

Oruc ilə Alı bir-birinə baxdılar. Sanki demək istəyirdilər ki, bu erməni bizə kömək edə bilərmi?

Əsgərlər beyinlərində yaranan müəmmalı suala axtarış apardıqları bir məqamda Talıb onlara yaxınlaşdı və Oruc Muradova - bu erməni ilə münasibətləri dayandırmaq və öldürməkdən başqa çarəmiz yoxdur, - deyə təklif etdi.

Erməni narahat oldu. Yalvarış dolu nəzərlərlə Oruc Muradova baxıb, sanki ondan imdad dilədi. Bununla kifayətlənməyib əlini Talıba uzadıb dedi:

- Mənim heç zaman azərbaycanlılarla problemim olmayıb. Şelli kəndindən Mübariz və Fərəc kişi mənim dostlarım olub. Kərkicahandakı kənd sovetinin sədri Baba müəllim mənim ailəvi dostum idi. Kiçik qardaşım azərbaycanlılarla döyüşdən imtina etdiyinə görə Samvel Xaçaturyanın tapşırığı ilə Xankəndinə aparılıb, türməyə salıblar. Arvadınıda döyə-döyə özləri ilə cəbhəyə apardılar. İndi də ondan səs-soraq yoxdur.

Gözlənilmədən Alı Məmmədov erməniyə sual etdi:

- Niyə kənd camaatı Samveldən canlarını qurtarmağa cəhd etmir?

Karen başını aşağı saldı. İki-üç dəfə öskürdükdən sonra, sağ əlini ağzına tutub, yanıqlı - yanıqlı dedi:

- Onun silahlı dəstəsi var. Digər tərəfdən, kəndin rəhbər heyəti onun yaxın-qohum əqrəbasıdır. Heç kəs cürət edib, nəinki onun özünə heç yaxınlarına, vəzifədə olan şəxslərinə belə söz deyə bilməz. Ona görə də hər kəs susur. İçlərində ona nifrət edən, ondan qisas almaq istəyənlər var. Çünki Erkiş kəndində çox ailələr var ki, Samvel tərəfindən döyülüb, təhqir edilib, işgəncəyə məruz qalıb. Amma dediyim kimi, yenə də qorxularından susurlar.

Oruc Muradov söyləndi:

- Biz sənə kömək etsək, qarşılığında nə verərsən?

- Nə istəsəniz.

Bundan sonra danışmadılar. İki-üç dəqiqə otaqda sakitlik yarandı. Dəstə üzvləri bir-birinə baxıb, Karen Akopyana inansınlar və ya inanmasınlar sualı ətrafında beyinlərində, düşüncələrində var-gəl etdilər. Risk etmək olmazdı. Çünki əməliyyat tam məxfi saxlanılsada, yol verilən hansısa ehtiyatsızlıq səbəbindən ermənilərə məlumat sızdırıla bilərdi. Kim bilir, bəlkə də, bu erməni Ermənistan kəşfiyyatının əməkdaşıdır.

Otaqdakı sakitliyi Oruc Muradovun səsi pozdu.

- Dedin ailən var, hə?

Karen Akopyan:

- Bəli. Zorlanmış bir qızım, iki də ondan kiçik oğlum var. Yoldaşım da yaşayır. Əgər ona yaşamaq demək olarsa.

- Biz dediklərinə inanırıq və sənə qisas almaq üçün kömək edəcəyik.

Mürsəl yenə də acıqla dilləndi:

- Oruc tələsmə. Bu küçüyə çox tez inandınız, hətta etibar da edirsiniz.

Alı Məmmədov divara söykədiyi avtomatını çiyninə keçirib, dedi:

- Karenlə, Erkişə gedəcəyik.

Mürsəl yenə dilini dinc qoymadı:

- Bəlkə, ona silahda verəsiniz.

Oruc Muradov:

- Hə, silahda verəcəyk, necə ki?

Mürsəl bu sözlərdən, alovlandı, səsinin tonunu bir qədər qaldırıb, əsəbi formada dedi:

- Məsəl var, deyərlər ermənin pisi pisdir, yaxşısına da Allah lənət eləsin. Silahınızı tez aşağı saldınız.

Talıb bu dəfə Mürsələ acıqlandı:

-Bu erməniyə mən inanıram və onunla gedib, Samvel Xaçaturyanı və onun ailəsini məhv edəcəyik.

Oruc Muradov da Talıbın söylədiklərini təkrarladı:

- Mürsəl, biz Karenlə birlikdə Samvelin evinə daxil olub, onun ailəsini sıradan çıxaracayıq bunu bil. İstəsən, sən geri qayıda bilərsən.

Alı Məmmədov da, sərt danışdı:

- Başa düşdün? Bir daha Karenə acıqlanma.

Mürsəl Talıbın və Orucun qəti sözündən sonra geri çəkilib, pəncərənin sağ tərəfindəki küncdə oturdu. Tapançasını belindən çıxarıb, güllələrini saymağa başladı.

Erməni də gözaltı Mürsələ baxıb, ani fikrə getdi. Daha sonra, oturduğu narahat döşəmənin üstündə, bir qədər rahatlanıb, xəz paltosunun düymələrini açdı, belinə qurşanmış tapançasını qaburadan çıxartdı və Oruca uzadıb dedi:

- Al, bu də mənim silahımdır.

Onun bu hərəkəti heç kimin gözündən yayınmadı. Hətta bir qədər də təəccübləndirdi.

- Deməli, bunun üzərində silah var imiş - Alı Məmmədov pıçıltı ilə söyləndi. Bundan sonra otaqda sakitlik yarandı…

(Ardı var)

İlham Əliyev,

Yazıçı-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...