(Əvvəli bu linkdə: https://sia.az/az/news/literature/820131.html)

Təpənin ətəyi ilə çətinliklə də olsa addımlayan Oruc Muradov əsgər dostunun qolundan tutub, dedi:

- Bu planı həyata keçirsək, demək olar ki, ermənilərə göz dağı çəkmiş olacağıq. Amma bacaracağıqmı?

İlkinin səsi eşidildi:

- Bacaracağıq qardaş, niyə də ki, bacarmayaq. Ancaq tam qisasımız torpaqlarımızın azad edilməsindən sonra olacaq.

Talıb söhbətə qoşuldu:

- İlkin, torpaq bütövlüyünün təminatı ordunun işidir. Bizim isə işimiz öz ailəmizin qisasını almaqdır.

Alı Məmmədov bir anlıq ayaq saxlayıb, Talıba narazılığını bildirdi:

-Bizim mübarizəmiz, davamız fərdlərin, ailələrin davası olmamalıdır, qardaşım. Ümumi maraqlarımızın təminatı naminə birgə çalışmalıyıq.

Talıb yola çıxmazdan öncə, Oruc və Alı ilə söhbətlər, müzakirələr aparmış, bir-biri ilə yaxından tanış olmuşdular. O qədər şirin, mehriban məsləhətləşmə aparmışdırlar ki, sanki, bir-birini uzun illərdi ki, tanıyırlarmış. Talıb ürəyində dönə - dönə Asif Bəşirova Oruc və Alı kimi mehriban əsgərləri ona yol yoldaşı olmağı məsləhət bildiyi üçün minnətdarlığını bildir-mişdi. İndi sözlərindən əskərlərin narazı qaldığını başa düşdüyündən səhvini düzəlmək üçün dedi:

- Qardaşım, fikrimi düz başa düşmədiniz. Demək istəyirəm ki, böyük işlərə, hədəflərə yalnız böyük ideyaları reallaşdırmaqla mümkündür. O ideyaları da vahid komandanlıq altında olan güclü, qüdrətli, ordu həyata keçirə bilər. Hələlik isə belə bir ordu yoxdur.

Mürsəl də, Talıba qahmar çıxmaq üçün söyləndi:

- Hə, biz yalnız ailəmizin qisasını almaq üçün bu yola çıxmışıq.

Alı Məmmədov onları fikirlərindən daşındarmağın çətin olacağını anladığından, bir söz demədi, susmalı oldu. Oruc Muradov Alı Məmmədovun incik qalmaması üçün onun qolundan çəkib, sakit formada dedi:

- Gəlin bu söhbətləri yığışdıraq. Çalışağın ki, gücümüzü əməliyyatımızın uğula başa çatdırılmasına səfərbər edək.

Mürsəl əsgərlərin pıçıltı ilə nəsə danışdıqlarını gördüyündən, təpənin qurtaracağında ani ayaq saxlayıb, üzünü Oruca tutdu:

- Qardaş, nəsə dedin? Bir ucadan de, biz də, başa düşək də.

Alı Məmmədov zarafatından qalmadı:

- Elə sən başa düşməsən yaxşıdır.

İlkin də söz atdı:

- Eşitmiş olsaydın cığallıq edərdin, bir qulp qoyardın.

Mürsəl dostlarının onu lağa qoyduqlarını hiss etsədə incimədi, əksinə, araya bir az xoş ovqat qatmaq üçün dedi:

- Nə edim ki, sənətim aktyorluqdur. İstəyirəm komik artist olub, insanlara xoş gülüş bəxş edim.

Oruc Muradov təəccüblə söyləndi:

- Mürsəl, haranı qurtarmısan ki?

- Aktyorluğu bitirmişəm.

İlkin:

- Bu adam elə balacalıqdan çöpə gülən və güldürən idi. Elə dədəsi Manaf dayıda onun aktyor olacağını deyirdi. Yaxşı deyiblər, niyyətin hara, mənzilin də ora.

Talıb seyrək saqqalını bağlayan qarı əli ilə təmizləyib dedi:

- Axırda gəldi aktyor oldu, hə?

Mürsəl dilini dinc qoymayıb, dilləndi:

- Olub yox, olacaq. Mən Azərbaycanın ən tanınmış aktyorlarından biri olacağam.

İlkin yenə söz atdı:

- Komik aktyorlarından?

Mürsəl iddialı şəkildə dilləndi:

- Bəli, lap elə Çarlı Çaplin kimi, Hacıbaba Bağırov kimi, Siyavuş Aslan kimi.

Oruc Muradov nəfəsini ciyərlərinə alıb, tövşüyə-tövşüyə dilləndi:

- Rasim Balayev, Həsən Məmmədov olsan daha yaxşı olar.

Talıb Mürsəli cırnatmaq üçün dedi:

- Ay Oruc, daha zilə çıxmayın o qədər də yox da.

Mürsəl bu qaçdıtutdu oyunundan bir şey başa düşmədiyindən təəccüblə Talıba söyləndi:

- Niyə şübhən var? Mən böyük aktyor ola bilmərəm?

- Niyə ki, inşallah olarsan.

- Şübhə edirsiniz, amma görərsiniz mən böyük teatr salonlarında çıxış edəcəyəm.

Mürsəl sözlərini az qala qışqıra-qışqıra dediyindən, dəstə təəccüblə çevrilib ona baxdı. Alı Məmmədov səsini qaldırdı:

- A kişi, niyə qışqırırsan, yavaş ol da. Səsimizi, sözümüzü eşidən olar.

Mürsəl özünü o yerə qoymadı:

- Bu çovğunda, boranda donuzu çölə çıxartsan, qaçıb damına girər. Erməni donuzdan da betərdi. O indi çöldə, bayırda olar?

İlkin dilini dinc qoymadı:

- İndi yəni deyirsən, biz heyvandan daha dözümlüyük?

Mürsəl İlkinə acıqlandı:

- Sözümü yamanlığa niyə yozursan? Türkün məsəli belədir də.

İlkin ağzını açıb bir söz demək istəyərkən, öndə olan Talıb geri çevrilib, dostlarına aşağı əyilmək tapşırığı verdi. Göstərişə əməl edən dostlar qarın üstünə uzandılar.

- Nə olub, kimsə var ? - arxadan Oruc Muradovun səsi eşidildi.

- Bizdən 100-150 metr aralıda səs eşidilir.

Oruc Muradov tez sürünə-sürünə təpənin yuxarısındakı kolun arxasında gizlənib, snayperini Talıbın, nişan verdiyi istiqamətə tuşladı. Snayperin durbini ilə ətrafa nəzər saldı. Bir anlıq diqqətlə qabağı izlədikdən sonra ayağa qalxdı. Snayperin qorucusunu bağlayıb, süngünü geri çəkdi. - ins-cins gözə, dəymir, - deyə bildirdi.

Talıb təəccüblə - deyəsən, ətrafda heç nə yoxdur? - deyə söyləyincə Oruc Muradov onu arxayın salmağa çalışdı:

- Mən heç nə görmürəm. Sadəcə kəndin yaxınlığında qoyun-quzunu saxlayan çobanların səsidir. Külək də o səsi buralara gətirir.

Talıb yenə də heç nə başa düşmədiyindən bu dəfə özü snayperin durbinini qabağa tərəf yönəldib, diqqətlə ətrafa nəzər saldı. Tez də qarın üstünə uzandı və dostlarına da yerə əyilmək göstərişini verdi. Dərhal yana çevrilib, Orucu əlinin işarəsi ilə yanına çağırdı.

Oruc Muradov kolun dibindən çıxıb, Talıbın dayandığı, daşın dibinə tərəf süründü.

Talıb ona qarşı tərəfin sol hissəsinə diqqətlə baxmağı tövsiyə etdi.

Oruc Muradov onun dediyi kimi də etdi. Snayper tüfənginin durbini ilə ön hissəni diqqətlə müşahidə etdikdən sonra, - hə, düz deyirsın Talıb, bir atlıdır - deyə pıçıltı ilə söyləndi. Tüfəngini nişangahdan çəkib dedi:

- Şumun sağ hissəsindən kəndə doğru gedir. O bizim üçün təhlükə ola bilməz.

Alı Məmmədovun səsi eşidildi:

- Ancaq ehtiyatlı olmalıyıq.

İlkin də dilləndi:

- Düz deyirsən, ehtiyatı əldən vermək olmaz, yaxşı olardı ki, yolumuzu dəyişək.

Talıb da İlkinin təklifi ilə razılaşdığını bildirdi. Bundan sonra onlar dağın yuxarısından aşağı enib, dərə ilə bir xeyli getdilər. Heç kəs danışmırdı. Yalnız hərdən İlkinin erməniləri yamanlayan söyüşləri eşidilirdi. Ballıca qayasına çatanda, Talıbın səsi eşidildi:

- Dağı keçib, aşağıda bir dalda yer tapıb, gizlənərik.

İlkin - yaxşı məsləhətdir - deyib, üzünü Alıya tutdu:

- Qardaş saat neçədir?

Alı Məmmədov qolundakı elektron saatına baxıb - saat 3 - ə 15 dəqiqə qalır, - deyə bildirdi. Bir neçə dəqiqəlik ayaqüstü "istirahət"dən sonra dostlar cığırdan əsər-əlamət olmayan dağ yamacını çətinliklə qalxıb, sərt, sıldırım qayaları keçib, düzəngaha enəndə yekə daş parçasının yanında dayandılar. Oruc Muradov dəstənin niyyətinin gecəni daşın arxasında keçirmək olduğunu başa düşdüyündən, narahatçılığını dilə gətirdi:

- Burada qalmaq qorxulu olar.

Talıb:

- Niyə elə fikirləşirsən?

- Qışın şaxtası bizim axırımıza çıxar. Yaxşı olardı ki, uçuq-sökük də olsa bir daxma tapaq.

Alı ətrafa nəzər yetirib gül-gülə - bərli, bəzəki ev istəmirsən ki, - deyə söz atdı. Sonra çovğundan gözlərini qorumaq və dostunun üzünü yaxışı görməsi üçün sağ əlini alnına tutub, əlavə etdi:

- Allah sənə kömək olsun, bu yerlərdə, nə damxa, nə yer?

Bu dəfə Mürsəl dilləndi:

- Mən bilən yaxınlıqda, çoban qışlağı olmalıdır. Qışda orada heç kəs olmur. Ancaq yayda buralara qoyun-quzu saxlamaq üçün gəlirlər. Ora çatsaq, yaxşı olar.

Talıb yun jaketinin yaxalığını düzəldib, üzünə hopan qar dənələrini sol əlinin arxası ilə təmizləyib dedi:

- Yaxşı məsləhətdir.

Oruc Alıya söz atdı:

- Gördün, düşünsək, lap sən arzuladığın bəzəkli evi də taparıq.

Talıb isinmək üçün, bir-iki dəfə yerində ayaqlarını götürüb, qoyduqdan sonra iddialı şəkildə dedi:

-Tələsməyin, sabah axşam sizi bəzəkli evdə qonaq edəcəm, qız-mızda yanında.

İkin qımışdı, əli ilə Mürsəlin çiynini dümsüklədi. Bu, Orucun gözündən yayınmadı:

- Ayə qırışmal, nə çiçəyin çırtladı?

Orucun atmacasından Mürsəlin qızardığını görən Alı Oruca - guya sən, qımışmadın, ay səni, - deyib ehmalca dostunun kürəyinə bir şillə vurdu.

Mürsəl söhbəti dəyişmək üçün dedi:

- O qışlaqda bu dəqiqə heç kəs yoxdur. Gəlin ora gedək.

Müzakirə və məsləhətləşmələr çox çəkmədi. Razılığa əsasən Mürsəlin dediyi yatağa doğru addımladılar. Qar isə ara vermədən yağırdı. Gecənin şaxtası soyuq havanı gənclərin üzünə vurduqca canlarında üşütmə yaradırdı. Dostlar isə ruhdan düşmür, bir-birinə kömək edə-edə yollarına davam edirdilər. Qarın ağırlığından budaqları aşağı əyilmiş arğıc ağacına çatanda Mürsəlin səsi eşidildi:

- Siz burada gözləyin mən gəlirəm.

Oruc Muradov ona mane olmaq istədi:

- Bu qorxulu olar. Sən tək hara gedəcəksən?

Mürsəl Oruca böyük qardaş nəvazişi ilə baxıb, dedi:

- Narahat olma, qardaş mən onsuzda itirdiyimi itirmişəm. Heç olmasa sizi itirməyim.

Gözlər Talıba dikildi. Talıb bir anlıq Mürsələ baxıb, dedi:

- Yaxşı get, amma ehtiyatlı ol.

Mürsəl dostlarından aralanıb getdikdən sonra Talıbgil arğıc ağacının yanında oturub, onu gözləməyə başladılar. Mürsəlin gedib-gəlməyi çox çəkmədi. Çatan kimi - gəlin ardımca, - deyə dostlarına göstəriş verdi.

Dostlar ayağa qalxıb, Mürsəlin ardınca addımladılar. Yatağa çatanda Mürsəl uçuq-sökük çəpər qapını aralayıb, dostlarına keçməyə kömək etdi. Burada 30-35 metr uzunluğunda qoyun - quzu saxalamq üçün bir tövlə və çobanların qalması üçün yarı taxtadan, yarı daşdan tikilmiş yan-yana iki alaçıq vardı. Mürsəlin məsləhəti ilə ətrafı yaxşı görmək üçün sağ tərəfdəki, nisbətən hündürlükdə tikilən, qapısı göy rəngdə boyanmış alaçığın içərisinə girdilər. Oruc otağın pəncərəsindən snayperin durbini ilə ətrafa nəzər yetirdikdən sonra, dedi:

- Sakitlikdir.

İlkinin səsi eşidildi:

- İndi nə etmək istəyirsiniz?

Talıb dilləndi:

- Səhəri gözləməliyik. Hətta sabah gündüz də burada qalacağıq. Axşam saat 10:00-11:00-də hədəfə doğru gedəcəyik.

Oruc Muradov uçuq - sökük alaçığın tavanına nəzər yetirib, Mürsələ üzünü tutdu:

- Qardaş buraları hardan tanıyırsan:

Mürsəl özünəməxsus lovğalıqla dilləndi:

- Bu yerlərdə mənim tanımadığım yer-yurd yoxdur. Hər bir dağ cığırına bələdəm.

Alı Məmmədov söz atdı:

- İyirmi yaşın ola, olmaya ancaq, elə danışırsan ki, sanki Şah Abbası taxtda, Nikolayı qundaqda görmüsən.

Mürsəl yenə lovğalıq etdi:

- Qardaş eşitməmisən ki, ağıl yaşda deyil, başdadır.

İlkin ərklə sağ əli ilə Mürsəlin başındakı papağana bir şillə vurub dedi:

- Yaxşı -yaxşı boyundan yekə danışma, sual verirlər, cavab ver.

Mürsəl həmyaşıdının tənəsindən sonra gül- gülə dedi:

- Qardaş 3-4 il bundan əvvəl, babamla bu yerlərdə qoyun-quzu otarmışam. Dəfələrlə bu alaçığa gəlib, erməni Akop vardı onun qonağı olmuşduq. Ona görə tanıyıram, indi bildiniz?

Oruc Mürsəlin izahatından sonra əlavə sual vermədi. Dostlarıda bir söz demədilər. Hərəsi bir tərəfə çəkilib, taxta döşəmənin üstündə oturdular. Yarı uzanmış halda azda olsa yatmağa çalışdılar. Amma havanın soyuqluğu və bir az da narahatçılıq onlara gözlərinin acısını almağa imkan vermirdi. Beləcə səhərə qədər oyaq qaldılar. Səhərin açılması ilə Oruc Muradov ayağa durub, pəncərədən ətrafa nəzər yetirdi. Bununla kifayətlənməyib əsgər dostundan xahiş etdi:

- Alı, qalx, ehtiyatla alaçığın damına çıx, oradan snayperin durbini ilə ətrafa diqqətlə nəzər yetir.

Alı bir söz demədi. Sakitcə ayağa durub, snayperi əlinə götürdü. Otaqdan çıxınca Talıb dilləndi:

- Mürsəl sən də get, münasib yerlərdən ətrafa diqqətlə nəzər yetir.

Mürsəl əmisioğlunun tələbini yerinə yetirdi. Alı Məmmədovun ardınca çıxıb, ətrafa nəzər yetirməyə çalışdı.

Bir saatdan sonra Mürsəl və Alı Məmmədov otağa qayıtdılar. Hər ikisi - sakitlikdir, - deyə bildirdilər. Ancaq beş-altı dəqiqə sonra, yatağın çəpərinin açıldığı hiss olundu. Dostlar təşvişlə bir-birinə baxdılar. Nə edəcəklərini düşünmək belə mümkünsüz idi. Talıb barmağının işarəsi ilə dostlarına sakit olmağı məsləhət gördü. Özü isə yaxınlaşıb qapının arasından çölə nəzər yetirdi. Sonra da üzünü arxaya çevirib, - bayaqkı atlıdır, özü də təkdir - deyə bildirdi.

İlkin dilləndi:

- Arxasında başqa adamlar da ola bilər.

Talıb:

- Bəlkə də, gözləməkdən başqa çarəmiz yoxdur.

Talıb - otağa tərəf gəlir, künclərdə dayanın - deyə tapşırıq verdi. Bir qədər sonra qapı açıldı. Başında yun papaq, əynində xəz palto, ayağında uzunboğaz çəkmə olan bir kişi içəri daxil oldu. Həmin an Talıb cəld hərəkətlə onun boyun nahiyəsindən bir yumruq vurub, yerə uzatdı. Deyəsən, erməni nə baş verdiyini anlamadı. Əllərini döşəməyə söykəyib, ayağa qalxmaq istədi. Bu dəfə Mürsəl sağ ayağı ilə onun sinəsindən bir təpik vurdu. Erməni kürəyi üstə yerə sərildi, dərhal da Mürsəl səsboğucu tapancasını onun gicgahına dirəyib, atəş açmaq üçün tətiyi çəkdi. Bu məqamda Oruc Muradov onun əlindən dartmasaydı, bəlkə də erməni artıq o dünyalıq olmuşdu. Güllə daş döşəməyə dəydi və otağı toz bürüdü. Mürsəl müqavimət göstərdi, yenidən tapancasını erməniyə tuşladı. Muradovun sərt səsi eşidildi. - Mürsəl dayan, özünü ələ al, - deyə onu sakitləşdirməyə çalışdı.

(Ardı var)

İlham Əliyev,

Yazıçı-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə