HÜMBƏT HƏSƏNOĞLU

Öz poçt yeşiyindən məktubları çıxaranda, bir məktub onun diqqətini çəkdi. Kabinetində kresloya oturanda ilk olaraq həmin məktubu əlinə götürdü. Zərfin qeyri- adi rəngi var idi. Qeyri adilik bununla bitmirdi, zərfin çəkisi hiss olunmurdu, heç. O, əlini havada boş tutmuş kimi hiss edirdi. Zərfin üstündə onun təkcə adı yazılmışdı. O, zərfi ehtiyat və maraqla açdı. Zərfin içindən yeddi qat bükülmüş nazik perqament kağızı üzərində olan çox uzun bir siyahi çıxdı. “Əziz bəndə, bu siyahidə sənin yaxınlarının dünyanı tərk etmək ardıcıllığı qeyd olunub. Sənin keçən həftə etdiyin bir yaxşı əmələ görə Göylər səni mükafatlandırmaq haqda qərar verib. Siyahidə hər addan sonra boş misra var. Sən bu siyahidə istənilən boş misrada öz adını yaza bilərsən, bununla da sən öz ölüm növbəni müəyyənləşdirə biləcəksən. Məktub açılandan bir saat sonra, yox olacaq”.

O, saata nəzər saldı. Siyahiyə diqqətlə baxdı, burada onun hələ sağ olan nənə və babası, valideynləri, əmi və bibiləri, dayıları və xalaları, həyat yoldaşı, hətta övladları da vardı. O, kürəyini kresloya yapışdırıb fikrə getdi. İnsan bu dünyaya gəlir və bu dünyanı tərk edir. Bu dünyadan bir insan köçü gedir. İnsandan bu dünyaya gələndə də, gedəndə də rəyi soruşulmur. İnsan bu dünyanı tərk edəcəyi vaxtı da bilmir. Bunda Yaradanın bəndəsinə böyük mərhəməti var. Bu bilməməzlik ona böyük ümid verir. Hər insan özlüyündə düşünür ki, o hələ çox- çox yaşayacaq və onun ölümü hələ çox- çox qabaqdadır. Eyni zamanda hər kəs dərk edir ki, o, bir ölüm növbəsində dayanıb. İstisnalar nəzərə alınmasa, əvvəl nənə və babalar, sonra valideynlər, ümumiyyətlə, yaşca öndə olan qohumlar, yaxınlar ardıcıllıqla bu dünyanı tərk edəcəklər. Hər sonrakı nəsli ondan əvvəlki nəsli mənəvi borc olaraq çiynində yola salır,mərhumla bağlı adət- ənənələri yerinə yetirir. O, siyahidə yaşına görə öz yerinə baxdı. Bu onun məntiqi yeri idi. Həyat yoldaşını siyahidə tapdı. Qadınlar kişilərindən, adətən çox yaşayırlar. Qadınlar öz kişilərinin getməyinə kişilərdən daha ağrısız yanaşırlar. Qadınların istənilən ağrıya dözümü kişilərdən çox olur. Allah onları belə yaradıb. Kişilər həyat yoldaşları ilə vidalaşandan sonra özlərini itirirlər. Onları heç kim; balaları, nəvələri belə ovuda bilmir.

Qonşusu, keçmişdə zavod direktoru olmuş, hər maddi imkanı olan Tofiq müəllimi xatırladı. Həmişə şən, nikbin olan bu insanın xanımı dünyasını dəyişəndən sonra tam dəyişdi. Hər dəfə onunla görüşəndə, yaxın adamı kimi vəziyyətini bölüşürdü. Deyirdi ki, yaşlaşdıqca ər və arvad bir- birinə çox yaxınlaşırlar, sonsuz doğmalaşırlar. Öz həyat yoldaşından danışmağa başlayan kimi gözlərindən yaşı dayanmadan axırdı. Sağlamlığına fikir verən insan olsa da, sonda mənə deyirdi ki, mən çox qala biməyəcəyəm buralarda.

Elə də oldu, yoldaşının ilini verəndən az bir müddətdən sonra özü də getdi... Elə bu səbəbdəndir ki, xoşbəxt nağılların yalnız bir sonluğu olur: “Onlar sevgi ilə yaşayıb qocaldılar və bir gündə də öldülər...” O, siyahinin ən sonundakı misraya baxdı. O, öz övladlarından da belə sonranı seçə bilirdi. Bu seçimdə o, insan dözümündən qat- qat böyük ağrılara da dözməli olacaqdı. Bunu bacaracaqdımı? Kənddə gördüyü hamıdan qoca Bəhlul kişini xatırladı. Onun həyat yoldaşı da, uşaqları da rəhmətə getmişdilər, amma həmişə gülərüz idi və cavan qızlarla zarafatından da qalmırdı. Bir gün ö nənəsindən soruşmuşdu:- nənə, Bəhlul kişi niyə belə çox yaşaya bilir? Nənəsinin cavabı həmişəlik onun hafizəsindı həkk olunmuşdu. - Bala, Bəhlul arsız kişidir.Arsız insanlar həmişə çox yaşayırlar. Onu özündən başqa heç kim düşündürmür, öz kefini sürür. Sonralar nənəsinin bu cavabı haqda çox düşünmüşdü. Bəlkə xoşbəxt olmaq üçün elə arsız olmaq lazımdır? Hərənin öz həyatı var, niyə kiminsə məsuliyyətini ömür boyu götürüb daşımalısan? Götürün almanları, 18 yaşından sonra uşaqlarını həyata sərbəst buraxırlar. “Böyütdüm bəsdir, get öz həyatını qur, mənə də mane olma, mən də nə vaxtsa rahat yaşamalıyam, ya yox? Mən belə olmuşam, sən də belə ol.” O, siyahinin sonuna bir də baxdı. Bu yer ona çoxlu yeni səhərlər vəd edirdi. O ki, heç kimin həyatına müdaxilə etmirdi. Hərə öz vaxtında bu dünyanı tərk edəcək. Ona bu şans verilib. Niyə yararlanmasın? Bu mükafatdan kim imtina edər? Siyahiyə bir də baxdı, hər misra bir ağrı idi. Bu onun ağrı siyahisi da ola bilirdi. Bir tərəfdə ağrı, bir tərəfdə həyat. Acı ağrıya qarşı şirin həyat! Saata baxdı, bir dəqiqə vaxtı qalırdı. O, qələmi əlinə götürdü...

Sumqayıt şəhəri

İyul - 2020-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə