Nəsillərə örnək bir insan portreti Ələşrəf Niftiyev -75

(Portret cizgiləri)

Əvvəldən giriş edək ki, bu yazımızı 75 yaşı tamam olan tanınmış istedadlı şəxsiyyət Ələşrəf Niftiyevə ithaf edirik. Qeyd etmək lazımdır ki, Azərbaycan ədəbiyyatını, publisistikasını coşqun bir nəhrə bənzətmiş olsaq və bu nəhri Bakı olaraq qəbul etsək (gerçəkdən də belədir), bu nəhri nəhr edən, onu daim qidalandıran, yaşadan ona hər tərəfdən axan billur çaylardır, doğma təbiətimizdir.

Biz burada doğma Azərbaycanımız daxilində bölgələri, regionları düşünürük.

Bir çox qələm sahibi olmaq istəyənlər adətən mərkəzə can atırlar və onlar elə güman edirlər ki, paytaxtda olsalar, daha geniş qol-qanad açacaq, bədii və təxəyyül istedadları olaraq par-par parıldayacaqdır.

Belə insanlar Bakıya gəlirlər, bu şəhər bir nəhr kimi onların başlarını gicəlləndirir. Şəhər qayğıları, şəhər mühiti onları silkələyir, bəzən çaşbaş salır, adi qaydada yaşamaq belə problemə çevrilir. Bu halda yazı-pozu da yaddan çıxır, kimsə nəsə yazırsa yazdığını çap etmək məsələsi müşkülə çevrilir. Bir də lap çap olunsun, qonarar verilmir, bütün məsarif müəllifin boynuna oturur. Beləliklə, qələm sahibi bəs nə etsin, kəndə qayıtsın? Lap tutaq ki, qayıtdı, burada da hər şeyi sıfırdan başlamalıdır. Belələri kəndlə şəhər arasında ilişib qalır, olan-qalan istedadı dəyərdən kənarda qalır.

Cəsarətlə deyə bilərik ki, bizim rayonlarımızda camaatın, ictimayyətin dərin məhəbbətini qazanmış, belə dəyərli, hərtərəfli nüfuz sahibi olan yaradıcı ziyalı insanlarımız çoxdur. Belə şəxslər təkcə öz rayonunun, bölgəsinin deyil, ümumilikdə xalqın mənəvi sərvətini daşıyanlarına çevrilə bilərlər.

Haqqında böyük mənuniyyətlə söz açmaq istədiyimiz Ələşrəf Nuru oğlu Niftiyev də belə şəxsiyyətlərdən biridir. O, 1945-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Masallı şəhərində anadan olmuşdur. 1961-ci ildə orta məktəbi bitirib orta ixtisas və ali pedaqoji təhsil alıb. Müəllim işlədiyi dövrdə özünü savadlı, işgüzar, yaxşı təşkilatçı kimi göstərən gənc Ələşrəf o vaxtlar ictimai-siyasi hadisələrin önündə gedən rəhbər komsomol işinə cəlb olunur. 1968-ci ildə o, rayon komsomol komitəsində əvvəlcə təşkilat şöbə müdiri, sonra isə 1-ci katib vəzifəsinə layiq görülür. Rayon komsomol komitəsində çalışdığı müddətdə rayon gənclərinin sevimlisinə çevrilir. Gənclərin milli-mənəvi dəyərlərinin formalaşmasına Ələşrəf müəllim xüsusi diqqət yetirirdi. Həmin dövrdə Masallı gəncləri bütün sahələrdə – təsərrüfat, təhsil, mədəniyyət, xüsusən də idman sahəsində xeyli uğurlar qazanmışdılar. Prinsipial mövqeyi vardı.Təbii ki, bütün bu nailiyyətlərdə komsomolun 1-ci katibi Ələşrəf müəllimin yorulmaz əməyi çoxuna fayda gətirirdi. İstedadlı, böyük təşkilatçı olan komsomol rəhbərinin işgüzarlığını, təşkilatçılığını görən rayon rəhbərliyi onu Masallı Rayon Partiya Komitəsində təşkilat-partiya işi şöbəsinin müdiri vəzifəsinə irəli çəkir. İki il burada çalışdıqdan sonra yerli “Çağırış” qəzetində şöbə müdiri vəzifəsinə keçir və sonra yenə də müəllimlik fəaliyyətini davam etdirir. Elə bu dövrdə də Ələşrəf müəllimin yaradıcılıq diapozonu genişlənir. Onun zamanın aktual məsələlərinə dair publisistik məqalələri, xırda tərcümələri, pedoqoji söhbətləri, respublika mətbuatında geniş yer alır. Məktəbdə işlədiyi müddətdə Ələşrəf müəllim demək olar ki, təhsil sahəsində xeyli şərəfli titullara layiq görülür. Belə ki, o, “Maarif əlaçısı”, Metodist müəllim, Qabaqcıl təhsil işçisi və s. çoxlarının həsəd apardığı belə nüfuzlu adlar qazanır. Yetirmələrinin uğurları onu sevindirir. Biz onun o dövrdə dəfələrlə partiya və komsomol orqanlarının fəxri fərmanlarına layiq görülməsini, habelə rayon və şəhər sovetlərinə deputat seçilməsini də qeyd etməyi özümüzə borc bilirik.

Belə bir misal var: - “Şir–pələnglər-biləyindən, qərib quşlar bələyindən, dərdli insan ürəyindən, qoca dünya biləyindən qocalır”.

“Dostumuz və qələm yoldaşımız Ələşrəf! Dünyada dərdsiz, problemsiz insan yoxdur. Dərdi, yaradanımız dərd çəkənə, qismət edir. Qəhrəmanımız da ömür yolunda xeyli sınaqlardan qalib çıxıb, yəni ağıllı, həssas, qayğıkeş, qeyrətli, əməksevər, istedadlı, qəlbi sevgi və eşqlə, səxavətlə, iman və inamla dolu insan kimi qismətini qazanıb. Bir də sənin axı maşallah, qoca dünya kimi biləyindən qocalmağın heç hiss olunmur, yazırsan, deyirsən, fəal görünürsən. Mənim şeirimə istinadən hey misal kimi çəkirsən ki, bu dünya nərdivandı, yuxarı mehribandı, aşağı nə yamandı, yüksəyə qalxanda yaxşıdı, enəndə pisdir. Ələşrəf, sən insanların qəlbində əməllərinlə həmişə ucadasan, yüksəkdəsən və vüqarlı gərəkli görünürsən. Yerində olan kişisən. Səninlə o zamanda Masallıdan olan komsomol qurultayındakı nümayəndələrlə görüşümüz zamanı orada çıxışını dinləyərək necə idin, yenə də elə görünürsən. Göz dəyməsin, sənə 75 yaş vermək olmaz, xeyli cavan görünürsən. Belə qalın. Mən əyalətlərdə sizin kimi intellektual səviyyəli, savadlı, müasir dünyagörüşlü istedadlı insanlarla görüşümdən məmnun qalıram. Dostum Musa qağa sənin bütün yeni kitablarını, məqalə və yazılarını mənə çatdırır. Çox razı qalıram və qələmini yüksək dəyərləndirirəm”,- bu sətirlər şəxsən Xalq şairimiz, poeziyamızın patriaxlarından biri – Nəriman Həsənzadəyə məxsusdur (M.Quluzadə).

1993- cü ildə Ələşrəf Niftiyev yenidən dövlət idarəçilik işinə dəvət olunur. Bu dəfə ona Masallı Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavinliyi həvalə olunur. Ələşrəf müəllim bu işdə də uğurla çalışır. Mübaliğəsiz demək olar ki, 16 il böyük bir rayonda belə məsul vəzifədə çaışmaq hər kəsin işi deyil və hamıya da müyəssər olmur. Hər yerdə olduğu kimi burada da o, bütün varlığı ilə çalışmış, özünün kristal təmizliyi, titanik iş qabiliyyəti və ən ümdəsi humanist, insanpərvər təbiəti və rəftarı ilə tanınmış və seçilmişdir.

Humanitar sahə hər yerdə çox mühüm və həm də ağır sahədir. Bu sahədə işləyən şəxs bütün parametrləri ilə əsl məmur kimi fərqlənməli, hərtərəfli savadlı olmalıdır. Təkcə rayon əhalisi və ziyalıları yox, respublika miqyasında tanınan və hörmət edilən olmalıdır. Müasir cəmiyyətdə baş çıxarmaq, Ədəbiyyat və incəsənət, mədəniyyət, idman xadimləri ilə rayon əhalisinin görüşlərini mütəmadi olaraq keçirmək və dövlət müstəqilliyimizin yerini, qədrini çatdırmaq, camaatın problem və qayğılarını, xüsusən Qarabağ döyüşləri zamanı elə-belə iş deyildi. Bundan ötrü bu sahəyə rəhbərlik edən şəxs ən əvvəl ideologiyanı, dövlət quruculuğu siyasətini, ədəbiyyatı, təhsili, səhiyyəni, mədəniyyəti, incəsənəti təkcə sevməyi yox, həm də bu sahələri dərindən bilməli, duymalı, yeri gələndə güclü və təpərli söz deməyi, həm də tutarlı elmi və dəqiq, aydın və qəbul olunan mühakimə yürütməyi bacarmalıdır. Ələşrəf müəllim, yuxarıda deyildiyi kimi özü bu sahələrdə səriştəli olduğundan hər görüş, hər keçirilən yaradıcılıq gecələri və yubileylər, yeniliyi, dolğunluğu və müasirliyi ilə seçilmiş, təqdir olunmuşdur.

O, işlədiyi müddətdə və indi də Azərbaycanın ən görkəmli şair və yazıçılarının, bəstəkarlarının, teatr kollektivlərinin rayona dəvət olunmasında Vaqif Səmədoğlunu, Zöhrab Tahiri, Xalq şairləri Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Nəriman Həsənzadəni, Xalq yazıçısı, əslən Masallıdan olan Gülhüseyn Hüseynoğlunu, bəstəkarlardan Arif Məlikovu, Oktay Kazimini və sairə şəxsiyyətləri masallılar, qonşu rayon sakinləri yaxşı xatırlayırlar...

Əlbəttə, biz burda bütün dəvət olunanları, keçirilmiş yaradıcılıq gecələrinin hamısını yazsaq böyük bir siyahı alınardı. Onu da deyək ki, bu görüşlərin hamısında məruzə və ön sözləri, aparıcılığı Ələşrəf müəllim özü edirdi.

Ələşrəf müəllim olduqca səmimi, təbii bir insandır. Sadəlik, xeyirxahlıq, işində dostluqda sədaqətlilik, vəfalılıq kimi keyfiyyətlərə malik olan bu şəxs həm də çox həssas və qonaqpərvərdir. İlin hər hansı vaxtı rayona bir tanış qonaq gəlsə Ələşrəf müəllim həmin adamla görüşəcək, onun rayonda öz vaxtını səmərəli keçirməsi üçün əlindən gələni edəcəkdir. O, vəzifədə olduğu vaxtlar da beləydi, bu gün də belədir.

2008-ci ilin yazında bu sətirlərin müəllifləri Masallıya gəlmişdi.

Biz sadəcə rayon rəhbərlərindən biri kimi Ələşrəf müəllimlə görüşmək istədik. Məlum oldu ki, o, məzuniyyətdədir. Nəriman müəllimi və məni vaxtilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almış Seyfəddin müəllim qarşıladı. (Seyfəddin müəllim hazırda Masallıda YAP-ın sədridir). Biz Dəştvənd hotelinin istirahət guşəsində çay içirdik. Burada hava çox sərin idi. Şirin-şirin söhbət edirdik. Arada Seyfəddin müəllimdən xahiş etdik ki, Ələşrəf müəllim məzuniyyətdə olduğundan bizim rayonda olduğumuzu bilməsin, öz istirahətini pozmasın. Artıq günəş Dəmbəlov dağının arxasına keçmək üzrə idi. Bir də nə görsək yaxşıdır? Ələşrəf müəllim bizim oturduğumuz tərəfə addımlayır. Biz bir-birimizə baxdıq. Sanki təəccüblü baxışlarımızla soruşurduq ki, Ələşrəf müəllim bizim burada olmağımızı haradan bilib?!

Çox səmimi görüşümüz oldu. Ancaq çox da ciddi olaraq ona bildirdik ki, məzuniyyət vaxtı öz işlərinlə, istirahətin, sağlamlığınla məşğul ol, narahat olma. Axı, işiniz həmişə çox və gərginlik olur. Biz bilirik ki, nə qədər qonaqlarınız gəlir, həm də təkcə respublikadan deyil, dünyanın hər yerindən gəlirlər. Bir az nəfəs al da. Bizə vaxt sərf etməyinə razı deyilik.... O, özü də bilirdi ki, biz səmimi sözlərimizi deyirik.

Ələşrəf müəllim dərhal sözümüzü kəsdi:

-Heç elə şey olar?- dedi, - sizin kimi ziyalılar, dəyərli şəxsiyyətlər bizə təşrif gətirmisiniz, belə vaxtda mən evdə otura bilərəmmi? Siz Allah belə deməyin. Mənçin, təkcə mənçin yox, bütün Masallı camaatı üçün böyük şərəfdir ki, sizlər bizə qonaqsınız. Sonra da əlavə etdi: - Hörmətli Musa müəllim yerlimizdir doğulduğu Xıl kəndində bağ evi var. Tez-tez gəlir, hərdən görüşürük və hər dəfə də onunla görüşlərdən mənəvi qida alıram . Bilirəm ki, Nəriman müəllim Musa müəllimin yaxın dostudur. Ancaq Nəriman Həsənzadə xalqımızın böyük şairi kimi

hamı tərəfindən sevilən şəxsiyyətdir. Böyükdən kiçiyə kimi belə gözəl şairimizə ümumxalq sevgisi var. Mənim onunla ikinci, ya üçüncü görüşümdür. Hər görüşümüz mənim üçün tarixdir- deyə dostumuz bildirdi.

Bayaqdan bizə sakitcə qulaq asan Seyfəddin müəllim dedi:

-Ələşrəf müəllim, Musa müəllim mənə Dövlət İdarəçilik Akademiyasında 2 il “Azərbaycanın Dövlətçilik Tarixi” fənnindən mühazirələr oxuyub. Üzü olmasın Akademiyada seçilən və sevilən müəllimlərdəndir. Nəriman Həsənzadə isə dövrümüzün Səməd Vurğunu, Mikayıl Müşfiqidir. Xalqın ürəyində də əbədi yeri olan şairimizdir. Hər ikisi xoş gəlib, səfa gətiriblər.

Həmin günlər nə qədər xahiş etsək də, Ələşrəf müəllim hər gün bizimlə sıx təmasda olurdu. Masallının əsrarəngiz təbiətini, flora-faunasını, sosial-iqtisadyyatını bizə ürəklə, sevgi ilə təhlil edib göstərir, qürurla və ürəkdən danışırdı. Onun şirin, dərin, məzmunlu danışıqlarına qulaq asdıqca düşünürsən: -Vətəni sevmək azdır, onu vəsf etməyi və dərindən sevməyi də bacarmaq lazımdır...

Yuxarıda dedik ki, Ələşrəf müəllim dəyərli qələm sahibidir. İndiyə kimi bütün yüzlərlə publisist yazı və məqaləsi işıq üzü görüb, nəşr olunmuş bədii əsərləri buna sübutdur. Onun bədii əsərləri, istər hekayələri, povestləri, esseləri-hamısı onun özü kimi sadə və səmimidir. Ələşrəf müəllimin bədii obrazları, qəhrəmanları da deyə bilərik ki, həyatdan gəlir. Müəllif yaxından tanıdığı, müşahidə etdiyi insanları kitab səhifələrinə gətirir. Onun povestlərinin portret cizgilərində göstərilən insanlar göydəndüşmə, uydurma yox, bizimlə çiyin-çiyinə çalışan, işləyən, aramızda yaşayanlardır. Bunların bir çoxu haliyədə həyatda yoxdur. Ələşrəf müəllim əbədiyyətə qovuşanları da unutmur, onları yenidən canlandırır, yazıları ilə həyata gətirir, fəaliyyətlərinə bu günün nuru və tələbi ilə baxır. Onun əsərlərində cəmiyyətin demək olar ki, bütün zümrələri yer almışdır. Belə ki, tanınmış elm xadimlərindən tutmuş din xadimlərinə kimi insanlar bədii obrazlara çevrilirlər. Bir daha qeyd etməyi lazım bilirik ki, Ələşrəf müəllimin qəhrəmanları ünvansız dünyadan deyil, onun ətrafında yaşayan müxtəlif tiplər, müxtəlif çalarlı, xarakterli, təbii kompleksli insanlardır.

Ədibin bu vaxta kimi on iki kitabı nəşr olunub oxucuların ixtiyarına verilmişdir:

“Ömür yolu-nur yolu”, Oğul, bu Qurana and iç ki”, “Kiçiklərə, böyüklərə və hər kəsə”, “Haqqın gücü”, “Həyatımın həqiqətləri”, “Hər kəs qədrini yaşar”, “Vur-tut bu dünyada bir ömrümüz var”, “Seçilmiş hekayələr”, “Uşaqlar üçün hekayələr” və sairə kitabalrı göstərə bilərik.

Bu da həqiqətdir ki, yazıçı kitabdan kitaba püxtələşir, inkişaf edir, bədii ustalıq səviyyəsi yüksək mərhələyə yetməklə yeniləşir, obrazların mükəmməlliyi daha canlı, daha samballı olması ilə fərqlənir. Bu onu göstərir ki, ədib bu sahəyə də məsuliyyətlə yanaşır. Yeri gəlmişkən onu deyək ki, Ələşrəf müəllim bütün sahələrdə yetkin, dərinliyi, cəsarət və qorxmazlığı özünə sirdaş edən, insanları sevən bir şəxsiyyətdir. Yazdıqları da ürəkdən bəyənilir.

Son illər Ələşrəf Niftiyevin daha məhsuldar işlədiyinin şahidiyik. Əlbəttə, bu, sevindirici haldır. 2019-cu ildə “Elm və təhsil” nəşriyyatında buraxdırdığı kitaba çox mənalı ad qoymuşdur: “ Yaxşılığa qoyulmayıb tərəzi”. Bu kitabda müəllif xalqımızın ən dəyərli və seçilən xüsusiyyətlərindən olan yaxşılıq, xeyirxahlıq,

mərhəmət, qonaqpərvərlik, vətənpərvərlik məsələləri əsas yer alır. Yazıçının burada demək istədiyi məsələ odur ki, yeniyetmə və gənclərimiz tariximizə, mənəvi dəyərlərimizə həmişə sadiq qalsınlar. Xalqımıza məxsus bu keyfiyyətlər bəşəri, həm də ilahi keyfiyyətlərdir – bunları yaşatmaq, nəsildən-nəslə ötürmək müqəddəs amallardandır. Nəticə və leytimotiv budur ki, bugünkü nəsl özündən əvvəlki nəsli yaxşı tanımalı və mənimsəməlidir.

Kitabda görkəmli kənd təsərrüfatı və dövlət xadimi İmran Əbilov haqqında yazılmış esse maraqlı və cəlbedicidir. İmran Əbilovun sadə aqronom vəzifəsindən Azərbaycanın Kənd Təsərrüfatı Nazirinin müavini vəzifəsinədək yüksəlməsi onun keçdiyi mənalı həyat yolu, respublikada camışçılığın inkişafı üçün gördüyü işlər çox həssaslıqla işlənmişdir. Gənclər bilməlidirlər ki, İmran müəllimin bu sahədə apardığı işlər təkcə Azərbaycan, SSRİ daxilində deyil, beynəlxalq aləmdə tanınır və qiymətləndirilirdi. Böyük dövlət xadimi Heydər Əliyev bu gözəl mütəxəssisə və dövlət xadiminə həmişə qayğı göstərmiş, onun əməyini yüksək dəyərləndirmişdir. Çox müsbət haldır ki, bu gün də İmran Əbilov öz bilik və təcrübəsini gənc mütəxəssislərdən, insanlrdan əsirgəmir. Hazırda o, Respublika Ağsaqqallar Şurasının Rəyasət Heyətinin üzvüdür. Yaradıcı ağsaqqalımızdır.

Kitabdakı “Pərişan çöhrədəki gülüş” başlıqlı yazı da maraqlıdır, təsirlidir. Bu yazı həyatdan çox tez köçmüş istedadlı şair Vaqif Hüseynov haqqındadır. Vaqif Hüseynov bütün həyatı boyu avtoritar rejimə, bürokratizmə qarşı olmuşdur. Şair Vaqif sadə, səmimi və demokratik insan idi. Ona görə də onu incitdilər, perikdirdilər. O, gözəl şair olub. Ələşrəf Niftiyevin bu kitabdakı yazıları maraqlı və oxunaqlıdır.

Ələşrəf müəllimin 2020-ci ildə çap etdirdiyi “Gərək sevəsən, seviləsən və sevindirəsən” kitabının qiymətini oxucu elə onun adından görür. Burada xatirələr və esselər toplanmışdır.

Deyirlər, insanı yaşadan xatirələrdir. Nə qədər xatirələr var, insan yaşayır. Bu gün görünən hər şey sabah üçün xatirədir. Bizi yaşadan xatirələr heç vaxt unudulmur, yaddaşlardan silinmir.

Tanınmış publisist və yazar Ələşrəf müəllimin zəngin ömür yolunda (Allah daha uzun eləsin) maraqlı, ölçüyəgəlməz xatirələri çoxdur. Oxucu bunlara məətəl qalır. Yeri gəldikcə ədib əsas vəzifələrdən yazır, qələmə güc verib, sarınıb olub-keçənləri şirin-şirin məharətlə sətirlərə çevirir. Göstərdiyimiz sonuncu kitab 3 hissədən ibarətdir. Birinci bölmə, “Şəxsiyyət və zaman”, İkinci bölmə- “Olub-keçənlərdən”, üçüncü bölmə - “Biz və cəmiyyət” adlanır.

Hər bölmənin adına uyğun olaraq yazılar verilmişdir. Onu da qeyd edək ki, 208 səhifəlik bu kitab özünün diapozonu, rəngarəngliyi ilə hər kəsin nəzərini cəlb edir. Burada verilən bütün yazılar: “Qafqaz müridi Şeyx Şamilə layiq pyes”, “İnsanlığın və həqiqətin carçısı (Nəsimi” -650”), “Qarabağ; Ulu Vətənimiz”, “Səhv düşəndə yerimiz”, “Yığışın, yığışın başıma, dostlar”, “Ata ocağının hikməti” və sairə yazılar maraqla oxunur, oxucunu hər mənada razı salır.

Yazıçı-jurnalist, ictimai-siyasi xadim Ələşrəf Niftiyev əyalətdə yaşayır, bütün ömrünü el-obaya, dövlətçiliyə xidmətə həsr edib. O, bu gün də bu qayğılarla yaşayır. Həm də çox ağayana, xeyirxah əməlləri ilə. Rayonda və respublikada böyük nufuz sahibidir.

Dövlətimiz onun bu təmənnasız, saf insanı xidmətlərini və əməyini layiqincə qiymətləndirib.

Ələşrəf Niftiyev Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və H.B.Zərdabi media mükafatları laureatıdır.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2007- ci il tarixli sərəncamı ilə Dövlət qulluğunda uzun müddət səmərəli və qüsursuz fəaliyyətinə görə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. O, bu gün də görünən, sayılan fəal və xeyirxah insan kimi fəaliyyətindədir. Masallı Rayon Ağsaqqallar Şurasının sədridir. Həmişə və hər yerdə çalışdığı kimi rayonda fəal, xeyriyyəçi işlər görür və hələ neçə illər beləcə nümunə göstərəcəkdir. Bir daha qeyd edək ki, Ələşrəf müəllimin 75 yaşı tamam oldu. Bu o qədər də çox yaş deyildir. Qarşıda hələ nə qədər görməli işləri var bu yüksək təşkilatçılıq keyfiyyətlərinə malik imanlı, mübariz ağsaqqalımızın!

Biz də bu ləyaqətli insan, sədaqətli və etibarlı dostumuzla müntəzəm əlaqə saxlayırıq. Bu yazımızla onun yubileyini ürəkdən təbrik edir, ona möhkəm çan sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Yaşa, yaz, yarat, əvvəlki kimi həssas qəlblə, insanlara xidmət göstərmək naminə, Ələşrəf müəllim. Ömrün uzun olsun, qələmin daha iti, ağ kağızlar üzərində daha güclü cövlan eləsin və oxucuların səni bundan sonra da qəlbən sevsinlər.

Biz səni çox sevirik, gözəl dost, geniş dünyagörüşlü şəxsiyyət kimi.

Özün göstərdiyin kimi, sev, sevil, həmişə sevindir. Dövlətə, cəmiyyətə xidmətdə ictimai fəallığını bundan sonra da müqəddəs əməllərinlə, billur və pak qəlbinlə, məhsuldar qələminlə bir daha sübut elə, möhtəbər dostumuz!

Nəriman HƏSƏNZADƏ,

Xalq şairi, Heydər Əliyev mükafatı laureatı.

Musa QULUZADƏ,

Professor, yazıçı, publisist, Əməkdar müəllim.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...