Poeziya dünyamın şeir çiçəkləri

GÜLNAR TACLI

VURAR

Hər kəsə gül açma, könül ağacım,
Şaxta ağacları gülündən vurar.
Dilsizə dil versən ehtiyatlı ol,
Dönüb ilan kimi dilindən vurar!

Qəsdinə dayanar sən yaşatdığın,
Sənə aman verməz dada çatdığın,
Durub arxasında əl uzatdığın,
Ayağından çəkər, əlindən vurar.

Dördnala çapırmış yorğa bildiyin,
Qartala çevrilər qarğa bildiyin,
Yaddan betər olar arxa bildiyin,
Kürəyindən oxlar, belindən vurar.

Allah, məqam gəlib, qiyamət eylə,
Doğma doğmasına bəd niyyət eylər,
Candan keçdiyin dost xəyanət eylər,
İçini verdiyin çölündən vurar.

Kələf kimi dolaşdırdın taleyimi,
Viran qoydun yerimi göyümü!
Son arzunu, son gümanı ip kimi çəkib,
alnımda düyünlədin!
İndi ürəyim bu düyündə döyünür!

Düyünlər içində sıxılır, böyümür ürəyim,
böyümür!
İndi bəlkə də kimsə alnımdakı düyünlərə sevinir,
öyünür!
Yasıma salır toyunu, düyünü...

Mən ömür yaşamadım ki, balam,
Nə yorulub, nə bezirəm,
Doğulandan kələf çözürəm,
Min ildi düyün açmaqla məşğulam!

Çırpındıqca bir az da dolaşır ömür kələfi,
Ən dolaşıq düyünləri, dişimlə qırıram, kəsirəm,
Amma davam edir alnımda düyünlərin keyfi,
Mən düyünə əsirəm ...

Danışsam dilimdə sözüm düyünlənir,
İrəlidə yolum bağlı, ləpirim, izim düyünlənir,
Aralıqda gəzir ölüm,
Qaşım, gozüm düyünlənir!

İndi peşmançılıq əbəs,
Yalvarışlar heç nəyi dəyişməz!
Fələk də qaytarmaz o günləri!
Ay ömrümə düyün salan,
Nə tez unutdun alnımdakı düyünləri?

Eh, sən məni duymazsan, balam,
Mən ömür yaşamıram ki,
Düyün açmaqla məşğulam!

ÇATLADI

Susmağın nəyinə qızıl deyirlər,
Çəkildi əsəbim tarım, çatladı .
Səbrim silkələndi, qayam uçuldu,
Evim ləngər vurdu, barım çatladı.

Od tutdum, elə bil günəşə girdim,
Odlara çırpıldım, atəşə girdim,
Nəhəng səbrim ilə döyüşə girdim,
Yarım xilas oldu, yarım çatladı.

Oxuyan varmı ki, yazdım sözümü,
İtirdim, unutdum, pozdum özümü,
Axır ki səsindən asdim özümü,
Bir kəlmə deyincə gorum çatladı!

BU YAĞIŞ

Elə bil ki, xəstə düşüb bu torpaq,
Cadar olmuş can sulayır bu yağış.
Böcəkləri, çiçəkləri ağladır,
Qəm üstünə qəm calayır bu yağış.

Gölməçələr dama-dama göl olur,
Cığirları çamır basır, lil olur,
Arxlar dolur, çaylar daşır, sel olur,
Sahilləri qamçılayır bu yağış.

Ürək ritmi, damcı səsi görüşüb,
Cığırların ayaqları sürüşüb,
Ümidlərin tavanına çat düşüb,
Ürəyimə damcılayır bu yağış ...
27.10. 2017- ci il

AĞIR

Bir yoxdan var olsam da,
Varlığım yoxdan ağır.
Səbrin də gücü çatmır,
Axşam sabahdan ağır!

Haqq yoludur getdiyim,
Yoxa çıxıb itdiyim,
Möcüzədi, etdiyim,
Savab günahdan ağır!

Əzaba izinliyəm,
Tanrıma təzimliyəm,
Torpaq tək dözümlüyəm,
Dərdlərim dağdan ağır!

Yatsam da dərd oyaqdı,
İçim oyuq-oyuqdu,
Dünyada heç nə yoxdu,
Çəkdiyim ahdan ağır!

QADIN

(Anama_ithaf_edirəm!)

Çiçəklərin qəm qoxudu,
Nə tez bitdi yazın, qadın?
Səni təkcə dərd oxudu,
Səhvmi düşdü yazın, qadın?

Gündüzün keçdi ahında,
Mələyə döndün yuxunda,
Ruhani susdu ruhunda,
Çalınmadı sazın, qadın!

Bəxt vermədi aman, uça,
Tapmadın dərdindən uca,
Ağ günlərin qaraldıqca,
Çoxaldı bəyazın, qadın!

Alovun, odun çəkildi,
Ləzzətin, dadın çəkildi,
Ürəyin, adın cəkildi,
Çəkilmədi nazın, qadın!!

BOYDADI

Göz açınca yay ötüsür qış gəlir,
Ömrümüzün yazı yuxu boydadır!
Arı ruhum çiçəklərdə dincəlir,
Çıçəklərin ömrü qoxu boydadır!

Güldə batır min illərin gülçüsü,
Hər bənövşə bir həsrətin çölçüsü,
Əməldədi hər adamın ölçüsü,
Mərd sinəsi, namərd oxu boydadır!

Var oldürdü, mən yarandım yoxumdan,
Dəli şeytan cıxarmadı oxumdan,
Az ruzumla tox yaşadım çoxundan,
Bu dünyanın azı çoxu boydadır!

Az da, çox da qara döndü, küründü,
Gizli əkdim, üzə çıxdı, göründü,
Uzun, gödək ölçü deyil, görüntü,-
Dağ zirvəsi, insan ruhu boydadır!

BARIŞIM

Özüm də bilmirəm nədən küsmüşəm,
Buludlar göz yaşı töksün, barışım.
Günəş sığal çəksin gül yanağıma,
Lalələr bağrını söksün, barışım.

Qul kimi sadiqəm məhəbbətimə,
Bir kimsə toxunmaz ləyaqətimə,
Kəpənək and içsin sədaqətinə,
Didib parçalasın köksün, barışım.

İncidir ən xəfif külək qəlbimi,
Bu incə qəlbimi, kövrək qəlbimi,
Bəndələr incidən mələk qəlbimi,
Güllər ləçəyinə büksün, barışım.

Mizrab yaman dəyib, eh, sarı simə,
Arılar gəlməsin çicək ətrimə,
Yaman pis toxunub dünya xətrimə,
Dağlar hüzurumda çöksün, barışım...

GEDƏSƏN

Bir yol alasan əlinə,
Ayağa salıb gedəsən.
"Bismillah" düşə dilinə,
Namazın qılıb gedəsən.

Pərvazlanıb quş olasan,
Durnalara qoşulasan,
Öz içindən boşalasan,
Hamıdan dolub gedəsən.

Yelkən edib ürəyini,
Tapasan səmt küləyini,
Bir şairin taleyini,
Çiyninə alıb gedəsən.

Söz ola yurdun, Vətənin,
Şeirlər düşüb bitənin,
Həsrət telli ifritənin,
Birçəyin yolub gedəsən.

Bulud gülər gün yasında,
Günlər dərviş libasında,
Gülnar, nahaq dünyasında,
Haqqını bulub gedəsən...

İÇİMDƏDİR

Daha etibarım yoxdu kimsəyə,
Özümü yandıran köz içimdədir.
Susduqca gözümdən, qaşımdan baxır,
Deyə bilmədiyim söz içimdədir.

Elə bilirdim ki, tükənməz odam,
Sənsiz qızmır canım, isinmir odam,
Hüsnünü heç yerdə axtarma, adam,
Çəkmişəm, surətin göz içindədir.

Sahildəki bilməz nə çəkmiş batan
Anlayar son ümid çöpündən tutan,
Məni sevdalara ürəkmiş satan,
İlahi, düşmənim öz içimdədir ...

19. 09. 2017- ci il

YOLLARINDAYAM

Çiçəyi sevməyən nə görsün məni,
Bağrı qan lalənin xallarındayam...
Axtarma düzləri, gəzmə çəməni,
Bükük bənövşətək kollarındayam...

Həsrətdən bezmirəm, qəmdən küsmürəm,
Qoy ömür tələssin, mən tələsmirəm...
Qardan üşümürəm, dərddən əsmirəm,
Bir odlu sevdanın qollarındayam...

Sevgi necə olur, bildim süsəndən,
Barış necə şirin, duydum küsəndən...
Canımda bitmisən ağlım kəsəndən,
Ayağım tutandan yollarındayam...
10. 04. 2018- ci il

QURUMUŞ AĞAC

Kəsər torpaq ana,
Çörəyini kəsər.
Əsirgəyər sevgisini, ürəyini kəsər,
Kəsər həyat adlı suyunu kəsər.
Yarpaq-yarpaq sökülər,
Budaq-budaq qırılar, tökülər ağac.
Küləklər duruşunu, boyunu kəsər...
Yığışar, özünə çəkilər ağac...

Qonşu ağaclar çiçəkləyəndə, nə günlərə qalar ağac?
Çiçəkli günlərini yada salar,
Yelləncəyində yellətdiyi körpəcə quşların cıvıltısının
Gətirdiyi meyvələrinin sevinc səsinin həsrətini çəkər,
Xəyala dalar ağac...
Qübar gətirər,
Sonuncu ümidini, gümanı,
Özünü, sözünü itirər ağac...
Qübardan gövdəsində göbələk bitirər ağac...

Kölgəsində sərinlənən yolçuları xatırlar,
Qollarında ucaltdlğı neçə-neçə sevgiləri,
Altında qurulan toyları, mağarları,
Eehh... nələri xatırlar ağac...

Gülü yox leyləklər qona,
Teli yox küləklər yona,
Əyni yox geyə, soyuna,
Çevrilər quru oduna,
Doğranar, çiyinlərdə gəzər ağac,
Ayaq üstə basdırılan meyitə bənzər ağac.

Ağaclar bar gətirdikcə,
Dərd olar, qübar olar quru ağacın meyvələri,
Bir də qara qarğalar...

Və bir gecə
Silkələyər gövdəsini külək-əcəl...
Qəfil fəryad titrədər yeri göyü.
Kökündən qopub yerə çırpılar ağac.
Cırılar torpağın sinəsi,
Özü boyda bir boşluq qalar yerində.
Bir də qara qarğaların bəyaz xatirəsi...
04. 04. 2020 – ci il

ÇIXIB GEDƏCƏYƏM

Yadından çıxıbmı?
Güzgüyə bax!
Ağrıdır üzündəki,
Əzabdır ruhundakı,
Kədərdir gözündəki
Sükutdur içindəki
Diqqətlə bax!
Səssiz-haraysız edamı izlə, qətlə bax...
Xoşbəxtlikdən,
Gözəllikdən,
Eşqdən,
Təbəssümdən,
Bircə damla varmı , diqqətlə bax...
Güzgüdəki ağrılı adamdan,
Nağıllı adamdan, güzgüylə danışan "ağıllı" adamdan dəli
yer üzündə varmı?
Yoxsa o göydənmi gəlib?
Çəkmək üçün bu dünyanın
dərdini...
Bəlkə də, nəql edilməmiş
Nağılların içindən,
Göylərə səpələnmiş durnaların köçündən...

Bəlkə güzgün işləmir, a yer adamı,
Bəlkə tərs üzündə güzgüdü güzgü?
Bu güzgü gözündə əyrimi hamı,
Bəlkə tərs baxanda düzgündü güzgü,

Bəlkə toy görəndə hikkəsindən çatlayan güzgü budu?
Gizlədir sevinci, sevgini, nəşəni,
Ruhların ayını,
Gözlərin günəşini...
Adamın üzünə çırpır qapqara buludu, can verən sükutu...

Göyləri bezdirən qərib ah kimi,
Üzüm güzgülərin gəlmir xoşuna.
Uçub gedəcəyəm dəli ruh kimi,
Çırpıb bu güzgünü yerin başına...

Çox gəzdim bir gilə sevinc tapmadım,
Yəqin mənə qədər tapıb gediblər.
Bu güzgü özüməm bəlkə, İlahi,
Dünyanın başına çırpıb gediblər...

01.04. 2020-ci il

Tənha qalmış evlərin pəncərəsi tərləmir

Bir zamanlar bu evin gur vaxtları var idi,
İşığa bələnmişdi, nur vaxtları var idi,
Dönürdülər başına, pir vaxtları var idi,
İndi başının üstə qara bulud hərlənir,-
Tənha qalmış evlərin pəncərəsi tərləmir.

Hanı o qaynar həyat, o uçuşan mələklər,
Bu həyəti cənnətə çevirən gül-çiçəklər,
Qapısı, bacasında at oynadır küləklər,
Zamanın girdabında daşa dəyib pərləri,-
Tənha qalmış evlərin pəncərəsi tərləmir.

Cənnət həyət-bacanı kol basıb meşə kimi,
Qızılgüllər boynunu qısıb bənövşə kimi,
Aynabəndi həsrətdən çatlayıb şüşə kimi,
Alabaş yetim qalıb, məsi damda girlənir,-
Tənha qalmış evlərin pəncərəsi tərləmir.

Bircə ayaq səsinə qulaq kəsilir qapı,
Yıxılır ayaq üstə, daha qalmayıb tabı,
Didib sökür bu evi kimsəsizlik əzabı,
Aqibətə diz çökür dirəkləri, tirləri,-
Tənha qalmış evlərin pəncərəsi tərləmir.

Saralmış divarları min illərin xəstəsi,
Tir-tir əsir damları, yoxa çıxıb istisi,
Od-ocağı sönübdü, kəsilibdi tüstüsü,
Yox bir insan nəfəsi, nə səs qalıb, nə səmir,-
Tənha qalmış evlərin pəncərəsi tərləmir...

PƏRVANƏ ÖMRÜ

Bircə günlük yaşamağa doğuldu,
Pərvanəydi,
qanad açıb uçdu o.
Ürəyinə eşq nağılı yığıldı,
Hər ötənə sevgidən söz açdı o.

Günəş kimi nur saçırdı ruh, bədən,
Surətinə aşiq olan çox idi.
Hara uçsa söz salırdı sevgidən,
Harayına qulaq verən yox idi

Əfsanəvi sevgisiylə dünyanın,
Ən qanadlı şeiriydi bəlkə də.
Fəqət,yoxdu dinləyəni, duyanı,
Pərvanələr şairiydi bəlkə də...

Nəhayət ki, dinləyəni tapıldı,
Kəpənək tək qanad açdı sözləri.
Danışdıqca xəyallara qapıldı,
Nur payladı, işıq saçdı gözləri.

Dinləyənin bitdi səbri, söylədi,
Əcəlini sevməyinə vuruldum.
Danışdığın bəs eyləyər bu günlük,
Üç gün sonra dinləyərəm, yoruldum.

Gün ötüşdü, dönmədi o bivəfa,
Axşam oldu, ümidini itirdi.
Qucaqladı öz şamını son dəfə,
Həyatını od içində bitirdi.

Nura bələn, işıq payla, sevin, gül,
Qəmdən böyük günah yoxdu dünyada,
Ömür elə yaşadığın gündü, bil,
Dünən ötdü, sabah yoxdu dünyada...

12.04.2020-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə