HÜMBƏT HƏSƏNOĞLU

23 il Nyu- Yorkda yaşadığı dövrdə burada onu təəccübləndirən çox şeylər olmuşdu, amma it dili kursları daha çox təəccübləndirmişdi?! O, elanda yazılmış telefona zəng edib soruşmuşdu da, bəlkə, itlərə hansısa təlimlərdən söhbət gedir? Demişdilər ki, təlim kursları deyil, məhz itlərlə danışmağı öyrədirlər. O, həyat yoldaşından çoxdan ayrılmışdı, uşaqları da yox idi. Bu nəhəng şəhərdə özünü tək hiss etməmək üçün o, zoomağazadan ingilis setterinin küçüyünü almışdı. Artıq Barninin altı yaşı vardı. İtlə heç bir problemi yox idi. Amma sevimli iti ilə danışmaq perspektivi onu çox həyəcanlandırmışdı. Bu da həmin ünvan: Atlantik avenyu, 237. İçəri girən kimi onu cavan bir oğlan qarşıladı:

- Sizə necə kömək edə bilərəm? - Bilirsiniz, məni it dili ilə bağlı kurslar maraqlandırır. - Lap yaxşı, mənimlə gəlin. Cavan oğlan onu dəhlizlə apardı və qapıların birinin qabağında dayanıb dedi:

- Əvvəl mən sizi mister Cozef Evansala görüşdürəcəm, o, bizim məsləhətçilərdən biridir. O, qapını döyüb əvvəl özü içəri keçdi, sonra onu dəvət etdi. Çox da böyük olmayan otaqda cənab Evans onları gülərüz qarşıladı, onunla əllə görüşüb oturmağı təklif etdi. Onu gətirən cavan oğlan sağollaşıb, çıxdı. - Buyurun, cənab... - Den Smit. - Cənab Smit, siz marağınızı səsləndirin, mən də sizə cavab verməyə çalışacam. - Sözün düzü, elanınızı oxuyanda çox təəccübləndim. Mənim də itim var, Barni. - Təəccübünüz başa düşüləndir, çünki bu tam yeni bir istiqamətdir. Bir az özümüz haqda: Firmamızın yaradıcısı və rəhbəri dünya şöhrətli kinoloq, professor Konnor Ellinqtondur. Siz bilirsiniz ki, alimlər başqa planetlərdə, qalaktikalarda həyat izləri, düşüncəsi olan məxluqlar axtarırlar. Kainata müxtəlif radiosiqnallar göndərirlər və nəhəng qəbuledicilər düzəldib kainatdan gələ biləcək siqnalları öyrənirlər. Buna hər il milyonlar xərcləyirlər, hələ heç bir nəticə də yoxdur. Rəhbərimiz cənab Ellinqton sadə bir məntiqdən çıxış edərək deyir; Qalaktikalarda şüurlu məxluqlar axtarana qədər gəlin uzaqda yox, elə yanımızda olan məxluqlarla ünsiyyət qurmağa çalışaq. Bəlkə, əvvəl itlərlə, pişiklərlə, digər heyvanlarla ünsiyyət quraq? Məsafəsi işıq illəri ilə ölçülən məkanlarda məxluqlar axtarana qədər, bəlkə, bizimlə bir evdə yaşayan heyvanlarla danışmağı öyrənək? Mister Ellinqton həyatını bu işə sərf edib, xüsusi proqramların köməyilə o, it dilinin sirrlərini açıb və bu firmanı təsis edərək müştərilərimizə it dilinin öyrədilməsini biznes əsasında həyata keçirir. - Siz müştərilərinizə hürməyi öyrədirsiniz? - Əlbəttə. Burada prinsipial bir məqam var. İş ondadır ki, heç bir heyvanın ağız- boğaz sistemi insan səsləri çıxartmaq qabiliyyətində deyil. Amma insanın nitq aparatı istənilən heyvan səslərini çıxara bilir. İnsan bir az məşq etsə, it kimi hürə bilər, pişik kimi miyoldaya bilər, qoyun kimi mələyə bilər və sairə. Cənab Ellinqton hesab edir ki, Yaradan insana bu qabiliyyəti verməklə təşəbbüsü də ona verib ki, heyvanlarla danışmağa məhz o başlasın! O, hesab edir ki, bəşəriyyət bu işdə çox gecikib. İnsan heyvanların hamısı ilə danışıb onları başa düşə bilsə, Yer kürəsində keyfiyyətcə yeni həyat başlayacaq. Heyvanlarla ünsiyyət sonsuz kəşflərlə yanaşı, bəşər inkişafını yeni səviyyəyə qaldıracaq. - Tutaq ki, mən it dilini öyrəndim, necə başa düşəcəyəm ki, itim də məni başa düşür? - Sualınız maraqlıdır, amma cavabı ondan da maraqlıdır. İş ondadır ki, itlər insanları çoxdan başa düşürlər. Sizin Barni, sizi çox gözəl başa düşür, bunu hürməklə sizə çatdırmaq da istəyir, təəssüf ki, siz onu hələ başa düşmürsüz. Cənab Ellinqton hesab edir ki, itlərlə ünsiyyət itlərdən çox insanlara lazımdır. Bu həm də sizə itinizlə ünsiyyətdə yeni imkanlar açacaq. Geri qayıdanda o, eşitdiklərini başa düşməyə çalışdı. O, açarı qapıya salan kimi Barninin hürməyini eşitdi. İçəri girən kimi Barni adəti üzrə qalxıb qabaq ayaqlarını onun döşünün üstünə qoydu! O, itin başını ikiəlli tutaraq onun gözlərinə baxıb dedi:

- Hə, Barni, deməli, sən məni həmişə başa düşürmüşsən! Dostum, hazır ol, bir neçə aydan sonra sənə suallarım olacaq, ilk olaraq bizim alt mərtəbədə yaşayan, sənin də başına fırlandığın it Arçi haqqında. Mən də onun gözəgəlimli sahibəsi ilə dil tapacağıma hələ də ümidliyəm.

Sumqayıt şəhəri

May ayı, 2020-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə