İstedadlı insanları qorumaq lazımdır

Uzun illərdir ki, məmləkətimizdə şeir yazanların sayı günü-gündən çoxalır. Əlbəttə, bu yazarların hamısı şair deyil və illər keçəndən sonra onlardan yalnız 10-15 nəfəri gələcək nəsillər üçün tarixdə şair kimi qalsa, bu da böyük işdir. Bəs onda şeir yazmağa adamlarda bu həvəs hardandır? Məgər şeir yazanların çoxu bunu bilmirlərmi ki, onların yazdığı şeir yox, sadəcə sözü sözə calamaqdır?.. Əlbəttə, onlardan bir hissəsi bunu bilir... Amma bilə-bilə elə-belə “müşqulat üçün” yazırlar. Bir hissəsi şənbazlıqdan, təki onlara da “şair” desinlər deyə yazırlar. Bir hissəsi də bekarşılıqdan yazırlar...

Amma bu qədər şeir yazanlar arasında istedadlı adamlar və gələcəkdə şair kimi tarixdə qalacaq insanlar doğrudan da çox azdır. Bəs bu çoxluğun içərisində həmin istedadlı adamları axtarıb tapmaq, onlara kömək etmək asandırmı? Əlbəttə, çətindir. Bununla əslində ədəbi tənqidçilər məşğul olmalıdır. Əfsus ki, bu gün yaxşı, peşəkar ədəbi tənqidçiləri də demək olar ki, barmaqla saymaq olar. Amma onların da bir qismi ona görə tənqidi yazılar yazmırlar ki, həmin yazıları çap etdirsələr də həmin yazıya görə qonarar ala bilmirlər. Bir hissəsi isə kiminsə yanında “pis adam” olmaq istəmirlər...

Beləliklə, çoxlu şeir yazanlar da, özlərini “dahi” şairlər adlandırırlar və günü-gündən də göbələk kimi çoxalırlar. Bu, təkcə poeziyada yox, nəsrdə də, dramaturgiyada da belədir. Məhz ona görə də əsl istedadlıları bu gün ortaya çıxarmaq çox çətinləşib...

Yaman çətinləşib... Ən çətini və dəhşətlisi isə odur ki, istedadsız adamlar pulları olduğuna görə cild-cild kitabalarını çap etdirir, amma istedadlı adamların pulu olmadığına görə yazdıqları elə vərəqlərdə qalır... Bax bu da, poeziya və ümumiyyətlə ədəbiyyatımızda gələcəyin böyük probleminə çevriləcək...

Bu yazımda sizə təqdim eləcəyim insanın yaradıcılığını mən artıq dörd ildir ki, izləyirəm. Onun həm şeirlərini, həm qəzəllərini oxuyuram. Özünün həm öz şeirlərini və həm də başqa şairlərin şeirlərini yüksək peşəkarlıqla söyləməsini eşidirəm. Və bu xanımın təkcə maraqlı şairə olduğuna yox, həm də gözəl qiraətçi olduğuna çox inanıram. Çünki onun həzin, çox melodik səslə, aydın diksiya ilə, sözaltı mənaları dəqiq tapmaqla, dediyi şeiri yüksək səviyyədə yaşamaqla, ona qulaq asan hər bir tamaşaçını yüksək peşəkarlıqla öz ardınca aparmağı bacarır.

Təsəvvür eləyin ki, ömrünün 50 ilini yazıçılığa, rejissuraya, aktyorluğa həsr eləyən və bu sahələrdə peşəkar təhsil alan məni də həmin xanım, çox asanlıqla tamaşaçıya çevirə bilir. Bu xanım çox istedadlı şairə və bədii qiraətçi Fatimə Əlihüseyndir. Fatimə xanımın başqa yazarlardan fərqi ondadır ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini yüksək qiymətlərlə bitirib. Deməli, ədəbiyyat sahəsində əsl mütəxəssisdir. Təkcə Azərbaycan poeziyasını yox, həm də dünya poeziyasını, ədəbiyyatını mükəmməl səviyyədə bilir. Lap gənc yaşlarından şeirləri və məqalələri dövrü mətbuatda çap olunmağa başlayıb. O, internet və radio kanallarında aparıcı kimi fəaliyyət göstərib. Müsahibələr aparıb. Klassik şairlərdən tutmuş müasirlərə kimi çoxlu şairlərin şeirlərini bədii qiraətçi kimi yüksək peşəkarlıqla radio dalğalarında səsləndirib. “Söz dəsgahı” adlı klassik musiqi və ədəbiyyat nümunələrindən ibarət konsert proqramının bir müddət layihə rəhbəri olub. Bu layihə də həmişə tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Çünki burada olan musiqilər və şeir nümunələri yüksək peşəkar səviyyədə olub. Onun şeirləri çox axıcı və melodik olduğuna görə bir neçə şeirinə hətta mahnılar da bəstələnib və bu gün də müğənnilər həmin mahnıları həvəslə ifa edirlər.
Bu gün mən də sizə Fatimə Əlihüseynin artıq yaşıl, uca çinar olan poeziya ağacından bir neçə yarpaq təqdim eləyirəm. İnanıram ki, onun bu poeziya nümunələri sizin də xoşunuza gələcək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

FATİMƏ ƏLİHÜSEYN

Sevdiyim, hicrin ilən dərdü məlal eyləmişəm...
Sənin eşqinlə nahaq zənni-xəyal eyləmişəm...

Bəs edər, bir bu qədər qəhrinə tab etdi könül,
İncimə, gör nə qədər zəhrini bal eyləmişəm?!

Mən ki, qəlb əhdini sərvətdə ilantək qorudum,
Gözü kor, nəfsi bütöv, nitqimi lal eyləmişəm...

Dərdim ittək qaparaq könlümü qəltan eləyib,
Gözümün yaşını öz dərdimə yal eyləmişəm!

Nə təsadüf, nə zərurət, "olan olmuş" deyəlim,
Qəmi "kəffarə" verib haqqı həlal eyləmişəm...

İstəməz Fatimə gəlmə, buna vardır səbəbi,
Şəmsə dostum demişəm , yarı hilal eyləmişəm...

***
Əlağa Vahidin qəzəlinə təxmis

Gəlmə sən, üstümə yarım, mən öləndən sonra!
Duya bilməzsən azarım mən öləndən sonra!

Su olub, ovcuna axdıqca itirdim izimi,
Sığınar torpağa arım, mən öləndən sonra!

Xəstəhal oldu qürur, saxta təkəbbürlər ilə,
Nəmə lazım bu vüqarım , mən öləndən sonra ?!

Azuqəm , kirli günahlardır alıb xurcunuma,
Yığmışam, vardı naharım , mən öləndən sonra...

Baş alıb, dəhri unutsam, tapacam ruhə şəfa,
Bəlkə, xoş oldu güzarım mən öləndən sonra ?!

Fatimə qəm eləməz, ömrünü nakəm yaşayıb...
Qalacaqdır qoşa barım, mən öləndən sonra!

****************

(Satiralar)

Gizlənir künci-bucaq indi əlimdən tərəzi,
Bilmirəm neyləmişəm vardı mənimlə qərəzi.
İştahımla bacara bilmirəm Allah,nə edim?
Tərgidə bilsə idim, görməmiş oğlu, mərəzi!
Sübhü yağ-bal ilə açdımmı, günortayə gərək,
Bol çığırdım toyuğu, üstü yumurta giləzi.
Təzyiqim var(ı) deyə, dəmli çayı, tünd edirəm,
Məcburam indi yeyəm, şirni-noğulla, çərəzi.
Tirnajor da edəcəm, makyajımı qoy bitirim,
Gözlərim yolda qalıb, gəlməlidir indi Məzi.
Razı saldım Məzini, evliliyi qeyd edirik,
Restoran ünvanı da, metromuz Aslanov Həzi.
Şadlığım göz çıxarır, bax, çəkə bilmir nə edim?
Bir əyağ üstünə çıxsam, öləcəkdir tərəzi!
Fatimə hər nə görüb, yazmağa istəkli olub,
Bir də ilhamı deyir: "bax, əruzun yox əvəzi!".

*Trenajor

***

Heyf olub aqibəti , təhsilimiz zaydı bu gün ...
Kəsb edən elm ilə məntiqi, çox az saydı bu gün !

Satılan qiymətin üstündə müəllim şərəfi,
Alınan diplomun əlaçısı, daydaydı bu gün !

Həkimin yanlışını, hakimi ört-basdır edən ,
Kasıbın zümsüməsi ağıdı,lay-laydı bu gün ...

Hələ Quran buyurub , "tədris ibadətdən əzəl",
Ki, təmənnasız edən, cənnət üçün paydı bu gün !

Yetimin qismətini gizli bölənlər ucalır,
Haqqı kim söyləsə, gər caniyə həmtaydı bu gün !

Nə deyim, bilmirəm artıq bu məarif növünə ,
Bu gedişlə görünür, halımıza vaydı bu gün !

Fatimə ,sözsüz aşıq ,burda na-nay-nay oxuyar,
Televizorda da zatən ,"na-na-nay-nay"dı bu gün!

***

Bayaqdan,baxıram mavi dənizə,
Xəyalımda durulursan, sulartək...
Bu varlıqda mənlə yoxsan, üz-üzə,
Dənizdənmi küsüm,yoxsa ki, səndən?

Sənindi köksümdə döyünən eşqim,
Bir zaman sevginlə öyünən eşqim,
Dənizin suyuyla yuyunan eşqim,
Dənizdənmi küsüm,yoxsa ki, səndən?

Yalan sevgiləri dəniz həzz alır ,
Coşğun dalğalarla alqışlamaqdan ...
Daha səbrim daşıb danışmamaqdan,
Həm dənizdən küsdüm, həm də ki səndən .

***

Bölürəm bu mehrin hesabatını...
Ağı sənin olsun, qarası mənim...
Rahat ol, ziyanı özüm ödərəm,
Ahı sənin olsun, bəlası mənim!...

Bir də ayağına qayıtmaz geri...
Qoymam o ümiddən birin də diri!
Canın ağrımasın, qoparsa biri,
Qaysaq sənin olsun, yarası mənim...

Gedirsən, arxana dönmə, dayanma!
Min dəfə yandığın alovda yanma!
Deyirdin: "Sənindir bu ömrüm" amma,
Bilmədim "o ömrün " harası mənim...

19.07.2018...
***

Bütün insanların üzünü gəzib,
Düşürəm anamın dizinə yenə...
Deyirəm: "Bağışla,sən haqlı idin",
Gəlmişəm, kor-peşman sözünə yenə...
Böcəyəm, qurumlu tora düşmüşəm,
Şərab tiyanına qora düşmüşəm,
Bilmirəm, gözündən hara düşmüşəm,
Yer ve , yuxu olum gözünə yenə...

Əlimin duzunu gölə satmışam,
Sözümün düzünü yelə satmışam,
Yolumun izini çölə satmışam,
İzn ver yol alım, izinə yenə...

***

Torpaq, yuxu vaxtındı...
Ay bəxtəvər başına...
Bəm-bəyaz yorğan-döşək,
Sarılarsan qışına...
Nə üçdə alacağın,
Beşdə verəcəyin var...
Bircə ağ balıncında,
Röya görəcəyin var...
Mənsə dincə həsrətəm,
Üstüm unlu, qarnım ac,
Yuxu gözümdən incik,
Gözüm yuxuya möhtac...
Elə sənin dərdin də,
Ürəyimə bir yükdü...
Səninsə maşə Allah,
Səbrin necə böyükdü...
Pisləri yedizdirib,
Yaxşıları yeyirsən...
Hər fəsil bir təzə don,
Soyunur, geyinirsən...
Necə qınayım səni ?!
Ölənlə ölünməz ki...
Sinəndən qəlb çalınıb...
Can belə bölünməz ki !...
"Soyuqdur!"- demişdilər,
Axı torpağın üzü...
Harayına yetişir,
Bu soyuqluğun düzü...
Sancısını bağrına,
Basıb yatan torpağım!
Arzusu lal dilində,
Susub yatan torpağım!
Şəhid qanın köksünə,
Qısıb yatan torpağım!
Qara yellər aparsın,
Səni bir qara bağa...
Barı yuxunda qovuş,
Ürəyin Qarabağa....

02.10.2017....
***

İnsan ləpirləri çox olsun deyə,
Təbiət evinə ləpir gələn var...
Dünya boş olanda, gözəl görünmür,
Yeriyə-yüyürə, qəbir gələn var...

Gündüzlər günəşdən şən gülüşənlər,
Gecələr ay kimi çənə boğulur...
Bətndən taleyi düyün düşənlər,
Atalı-analı yetim doğulur...

Ürək süfrə deyil, nemət düzəsən...
Hər cana yanandan rəhm gəzəsən...
Yazıda nə varsa, çəkib dözəsən,
Təqvimə hər saat , səbr gələn var...

08.03.2018...

***

Bütün vədlərinin şəklini çəkib,
Asmışam qəlbimin divarlarından...
Mənə çiçəklərdən göl verəcəkdin...
Göl gözləyirəm....
Yox,gözləmirəm...Tək həvəsimsən...
Ömrünü mənimlə tən böləcəkdin...
Böl, gözləyirəm...
Yox, gözləmirəm....Bütöv bəsimsən...
Mənsiz oralarda bəs öləcəkdin?!
Öl, gözləyirəm...
Yoox, gözləmirəm...Sən nəfəsimsən...
Yenə deyinmə ki, dəcəlləşirəm...
Sənsiz əcəlimlə mən əlləşirəm...
Demişdin "darıxma", tez gələcəkdin...
Gəl, gözləyirəm....
Çox.... Gözləyirəm....

***

Ömür, külək kimi əs, get!
Yellən, yellənə bildikcə...
Belə, üzü cəhənnəmə,
Çöllən, çöllənə bildikcə!
Alovsuz , əjdaha olmaz!
Yalan sevgi , düha olmaz!
Toyuq ağlı baha olmaz...
Küllən, küllənə bildikcə!
Qazanarsan, itirərsən,
Üç qoyub, bir götürərsən,
Damla-damla gətirərsən,
Göllən, göllənə bildikcə!
Oğul-qızdan mürvət gözlə!
Qocalıqdan urvat gözlə!
Torpaqsansa, sərvət gözlə!
Bellən, bellənə bildikcə!
Fələk, yıxılmasın evin!
Sən, evlər yıxdıqca sevin!
Gizlən şüşəsində divin,
Şellən, şellənə bildikcə!
Qəminə qısılıb küsmə!
Xatiri, hörməti kəsmə!
Fatimə, arada susma...
Dillən, dillənə bildikcə...
----------

Eşqini şabah et, başıma yağdır...
Qoy, ellər toplayıb, yığa bilməsin!
Sinəmin altını təsxiri-kam et,
Qeyrisi oraya sığa bilməsin!

Tanrı məhəbbətə səsləyir bizi,
Zirvəyə aparır bu səsin izi...
Elə ucalaq ki, sevincimizi,
İblis də cəhd etsə boğa bilməsin...

Gəl, qəmi-kədəri, suya ötürək...
Vüsalı şip-şirin, kamə yetirək...
Gəl,elə bir əsər ruhə gətirək,
Analar beləsin doğa bilməsin!

14.04.2018....
***

Dərd etmə könül, qoy bu nağıl,
Gerçəyə qalsın...
Dildən qaba düşmüşsə noğul,
Milçəyə qalsın...
Gəl qəm yemə heç, dəhr aparır,
Gül camalından,
Müdrik görünüş, mərd oğul
Ağbirçəyə qalsın...
Rəbbin sənə ət'a eləmiş
Gör nə qədər şövq,
Şövqünlə alış, hər sabahın
Görcəyə qalsın...
Sən Allahı yar tut ki, o da,
təkdir əzəldən,
"Qismət budu!"de, yaz adını,
Bircəyə qalsın !

23.06.2017...

Yanıb, yelə sovrulmuşam...
Tapa bilsən, külümü tap...
Ruhum çəmənliyə mehman,
Tapa bilsən, gülümü tap...

Təbəssümüm qəmə əsir,
Fitnə taleyimə qəsr...
Əl uzatsam, əlim kəsir...
Tapa bilsən, əlimi tap...

Tanrı ətəyini çəkib,
Döyüb, kötəyini çəkib...
Vücudum dəryaya çöküb,
Tapa bilsən, ölümü tap...

30.06.2017...
***

Sadədən sadə...

İnsan, insana dərman...
İnsan insana dərddir...
Artıq olanda zəhər,
Az-az olanda qənddir...
Uyub köhnə tasına*,
Şənliyinə, yasına,
Oyna "zər " havasına,
Həyatın özü nərddir...
Tüstü bacadan uca,
Cavan qocadan uca,
Alçaq ucadan uca,
Tapmaca dolu fənddir...
Ağlayanda kirimək,
Qəmi-dərdi kürümək,
Asan deyil yerimək...
Hər tərəf bərə-bənddir...
Arayıb yetiyini,
Sayıq tut tətiyini...
Taparsan itiyini,
Dünya balaca kənddir...

1.12.2018...

*köhnə tas-dünya...

***

Tanrı , çağır yanına...
Bir gəlim... İstəyirəm!
Ağrı-acımı alan ,
Bir zülm istəyirəm!

Əzrailin şişində,
Fələyin tərs işində,
Vəhşi köpək dişində,
Bir ölüm istəyirəm...

Dəyib əhləd daşına,
Ruh qayıdar huşuna...
Kim yığılar başıma ?
Bir bilim istəyirəm...

Himindən laxlayana,
Kinimi saxlayana...
O gizli ağlayana,
Bir gülüm istəyirəm!

Tanrı, çağır yanına...
Bir gəlim... İstəyirəm...

23.01.2019...

***

Bu otaq nə soyuqdur...
Sanki, hörülüb buzdan...
Nəyi vardı,soyunub,
Libas geyinib tozdan...
Lampası yetim qalıb...
Çilçırağı sökülü,
Qanı qara adamtək,
Qaş-qabağı tökülü..
Tavanından asılıb,
Xatirələr köndələn,
Ordan intihar edən,
Arzulardı... köhnələn...
Çırpılaraq yerlərə,
Öləziyən diləklər,
Sürüm-sürüm,sürünüb,
Divarlarda iməklər...
Ayın nurunu içir,
Burda solan pərdələr,
Pərdələr də tarixi,
Səhnə-səhnə pərdələr...
Bir-birinə qarışır,
Burda hər gecə səslər,
Səslər xatirələrin ,
Ruhunu bura səslər..
Vağzalının sədası,
Ağ gəlinlik ədası,
Qoşa vuran ürəklər,
Doğulacaq mələklər...
Küləyin uğultusu,
Körpənin qığıltısı,
Sevincin qəhqəhəsi,
Ehtirasın həvəsi...
Onda günəş qədərdi,
Burda sevgi nəfəsi...
Sonra, sonra soyutdu,
Aralığa girənlər...
Pəncərədən, qapıdan,
Xoşbəxtliyə hürənlər...
Hopubdur hər küncünə ,
Ölü vicdan qoxusu
...
Bu otağı ağrıdır,
Gördüyü qan yuxusu ...
Bu otaq nə soyuqdur ?
Duaları üşüdər...
Üşüyən duaları,
Görən, Allah eşidər?!
***

Və indi nəfəsimi duyur qələmim,
Toxunur, sevgili barmaqlarına...
Yağdıqca köksünə yaşlar, dəftərin,
Can gəlir, boş qalmış varaqlarına...
Necə də qayğıkeş, rəhmliymişsən...
Sayəndə bir ürək olsa da viran,
Bir qələm, bir dəftər, etdin firavan ...
Deyirəm,sağ ol ...
Təklik ölüm deyil, qəribsəməsəm...
Hər doğan sabahda,qürubsamasam ...
İnan, milyon dəfə yazardım sənə,
Belə yerli-yersiz qürursamasam...
Yadıma həyatın sınağı düşür...
Bir elin, obanın qınağı düşür,
Deyirəm,sağ ol...
Yenə içimdəki qadını gömər,
Çölümdə daş olar, odun olaram ...
Mən sahib çıxaram xatirələrə,
Düşünmə,sənintək yadın olaram ...
O yollar, o izlər özümə qalsın...
Qovurduğun közlər, özümə qalsın ...
Zatən əzəl gündən şeir sevmirdin,
Deyəcəyim sözlər ,özümə qalsın...
Deyirəm, sağ ol...

Bütün xəbərlər Facebook səhifəmizdə