REDAKSİYADAN
Özünün dəst-xətti olan, az bir vaxtda bədii yaradıcılıqda böyük uğurlar əldə edən, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Lilpar xanım Cəmşidqızı 1965-ci ilin dekabr ayının 31-də Bərdə rayonunda məşhur aşıq Cəmşid kişinin ailəsində anadan olub. Orta təhsilini Bərdə rayonunda alıb və 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-Texnologiya fakültəsinə qəbul olub, 1992-ci ildə isə bu institutu müvəfəqqiyyətlə bitirib. Hal-hazırda Sumqayıt şəhərində yaşayır. Uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. İki övladı var. Böyük qızı Könül Xanlar qızı Hüseynli 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. Ali təhsillidir, ailəlidir və iki övladı var. Turizm sahəsində çalışır. Kiçik qızı Leyla Xanlar qızı Abdurəhmanova 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. Ali təhsillidir və həmçinin Azərbaycan Turizm və Menecment Universitetində magistr təhsili alıb. Bununla yanaşı turizm sahəsində on ildən çoxdur ki, fəaliyyət göstərir.
Lilpar xanım doğrudan çox zəhmətkeşdir. Demək olar ki, hər gün şeir, qəzəl yazır və onun yaradıcılığı bulaq kimi qaynayır. O, səkkiz kitab müəllifidir. Onlardan biri “Divan” kitabıdır. Divan yazmaq isə hər şairə nəsib olmur. Lilpar xanımın kitablarının hamısı oxucular tərəfindən çox maraqla qarşılanıb.
Biz, redaksiyanın kollektivi olaraq Lilpar xanımı ad günü münasibətilə təbrik edib, oxuculara onun yeni qəzəllərini təqdim edirik. İnanırıq ki, bu qəzəlləri də əvvəlkilər kimi maraqla qarşılanacaq.

Lilpar CƏMŞİDQIZI

QƏZƏL

Nə qədər şükr eləsəm, mən bu şəfa sahibinə,
Yetişər hər diləyim, çünki dəva sahibinə.

Qəmi aləmdə Xuda, sevdiyi insanə verər,
Göndərər möhnəti, həm dərdi cəfa sahibinə.

Bu könül nalə çəkən qəmli kamandır sanki,
Dönüb artıq ürəyim, indi nəva sahibinə.

Daranıb, güzgülənər nuri-cəmalında Günəş,
Əyər öz qəddini gülşən də səfa sahibinə.

Yeri, həm mavi səma cismini Allah yaradıb,
Nəfəs aldıqca da şükr eylə həva sahibinə.

Yaradıb Tanrı ki, öz nəfsinə hakim olasan,
Verəcək ruzi mələk, onda vəfa sahibinə.

Çalışıb, ömrünü zəhmətlə keçirsən, Lilpar,
Dönəcəksən o zaman, Yerdə yuva sahibinə.

QƏZƏL

Ey dil, sənə işgəncə verən yarə, görünmür,
Hər gün sıxılırsan, bu qəmin Yarə görünmür.

Çəkdin nə qədər möhnəti, dərdin çoxalıbdır,
Köksündə qalıbdır ürəyin parə, görünmür.

Sevdayə düşəndən, səni həsrət üzüb artıq,
Getmiş neçə illərdi o mehparə, görünmür.

Vermiş yenə öz könlünü bir xarə qızılgül,
Əfğan eləyən bülbülə, gülzarə görünmür.

Şəm'in odu yandırdığı yerdən kül üfürdüm,
Pərvanə düşübdür elə bir narə, görünmür.

Bilməm, bu vəfasızlığa könlüm necə dözsün?
Yarım nə zamandır gedib əğyarə, görünmür.

YaRəbbi, cəmalında Günəş, Ay doğur, ancaq,
Zülmətdi bu ömrüm mənə, Lilparə, görünmür.

QƏZƏL

Rəsmin çəkilib didəmə, gözdən çıxa bilmir,
Həsrət məni ağlatmasa, izdən çıxa bilmir.

Yəqin eləmişdim isidər könlümü eşqin,
Od tutmadı, ancaq yenə közdən çıxa bilmir.

Yarım qayıdıb gəlmədi, Leyla kimi soldum,
Aşiqdir o məcnunluğa, düzdən çıxa bilmir.

Ruhum dağılıb aləmə, köksüm yenə boşdur,
Əl verməsə qəlbim ona, dizdən çıxa bilmir.

Gəl gör necə tənha dolaşır burda nigarın,
Qəmlər yığılıb xanəmə, bizdən çıxa bilmir.

Baxsan da, görünməz suyun altında olanlar,
Toplanmasa mirvari, dənizdən çıxa bilmir.

Mənalı qəzəl şairə şöhrətdi, a Lilpar,
Fikrin səni ləngitməsə, sözdən çıxa bilmir.

QƏZƏL

Sərf eyləyir öz ömrünü insan yaşamaqçün,
Yoxdan yaradıb aləmi Rəhman, yaşamaqçün.

Hər kəs gərək öz sağlığının qeydinə qalsın,
İnsanə kömək olmaya dərman yaşamaqçün.

Qismət yazılıb hər kəsə, Allah tərəfindən,
Bir həb verə bilməz ona loğman yaşamaqçün.

Xəlq eyləyən insanı bu dünyayə gətirmiş,
Olmuş bəşəriyyət belə mehman, yaşamaqçün.

Ruhun yorulandan sora cismin kara gəlməz,
Sağlamlığın öz rəhnidir idman yaşamaqçün.

Vermiş doğulan bəndəyə öz ruzisin Allah,
Aləmdə yaratmış ona imkan, yaşamaqçün.

Lilpar, nəyə lazımdır imarət, qəfəs olsun,
Tək xanədi bir bəndəyə ünvan, yaşamaqçün.

QƏZƏL

Ayrılıq, həsrət gələndən intizarım bitməyir,
Ahu naləm ərşə çatmış, Yarə neyçün yetməyir?

Xəstə könlüm tək qalandan susmayır axşam-səhər,
Yolçu yoldan dönməz, ey dil, ağrılar ləngitməyir.

Sevgi umdum, əl uzatdım, hey diləndim eşqi mən,
Kim bilir, əzbər bu dərsin qaydasın, öyrətməyir.

Verdiyin şəfqət, nəvaziş bəs deyil, vüslət gətir,
Bal süzürsən dildən, ancaq eşqə şərbət "yetməyir".

Xarə uymuş, bir saralmış gül budaqdan boylanır,
Gəlməyir, küsmüş gülündən, bağə bülbül, ötməyir.

Sakin oldum bir qaranlıq aləmin, çəkdim qəmin,
Ağlamaqdan nuri getmiş, gözlərim incitməyir.

Zəngin oldun sözlə, Lilpar, sadə ismin parlayır,
Qarə bir xal düşsə, bir gün ağ vərəqdən getməyir.

QƏZƏL

Unutmusan, xəyalım gözündə köhnəlibdi,
Mənimlə bağlı söhbət, sözün də köhnəlibdi.

Yadında qalmayıbdır o eşqə düşdüyün gün?
Alışmayırsan artıq, közün də köhnəlibdi.

Əlimdə fırça rəngin, alıbdı günbatandan,
Vərəq solubdu yox eskizin də, köhnəlibdi.

Divarda bir şəkil var, çıxıbdı ramkasından,
Donub qalan təbəssüm üzündə köhnəlibdi.

Haçan gedib-gəlibsən, çıxarmısan yadından,
Yol etdiyin cığırlar, izin də köhnəlibdi.

Cavanlığın əlindən ötüb gedib, qayıtmır,
Ayaqların aparmır, dizin də köhnəlibdi.

Nə məktubun qalıbdır, nə xaturən, a Lilpar,
O yazdığın sətirlər, özündə köhnəlibdi.

QƏZƏL

Külək əsir, budağından qopub düşür yerə bar,
Görən gəlib dəli qıztək nə istəyir giləvar?

Gözəllərin arasından seçib dərir onu tək,
Tutanda sırğalarından, gülümsəyir gilənar.

Həyətdə bir çala qazdım, ağac əkim yerinə,
Edim gərək ona qulluq, görüm verəndə nübar.

Mixəkli çay süzə çaydan, könül coşar yenə də,
Od atmışam, sönə bilməz, mızıldayır samovar.

Qəzənfərin səsi gəlsin, Şikəstə, Şur oxusun,
Muğam çalır qoşa durmuş kamanladır yenə tar.

Zəfər çalıb mənim ordum, şəhidlərim uyusun,
Gücün alıb Qarabağdan, gözəlləşir bu diyar.

Şeirlərin sənə, Lilpar, şərəflə şan gətirib,
Gözəl qəzəl yaza bilsən, bu şöhrətin çoxalar.

QƏZƏL

Pünhan elədim dərdimi dildarə, mənimdir,
Faş eyləmədim sirrimi simsarə, mənimdir.

Loğman, məni bimar eləyən halımı göstər,
Bilsin bu könül, qan axıdan yarə mənimdir.

Hər gün çəkirəm ağrını, qəlbim vecə gəlmir,
Yarım da bilir qəm yığılan, parə mənimdir.

Canan özü dərmanı verər xəstəyə bir gün,
Yəqin edəcəkdir qəmə bir çarə, mənimdir.

Bülbül kimi əfğan elədim hər səhər-axşam,
Gülzarə dedim, gül dolaşıb xarə, mənimdir.

Bir yarə güvəndim, saralıb, soldu bu çöhrəm,
Qurban elədim ömrümü mehparə, mənimdir.

Gizlətsədə öz dərdini, canan bilir artıq,
Göndərdi mələklər dedi Lilparə, mənimdir.

QƏZƏL

Bu qarlı qış ötər keçər, sonunda bir bahar gələr,
Tumurcuq olsa arzular, çiçəkləyəndə yar gələr.

Ümidlərim saralmamış, vüsalə tez çatım, gərək,
O dəm gözümdə xatirəm də güzgüdən çıxar gələr.

Gələndə qismət oynayar bu tozlu yolda min kərə,
Qovuşmayanda ayrılıq və həsrətin yıxar gələr.

Günüm, ayım pıçıldayar bulaq gözündə ömrümün,
Qalar sınıq xəyalımın, dibində su axar, gələr.

Alovlanan məhəbbətin könül külündə fırlanar,
Alışdığımda sevgidən, köz ayrılar, yaxar gələr.

Günəşlə Yer top oynadar, göyün üzündə hər səhər,
Çiçək telində şeh durar, bulud gözün sıxar, gələr.

Qəzəl yazanda Lilparın, düşünmə, ruhu dincəlir,
Ötənlərin, keçənlərin dalınca hey baxar, gələr.

QƏZƏL

Tarix boyu xoş günlə bərabər də kədər var,
Çıxdıq o savaşdan, gülürük, çünki Zəfər var.

Könlüm yenə pərvaz eləyir, Azəribaycan,
Qoynunda gözəl Sumqayıtım, doğma şəhər var.

Gündüz-gecə mirvari sular köksünü oxşar,
Xırçın ləpələr yırğalayan, mavi Xəzər var.

Sahildə bitən meynəsi qumdan şirə çəkmiş,
Əncir ağacından yığılan çoxlu bəhər var.

Zülmət gecənin dan yeri bətnində doğulmaz,
Ancaq, yenə şükr eyləyirik, sonda səhər var.

Hər can deyən aləmdə sənin qədrini bilməz,
"Qoynunda ilan bəsləmə", ağzında zəhər var.

Xoş halına şair kimi aləmdə tanındın,
Lilpar, nə qədər yazmadığın türfə əsər var.

Sumqayıt şəhəri

Bütün xəbərlər Facebook səhifəmizdə