Azadlığın, abadlığın mübarək, ZƏNGİLAN! - TƏHLİL

Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu ərazidə sərt quruluşa malik sıldırımlı qayaları özünə məskən seçən Zəngilanın əlindən alınmış əzəmətini düz iki il öncə qaytardı ona Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Milli Ordumuz.

Hələ qədim dövrlərdən üzü bəri bağrından axan çayların əmələ gətirdiyi dərin dərələrdən, Oxçu və Bərgüşad çayları arasında füsunkar Süsən dağı silsiləsindən, bu silsilədən cənub-şərqə doğru enərək qarşıda uzanan ucsuz-bucaqsız Ağoyuq düzündən, şimal-şərqində Qarabağ silsiləsi və bu silsilənin getdikcə alçalaraq əmələ gətirdiyi Geyən çölündən, ümumilikdə bir füsunkarlıq abidəsi Zəngilandan düşmən ayağı kəsildi. Dünyada ll, Avropada l nadir çinar meşələrindən neçəsinə köksündə yer verən çinarlar diyarı, dağ vüqarlı, çinar əzəmətli Zəngilanın hüriyyəti özünə qaytarıldı. Dağlıq hissələrində 1800-2000 metr hündürlükdə olan enliyarpaqlı meşələrindən aşağıya doğru endikcə subalp və alp çəmənlikləri ilə təbiətin özünün özünə meydan oxuduğu bir möcüzənin fonunda 20 oktyabr möcüzəsi baş verdi, Zəngilan azad oldu.

Tarixin özü Zəngilan

Azərbaycanın hər qarış torpağı tarixdir, qədimdir, əsrlərin o üzüdü. Elə Zəngilan da. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Zəngilan şəhəri dedikdə, əslində Pircavan şəhəri nəzərdə tutulmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan, yaxud da Pirçivan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin sözün kökündə “Pir” sözü olduğu üçün tariximizi təhrif etmək məqsədi ilə rayоna 1930-cu ildə Zəngilan adı verilmişdir. İlk adı Pircavan оlan bu şəhər isə yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır və 1967-ci ildə hazırkı Zəngilan şəhərinə şəhər statusu verilmişdir.

Zəngilanın qədim Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsi, Məmmədbəyli türbəsi, XIV əsr Hacallı dairəvi bürcü, Yenikənd sərdabəsi, XVII – XVIII əsrlərə aid, Səfəvilər dövründə tikilməsi güman edilən Zəngilan şəhər məscidi, xalq arasında Qız qalası da adlandırılan Bartaz qız qalası, muzeyləri, Koroğlu daşının hər biri tarixin minilliklərindən xəbər verir, Zəngilanın qədimliyini təsdiqləyir. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağ sahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru ərazidə salınıb. Bu şəhərin özünün bir çox qədim məhəllələri vardır. Çeşməgözlü, Köhnə Pirçivan, Məscid düzü, Şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, Çala dərə, Üst məhəllə... Hər biri bir tarixi yerlə, tarixi hadisə ilə bağlı məhəllələr... Tarixin özü...

Yerinə yetirilən vəd

Sovet quruluşunun həyatımıza daxil olması ilə tariximizin təhrif olunması Zəngilanın da tale payı olmuşdur. Sovet quruluşunun bərqərar olduğu 70 ildə rayonun ərazi vahidində dəyişiklik olmuş, Zəngilan bir neçə dəfə Qubadlının, Qubadlı Zəngilanın tərkibinə daxil edilmişdir. Bu dəyişikliklərin heç biri Azərbaycanın tarixi əraziləri üçün bir mahiyyət kəsb etməsə də, imperiyanın gələcək planlarında özünəməxsus yer tutmuşdur. Elə 70 ilin sonlarında Zəngilanın da Qarabağ və digər rayonlarımız kimi işğalın qurbanına çevrilməsi də illərin işğalçılıq planlarının həyata keçirilməsinin vaxtının çatdığının göstəricisi idi. Bu plan 1993-cü ildə baş tutmuşdu. Günahsız insanlar öz dədə-baba yurdlarından zorla çıxarılmış, evləri dağıdılmış, ata-babalarının uyuduqları qəbiristanlıqlar məhv edilmişdir. Bölgənin bütün tarixi abidələri, məscidləri nankor ermənilərin qurbanlarına çevrilmişdir.

İnsan o zaman qədirbilən olur ki, onun kökü, xalqı, milləti ilə bağlı dəyərləri olur. Bu dəyərləri qorumaq isə özünün gözlərini qorumaq qədər vacib olur. Xalq yox, tayfa, millət yox azlıq, kök yox, yalançı gövdələrdən ibarət ermənilərdən, sözün həqiqi mənasında, bundan fərqli nə isə gözləmək də olmazdı. Nəticədə isə 27 il idi ki, zəngilanlılar yurd həsrəti ilə alışıb, yanırdılar. 27 il idi ki, onlar yurd yerlərinin sakini yox, qonağı idilər: yuxularında Zəngilanda olmaqla, xəyallarında Zəngilanı qurmaqla...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev:“Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”.

Azadlığın mübarək, Zəngilan!

2020-ci il oktyabr ayının 20-si bütün zəngilanlıların sanki yenidən dünyaya gəldikləri gündür, doğum günləridir. 27 illik həsrətin vüsal günüdür. Bu gün 27 il axıdılan göz yaşlarının sevinc göz yaşlarına çevrildiyi gündür. Tək zəngilanlılar üçün yox, bu gün bütün azərbaycanlılar üçün əziz və unudulmaz gündür. Çünki torpağımızın bir hissəsi, canımızın bir parçası, düşmən əlində olan övladımız azad olunub. Bu xəbəri xalqına verən insandan xoşbəxt insan varmı? Bu insan xoşbəxtliyi bütöv Azərbaycan qədər haqq edən Ali Baş Komandanımızdır. Cənab İlham Əliyevdən iki il öncə tarixə yazılan şad xəbər: “İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram.

Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı.

Cəbrayıl rayonu - azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli.

Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!”

Bu gün Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Abadlığın mübarək, Zəngilan!

2020-ci ildə Qarabağda tarixi qələbəmiz əldə olunandan dərhal sonra bu torpaqlarda abadlıq, quruculuq işlərinə başlanıldı. Sahiblərinin yurdlarına qayıtmaları üçün bir dəqiqə də vaxt itirmək olmazdı. Çünki işlər nə qədər sürətlə həyata keçirilərsə, böyük qayıdış da bir o qədər tez olar.

Zəfərdən sonra Zəngilanda tikintisi həyata keçirilən böyük obyektlərdən biri Beynəlxalq Hava Limanıdır. Uçuş zolağının uzunluğu 3000, eni isə 60 metr olacaq bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək. Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edəcək. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Zəngilan rayonunda böyük tarixi əhəmiyyətə malik olacaq İşğal və Zəfər muzeyləri kompleksi yaradılır ki, bu, İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntıları əks etdirən Memorial Parkdan ibarət olacaq.

Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin əsas məqsədi müharibənin ətraf mühitə dağıdıcı təsirləri barədə məlumatlılığı artırmaqdır. Layihə hazırlanarkən dayanıqlılığın müxtəlif aspektləri həm landşaft, həm də bina dizaynı üçün nəzərə alınıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq hədəflənib.

İşğal Muzeyi düşmənin işğalı zamanı şəhərin və bölgənin məruz qaldığı vandallığın əyani surətdə nümayiş etdirilməsi məqsədi daşıyır. Zəngilan şəhərinin müəyyən hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında muzey kimi nümayiş etdirilməsi nəzərdə tutulub.

Zəngilan Zəfər Muzeyi Azərbaycan xalqının və şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən kompleks, həmçinin qazanılmış Qələbəni müasir təqdimat metodları ilə insanlara çatdıran məkan olacaq. Zəfər Muzeyinin binasının çinar meşəsini xatırladacaq fasadı dünyada sahəsinə görə ikinci ən böyük təbii çinar meşəsi olan Zəngilan meşələrinə həsr olunacaq.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Zəfər Muzeyi binasının yanında qəhrəmanlarımızın adlarının qeyd olunduğu beton hasar formasında “Memorial lövhə” yaradılacaq.

Hər iki muzey Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə nail olan Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər müharibə meydanında qazandığımız Zəfərin tikinti meydanında davam etdirildiyinin göstəricisi oldu. Bu möhtəşəm layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə innovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikilib ağalıların istifadəsinə verilməsi və elə buradan Böyük Qayıdışın başlanması da qələbəmiz üzərinə yeni bir qələbə sevincini əlavə etdi. Dövlətimizin başçısının dediyi kimi: “Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”.

Bu ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan şəhərində olarkən şəhərin Baş planı ilə də tanış olmuşlar. Dövlətimizin başçısına məlumat verilmişdir ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Layihəyə əsasən, Zəngilan şəhəri beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcək. Belə ki, Araz vadisinin yaxınlığında, həm Zəngəzur nəqliyyat dəhlizindən, həm də Zəngilan Beynəlxalq Hava Limanından cəmi 10 kilometr məsafədə yenidən qurulacaq şəhər yaradılacaq əhəmiyyətli nəqliyyat şəbəkəsini müasir infrastrukturu ilə tamamlayacaq. Şəhərin strateji əhəmiyyəti nəzərə alınaraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsi nəzərdə tutulur.

Baş planın konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmaları təşkil edir. Gələcəyin şəhəri mənzərəli landşaftı, çayətrafı ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək. Şəhərin yerləşdiyi Oxçuçay çayının sahilində geniş parkın, həmçinin dağüstü parkın və daxili yaşıl dəhlizlərin salınması əhalinin asudə vaxtının səmərəli və maraqlı təşkili ilə yanaşı, təmiz ekoloji mühitin formalaşmasına imkan yaradacaq. Burada “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi isə Zəngilanın yaşayış üçün əlverişliliyini artıracaq, nəqliyyat sistemini ekoloji təmiz, müasir və davamlı edəcək, onu iqtisadiyyatın inkişafı baxımından region səviyyəsində nümunəvi şəhərə çevirəcək.

Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir. Belə ki, “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən Zəngilan məscidi yenidən inşa olunur.

Zəngilanda böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çayları ilə Zəngilan turizm üçün ən uyğun yerdir. Azadlığı ilə həm də abadlığına qovuşan rayonda insan əllərinin yaratdığı beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları, digər tikililər rayonun təbii gözəllikləri ilə harmoniya yaratdıqca Zəngilan böyük turizm məkanına çevriləcəkdir. Bir neçə ilə kimi tamamilə abadlığına qovuşan rayon təbii ki, qonaqlarını da qarşılayacaqdır. Rayona turist kimi gələnlər onun təbii gözəlliyindən zövq alacaq, nemətlərindən dadacaq, dünəni ilə bu gününü yaradılan muzeylərdən, qorunub saxlanılan tarixi həqiqətlərdən öyrənməklə ölkələrinə xoş təəssüratlarla qayıdacaqlar.

Azadlığın və abadlığın mübarəkdir, Zəngilan! Zəfərimizin töhfəsi, qürurumuzun ünvanı Zəngilan!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə