Torpaq - Vətən, Vətən - torpaq TƏHLİL

Cəmi altı hərfdən ibarət, lakin səslənməsində bütün dünyaya sığan məfhumdur torpaq. Dünyadır, dünyadakı neçə-neçə Vətəndir, məmləkətdir, yurddur, od-ocaqdır, el-obadır, ilk mənzilimiz, son mənzilimizdir torpaq... Dünyaya gəlib ilk qədəmlərimizi basdığımız yerdir torpaq. Üzərində ev tikib binə olduğumuz yurddur torpaq. Hər gün milyonlarının addımı sinəsinə məlhəm olan, yadını, doğmasını çox yaxşı tanıyan bənzərsiz varlıqdır torpaq. Torpağa bu qədər sevda nədir bizdə? Sözsüz torpaqdan yaranmışıq, bu, o səbəbdəndir. Torpaqsız nəfəs ala bilmirik. Torpaqsız yox kimiyik...

Torpaq anadır

Ana torpaq, ana Vətən... Bu sözlər çox tez-tez işlənir dilimizdə. Deməli, ana, torpaq, Vətən-hər üçü eyni mənanı, eyni doğmalığı ehtiva edir özündə. Bu səbəbdən də anamız bəzən torpaq, bəzən Vətən olur.

Torpaq anadır, bəli. Çünki ana qədər mehribandır, övladını qorumaq üçün mübarizəyə qatılandır, milyonların içərisində balasını tanıyandır. Torpaq anadır, bizi qoynuna alan, bəzən laylamızı çalan, nəfəsini, ətrini ciyərlərimizə çəkdiyimiz doğma anadır.

Torpaq doğrudan da anadır... Bizi bir anamız, bir də torpaq alır qoynuna. Bəzən anamız bizə yetişincə torpaq analıq edir bizə. Müharibələrdə gördüyümüz kimi. İkinci Vətən Müharibəsinin sazaqlı-soyuqlu 44 günündə erməni ilə torpaq mübarizəsində olan minlərlə övladlarımızın torpaq anaları yanlarında idi. Onların 30 il sonra Qarabağa gəlişini duymuşdu. 30 il qollarını özünə sarıb bükülmüş, küsüb yaşılını, gül-çiçəyini gizlədən torpaq bir payız günü bahar ömrünə qayıtmışdı. Açmışdı sinəsini doğmalarına, çünki onları addımlarından, qoxularından tanımışdı. Analıq edirdi əsgərimizə. Alırdı onları qoynuna, mühafizə edirdi, yorulub bir çimir edəndə başlarının altına yastıq olurdu. Sinəsi ana qucağı tək rahatlıq verirdi övladlarımıza.

Ondan-torpaqdan ötrü yollanmışdı minlərlə oğullarımız Qarabağa. Vətən adlı sevdamızın çağırışıyla minlərlə oğlunu almışdı sinəsi üstünə torpaq. 30 il işğal altında, düşmən tapdağı altında qüruru əzilən torpaq doğmasının pişvazına çıxmışdı. Ordumuz addım-addım irəlilədikcə 30 ilki qara yaylığını çıxarıb al-əlvan kəlağayı salırdı başına torpaq. Qoruyurdu övladlarını. Lakin müharibənin qanunları qanundur axı... İtkisiz, şəhidsiz, qazisiz, yaralısız müharibə olmur. Bombardmanlar torpağın bağrını yarırdısa da o, övladını düşünürdü, ona bir şey olmasını istəmirdi. Lakin bu mümkün deyildi. Anamızın-torpağın gözləri önündə şəhid verirdik hər saat. Torpaq anamız alırdı bizi qoynuna, ah-nalə edirdi, lay-lay çalırdı şəhidimizə. Yaylığını salırdı onun yaraları üzərinə. Biz anamıza yetişənədək torpaq anamızın gözlərindən sel axırdı yoxluğumuz üçün.

Müharibələr torpaq anamızın ən böyük qəmi-kədəridir. Çünki qoynundaca balasını itirir. Gözləri önündəcə övladını şəhid verir. Müharibələr də ki, əsrdən artıqdır ki, Azərbaycanın alın yazısıdır. Çünki erməni adlı qonşuluqdan kənar olmuş qonşumuz var. Gözü torpağımızda, iştahası sərvətlərimizdə olan qonşumuz var. Bu səbəbdən də torpaq müharibə, qırğın-qiyamət, gülləbaran, qandır ki, çəkir ciyərlərinə. Övladını itirir, lakin dik durmağı bacarır. Çünki o, bir anadır, analarımız kimi qürurlu anadır.

Torpaq şərəf, namusdur

Bəli, torpaq anamız kimi şərəfimiz, namusumuzdur. Biz ana-bacımızı necə göz bəbəyi kimi qoruyuruqsa, mühafizə ediriksə, torpaq da bizim üçün onlarla bir anlamdadır. O da bizim namusumuzdur. Elə bu səbəbdən də torpaqlarımız işğal altında qala bilməz. 30 il öncə şərəfin, namusun hərfi mənasını yetərincə dərk etməyənlərin qanlı, haram, murdar əlləri ilə satıldı torpaqlarımız yağı düşmənə. 30 ildi biz onların yanlış hərəkətlərinin utancını yaşayırdıq. Lakin 30-ların əvvəlində bu torpaqları geri almaq üçün heç bir gücümüz yox idi. Həmin səriştəsizlərin sayəsində ölkəmiz iqtisadi böhran içərisində çabalayırdı. Milli ordumuz yox idi. Müstəqilliyimiz bərpa etdiyimiz üçün sovet imperiyasının ən qatı düşməninə çevrilmişdik. Axı onlar 15 müttəfiqdən biri kimi, bizim də müstəqil olmağımızı, sərvətlərimizin əllərindən çıxmasını istəmirdilər. Elə buna görə də başımız olmazın bəlalarını çəkdi.

Torpaqlarımız 1928-ci ildə olduğu kimi planlı şəkildə anası Azərbaycandan qoparıldı. Xalq şərəf, namus savaşına qalxdı. Ölkədə Birinci Vətən Müharibəsi də elə bu səbəbdən başlandı. Lakin ordumuzun zəif təchizatı, rəhbərlik tərəfindən heç bir köməkliyin göstərilməməsi nəticəsində məğlub olduq. 20 faizdən çox torpağımızı itirməli olduq. Minlərlə şəhid verdik, minlərlə övladımız sağlamlığını itirib qazi kimi müharibədən qayıtdı, lakin torpaqlarımız da düşmənin əlində qaldı.

O vaxtdan 2020-ci ilə kimi bu torpaqların qaytarılması üçün əvvəlcə ümummilli liderimiz, daha sonra isə ulu öndərin siyasi və mənəvi varisi, ölkəmizin rəhbəri cənab İlham Əliyev tərəfindən beynəlxalq səviyyəli tədbirlər həyata keçirildi. Bütün dünyaya erməni haqsızlığı, Azərbaycan həqiqətləri çatdırıldı. Bütün beynəlxalq təşkilatlar qarşısında torpaqlarımızın işğalı ilə bağlı və onun həll olunması üçün məsələ qaldırıldı. Bütün dünya haqq səsimizə səs verməyə çağırıldı. Səsimizi eşidənlər oldu, həqiqətin kimin tərəfində olduğunu bilənlər oldu, lakin məsələnin həlli üçün qarşıya çıxan olmadı.

Ölkəmizin rəhbəri Qarabağ probleminin sülh yolu ilə həll olunmasına çalışdı. Çünki tarixə müraciət edilsə, görünər ki, Azərbaycan heç vaxt müharibə başlayan ölkə olmayıb. O, həmişə qonşuları ilə sülh, əmin-amanlıq şəraitində yaşamağa, onlarla qarşılıqlı münasibətlər yaratmağa çalışıb. Bu üzdən də torpaqlarımıza haqsız yerə sahib çıxmaq istəyənlərin də sakitliklə buradan çıxmasına çalışdıq. Lakin nəticəsi olmadı. Belə olan şəraitdə isə hərb yolu ilə torpaqlarımız geri alınmalı idi. Çünki bunu ölkəmizin başçısı bütün beynəlxalq təşkilatlar, dünya qarşısında bəyan etmişdi.

30 ildə torpaqlarımızın böyük cidd-cəhdlə geri qaytarılmasının başlıca səbəbi isə torpağın bizim üçün şərəf məsələsi, namusumuz olması idi. Buna görə də torpağımız düşmən əlində qala bilməzdi.

Torpaq üçün qan tökmək şərəfdir

İki il öncə ermənilər artıq yeni torpaqlar işğal etmək həvəsinə düşmüşdülər. Bu barədə 2020-ci ilin 27 sentyabrında-İkinci Vətən Müharibəsi başlanan gün dövlətimizin başçısı da xalqa müraciətində bildirmişdir: Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir.

Hələ 2020-ci ilin aprel ayında düşmən bu planını Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində həyata keçirməyə başlamışdı. Artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Burada ilk olaraq azərbaycanlı hərbçilərin həlak olması bu münaqişəni məhz ermənilərin başladığını təsdiq edən amildir.

Sözsüz ki, Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır.

Avqust ayında da ermənilər növbəti təxribata əl atdılar və bu dəfə də yerlərində oturduldular. Sentyabrda münaqişələr bir daha başlayandan isə artıq onları birdəfəlik susdurmağın vaxtı çatdığını ölkəmizin Prezidenti, Ali Baş Komandanımız əmr etdi və İkinci Vətən Müharibəsi başlandı. 44 gün çəkən bu müharibədə erməni ordusu demək olar ki, darmadağın edildi, çoxsaylı itki verdilər. Sonda məğlubiyyətləri ilə barışdılar və kapitulyasiya aktını imzaladılar. Azərbaycan 30 il əsarətdə qalan torpaqlarını erməninin caynaqlarından qoparıb aldı və Zəfər çaldı.

Torpaqlarımızın 30 illik susuzluğu şəhid qanı ilə təmin olundu. Minlərlə şəhidimizin qanı ilə suvarıldı bu torpaqlar. Yenidən cana gəlmək üçün suvarıldı, bizim olmaq üçün bu al qanı ciyərlərinə çəkdi. Torpaq dil açdı, dedi ki, torpaq, Vətən üçün şəhid olmaq şərəfdir. Torpağı düşməndən almaq şərəfdir. Balalarımızın yoxluğuna torpağın bu sözləri ilə təsəlli tapdıq. Qoy torpaq düşməndə qalmasın, namusumuz, şərəfimiz xilas olsun, dedik. Qoy balalarımız bu yolda şəhid olsun, dedik və başımızı dik tutduq, əyilmədik. Zəfərimizlə qürur duyduq.

Düşmən torpaqlarımızdakı məğlubiyyəti ilə barışa bilmir

2020-ci ilin 10 noyabr Bəyanatı ilə torpaqlarımızın bir qismi də azad olundu. Bəyanatın digər maddələrində nəzərdə tutulan məsələlərdən isə artıq iki ildir ki, düşmən boyun qaçırmağa çalışır. Ermənistanın bu hərəkətləri regionda sakitliyin, əmin-amanlığın bərpa olunmasını və kommunikasiyaların açılmasını istəmədiklərini sübut edir ki, bunun da səbəbləri var.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Artıq günlərdir ki, yuxarıda adıçəkilən istiqamətlərdə ordumuzun mövqeləri atəşə tutulur. Maraqlıdır, görəsən iki il öncə ordusu tamamilə tar-mar edilən Ermənistan yenidən özünə necə gəldi ki, yeni təxribatlara əl atmağa başlayıb? Sözsüz ki, yenə də havadarlarının dəstəyi onların meydana gəlməsinə səbəb olub. Yoxsa uzun illər lazım idi ki, onlar dirçələ bilsinlər.

Lakin ordumuzun layiqli cavabı nəticəsində düşmənin texnikası yenə də darmadağın edilib və çoxsaylı itki verib. Bütün bunlara baxmayaraq düşmən məğlubiyyətini qəbil etmək istəmir, sanki hansısa bir möcüzəyə inanırmış kimi münaqişələri davam etdirməyə cəhd göstərir.

Ermənistanda hazırda vəziyyət çox gərgindir. İnsanlar ayağa qalxıb haqsız yerə övladlarının ölümünə səbəb olanlardan haqlarını tələb edir, başlarına nə üçün bu oyunların açılmasının izahını istəyirlər.

Bir qrup qızışdırılıb ortalığa salınanlar isə təxribatdan əl çəkmir, başqasına məxsus torpaqlara olan iştahalarından vaz küçə bilmirlər.

Lakin anlamaq istəmirlər ki, bu dəfə də məğlubdurlar. Onların özlərinə bir daha gəlməsi üçün yenə də illər lazımdır. Çünki ordumuz tərəfindən lazımi cavab və dərs alıblar.

Torpaq - Vətən, Vətən-torpaq...

Torpaq Vətəndir, Vətən isə torpaqdır. Bu bir-birinə qırılmaz tellərlə bağlı olan iki varlıq hər zaman müdafiəsinə oğullarını səsləyir. Vətən sevdalı oğullar isə onların səsinə səs verir, daim müdafiəsində dayanır. Çünki Vətənsiz, torpaqsız həyat yoxdur. Olsa, nə mənası olar ki...

Torpaq üzərində qurulan Vətəndir bizi yaşadan. Ona olan sevgimiz, sevdamızdır bizi yaşadan. Canımızı fəda edib varlığını əbədi görmək istədiyimiz Vətənsiz yaşamaqmı olar?

Budur, sentyabrın 12-dən ermənilərin başladıqları təxribatlarda bu günə olan rəsmi məlumata əsasən 71 şəhidimiz var. Onların hər birinin ürəyində Vətən boyda torpaq eşqi var. O torpaq ki, onların namusu, şərəfidir. O torpaq ki, onsuz hər birimiz Vətənsiz qalarıq. Ona görə də bu gün hər birimiz ölməyə hazırıq. Ta ki Vətənimiz var olsun, ta ki torpaqlarımız tam olsun.

Vətən-torpaqdır, torpaq-Vətəndir. Biz bunlar olmadan yaşaya bilmərik. Odur ki, son nəfərimizədək, son qanımızadək Vətənlə, torpağımızlayıq. Düşmən bu sevgimizlə yerində oturdulacaq. Məğlubiyyətini ən sonda anlayıb geri çəkiləcək. Bütün dünya anlayacaq ki, torpaq, Vətən anlayışı bizim üçün müqəddəsdir. Bu müqəddəslik bu xalq var olduqca eyni müqəddəslikdə qalacaqdır.

Bu gün biz bir-birimizə nümunə olaraq bir yola çıxmışıq. Səfəvilər dövlətindən sonra torpaq məsələsinə ilk dəfə bizim nəsil toxunub. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qalxıb. Biz Ali Baş Komandanımızın, “dəmir yumruğ”un ətrafında elə birləşmişik ki, heç kim bizə güc gələ bilməz. Biz bir yola çıxmışıq. Bu yolun adı Zəfər yoludur. Zəfər yolunu sonadək getmək isə hər birimizin şərəf, namus işidir.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə