Apreldən maya, maydan iyula, iyuldan sentyabra - Zəfər yoluna... - TƏHLİL

Həmişə ermənilərdən bəhs edəndə bədnam, nankor qonşumuz kimi sözlərdən istifadə edirik. Lakin məntiqlə düşünəndə onları nə tarix, nə zaman, nə də məkan bizə qonşu edib. Onları biz özümüz-özümüzə qonşu etmişik. İnsanpərvərliyimiz, qonaqpərvərliyimiz başımızın bəlası olub. Bu köçəri şəklində yaşayan, günlərin bir günü bizə “ümid” gətirən tayfaya yazığımız gəldiyi üçün çörək, su verəndə, gecələməyə yer verəndə nə bilərdik ki, onlar bu torpaqları elə sevəcəklər ki, zaman-zaman yerləşməklə gələcək “qonşularımıza” çevriləcəklər. Əlbəttə, bilməzdik. Ağlımıza da gəlməzdi. Lakin ağlımıza gəlməyən başımıza gəldi. Onların Qafqazda planlı şəkildə yerləşdirilməsinə illər öncə qərar verənlərin əməlləri baş tutmuş və biz öz əlimizlə özümüzə nankor qonşular yaratmışdıq. Bu qonşuların xisləti isə özlərinə yer edəndən sonra ortaya çıxdı. Torpaq iştahası ilə yaşayan erməni tayfasının sən demə məqsədi dövlət yaratmaq, bu torpaqlara sahiblənməklə “Çəkilin, mənimdir” demək imiş. Buna nail oldular da. Ötən yüz ildə bizdən qopardıqları torpaqlardan gözləri doymadı. Nəhayət, 30 il əvvəl yeni iddialar irəli sürdülər. Onlara arxa olanlarla bizim AXCP-Müsavat cütlüyü əl, dil, iş birlyi ilə torpaqlarımızın 20 faizini də ermənilərə hədiyyə etdilər. Biz satılmış torpaqlarımız uğrunda uzun zaman döyüşdük, şəhidlərimiz, qazilərimiz oldu. Lakin torpaqlarımız da işğal olundu. Çünki onların müdafiəsi üçün dövlətimizdən kömək ala bilmədik. Onlar satdıqları torpaqlar üçün bizə yardım etməzdilər də axı...

Bu xalq torpağı namus hesab edir. Torpaqlarımız erməni işğalında qaldıqca yuxularımız şirin, başımız, qamətimiz dik ola bilməzdi. Biz özümüzdə güc hiss edən kimi o torpaqları geri almaq üçün ayağa qalxacaqdıq. 2016-ci ilin aprelində, 2018-ci ilin mayında, 2020-ci ilin iyulunda, 2020-ci ilin sentyabrında olduğu kimi. Və sən demə apreldən maya, maydan iyula, iyuldan sentyabra uzanan yolun sonunda Zəfər varmış. O Zəfər ki, itirdiyimiz generalımızla, minlərlə qurbanımız, yüzlərlə qazimizlə ona nail ola bildik.

İyul mayın, aprelin davamı idi

2020-ci ilin tarixi iyul günləri Böyük Zəfərə aparan yol idi. Bu yol öz başlanğıcını 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq dörd gün davam edən döyüşlərdən, 2018-ci il may ayının 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasında həyata keçirilən Günnüt əməliyyatından götürmüşdü. Bu yolun başlanğıcında biz artıq torpaqlarımızı işğaldan azad etməyə hazır olduğumuzu bəyan etmişdik. 30 ilin əvvəlində itirdiklərimizi 30 ilin tamamında geri almağa qalxmışdıq. İki 30 arasındakı zaman kəsiyi bu ölkəni əsarətdən müstəqilliyə, iqtisadi böhrandan inkişafa, ordu yoxluğundan ordu varlığına gətirib çıxarmışdı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bütün sahələrin inkişafı üçün hazırladığı konsepsiya sonrakı illərdə uğurlu nəticələri ilə ölkəmizi dirçəltmiş, ərazi bütövlüyümüz məsələsini gündəmə gətirmişdi. Son 18 ildə ölkədə gənc nəslin vətənpərvər ruhda böyüməsi, torpaqların işğalı səbəblərinin olduğu kimi anladılması onların hər birində o ruhu formalaşdırmışdı ki, Vətən üçün bir əmr yetər.

Aprel döyüşləri Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə, 1994-cü ildə atəşkəs haqqında imzalanan sazişdən bəri ən şiddətli döyüşlər idi. Hələ də düşüncələri 1990-cı illərdə qalan ermənilərin bu dəfə də üstünlük əldə etmə kimi yanlış fikirləri elə həmin dörd gündə alt-üst oldu. Döyüşlər Silahlı Qüvvələrimizin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.

Lakin düşmən düşmənliyində, tamahkar tamahkarlığında qalar, deyiblər. Erməni olasan, tamah dişini çəkib atasan, bu mümkün olan iş deyil. Həm də 1990-cı illərin havası yuxarıda da qeyd etdiyim kimi, bu tayfanı nədənsə tərk edə bilmirdi. Bu səbəbdən aradan dörd il ötəndən sonra yenidən baş qaldırdılar. Bu dəfə isə özlərinin də vurğuladıqları kimi, böyük hazırlıqla. 2020-ci ilin iyul ayının 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdular.

İyul iddiası

Yalan ermənilər üçün yaranmış sözdür, desəm, yanılmaram. Hər dəfə bir yalanla əməllərini ört-basdır etmək istəyən düşmən iyulda da bundan istifadə etdi. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə, “Azərbaycan hərbçiləri məlum olmayan səbəblərdən saat 12:30 radələrində “UAZ” markalı avtomobil ilə Ermənistanın dövlət sərhədini pozmağa cəhd göstəriblər. Ermənistan tərəfinin xəbərdarlığından sonra Azərbaycan hərbçiləri avtomobili Ermənistan mövqelərinə yaxın yerdə qoyaraq geri çəkiliblər və daha sonra saat 13:45 radələrində artilleriya atəşinə başlayıblar”.

Azərbaycan tərəfi bunu inkar edərək bildirib ki, “Azərbaycan Ordusu Ermənistanın dövlət sərhədini keçmək istəsə idi, bunu avtomobillərlə deyil, zirehli maşınlarla edərdi. Həmçinin, 2018-ci ildən etibarən Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonları ərazisində Ermənistanla dövlət sərhəddinə nəzarətin Müdafiə Nazirliyindən alınaraq Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi Azərbaycan Respublikasının Ermənistanla sərhəddə hər hansı hərbi məqsəd güdmədiyini təsdiq edir”.

12 iyulda Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyini müşahidə etmişdi ki, bu da Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasının sübutu kimi göstərilir. Döyüşlər Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başladı. Silahlı Qüvvələrimizin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid oldu, 5 nəfər yaralandı, onlardan biri daha sonra aldığı yaralardan dünyasını dəyişdi. Lakin Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Ermənistan Ordusunun şəxsi heyəti çoxsaylı itki vermişdi.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam etmiş, Azərbaycan tərəfinin məlumatına görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilmişdir. Azərbaycan Müdafiə Nazirliyi düşmənə qarşı cəza tədbirləri həyata keçirildiyini, qarşı tərəfin itkiləri barədə məlumatları gizlətdiyini qeyd etmişdir.

İyulun 13-də Tovuz istiqamətində tərəflərin bir-birinə qarşılıqlı zərbələr endirməsi yenə də davam etmişdir. Ermənistan kütləvi informasiya vasitələri Ermənistan hərbi bölmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumat yaysalar da, Azərbaycan Müdafiə Nazirliyi yayılan məlumatları təkzib edib və heç bir ərazi itkisinin olmadığını, mövqelərin əvvəlki qaydada qaldığını bildirmişdi. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutmuşdu.

Unudulmaz 12 iyul

12 iyul döyüşləri yaddaşımıza həm ağır, həm də silinməz hadisə ilə həkk olundu. Həmin gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuşdu. Erməni Ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçumuz da həlak oldu. Bu döyüşlərdə yaralananlarımız da var idi. Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak olmuşdu.

Biz torpaqlarımız-namusumuz uğrunda general-mayorumuzu, palkovnikimizi itirdik. Bununla sübut etdik ki, bu ölkədə sıravi əsgərdən tutmuş general- mayoradək hər kəs ərazi bütövlüyü uğrunda canından keçməyə hazırdır. Ta ki, Vətən tam olsun. Ta ki, əzəli torpaqlarımız, ata-baba yurdlarımız düşmən tapdağı altında qalmasın.

12 iyul hər bir azərbaycanlının qəlbində bir abidə ucaltdı. Bu abidə Polad Həşimov və İlqar Mirzəyev abidəsidir. Bu abidədə iyul döyüşlərində canından keçən bütün döyüşçülər bu iki yüksək rütbəli zabitimizin ətrafında birgə ucalıblar. Bu abidə elə bir abidədir ki, əsrlər sonra da torpaqlarımızın azadlığına gedən yolda xatırlanacaqdır. Onların əziz xatirəsi hər zaman anılacaq, gələcək nəsillərə qürurla danışılacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin günlər bildirdi: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.

Apreldən sentyabra-Zəfərə gedən yolda bu abidə həm də məşəl oldu. Həşimov və Mirzəyev bu məşəli əlləri ilə yandırıb bu yolu işıqlandırdılar. 44 günlük payızda əldə etdiyimiz Zəfər bu məşəllə işıqlandı, 44 günün hər bir şəhidi, qazisi bu məşəlin şölələrində əllərini isidib payızın sazağında, soyuğunda düşmənlə mübarizə apara bildilər.

Bu abidə ətrafına cəmi iki aydan sonra minlərlə şəhidi, yüzlərlə qazini topladı. Onlar abidədə dəmir yumruğa çevrildilər. Bütün dünyaya sübut etdilər ki, müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında cəmlənmiş yumruqlardır. Yeri gələndə düşmənin başına çırpılmağa hazır olan bu yumruqlar bir daha torpaqlarımızın bir qarışının belə itirilməsinə imkan verməyəcəkdir.

Hər iyul bir neçə gün davam edən ağır döyüşlərin fonunda 12 iyulu daha unudulmaz edir. Qürur günü-14 iyulu.

İyuldan sentyabra...

2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt döyüşləri qələbəsi ilə 2020-ci ilin Tovuz döyüşlərində ermənilərin gücsüzlüyünü ortaya qoydu, eləcə də Tovuz döyüşləri sentyabrda başlayacaq İkinci Vətən Müharibəsinə zəmin yaratdı. Artiq yeni torpaqlar iddiasında olan düşmənə bundan gözəl cavab ola bilməzdi. Ermənini yerində oturtmağın zamanı gəlib çıxmışdı. Onun özünü göylərdə sanan qanadlarının qırılmaq vaxtı yetişmişdi.

Aprel, may və iyul döyüşlərindən görünür ki, yetərincə dərs almayan düşmən sentyabr ayında yeni hücum əməliyyatlarına başlayanda bunu sübut etdirdi ki, bəli, o, həmin döyüşlərdən ibrət dərsi götürməyib. Belə olan təqdirdə isə onları yerlərində oturtmaqdan başqa çarə qalmadı. Sentyabrın 27-də Ali Baş Komandandan əmr alan Azərbaycan Silahlı Qüvvələri hücuma başladı. Birinci Vətən Müharibəsindən başlanan yol İkinci Vətən Müharibəsində başa çatdı. Bu yolun hər addımında maneə olan erməni cəmi 44 gün içərisində elə yerində oturduldu, elə diz çökdü ki, əsrlər sonra da özünə gələ, səsini çıxara, Azərbaycan torpaqlarına tərəf baxa bilməz.

Bəli, 44 günlük müharibə həm Birinci Vətən Müharibəsi, həm də aprel, may, iyul döyüşlərinin iştirakçılarının qisası ilə nəticələndi. Eyni zamanda minlərlə qaçqın, köçkün, didərgin adını illərlə üzərində daşıyan insanların intiqamını aldı düşməndən. Onların 30 ildə çəkdikləri torpaq həsrətinin, ata yurdu yanğısının, doğma ev-eşik nisğilinin səbəblərini cavablandırmağı tələb etdi düşməndən.

Düşmən tamahının, yalan və fırıldağının, qəddarlığının, illərdən bəri həyata keçirdiyi işğalçılıq siyasətinin, törətdiyi soyqırım və faciələrin hər birinin cavabını aldı. “Böyük Ermənistan” xülyası nəhayət ki, əsrlər sonra XXI əsrdə boşa çıxdı. Ermənistanın vətəndaşına tutduğu divan da meydana çıxdı. İnsanları zorla döyüşməyə vadar etdiklərinin, bunun üçün küçələrdən gəncləri, qadınları, qocaları zorla maşınlara yığlıb cəbhəyə göndərdiklərinin, bütün bunların isə burada yaşayanların etirazına səbəb olduğunun şahidi olsuq. Şahidi olduq ki, bu tayfa həqiqətən də yer üzündə görünməmiş vəhşi bir qəbiləymiş. 30 ildə daşı daş üstündə qoymadıqları rayonlarımızda gördük ki, onlar tək insan qatili deyil, həm də o insanların yurdlarının qatili imişlər.

Torpaqlarımız bir-bir azad olduqca, üçrəngli bayrağımız doğma torpaqlarımızda dalğalandıqca düşmənin bağrı çatladı, gözləri kor oldu. Anladı ki, yox, qarşısındakı heç də 90-cı illərdəki Azərbaycan deyil.

Zəfərli Azərbaycan

Bəli, yazı boyu da sadaladığım kimi, biz erməni vəhşiliyinin hər üzü ilə qarşılaşmışıq. Bu qarşılaşmaların hər birinin acı nəticələrini yaşamalı olmuşuq. Bu qonşuluqdan kənar olmuşların bütün sifətlərini görmüşük. Bütün gördüklərimiz fonunda onlara məğlubiyyət necə də yaraşır. Miskinlik, baş əymək, təslim olmaq sanki onlar üçün yaranmış qumaşdır. Bundan əyinlərinə biçilən don başqa bir yaraşıq verir onlara.

Başqasının torpağına 30 il sahiblənməyin, soyub-talamağın, dağıdıb viran qoymağın son nəticəsi belə olacaqdı. Oldu da. Düşmən yerində oturduldu. Ağır insan və texnika itkisi ilə geri çəkildi. Sentyabrın 27-də başlayan müharibə noyabrın 10-da onların ağ bayraq qaldırması ilə nəticələndi.

Biz Zəfər çaldıq. Son 300 ildə torpaq mücadiləsinin tək qalibi Ali Baş Komandanımızın ətrafında sıx birləşməyimiz, həmrəylik göstərməyimizlə, gənclərimizin Vətən sevgisi, əsgərimizin döyüş ruhu, evi dağıdılmış soydaşlarımızın alınlarını belə qırışdırmamaları ilə dünyaya kimliyimizi bəyan etdik. Bəyan etdik ki, ölkəmizə yad gözlə baxanın hər birinin son aqibəti belə ola bilər. Bəyan etdik ki, bu xalq üçün torpaq namusdur, şərəfdir. Biz şərəfimizi qoruduq, torpağımızı yad əllərdən geri aldıq. Onu anası Azərbaycana qovuşdurduq.

Biz Zəfər qazandıq. 44 gün ərzində bütün şəhidlərimizin, qazilərimizin, torpaq həsrətini yaşayanların hər birinin qisasını aldıq. Bu gün Azərbaycanımız Zəfərli bir ölkədir. Biz isə onun Zəfərini dadan vətəndaşlarıyıq. Bu Zəfər xalqımızın sovet imperiyası əsarətindən sonra əldə etdiyi müstəqilliyinin dadındadır. Deməli, müstəqilliyimiz var olduqca, Zəfərimizi bizə bəxş edənlər də var olacaq. Onlar unudulmazdır, bizim qürur yerimiz, fəxrimizdirlər.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə