Bu yol Laçın yoludur... - TƏHLİL

Hər dəfə Laçından söhbət düşəndə, 30 ilin hicranı vusala çevrilən bu yurd yerinin abadlaşmasını, ona uzanan yolları görəndə, tikilən hava limanında yaxın gələcəkdə təyyarələrin qalxmasını, enməsini xəyal edəndə gözlərim önündə geniş bir yol canlanır. Bu yol Laçın yoludur. Bizi əzəli yurd yerimizdən, qədim ata-baba torpaqlarımızdan birinə aparacaq yol... Bu yollar nələrə şahid yollar idi, İlahi? Birinci Vətən Müharibəsindən ta üzü bəri bu yolların sinəsindən nələr keçib, bu yollar nələrə tab gətirib. 30 il düşmən döyənəyi, ölkəsində qərib yollar... Gözü yolda yollar... Yol olasan, yol gözləyəsən, bax dərd bu dərd idi...

Bu yollar indi hamardır, yenidir, gözəldir, genişdir, bir də ki, dərdsiz-qəmsizdir. Günəşlidir bu yollar. Qıvrıla-qıvrıla dağların sinəsinə doğru uzanan yollar sanki səma ilə sevdalıdır, bir nəfəsə ona çatmağa tələsir. Bu, elə bir gözəllikdir ki, yüz danışan olsa da, yalnız öz gözünlə görüb heyranı olmalısan. Bu yollarla Laçına üz tutub o bənzərsiz təbiət ərmağanının qonağı olmalı, yalnız bu halda Laçın nə Laçınmış, görməlisən...

Düşmənə göz dağıdır Laçın

2020-ci ilin 44 günlük payızında işğaldan azad olunmuş torpaqlarımızın ardınca Laçın da azadlığına qovuşdu. 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə Bəyanatla dekabr ayının 1-də Laçın 30 ildən sonra anası Azərbaycana qovuşdu. Bu müjdəli xəbəri də ölkəmizin başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevdən aldıq: "Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Azərbaycan Respublikasının Prezidentinin xalqa müraciətindən: "Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə, 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir".

Dövlətimizin başçısı onu da vurğulayırdı ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox.

Beləliklə Laçının işğaldan azad olunması ikiqat qələbə sevincini bizə bəxş etdi. Ölkəmizin başçısının uzun illər apardığı danışıqların, həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq bu qədər böyük əhəmiyyətə malik olan yurd yerimiz ermənilərin və onların havadarlarının istəklərinin əksi olaraq geri qaytarıldı. Laçın ermənilərə göz dağı oldu.

Yollar bizi Laçına aparır...

Yeni tikilən yollar da coğrafi quruluşuna görə təbiət gözəli olan Laçının hüsnünə daha bir yaraşıq bəxş edəcəkdir. Laçına azadlığı kimi, abadlıq bəxş edən dövlətimizin başçısının sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolu böyük əhəmiyyətə malik olacaqdır. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun uzunluğu 72,8 kilometr, hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq, 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə bağlı görülən işlərlə tanış olub. Dövlətimizin başçısına görülən işlər barədə məlumat verilərək bildirilib ki, Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla, 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Hazırda yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır.

Qeyd olunub ki, layihə üzrə yol boyunca tikintisi nəzərdə tutulan avtomobil tunellərindən ikisində qazma prosesi davam etdirilir, birinin isə giriş və çıxış hissələrində işlərə başlanılıb.

Bu yolların abadlaşması bizi Laçına yaxınlaşdırır. Bu yolların qarış-qarış yenilənməsi bizi yurd yerimizə çağırır. O gün o qədər yaxındadır ki…

Laçın nura boyanır…

Laçının bura boyanması ötən ilin fevral ayında Güləbirddə Su Elektrik Stansiyası istifadəyə verilməsi ilə başlandı. Stnsiyanın açılışında iştirak edən Prezident İlham Əliyev: "... Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik".

Laçının nura boyanması üçün görülən işlərin növbətisi 110 kV-luq "Qorçu" elektrik yarımstansiyasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində yarımstansiyada görülən işlərlə tanış olub.

Dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə verilən məlumatda bildirilib ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün ötən il istismara verilən "Kəlbəcər" yarımstansiyasından Laçının Qorçu kəndinə 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürücü xətt çəkilir. Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və yolsuzluq şəraitində çəkilən ötürücü xətt üzrə hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılır.

Yüksəkgərginlikli xəttin üzərindəki ildırımötürücü funksiyalı 24 damarlı fiber-optik kabellə internet xətti çəkilir ki, bu da enerji sisteminin idarə olunmasında siqnalların etibarlı şəkildə ötürülməsini təmin edəcək.

Paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilir. Sistem əhəmiyyətli "Qorçu" yarımstansiyasında idarəetmə mərkəzi, açıq və qapalı paylayıcı qurğular yaradılır.

Vurğulanıb ki, yarımstansiyanın yaxınlığında hava limanı tikilir və Qorçu kəndi mərkəz olmaqla, burada 7 kəndi birləşdirən yaşayış massivinin inşası planlaşdırılır. Yeni yarımstansiya Laçın hava limanını, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə bölgədə inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Perspektivdə Laçın dəhlizində 110 kV-luq "Laçın Şəhər" və "Zabux" yarımstansiyalarını tikməklə, Qorçudan Laçın şəhərinə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkiləcək və Laçın şəhərindən 110 kV-luq yeni xətt çəkilməklə "Şuşa" yarımstansiyası ilə əlaqələndiriləcək.

Ən əsası odur ki, Laçın şəhərindən Güləbird istiqamətində "Qubadlı" yarımstansiyasına ikidövrəli 110 kV-luq elektrik verilişi xətti çəkilməklə enerjisistem üçün mühüm əhəmiyyəti olan və regionun enerji dayanıqlılığını təmin edən dairəvi elektrik təchizat sxemi yaradılacaq.

"Həkəriçay" su anbarı 7 rayonda 3 milyona yaxın insanı

içməli su ilə təmin edəcək

Son illər dünyada qlobal istiləşmə prosesi insanları həlliçətin su problemləri ilə üz-üzə qoyub. Azərbaycan da bu problemdən heç də kənarda deyil. 30 il işğal altında qalan torpaqlarımızda böyük su mənbələri hesabına su ehtiyatları yaratmaq mümkün olsa da, bu sərvətimizdən istifadə edə bilmədik. Digər sərvətlərimiz kimi, sularımız da düşmənin istədiyi istiqamətə axıdıldı.

Lakin artıq o günlər geridə qaldı. Şanlı Zəfərimiz torpaqlarımız kimi, bütün sərvətlərimizi də bizə qaytardı. İndi Qarabağın inkişafı, yenidən qurulması, abadlaşması dövlətimizin diqqət mərkəzində olan birinci məsələdir. Odur ki, bu torpaqlardakı sərvətlərin də istifadəsi həmin işlərlə paralel şəkildə aparılır. Laçın rayonunda "Həkəriçay" su anbarı da bu məqsədlə tikiləcək.

Prezident İlham Əliyev Laçın səfəri çərçivəsində su anbarının layihəsi ilə də tanış olub. Dövlətimizin başçısına layihə barədə verilən məlumatda bildirilib ki, işğaldan azad olunmuş ərazilər həm təbii ehtiyatlar, biomüxtəliflik, meşə ərazilərinin bolluğu, həm də su ehtiyatları baxımından çox zəngindir. Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən 20 faizi məhz bu ərazilərin payına düşür. Başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. Həkəridə tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür. Artıq bu sahədə müvafiq tədqiqatlar aparılıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir.

Qeyd edilib ki, "Həkəriçay" su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur. Magistral üzərində nasos stansiyalarının tikilməsi ilə nisbətən hündür coğrafi ərazidə yerləşən 7 rayona suyun verilməsi planlaşdırılır. Layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanı içməli su ilə təmin etmək mümkün olacaq.

Laçın Beynəlxalq Hava Limanı relyefinə görə dünyada ilkdir

Ötən ilin avqust ayında Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu, Laçına həqiqətən də yeni həyat bəxş edəcək hava limanı barədə dedi: "Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura - Laçın rayonunun Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq".

İyunun 26-da Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub. Dövlətimizin başçısına hava limanında görülən işlər barədə məlumat verilərək bildirilib ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir. Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Aeroportun hava hərəkətini idarəetmə qülləsinin, transformator binalarının, nəzarət-buraxılış məntəqəsinin və digər yardımçı tikililərinin layihələndirilmə işləri də başa çatdırılıb.

Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Qeyd olunub ki, hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.

Prezident İlham Əliyev Kəlbəcərdə "İstisu" sanatoriyasının təməlqoyma mərasimində çıxış edərkən Laçın hava limanından da söhbət açıb və deyib: Laçın rayonunda yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə biz dağları yarırıq, dağları kəsirik ki, zolaq üçün uyğun şərait yaradılsın. Ona görə bu torpaq işləri hələ gələn il də davam edəcək. Ümid edirəm ki, 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq. Əminəm ki, bu bölgə turizm zonası olacaq. Çünki burada olan təbii gözəllik heç bir yerdə yoxdur. Təbii gözəllik – çaylar, bulaqlar, meşələr - biz bütün bu sərvətdən məhrum idik, ermənilər bizim xalqımızı məhrum etmişdilər. Otuz il ərzində bizim təbii sərvətlərimizi istismar edir, ağaclarımızı kəsirdilər, - 60 min hektar ağac fondu, meşə fondu məhv edilib, - çaylarımızı zəhərləyir, binalarımızı sökür, qızıl yataqlarımızı qanunsuz istismar edirdilər. Hər şeyi qanunsuz edirdilər. Bu gün erməni vəhşiliyi haqqında dünyada kifayət qədər böyük məlumat var və biz bu məlumatı daha da genişləndirəcəyik.

Bəli, dövlətimizin başçısının da vurğuladığı kimi, Laçın Beynəlxalq Hava Limanının tikintisi tarixi, çoxları üçün gözlənilməz hadisə, hətta möcüzə oldu. Çünki bu hava limanı bir yenilikdir. Burada heç vaxt hava limanı olmamışdır. Laçını əldən vermək istəməyən ermənilər 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulan hava limanına enən və buradan səmaya qalxan təyyarələri gördükcə məğlubiyyətlərinin acısını bir daha yaşamalı olacaqlar.

Prezidentin işğaldan azad edilmiş rayonlara hər səfəri

bu bölgələrin sabahından söhbət açır

2020-ci ilin 44 günlük payızında torpaqlarımızın işğaldan azad olunması uğrunda İkinci Vətən Müharibəsində strateji tədbirlər necə ardıcıllıqla cərəyan edirdisə, əvvəlcədən düşünülmüş, planlı şəkildə həyata keçirilirdisə, postmüharibə dövründə azad torpaqlarımızın abadlaşdırılması işləri də eyni qaydada- planlı şəkildə həyata keçirilir. Nəyi nə vaxt edəcəyini müəyyən edən dövlət rəhbərimiz bu torpaqlarda hansı işin əvvəl, hansı işin onun ardınca görülməsini də müəyyən edir və nəticə etibarilə torpaqlarımıza sistemli şəkildə həyat qayıdır. Cənab Prezidentimiz müharibədən sonra azad edilmiş torpaqlarımıza dəfələrlə səfər edib və hər səfəri yaddaqalan hadisələr toplusuna çevrilib.

İyun ayının 26-da-Silahlı Qüvvələr Günü dövlətimizin başçısının Kəlbəcər və Laçın rayonlarında olması, həmin gün Kəlbəcər rayonunda yeni hərbi hissənin açılışında iştirakı, dəyərli çıxışı bu bayrama ikinci bayram qürurunu, sevincini əlavə etdi. Kəlbəcərdə yeni hərbi hissənin açılması ordu quruculuğu işinə növbəti töhfə, kəlbəcərlilərə ata-baba yurdlarının daha yaxşı qorunması üçün bir mesaj, eyni zamanda xalqın yeni bir qürur hissi yaşaması oldu. Bəli, qürur duyduq ki, müharibədən ötən ilyarımlıq bir zaman kəsiyində ölkəmizdə belə möhtəşəm tədbirlər həyata keçirilir, azad rayonlarımız yenidən qurulur, abadlaşdırılır, insanların doğma yurd-yuvalarına rahatlıqla qayıtmaları üçün bu qədər işlər görülür. Prezident İlham Əliyevin dediyi kimi:Yəni, biz hərtərəfli iş görürük - həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb - ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz.

Dövlətimizin başçısının budəfəki səfərində Kəlbəcər və Laçın rayonlarında 10-dan artıq obyektin istifadəyə verilməsi, təməlinin qoyulması, görülən işlərlə tanışlıq minlərlə itki hesabına geri aldığımız torpaqlarımızın sabahından xəbər verir. O sabah bu gündən çox nurlu, işıqlı görünür. O sabahlar bizə bu yurd yerlərimizin dünyaya səs salacaq gələcəyindən söhbət açır. Dünya turistlərini qoynunda qonaq edəcəyindən, İşğal və Zəfər muzeylərinin hər birinin onlara tarixi ədalətdən söhbət açacağından danışır. O günlər isə uzaqda deyil. Gözlərimiz önündə reallaşan hər bir tədbir bizi o günlərə saatbasaat yaxınlaşdırır.

Laçına gedən yollar kimi, işğaldan azad olunan bütün rayonlarımıza da yollar gedir, abad, azad yollar. Şuşaya, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Zəngilana... hər birinə. Bu yollar bizim yurdlarımıza gedən yollardır. O yollarla biz gedəcəyik... Əbədi.

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...