Azadlığı abadlığına çevrilən ZƏNGİLAN - TƏHLİL

Prezident İlham Əliyev: “...Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Əminəm ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır”.

Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu ərazidə sərt quruluşa malik sıldırımlı qayaları özünə məskən seçən Zəngilanımın əlindən alınmış əzəmətini 2020-ci ilin payızında qaytardı ona Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, Milli Ordumuz. Hələ qədim dövrlərdən üzü bəri bağrından axan çayların əmələ gətirdiyi dərin dərələrdən, Oxçu və Bərgüşad çayları arasında füsunkar Süsən dağı silsiləsindən, bu silsilədən cənub-şərqə doğru enərək qarşıda uzanan ucsuz-bucaqsız Ağoyuq düzündən, şimal-şərqində Qarabağ silsiləsi və bu silsilənin getdikcə alçalaraq əmələ gətirdiyi Geyən çölündən, ümumilikdə bir füsunkarlıq abidəsi Zəngilandan düşmən ayağı kəsildi. Dünyada ll, Avropada l nadir çinar meşələrindən neçəsinə köksündə yer verən çinarlar diyarı, dağ vüqarlı, çinar əzəmətli Zəngilanın hüriyyəti özünə qaytarıldı. Dağlıq hissələrində 1800-2000 metr hündürlükdə olan enliyarpaqlı meşələrindən aşağıya doğru endikcə subalp və alp çəmənlikləri ilə təbiətin özünün özünə meydan oxuduğu bir möcüzənin fonunda 20 oktyabr möcüzəsi baş verdi, Zəngilan azad oldu.

636-cı ilin şəhəri – Zəngilan

Azərbaycanın hər qarış torpağı tarixdir, qədimdir, əsrlərin o üzüdü. Elə Zəngilan da. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Zəngilan şəhəri dedikdə, əslində Pircavan şəhəri nəzərdə tutulmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan, yaxud da Pirçivan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin sözün kökündə “Pir” sözü olduğu üçün tariximizi təhrif etmək məqsədi ilə rayоna 1930-cu ildə Zəngilan adı verilmişdir. İlk adı Pircavan оlan bu şəhər isə yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır və 1967-ci ildə hazırkı Zəngilan şəhərinə şəhər statusu verilmişdir.

Zəngilanın qədim Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsi, Məmmədbəyli türbəsi, XIV əsr Hacallı dairəvi bürcü, Yenikənd sərdabəsi, XVII – XVIII əsrlərə aid, Səfəvilər dövründə tikilməsi güman edilən Zəngilan şəhər məscidi, xalq arasında Qız qalası da adlandırılan Bartaz qız qalası, muzeyləri, Koroğlu daşının hər biri tarixin minilliklərindən xəbər verir, Zəngilanın qədimliyini təsdiqləyir. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağ sahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru ərazidə salınıb. Bu şəhərin özünün bir çox qədim məhəllələri vardır. Çeşməgözlü, Köhnə Pirçivan, Məscid düzü, Şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, Çala dərə, Üst məhəllə... Hər biri bir tarixi yerlə, tarixi hadisə ilə bağlı məhəllələr...

27 illik həsrət

Sovet quruluşunun həyatımıza daxil olması ilə tariximizin təhrif olunması Zəngilanın da tale payı olmuşdur. Sovet quruluşunun bərqərar olduğu 70 ildə rayonun ərazi vahidində dəyişiklik olmuş, Zəngilan bir neçə dəfə Qubadlının, Qubadlı Zəngilanın tərkibinə daxil edilmişdir. Bu dəyişikliklərin heç biri Azərbaycanın tarixi əraziləri üçün bir mahiyyət kəsb etməsə də, imperiyanın gələcək planlarında özünəməxsus yer tutmuşdur. Elə 70 ilin sonlarında Zəngilanın da digər rayonlarımız kimi işğalın qurbanına çevrilməsi illərin işğalçılıq planlarının həyata keçirilməsinin vaxtının çatdığının göstəricisi idi. Bu plan 1993-cü ildə baş tutmuşdu. Günahsız insanlar öz dədə-baba yurdlarından zorla çıxarılmış, evləri dağıdılmış, ata-babalarının uyuduqları qəbiristanlıqlar məhv edilmişdir. Bölgənin bütün tarixi abidələri, məscidləri nankor ermənilərin qurbanlarına çevrilmişdir.

İnsan o zaman qədirbilən olur ki, onun kökü, xalqı, milləti ilə bağlı dəyərləri olur. Bu dəyərləri qorumaq isə özünün gözlərini qorumaq qədər vacib olur. Xalq yox, tayfa, millət yox azlıq, kök yox, yalançı gövdələrdən ibarət ermənilərdən, sözün həqiqi mənasında, bundan fərqli nə isə gözləmək də olmazdı. Nəticədə isə 27 il idi ki, zəngilanlılar yurd həsrəti ilə alışıb, yanırdılar. 27 il idi ki, onlar yurd yerlərinin sakini yox, qonağı idilər: yuxularında Zəngilanda olmaqla, xəyallarında Zəngilanı qurmaqla... Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev:“Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”.

Bəylərin, ağaların şəhəri

Sovet dönəminin 70 ilinin başlanğıcında “bolşevik hərəkatı”nın liderlərinin Azərbaycan bəylərini, ağalarını düşmənə çevirib xalqa təqdim etmələrinə baxmayaraq tariximizin səhifələrində bəylərin, ağaların silinməz izləri var. Onların dövrün siyasi rəhbərləri kimi fəaliyyətləri, ictimai işlərdə fəallığı, məmləkətdə tikdirdikləri məktəblər, məscidlər, körpülər, saldıqları yollar və digərləri bu gün Azərbaycan tarixinin bir hissəsini təşkil edir. Zəngilan rayonunun ərazisi də ötən əsrin əvvəllərində əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Bəylərin, ağaların vaxtilə bu yurd yerinin abadlaşmasında xidmətləri danılmazdır

Abadlaşan Zəngilan: Beynəlxalq Hava Limanı qonşudakı düşmənə göz dağıdır

2020-ci ildə Qarabağda tarixi qələbəmiz əldə olunandan dərhal sonra bu torpaqlarda abadlıq, quruculuq işlərinə başlanıldı. Sahiblərinin yurdlarına qayıtmaları üçün bir dəqiqə də baxt itirmək olmazdı. Çünki işlər nə qədər sürətlə həyata keçirilərsə, böyük qayıdış da bir o qədər tez olar.

Zəfərdən sonra Zəngilanda tikintisi həyata keçirilən böyük obyektlərdən biri Beynəlxalq Hava Limanıdır. Ötən ay dövlətimizin başçısı və birinci xanım rayona səfərləri zamanı hava limanında aparılan tikinti işlərinin gedişi ilə tanış oldular. Bildirildi ki, perronda torpaq işləri tamamlanıb, uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağın uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək. Aeroportun hava hərəkəti qülləsinin tikintisinin iyulda tamamlanması planlaşdırılır. Avqustun sonunda isə terminal binasında işlərin başa çatdırılması nəzərdə tutulur. Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edəcək. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Onu da deyək ki, işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra beynəlxalq statuslu daha iki aeroport tikilməkdədir. Onlardan biri də Zəngilan hava limanıdır. Digəri isə Laçın rayonunun ərazisində inşa olunur.

İşğal və Zəfər muzeyləri tarixdən “danışacaq”

Ötən ay dövlətimizin başçısı və birinci xanım Zəngilan rayonunda böyük tarixi əhəmiyyətə malik olacaq İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Məlumat verildi ki, Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntıları əks etdirən Memorial Parkdan ibarət olacaq.

Zəngilan İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin əsas məqsədi müharibənin ətraf mühitə dağıdıcı təsirləri barədə məlumatlılığı artırmaqdır. Layihə hazırlanarkən dayanıqlılığın müxtəlif aspektləri həm landşaft, həm də bina dizaynı üçün nəzərə alınıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq hədəflənib.

İşğal Muzeyi düşmənin işğalı zamanı şəhərin və bölgənin məruz qaldığı vandallığın əyani surətdə nümayiş etdirilməsi məqsədi daşıyır. Zəngilan şəhərinin müəyyən hissəsinin dağıdılmış vəziyyətdə qalması və Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən açıq səma altında muzey kimi nümayiş etdirilməsi nəzərdə tutulur. İşğal Muzeyində ətraf mühitə vurulan ekoloji zərərlər, xüsusilə Zəngilan şəhərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaq məqsədilə törədilən ekoloji terror aktları barədə məlumatlar diqqətə çatdırılacaq. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaq. Muzey binasının şüşədən hazırlanacaq fasadının üzərindəki təsvirlər və naxışlar çinar yarpağına bənzəyəcək ki, bu da Zəngilan şəhərinin təbiətlə sıx əlaqəsini tərənnüm edəcək.

Zəngilan Zəfər Muzeyi Azərbaycan xalqının və şanlı Ordumuzun 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən kompleks, həmçinin qazanılmış Qələbəni müasir təqdimat metodları ilə insanlara çatdıran məkan olacaq. Zəfər Muzeyinin binasının çinar meşəsini xatırladacaq fasadı dünyada sahəsinə görə ikinci ən böyük təbii çinar meşəsi olan Zəngilan meşələrinə həsr olunacaq. Muzeyin foyesi vizual texnologiyalar vasitəsilə Zəfərə həsr olunan məlumatları nümayiş etdirmək üçün sərgi məkanı kimi istifadə olunacaq. Həmçinin muzeydə 80 tamaşaçı yeri olan 4D kinoteatr da yaradılacaq. Bu muzeyin inşasında əsas məqsədlərdən biri də məhz gələcəkdə burada “Zangilan Earth Film Festival”ın təşkil olunması və Zəngilanda törədilmiş ekoloji terroru beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Zəfər Muzeyi binasının yanında qəhrəmanlarımızın adlarının qeyd olunduğu beton hasar formasında “Memorial lövhə” yaradılacaq.

Hər iki muzey Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edən, beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etməyə nail olan Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

Zəngilanla bağlı tarixi faktların yaradıcı üsulla dağıntılar üzərində əks etdirilməsi üçün xüsusi layihə həyata keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən cəlb olunacaq rəssamlar dağıntılar üzərində fərqli divar rəsmləri (“Street art”) yaradacaqlar. Beləliklə, 10 min 500 kvadratmetr sahəni əhatə edən dağıntılardan ibarət Memorial Park boyunca açıq səma altında sərgi təşkil olunacaq.

Zəngilanın “ağıllı kənd”i Ağalı

30 ilə yaxın bir dövrdə işğal altında olması ilə dünyanın bütün yeniliklərindən, texnologiyanın inkişafından kənarda qalan, indi isə azadlığına qovuşan torpaqlarımızın hər biri bu yeniliklərdən pay almağı haqq edir. Ötən ilin oktyabr ayında dövlətimizin rəhbərinin və Türkiyə Respublikasının Prezidentinin Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaları müharibə meydanında qazandığımız Zəfərin tikinti meydanında davam etdiyinin göstəricisi idi.

Bu möhtəşəm layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq.

Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Dövlətimizin başçısının dediyi kimi:“Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”.

Zəngilan: “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar”

May ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan şəhərində olarkən şəhərin Baş planı ilə də tanış olmuşlar. Dövlətimizin başçısına məlumat verilmişdir ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında bu sahədə böyük təcrübəyə malik nüfuzlu beynəlxalq şəhərsalma qrupu - İsveçrənin “sa_partners” şirkəti tərəfindən yerli mütəxəssislərin iştirakı ilə hazırlanıb. Layihəyə əsasən, Zəngilan şəhəri beynəlxalq əhəmiyyətli Zəngəzur nəqliyyat dəhlizi ilə sıx əlaqələri olan strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcək. Belə ki, Araz vadisinin yaxınlığında, həm Zəngəzur nəqliyyat dəhlizindən, həm də Zəngilan Beynəlxalq Hava Limanından cəmi 10 kilometr məsafədə yenidən qurulacaq şəhər yaradılacaq əhəmiyyətli nəqliyyat şəbəkəsini müasir infrastrukturu ilə tamamlayacaq. Şəhərin strateji əhəmiyyəti nəzərə alınaraq Baş planda Zəngilanın beynəlxalq nəqliyyat dəhlizi ilə əlaqəsi olan logistika, turizm və ticarət mərkəzi, bərpaolunan enerji məkanı kimi inkişaf etdirilməsi nəzərdə tutulur.

Bildirilmişdir ki, Baş planın konseptual əsasını “rahat yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi şəhər yanaşmaları təşkil edir. Gələcəyin şəhəri mənzərəli landşaftı, çayətrafı ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək. Şəhərin yerləşdiyi Oxçuçay çayının sahilində geniş parkın, həmçinin dağüstü parkın və daxili yaşıl dəhlizlərin salınması əhalinin asudə vaxtının səmərəli və maraqlı təşkili ilə yanaşı, təmiz ekoloji mühitin formalaşmasına imkan yaradacaq. Burada “ağıllı şəhər” yanaşmasının tətbiqi, müasir texnologiyalardan və bərpaolunan enerji mənbələrindən geniş istifadə edilməsi isə Zəngilanın yaşayış üçün əlverişliliyini artıracaq, nəqliyyat sistemini ekoloji təmiz, müasir və davamlı edəcək, onu iqtisadiyyatın inkişafı baxımından region səviyyəsində nümunəvi şəhərə çevirəcək.

Məscidi tövləyə çevirmək düşmənə baha başa gəldi

Dinlər təbii ki, müxtəlifdir. Hansısa bir dinə pərəstişkarlıq insanın öz seçimi olsa da, ona hörmətsizlik heç kimin seçimi ola bilməz. Çünki hansısa dinə hörmətsizlik Ulu Yaradana hörmətsizlikdir. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz erməni vandalizminə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunması onların nəinki bizim dinə, dünyadakı bütün dinlərə hörmətsizliklərinin göstəricisi idi. Çünki ibadət üçün qapısını açdığımız bu müqəddəs ocaq bizdə məscid, digər xalqlarda, ölkələrdə eyni məqsədə xidmət edən, lakin ayrı-ayrı adlar altında labüddür.

Düşmən məscidlərimizə qarşı münasibətinin də cavabını dizini yerə vurub məğlubiyyətini bildirəndə aldı. Bu torpağın da, onun bütün olanlarının da sahibi bir gün onlara diz çökdürəcəkdi və layiq olduqları yeri göstərəcəkdi, hər əməlinə görə qisasını alacaqdı.

Mayın 26-da dövlətimizin başçısı və birinci xanım “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış oldular. Məlimat verildi ki, rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtuldu. Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir.

Qeyd edək ki, Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir.

Zəngilan böyük turizm məkanına çevriləcək

Dövlətimizin başçısı: “... Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq”.

Bu yaşıllıqlar diyarında böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çayları ilə Zəngilan turizm üçün ən uyğun yerdir. Azadlığı ilə həm də abadlığına qovuşan rayonda insan əllərinin yaratdığı beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları, digər tikililər rayonun təbii gözəllikləri ilə harmoniya yaratdıqca Zəngilan böyük turizm məkanına çevriləcəkdir.

Bir neçə ilə kimi tamamilə abadlığına qovuşan rayon təbii ki, qonaqlarını da qarşılayacaqdır. Rayona turist kimi gələnlər onun təbii gözəlliyindən zövq alacaq, nemətlərindən dadacaq, dünəni ilə bü gününü yaradılan muzeylərdən, qorunub saxlanılan tarixi həqiqətlərdən öyrənməklə ölkələrinə xoş təəssüratlarla qayıdacaqlar.

Beləliklə Zəngilan gələcəyin ən böyük turizm məkanlarından birinə çevriləcəkdir. Bunu indi orada həyata keçirilən və gələcəyə hesablanmış işlərin hər biri təsdiq edir.

Azadlığın, abadlığın mübarək, Zəngilan!

Səhərdən bəri Zəngilan haqqında danışdığım söhbətin fonunda qayıdıram 2020-ci ilin 20 oktyabrına. Oktyabrın 20-si bütün zəngilanlıların sanki yenidən dünyaya gəldikləri gündür, doğum günləridir. 27 illik həsrətin vüsal günüdür. Bu gün 27 il axıdılan göz yaşlarının sevinc göz yaşlarına çevrildiyi gündür. Tək zəngilanlılar üçün yox, bu gün bütün azərbaycanlılar üçün əziz və unudulmaz gündür. Çünki torpağımızın bir hissəsi, canımızın bir parçası, düşmən əlində olan övladımız azad olundu həmin gün. Bu xəbəri xalqına verən insandan xoşbəxt insan varmı? Bu insan xoşbəxtliyi bütöv Azərbaycan qədər haqq edən Ali Baş Komandanımızdır. Həmin günü olduğu kimi xatırlayıram. Cənab İlham Əliyevdən tarixə yazılan yeni şad xəbər:

-Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Bu gün Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!

Azadlığın da, azadlığının sənə verdiyi abadlığın da mübarəkdir, Zəngilan! İnşallah hüsnünə tamaşa etmək üçün tezliklə gələrik.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə