Qars mərkəzindən yarım saatlıq məsafədə yerləşən, müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu, bu gün isə zamanın dayandığı orta əsr şəhəri Anidən, onun xarabalıqlara çevrilənə qədərki maraqlı dini keçid dövrlərindən danışırıq sizə... SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyənin şərqi soyuq və uzun müddət qalan qarı ilə məşhurdur. Qars bu bölgədəki şəhərlərdən biridir.

Gözə qarlı gözəllik ziyafəti verən Qarsda maraqlı qədim bir yer var: Ani xarabalıqları.

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Qars rayonunda yerləşən, mərkəzindən yarım saatlıq məsafədə yerləşən, müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu, bu gün isə zamanın dayandığı orta əsr şəhəri Anidən, onun xarabalıqlara çevrilənə qədərki maraqlı dini keçid dövrlərindən danışacağıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb.

Ani Türkiyənin Ermənistanla sərhədində yerləşir. Bura Qarsın ən çox qonaq gələn yerlərindən biridir.

Ani çox valehedicidir. Kilsələri, məscidləri və digər abidələri ilə şəhərin divarları arxasından gələnləri səssizcə və xoş qarşılayır. Sanki kino çəkiliş meydançasıdır bura. Bəlkə bir dərd var Anidə, bəlkə də taleyinə boyun əyənlərin etirazsız gözləmələri?

Bir vaxtlar dövrün ən mühüm ticarət yolu olan Ani İpək yolunun Anadoludakı ilk dayanacağı idi.

Urartular bölgədə ilk dəfə erkən dəmir dövründə, yəni eramızdan təxminən min il əvvəl məskunlaşıblar. Zamanla bir çox müharibə və mühasirələrlə üzləşiblər. Fars, Bizans, Səlcuqlu, Monqol və Osmanlı kimi müxtəlif hakimiyyət və mədəniyyətlər tərkibində olub Ani əsrlər boyu. Çox fərqli həyat tərzi, mədəniyyəti, dinləri, inancları olan bu dövlətlərin hər biri Anidə bir iz buraxıb. Bölgədə həm bütpərəst, həm xristianlıq, həm də İslamın izləri yaşayır.

Bu gün Arpa çayı Türkiyə ilə Ermənistan arasında su sərhədidir. Aniyə yüz illərdir yaşayış məskəni kimi üstünlük verilməsinin əsas səbəblərindən də biri elə bu çaydır. Çünki Arpa çayı insanların ehtiyac duyduqları suyun asanlıqla əldə olunmasını təmin edib. Bundan əlavə, yuxarı hissədəki düzənlük təhlükəsiz məskunlaşmaya imkan verir. Bütün bu səbəblərə görə Ani bir çox mədəniyyətlərin kəsişmə nöqtəsi olub qədimdən.

Bizans imperatorluğu ilə ərəblər arasında gedən müharibələr zamanı Şərqə gedən ticarət yolları əhəmiyyət qazanır. Tacirlər Anidən Xəzər dənizinə və Qara dəniz sahillərinə çıxırlar. Zamanla şəhər ticarət mərkəzinə çevrilir və İpək yolunun mühüm dayanacaqlarından birinə çevrilir.

Ani bir zaman Baqratlılar kimi tanınan erməni krallığının da mərkəzi şəhəri olub.

İqtisadiyyatın gətirdiyi firavanlıq şəhərdəki abidələrdə də özünü göstərir. Möhtəşəm divarlarla çevrələnən, saray, kafedral, kilsələr və bazarların olduğu Ani “min bir kilsəsi olan şəhər” kimi tanınıb. Çünki şəhərin zənginləri sanki bir-biri ilə yarışırmış kimi ibadətgahlar, kilsələr tikdiriblər. Bu baxımdan yüz minə yaxın əhalisi olan Ani dövrünün ən məşhur şəhərləri ilə rəqabət aparıb.

Ani arxeoloji sahəsinə yaxınlaşarkən diqqəti ilk çəkən şəhər divarlarıdır. Boşluğun ortasındakı divarların uzunluğu 4 kilometr yarım, hündürlüyü isə 8 metrdir. Özünəməxsus memarlıq üslubu və mükəmməl daş işləri ilə düzəldilmiş böyük qapıların qarşısında arxlar var. Maraqlı olan daxili və xarici divarlardakı qapıların bir-biri ilə qarşılıqlı olmamasıdır. Bu, şəhərə uzun müddət hücumlara müqavimət göstərməyə imkan verən qeyri-adi bir təcrübədir.

Anidə bir-birinə qarışmış sivilizasiyaların izləri memarlıqda da özünü aydın göstərir. Qarşılıqlı mədəni əlaqələr nəticəsində müxtəlif dizayn, fərqli material və ayrı-ayrı texniki üsullarla tamamilə yeni bir memarlıq yaranıb ki, buradan bütün Anadoluya yayılıb. Təxminən 2 yüz il sonra Avropada görünməyə başlayan qotik memarlıq elementləri ilk dəfə Anidə işlənib.

Anidəki memarlıq əsərləri nəhəng sütunları, uclu tağları və relyefləri ilə mütəxəssislər tərəfindən Qotika memarlığının başlanğıcı hesab olunur. Bunlardan ən tanınanı “Böyük kafedral” adlanan Ani katedralı binasıdır.

Düzənlikdə qırmızı tuf daşlarından tikilən bu möhtəşəm abidə, şəhərin ən böyük məbədi, dizaynı ilə diqqət çəkən monumental kafedral bu gün Aninin simvollarından biridir. Zəlzələlər nəticəsində günbəzi, zəng qülləsi və divarının bir hissəsi dağılmış Böyük katedral şəhərin zənginliyindən və firavanlığından xəbər verir. Böyük Səlcuqlu dövlətinin sultanı Alpaslan Anini fəth etdikdən sonra kafedral Fəthiyə adı ilə məscidə (Fethiye Cami) çevrilib.

Anidə çoxlu tikililər var, bəziləri durur, bəziləri dağılıb, bəziləri isə tamamilə yerlə yeksan olaraq xarabalığa çevrilib. Arxeoloji tədqiqatlar zamanı müəyyən edilmiş kilsə, ibadətgah və məqbərələrin sayı 40-dan çoxdur.

Böyük katedraldən sonra şəhərin tanınmış digər dini tikilisi Müqəddəs Qriqori (Gregory) kilsəsidir. Erməniləri xristianlığa çağıran Müqəddəs Kirkora ithaf edilən Müqəddəs Qriqori kilsəsi Həzrət İsanın anadan olmasından ölümünə qədər olan prosesi əks etdirən freskalara görə həm də “İllustrasiyalı kilsə” kimi tanınır. Kilsə qübbəsi dizaynı və incə işləməsi ilə diqqət çəkir. Ani şəhərindən bir az kənarda tikilmiş Rahibələr və ya Bakirə monastırı da yaxşı qorunmuş kilsələrdəndir, yarı bağlı çətiri xatırladan forması ilə maraqlı görünür.

Bəli, bir zamanlar Ani müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu xüsusi bir məkan idi. Xristianlıqdan əvvəl burada məskunlaşan farslar öz inanclarının ziyarətgahını tikdirdilər. Atəşgədə və ya Atəş məbədi kimi tanınan bu tikililər Zərdüşt inancına görə, qorunub saxlanılmalı və heç vaxt sönməməli olan müqəddəs atəş üçün ucaldılıb. Anidəki Atəşgədə bölgənin ilk məbədi sayılır.

Türklərin Anidə məskunlaşması ilə Böyük Səlcuqlu dövlətinin təsirləri memarlıqda da görünməyə başlayır. Bunların arasında ən diqqət çəkən əsər Əbül Manuçehr məscididir (Ebul Menuçehr Cami). Abidə Anadoluda ilk türk məscidi kimi tanınır. Səlcuqlu sarayı və karvansarayı Anidə Böyük Səlcuqlular dövründən qalan gözəl əsərlərdir.

Anidəki dini abidələr şəhərin bütpərəstlikdən monoteist dinlərə qədər mühüm bir dini mərkəz olduğunu göstərir. Anadolunun mədəniyyətlərin və dinlərin qovuşduğu, bu şəhərdə məskunlaşan insanların özünəməxsus izlər qoyduğu təsirli şəhəri Ani UNESCO-nun Dünya Mirası Siyahısındadır.

Ani özündə insanı təəccübləndirən maraqlı rəvayətləri və əhvalatları gizlədir. Çünki yerinin üstündə olduğu kimi, altında da bir dünyası var. Bu da yerli əhalinin “gedən gəlməz” dediyi nəhəng mağaralardır ki, Ani hər dövrdə istilalara məruz qaldığı üçün onlardan gizlənmək üçün də istifadə edilib, bu gün isə oraya çobanlar çox sayda qoyun-quzu sığdırırlar.

Bəli, böyük kilsələri, qalereyaları, otaqları, zirzəmiləri olan 2000 nəfərlik mağaralardan ibarət həm də yeraltı şəhərdir Ani. Amma bu gün bu yerin Ani xarabalığı adlanması Anadolunu xarabalığa çevirən Monqol istilası ilə bağlıdır. Bir vaxtlar əzəmətli şəhər olmuş Ani bundan sonrakı dövrlərdə yavaş-yavaş kiçilib, kəndə çevrilib, daha sonra isə tərk edilməyə başlanıb. Əsrlər əvvəldən qalan, özündə ayrı-ayrı zamanların izlərini hifz edən abidələr isə illərin bu dəyərli yerlərdən apardıqlarına təəssüflənir və sadəcə onları ziyarətə gələnlərə baxır və baxırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...