Koronavirus pandemiyası Avropada cinayət statistikasına ciddi təsir göstərib

Hazırda bütün dünyada gündəmin əsas xəbəri olan koronavirus pandemiyası həyatın bir çox sahələri kimi, cinayətkarlığın artmasına da səbəb olub. Cinayətkarlar öz qurbanlarının qorxu və təlaşından məharətlə istifadə edir, insanları aldadır və müxtəlif fırıldaqlara əl atırlar.

SİA xəbər verir ki, Avropanın “Avropol” polis təşkilatının yaydığı hesabatda cinayətlərin saxta dərman və “möcüzəvi maddələr”dən tutmuş müxtəlif kibercinayətlərə kimi geniş spektri əhatə etdiyi qeyd olunub. Olduqca çevik və cəld hərəkət edən cinayətkar qruplar müxtəlif hökumətlərin koronavirus pandemiyası ilə verdiyi qərarlardan öz cinayət əməlləri üçün məharətlə istifadə edirlər. Belə ki, koronavirus böhranı başlayandan bəri Avropada saxta dərman və tibbi ləvazimatların, xüsusilə də maska və qoruyucu geyimlərin satışı bir neçə dəfə artıb. Cinayətkarlar maska və dezinfeksiya məhlullarının çatışmazlığından istifadə edərək bazara saxta məhsullar çıxarırlar. Təkcə mart ayı ərzində 90 ölkəni əhatə edən transmilli əməkdaşlıq nəticəsində polis orqanları 4,4 milyon saxta dərman və 34 min saxta cərrahiyyə maskasının satışının qarşısını ala bilib.

Bundan başqa, Avropa şirkətləri qoruyucu tibbi geyim və dezinfeksiya məhlulları almaq üçün indiyədək Sinqapurda qeydiyyatdan keçmiş saxta şirkətə 6,6 milyon avro vəsait köçürüblər və fırıldaqçılar heç bir məhsul göndərmədən yoxa çıxıblar.

Bəzi hallarda isə özlərini rəsmi qurumların nümayəndəsi kimi təqdim edən və müvafiq qoruyucu geyimdə olan şəxslər vətəndaşlara müraciət edərək, epidemioloji vəziyyətə nəzarət adı altında mənzilə baxış keçirməli olduqlarını bildirir və bu yolla evlərə daxil olaraq, onları qarət edirlər. Koronavirus infeksiyasına qarşı müxtəlif “möcüzəvi dərmanlar“ satan, epidemiya qurbanlarına yardım adı altında insanlardan pul yığan dələduzluq faktları isə ”yumşaq” cinayətlər kateqoriyasında yer alır.

Eyni zamanda, qeyd edilməlidir ki, böhran zamanı əks tendensiyaların baş verdiyi hallar da mövcuddur, yəni İtaliya və İspaniyada cinayətlərin sayı azalıb. İtaliyada 1-22 mart aralığında törədilən cinayətlərin sayı digər ayların orta göstəricisindən 64 faiz az olub.

Kibercinayətkarların “sevimli“ sahələrindən biri də şirkətlərin məlumat bazası və daxili şəbəkələridir. İşçilərini evdən işləməyə icazə verən şirkətlər daxili şəbəkəyə daxil ola bilmək üçün onları girişlə təmin edir və bu da bəzən sistemdə boşluqlara yol açır. Bu boşluqlardan istifadə edən kibercinayətkarlar olduqca həssas məlumatları ələ keçirməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...