Astronomlar ən ölümcül planeti kəşf ediblər və müəyyən edilib ki, planetdəki istilik səbəbindən hidrogen molekulları onun atmosferində parçalanır. SİA RenTv-yə istinadən xəbər verir ki, ABŞ-da Çikaqo Universitetinin alimləri isti Yupiterlər sinfinə aid olan KELT-9b ekzoplanetinin o qədər isti olduğunu, atmosferində hidrogen molekullarının parçalandığını müəyyənləşdiriblər.

Beləliklə, müəyyən olunub ki, planetdəki ölümcül hava qabığı hər hansı bir canlı formasının mövcudluğu üçün əlverişsizdir.

Müşahidələr infraqırmızı diapazonda işləyən Spitzer kosmik teleskopu vasitəsi ilə aparılıb. Təyin edilib ki, KELT-9b-nin temperaturu oxşar proseslərin müşahidə olunduğu digər isti Yupiterlərlə müqayisədə rekord yüksəkdir.
Qeyd olunur ki, KELT-9b Yerdən 670 işıq ilində yerləşir. Kütləsi ilə, Yupiterdən üç qat böyükdür və səthindəki istilik 4300 dərəcəyə çatır. Planet cəmi bir gün ərzində aid olduğu ulduz ətrafında bir dövrə vurur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə