Kədərli sevgidən yaranan ixtira: "Morze Əlifbası" - MARAQLI

Samuel Morze portret və tarixi səhnələr rəssamı idi. SİA-nın verdiyi məlumata görə, Samuel Morze rəssamlıq edərək ailəsini dolandırırdı. 1835-ci ildə Nyu-Yorkda rəssamlar ittifaqını yaradır. 34 yaşı olsa da, rəsmdən çox az pul qazanır, tez-tez köç edirdi.

Bir dəfə 1000 dollarlıq rəsm sifarişi alır. Morze və hamilə xanımı Lukteria bundan çox sevinirlər. Morze həyat yoldaşını atası ilə birgə qoyub iş üçün gedir. Morze rəsmlə məşğul olduğu zaman atasından məktub alır ki, həyat yoldaşı ağır xəstədir. Morze xəbəri alan kimi yola çıxsa da, həyat yoldaşı vəfat edir. O, hətta xanımının dəfninə də çata bilmir.

Bu hadisədən sonra rəssamlıqdan uzaqlaşan Morze xəbəri daha sürətli ötürmənin yollarını araşdırır. Həmin vaxt teleqrafla uzun məsafələrə xəbər göndərmək çətin idi. O, üç il qardaşının evinin çardağında təcrübələr aparır. Teleqrafı inkişaf etdirmək üçün konqresə təklif verir. Lakin onun bu təklifi rədd edilir. Nəhayət 1838-ci ildə “Morze Əlifbası”nı tam hazırlayır. Əlifbada nöqtə, tire və uzun xətdən istifadə edilirdi.

Bir neçə işarə hansısa hərfi ifadə edirdi. Çətin mübarizədən sonra o, icadına patent ala bilir. 1844-cü ildə bu əlifba ilə Vaşınqtondan Baltimora ilk mesaj göndərilir. “Tanrım sənin işlərin möcüzəlidir” göndərilən ilk mesajdır. Sonradan Morze əlifbası təkmilləşərək müharibədə, kəşfiyyat işlərində istifadə edilir.

1872-ci ildə məşhur alim Morze vəfat edir. Amma uzun illər dünyada əsasən gəmi qəzaları zamanı Morze əlifbasl ilə verilən SOS siqnalı minlərlə insanın həyatını xilas edib. Məsələn, 1912-ci ildə “Titanik”in qəzaya uğraması zamanı məhz Morze əlifbası ilə ötürülən sos siqnalından sonra 705 nəfərin həyatını xilas etmək mümkün olmuşdu.

Bu gün də istifadə edilən Morze əlifbasına 2004-cü ildə elektron poçt ünvanlarının göndərilməsi məqsədilə "Beynəlxalq Telekomunikasiya İttifaqı" tərəfindən yeni işarə @(. __ __ . __ .) daxil edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə