Brayl əlifbası necə yarandı?

“Həyatı asanlaşdıran təsadüflər” rubrikasında brayl əlifbasının yaranmasından danışılacaq. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

...Yazmaq və oxumaq insanın divar rəsmlərindən sonra inkişaf etdirdiyi bütün sivilizasiyalar üçün əvəzolunmazdır. Biz bir-birimizlə təkcə danışaraq deyil, həm də yazaraq, yazılanı oxuyaraq ünsiyyət qurur, təcrübələrimizi gələcək nəsillərə ötürmək istəyirik. Bu və çox səbəbdən istər Misir heroqlifi olsun, istər mixi yazılar, yazının ixtirası zamandan və istifadə olunan dildən asılı olmayaraq bəşər tarixinin ən mühüm hadisəsi hesab olunur.

Yazının dəyəri hər görən göz üçün danılmazdır. Bəs görə bilməyən adamlar neyləsin? Bununçün 1813-cü ildə hələ 4 yaşındaykən atasının ayaqqabı dükanında bir qəza nəticəsində hər iki gözünü itirən Lui Braylın (Louis Braille) adını daşıyan Brayl əlifbası var. Amma bu əlifba necə yaranıb və ortaya çıxıb?

Fransada hakimiyyətdə olan Napoleon Bonapart ordusundakı əsgərlərin gecənin qaranlığında, işığa ehtiyac duymadan şifrəli şəkildə, danışmadan ünsiyyət qurmasına imkan verən bir yol axtarırdı. Şarl Barbe adlı məmuru bunun üzərində çalışmağa başladı, 12 nöqtəli relyefli şrift tərtib etdi və ona "Gecə yazısı" adını verdi. Lakin bunun praktik cəhətdən öyrənilməsi çətin olduğundan Napoleon yeni oxu sistemini bəyənmədi.

Görmə qabiliyyətini itirmiş Lui Brayl Parisdəki gözdən əlillər üçün məktəbdə oxumağı və yazmağı öyrənməyə çalışırdı. Lakin o dövrdə istifadə olunan texnikalar çox çətin idi və gözdən əlillərin ehtiyaclarını qarşılamırdı. Braylın oxuduğu məktəbə gələn Şarl Barbe "Gecə yazısı" sistemini şagirdlərə izah edir. Lui Brayl əsgərlər üçün hazırlanan bu yeni sistemin özü kimi gözdən əlillər üçün bir fürsət olduğunu anlayır və üzərində işləməyə başlayır. Şriftlərlə tanış olduqdan sonra o, əsas çatışmamazlığı tapır: Barbenin şrifti 12 nöqtə ilə kodlaşdırıldığından hansı simvolun olduğunu müəyyən etməkdə çətinlik yaranırdı. Brayl sayı 12-dən 6-ya endirir. Sonra insanın barmağını tərpətmədən əlifbanın hərflərini başa düşə bilməsi yolunu tapır.

Təhsil aldığı məktəbdə sonralar həm də dərs verən Lui Brayl hazırladığı əlifbaya uyğun kitablar yazır. Brayl əlifbası ilə yazılmış ilk kitab 1827-ci ildə nəşr edilir.

Uzun müddət Fransanın təhsil dairələrində Brayl əlifbası qəbul olunmur. Müəllimlər köhnə sistemdə israr edirlər. Əlifba yalnız Lui Brayl vərəmdən vəfat etdikdən 60 il sonra yayılmağa başlayır.

Hərflərin barmaqların altında asanlıqla hiss edildiyi, iynə vasitəslə kağıza yazıla bilən, içərisində rəqəmlər, sözlər və durğu işarələrinin olduğu Brayl əlifbası görmə qabiliyyəti zəif olanların həm oxumağı, həm də yazmağı öyrənməsini xeyli asanlaşdırdı. Oxumaq və yazmaq rahatlaşdığı üçün həmin şriflər dünyanın hər yerində bu günəcən istifadə edilir. Texnologiyanın inkişafı ilə isə elektron mətnləri Brayl əlifbasına çevirə bilən qurğular yaradılıb. Hərbi məqsədlər üçün nəzərdə tutulan, lakin görmə qabiliyyəti olmayan bir adam tərəfindən işlənən Brayl əlifbası indi bütün dünyada milyonlarla gözdən əngəlli insanın iş və ictimai həyatda rahat iştirak etməsinə yol açıb.

Bütün xəbərlər Facebook səhifəmizdə