Natiqlik sənətinin Heydər Əliyev zirvəsi

Natiqlik sənətinin tarixinin min illər öncəyə, antik dövrə, Siseron və digər mütəfəkkirlərə dayandığı məlumdur. Bu, unikal bir sənət, ilahi vergi kimi təkcə şəxsiyyətin deyil, bütöv bir xalqın, onun dilinin və milli kimliyinin inşasında vacib element kimi ortaya çıxır. Məqalə məllifinin müvafiq olaraq 2007 və 2014-cü illərdə işıq üzü görən “Nitq mədəniyyəti” kitablarında da qeyd olunduğu kimi, böyük şəxsiyyətlər, xüsusilə siyasətçi və diplomatlar, dövlət başçıları, xalqı öz ardınca aparan liderlər üçün natiqlik olduqca vacib keyfiyyətdir (Eynəddin Məmmədov, A.Həsənova. Nitq mədəniyyəti, Bakı, 2014. 152 s.) . Bu baxımdan dünyaşöhrətli siyasi xadim, böyük cəsarət və siyasi iradə, fenomenal yaddaş sahibi, səlis və axıcı nitqi ilə könülləri fəth etmiş Ulu Öndər Heydər Əliyevin natiqlik məharəti xüsusilə diqqətəlayiqdir. Ümummilli Liderin idarəçilik fəlsəfəsi və irsinin öyrənilməsinin yolu həm də onun yüzlərlə cild kitablara sığmayan böyük nitq külliyyatının diqqətlə izlənməsindən keçir.

Bu fikirlər Qərbi Azərbaycan İcması Ağsaqqallar Birliyi sədrinin müavini professor Eynəddin Məmmədovun “Natiqlik sənətinin Heydər Əliyev zirvəsi” sərlövhəli məqaləsində yer alıb.

SİA AZƏRTAC-a istinadən məqaləni təqdim edir: “Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik fikri və idarəetmə təfəkkürünün təcrübə müstəvisinə keçməsində əvəzsiz rolu olan lider kimi yer almaqla bərabər, nitq mədəniyyətimizin nadir nümunələrini yaratmış şəxsiyyət kimi qalmışdır.

Onun natiqlik məharəti özündə bir sıra vacib elementləri birləşdirir. Sistemli, ardıcıl, məntiqli və axıcı məzmunu ilə qətiyyətli və inandırıcı xarakter daşıyan Heydər Əliyev nitqi, həm də ana dilimizin zəngin ədəbi-bədii xüsusiyyətlərini özündə ehtiva edirdi. Uzun illər SSRİ kimi qlobal aktorun rusdilli rəhbər strukturlarında fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan dilinin bütün incəliklərini, məziyyətlərini qoruyub saxlaması və daha da inkişaf etdirməsi onun şəxsiyyətinin ucalığını və bütövlüyünü göstərir.

“Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqının dilini yaşatmaq, inkişaf etdirmək və dünya səviyyəsinə qaldırmaq, xalqın qabaqcıl adamlarının, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur... Xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir... Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir”, – deyən Ulu Öndər Heydər Əliyev bu fikirləri səsləndirəndə sanki öz tarixi missiyasının tərifini verir, onun konturlarını bəyan edir, ağır keçid dövründə dilimizin rolu və əhəmiyyətinə xüsusi eyham vururdu.

Natiqlik şərəfi

Şəxsi nümunəsində Heydər Əliyev misli-bərabəri olmayan natiqlik istedadı ilə natiqlik sənətinin ən böyük salnamələrindən birini yaratmışdır. Məşhur publisist H.B.Zərdabi “insanın şərəfinin bir dəlili də onun nitqidir” deyirdi. Ümummilli Lider uzunmüddətli siyasi fəaliyyəti dövründə bu şərəfi ən yüksək səviyyədə daşımış və gələcək nəsillərə əvəzsiz miras buraxmışdır.

Məlumdur ki, onun 1993-cü ilin iyun ayında respublika rəhbərliyinə qayıdışı Azərbaycanın tarixində yeni bir dövrün başlanğıcını qoydu. Daxili və xarici siyasətdə haqlı, gərgin mübarizəsi, xalqı birliyə, azadlıq, müstəqillik uğrunda mübarizəyə çağıran məzmunlu çıxışları, bəyanatları, verdiyi müsahibələr böyük şəxsiyyətin xarakterinin geniş kütlələr üçün açılmasına da imkanlar yaratdı.

Heydər Əliyev irsini araşdıran tədqiqatçıların ortaq fikri ondan ibarətdir ki, onun natiqlik məharəti özündə həm Şərq, həm də Qərb natiqlik məktəblərinin elementlərini birləşdirir. Öz məntiqinin ardıcıllığına, inandırıcılığına və nitqinin əzəmətinə görə Azərbaycan nitq mədəniyyətinin tarixində onunla müqayisə ediləcək ikinci bir şəxsiyyət olmamışdır.

Ulu Öndərin təkrarolunmaz nitqliyi onun bir insan kimi fərdi, fitri istedadı, daim öz üzərində işləməsi, ətrafında, dünyada baş verən hadisələrə, onların səbəblərinə, nəticələrinə maraq göstərməsi və diqqətcilliyi, həmçinin, dərindən yiyələndiyi ana dilinə məhəbbəti, bu dildən mənəvi zövq duyması, böyük ilham alması ilə bilavasitə bağlı idi. Bununla yanaşı, mənsub olduğu xalqı ürəkdən sevməsi, onun tarixini, mentalitetini, mədəniyyətini dərindən bilməsi və bütün bunların ən mükəmməl səviyyədə daşıyıcısı olması, habelə, mürəkkəb tarixi dövrdə, müstəqil dövlət quruculuğu mərhələsində millət, xalq, milli dövlətçilik üçün hamıdan artıq məsuliyyət duyması, bunun üçün əsaslandırılmış, böyük mübarizəyə girməsi böyük şəxsiyyətin nitqlərində ana xətt kimi keçirdi.

Məsələn, 1993-cü ildə Azərbaycan Milli Məclisindəki ilk tarixi çıxışında, deputatlara və xalqa səslənişində, dövlətə və dövlətçiliyimizə təhlükə yaradan qiyamların yatırılması zamanı xalqa etdiyi müraciətlərində, əcnəbi liderlərlə görüşlərində bəzən emosionallıq, lazım gəldikdə isə müdriklik, təmkin, yüksək diplomatik məziyyətlər göstərməsi milli dövlətçilik qarşısında qeyri-adi məsuliyyətin vəhdətini nümayiş etdirirdi.

Ulu Öndər ana dilində sadəcə danışmır, yalnız fikir və emosiyasını ifadə etmir, o, ana dili ilə yaşayır, bu dildən mənəvi güc, qüvvə, ilham alır. Bu, Heydər Əliyevin dövlət dili ilə bağlı düşüncələrinin sadəcə söz olaraq qalmamasında, Azərbaycan dilinin bütün sahələrdə yayılması üçün əməli addımlar atmasında da özünü göstərirdi. Onun bilavasitə göstərişi, qəbul etdiyi qərarlar və sarsılmaz iradəsi ilə Azərbaycan dili dövlət səviyyəsində milli kimliyin, etnik-siyasi, mənəvi-ideoloji müstəqilliyin əsas elementinə çevrildi.

Əməli fəaliyyət

Heydər Əliyev yuxarıda qeyd edilən şərəfli amal uğrunda sovet hakimiyyəti illərində də böyük mübarizə aparmış, dövlət dilimizin qorunub saxlanılması və istifadəsinə əvəzsiz töhfələr vermişdir. Həmin töhfələrin nəticəsi onun müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtlarda özünü daha da aydın göstərirdi. Yeni Konstitusiyanın qəbulu, dövlət dilimizin statusunun ən yüksək səviyyədə təsbiti, dilin xüsusi dövlət qayğısı ilə əhatələnməsi bilavasitə onun şəxsi diqqətində idi. Həmçinin, bütün dövlət və qeyri-hökumət təşkilatlarında, dövlət dilinin bərqərar edilməsi, latın qrafikalı yeni əlifbaya keçid prosesinin başa çatdırılması məhz onun xidmətləri idi.

Bununla yanaşı, Heydər Əliyevin fərmanı ilə hər il ölkəmizdə Azərbaycan Əlifbası və Dili Günü qeyd olunmağa başlanmış, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiqlənib. Müstəqillik dövründə ən qısa müddətdə Azərbaycan dilinin hərtərəfli inkişafı, ən yüksək hüquqi statusu alması, diplomatik sahədə tətbiqi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ulu Öndər tərəfindən əsası qoyulan milli dil siyasətinin bilavasitə nəticəsi olmuşdur.

O, Azərbaycan dilinə töhfəsi olan insanları, alimləri, mədəniyyət və incəsənət xadimlərini qorumaqla, onların fəaliyyətini yüksək qimətləndirməklə də dilimizin inkişafına əvəzsiz xidmət göstərmişdir.

Təsadüfi deyildir ki, Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün onun siyasi məktəbinin varisi və layiqli davamçısı, Prezident İlham Əliyev uğurla və ləyaqətlə davam etdirir. Dövlət başçısının Azərbaycan dili ilə bağlı fərman və sərəncamları dilimizə ən yüksək səviyyədə diqqət və qayğının təzahürüdür.

Prezident İlham Əliyev, dahi şəxsiyyətin natiqlik istedadını da bu gün praktiki şəkildə gəncə nəslə şövqlə təqdim edir. Belə ki, Prezident İlham Əliyevin ən çox nəzərə çarpan və Ulu öndərdən əxz etdiyi ən mühüm keyfiyyətlərdən biri də, 44 günlük Vətən müharibəsi dövründə hər kəsin diqqətini cəlb edən və yüksək rəğbət qazanan danışıq üslubu, nitq mədəniyyəti və yüksək natiqlik məharəti oldu. Bir neçə dildə mükəmməl, səlis, məntiqli və ardıcıl nitqi, saysız-hesabsız müsahibələri ilə informasiya müharibəsinin də önündə gedən Prezident İlham Əliyev bu cəbhədə də böyük Zəfərin əldə olunmasında müstəsna rol oynadı.

Natiqlik zirvəsi

Tanınmış tədqiqatçıların gəldiyi ümumi qənaət ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevdə görkəmli natiqlər üçün xarakterik olan bütün əsas əlamətlər cəmlənmişdir: əzəmətli və vüqarlı xarici görkəm; gur, təsirli və ovsunlayıcı səs, həmçinin, möhkəm məntiq. Bunların hər hansı sonradan qazanılmır, insana ancaq Allahın mərhəməti ilə verilir.

Natiqlik üçün tələb olunan digər keyfiyyətlər isə insanın özündən, qazandığı təcrübədən, keçdiyi məktəbdən aslıdır. H.Əliyevin keçdiyi böyük ictimai-siyasi təcrübə məktəbi, yüksək mənəvi-mədəni və ideoloji hazırlıq, xalqla, cəmiyyətlə, insanlarla daimi əlaqə, ünsiyyət, idarəçilik istedadı, rəhbərlik məharəti və s. onun bir natiq kimi bu sənətin ən yüksək zirvəsinə yüksəlmək imkanı vermişdir.

Ulu öndərin natiqlik mədəniyyətinin təhlili bizə bəzi nəticələri təqdim etmək imkanı verir:

1. Hansı mövzuda məruzə və ya çıxış edir, yaxud fikir mübadiləsi aparırsa, fərqi yoxdur, H.Əliyevin həmişə mövzuya dərindən, yüksək professional səviyyədə bələd olduğu ortaya çıxır.

2. Ulu öndərin çıxışları auditoriyanın marağına, səviyyəsinə, dərketmə imkanına adekvat olur - auditoriya ilə natiq arasında, demək olar ki, hər dəqiqə sıx psixoloji rabitə mövcud olur.

3. Onun nitqində yazı dilinin yorucu təsirindən əsər-əlamət olmur, şifahi danışığın canlılığı hər zaman auditoriyanın ona diqqət kəsilməsinə imkan yaradır. Şifahilik, fıkrin birbaşa ifadəsi, güclü ümumiləşdirmə qabiliyyəti, dərin məntiq, analitik təfəkkür, hadisələrə cari gedişat vaxtında reaksiya vermə istedadı, habelə, cəmiyyətlə ünsiyyətə girmə məharəti və aktiv fıkir mübadiləsinə meyillilik H.Əliyevin natiqlik üslubunun əsas elemenləridir. Onun əzəmətli, mənalı görkəmi, məzmunlu səsi dinləyicilərdə, onların düşüncələrində dərin iz qoyur. Bu keyfiyyətlər natiqi auditoriya üçün daha anlaşıqlı, daha çox dərk olunan edir.

4. H.Əliyevin nitqini klassik natiqliyin ardıcıllıq, məntiqilik və sistemlilik kimi keyfıyyətləri səciyyələndirir. Onun güclü məntiqi, çıxışının həcmindən asılı olmayaraq, nitqinin məzmunu və ardıcıllığına nəzarət imkanı verir, bütün çıxışlarında ardıcıllıq, məntiqilik və sistemlilik mükəmməl bir şəkildə gözlənilir.

5. H.Əliyev bu və ya digər məsələnin müzakirəsi zamanı həm konkretdən ümumiyə, həm də ümumidən konkretə çox böyük ustalıqla keçir, nitqində müdrik ümumiləşdirmələri çox böyük məharətlə aparır.

6. Onun nitqinin mükəmməlliyi, zənginliyi özünü həm də işlətdiyi müdrik kəlamlarda göstərir. Bu kəlamların hər biri böyük bir əsər gücündədir.

7. Saatlarla ayaq üstə dayanaraq qüsursuz nitq təqdim etməsi, bir fikri təkrar-təkrar istifadə etməməsi, çıxışlarında sinonim zənginliyi və eyni sözləri təkrarlamaması, lakonik cümlə ilə böyük fikirlər ifadə etməsi onu milyonların sevimlisinə çevirən xüsusiyyətlərindən yalnız bir neçəsidir.

Beləliklə, Ulu Öndər Heydər Əliyev zəngin və təmiz ana dili, ideoloji-fəlsəfı kamilliyi, informativ gücü, ictimai-siyasi natiqlik sahəsindəki zəngin təcrübəsi, istedadı ilə bütöv bir məktəb yaratmış, əvəzsiz bir miras qoymuşdur. Onun adı milli düşüncə və təfəkkür tariximizə qızıl hərflərlə həkk olunmuş, ölməzlik qazanmışdır. Heydər Əliyevin bütün sahələrdə misilsiz xidmətləri, xüsusilə natiqlik məktəbi - Azərbaycan xalqının milli sərvəti kimi, ümumtürk və dünya natiqlik sənəti tarixində layiqli yerini tutmuş və tutmaqda davam edəcəkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə