İcbari Tibbi Sığorta kimlərə şamil edilir? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI
"“Tibbi sığorta haqqında” Qanuna əsasən (15-2.1.) Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər də 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onlar İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən dövlət büdcəsinin vəsaiti hesabına istifadə edə bilərlər". Bu sözləri SİA-ya açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
Onun sözlərinə görə, hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 3500-dən artıq diaqnozu əhatə edən 2550 sayda tibbi xidmət göstərilir: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsinə (https://its.gov.az/) daxil olaraq, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərlə daha ətraflı tanış olmaq mümkündür. Xidmətlər Zərfi üzrə elektron axtarış sistemi vasitəsilə tələb olunan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu yoxlamaq, həmçinin tibbi xidmət müqabilində Agentlik tərəfindən tibb müəssisəsinə ödənilən məbləğ haqqında məlumat almaq olar. Məlumat üçün bildirək ki, vətəndaşlar Poliklinika və Ailə Sağlamlıq Mərkəzləri istisna olmaqla, yaşadıqları və qeydiyyatda olduqları yerdən asılı olmayaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanmaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün (ixtisaslı həkim - kardioloq, uroloq, oftalmoloq, endokrinoloq və s. - müayinəsi) şəxsiyyət vəsiqələrini təqdim etməklə müraciət edə bilərlər. Bu tibb müəssisələrinə rayon və şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və s. tibb müəssisələri aiddir. Qeyd edək ki, Poliklinika və Ailə Sağlamlıq Mərkəzlərinə qeydiyyat üzrə müraciət edilməlidir.
Qeyd edilən tibb müəssisələrində də vətəndaşlar istənilən ixtisaslı həkimin müayinəsindən keçə bilər və Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən ödənişsiz yararlana bilərlər. Vətəndaşa hər hansı tibbi xidmətin göstərilməsi müraciət etdikləri tibb müəssisəsində mümkün olmasa, bu zaman ixtisaslı həkim tərəfindən TƏBİB-in tabeliyindəki digər dövlət tibb müəssisəsinə və ya Agentliyin müqavilə bağladığı 69 özəl tibb müəssisəsindən birinə göndəriş verilə bilər".
Aynurə Əhmədova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır: "Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir. Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB