Sədaqət Vəliyeva: “COVİD-19 pandemiyasından yeganə xilas yolu vaksinasiyadır”

“COVİD-19 virusu hava-damcı yolu ilə insanları sürətlə yoluxduran qorxulu xəstəlikdir. Təsadüfi deyil ki, bu virus bir il ərzində dünyanı pandemiya vəziyyətinə gətirdi. Bu xəstəliyi keçirmiş insanlar daha yaxşı bilir ki, COVID-19 virusu insanlar üçün ölümcül də ola bilər. Ona görə də, vaksin etdirmək insanı və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur. Çünki dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlara qarşı öz öhdəliklərini yerinə yetirə bilmir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Sədaqət Vəliyeva bildirib ki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir: “Yəni, immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur. Bütün klinik yoxlamalar 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnib. Bütövlükdə, heç kəs unutmamalıdır ki, bu xəstəlik yaşa baxmır. Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Əlbəttə ki, sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək insanların sağlam olmasında mühüm rol oynayır. Lakin indiki pandemiya dövründə bu tədbirlər kifayət etmir. Bu mənada, peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir”. “Vaksinasiya cəmiyyətimiz və ölkəmiz üçün olduqca önəmlidir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, uşaqların gələcəyi üçün də vaksin vacibdir: “COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi. Pandemiya “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün də çox vacibdir. Eyni zamanda, peyvəndlər digər insanları da qoruyur. Bu səbəbdən də COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 4 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir”.

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə