Bioloji Təbabət Klinikası hər an xalqın xidmətində və yanındadır

Qüdrət Yaqubov: “Biz öz həkim heyyətimiz və ambulansımızla cəhbədə dövlətimizə dəstək olmaq üçün hazırıq və bu barədə aiddiyatı qurumlara müraciət ünvanlamışıq”

Bioloji Təbabət Klinikası (BOT) Azərbaycanda ilk dəfə qapılarını pasientlərin üzünə 2009-cu ildə açmışdı. Tibb sahəsində dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən olan Almaniya, İsveç, İtaliya və digər ölkələrdə geniş yayılmış biotənzimləyici müalicə üsulunu Azərbaycanda da tətbiq etmək və sağlamlıq problemləri olan insanların məhz bu zərərsiz terapiya ilə müalicə almasına nail olmaq ideyası xalqımızın dəyərli ziyalılarından olan iş adamı, hər zaman millətinin sağlamlığını düşünən Elxan Yaqubov tərəfindən irəli sürülüb və məhz onun təşəbbüsü ilə 11 il əvvəl belə bir müasir "Bioloji Təbabət " MMC yaradılıb.

Əhaliyə yüksək tibbi xidmət göstərmək üçün klinika elə ilk günlərdən son texnologiyalı müayinə və müalicə aparatları ilə təchiz edildi. Biotənzimizləyici terapiya ilə məşğul olan həkimlərin bu sahədəki biliklərinin daha da təkmilləşdirilməsi və artırılması üçün artıq 2001-ci ildən başlayaraq müvafiq kurs və seminarlar təşkil olundu. Respublikanın bir-çox tanınmış həkimləri həmin kurs və seminarlarda böyük həvəslə iştirak etməyə başladılar. Çünki Bioloji Təbabət MMC-nin rəhbərliyinin əsas məqsədlərindən biri biotənzimləyici müalicə üsulunu Azərbaycanda daha geniş tətbiq etmək idi. Məhz buna görə də ötən illər ərzində Sumqayıtda, Göyçayda və Masallıda da Bioloji Təbabət klinikaları fəaliyyətə başladı. Nəticədə az bir vaxtda bir çox xroniki xəstəliklərin biotənzimləyici terapiya ilə müalicəsində uğurlu nəticələr qazanan həkimlərin sorağı artıq respublikanın sərhədlərini aşaraq Türkiyə, İran, Ərəb ölkələri və hətta Rusiyadan da eşidilməyə başlandı. Çoxları Bioloji Təbabət Klinikasını özünün ümidgahı bildilər və bundan heç yanılmadılar da.

İllər keçdikcə orqanizm üçün effektli, ziyansız müalicə üsulu olan biotənzimləyici terapiya öz uğurları ilə əhali arasında özünü daha yüksək səviyyədə təsdiqləməyə nail oldu. Məhz buna görə də öz təcrübələrində bu müalicə üsuluna üstünlük verən həkimlərin də sayı respublikamızda getdikcə artdı. Təsadüfi deyil ki, bioloji müalicə sahəsində azərbaycanlı həkimlərin qazandığı uğurlu nəticələr bioloji təbabətin vətəni sayılan Almaniyada xüsusi mükafata layiq görülmüşdür. Artıq bu gün Azərbaycanın demək olar ki, əksər rayonlarında bioloji təbabət üsullarından istifadə edən həkimlər çalışır. Belə ki, Elxan Yaqubovun təşəbbüsü ilə xarici ölkələrdən dəvət olunan məşhur həkimlərin apardığı seminarlar sayəsində 2001-ci ildən etibarən bioloji təbabət kurslarını ödənişsiz bitirən, sertifikat alan və respublikamızda, qonşu ölkələrdə fəaliyyət göstərən 5 mindən çox həkim var. Ona görə də çox keçmədən Bioloji Təbabət MMC-nin təşəbbüsü ilə bir çox tanınmış həkimləri, alimləri birləşdirən Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti yaradıldı. Biotənzimləyici terapiyanın üstünlüklərini elmi məqalələrlə, praktik nümunələrlə şərh etmək məqsədi ilə yaradılan, hazırda ölkəmizdə tibb sahəsində ən oxunaqlı jurnallardan sayılan və tibb elmləri doktoru, professor Fikriyyə İbrahimlinin baş redaktorluğu ilə çap olunan "Bioloji Təbabət" jurnalı da yeni müalicə sahəsinin təbliğində çox mühüm rol oynayır.

Artıq Qarabağ müharibəsii başladığı bu günlərdə və xalqımızın uşaqdan böyüyə kimi hamıda böyük ruh yüksəkliyi olduğu bir vaxtda, biz Elxan Yaqubov və Bioloji Təbabət Klinikaları Şəbəkəsinin sədr müavini Qüdrət Yqaubovla görüşdük. Cavan kadr olmasına baxmayaraq, İngiltərədə çox yüksək səviyyədə təhsil almış, yaxşı təşkilatçı Qüdrət Elxan oğlu Yaqubov, öz klinikalarının Qarabağ döyüşünə hazır olduqları və ölkə başçımıza, müdafiə nazirliyimizə həmişə dəstək olmaları haqqında belə dedi:

- Biz öz həkim heyyətimiz və ambulansımızla cəhbədə dövlətimizə dəstək olmaq üçün hazırıq və bu barədə aiddiyatı qurumlara müraciət ünvanlamışıq. Hər bir sahibkar, xüsusilə özəl tibb müəssisələri dövlətimizin yanında olmalı və lazım gələrsə bütün qüvvələrini səfərbər etməlidir. Onu da vurğulayım ki, son 15 ildə ölkəmizdə bir çox yeni xəstəxanalar tikilmiş, mövcud xəstəxanalar təmir olunmuş və müasir tibbi avadanlıqlar ilə təchiz edilmişdir. Dövlət səhiyyə müəssisələri ilə yanaşı özəl tibb mərkəzlərinin də sayı xeyli artmışdır. Biz Bioloji Təbabət Klinikaları Şəbəkəsi olaraq hər zaman dövlətimizin yanındayıq. Hesab edirik ki, COVİD-19 pandemiyası geniş yayıldığı dövrdə və Ermənistanın təcavüskar addımları ilə işğalçılıq siyasətindən əl çəkməyərək dövlət sərhədimizə qarşı etdiyi terrorçu yanaşması fonunda və sentyabr ayının 27-dən başlayan Qarabağ döyüşlərində hər bir sahibkar, xüsusilə özəl tibb müəssisələri dövlətimizin yanında olmalı və lazım gələrsə, bütün qüvvələrini torpaqlarımızın azad olunması və qorunması üçün əsirgəməməli və səfərbər etməlidir. Bioloji Təbabət Klinikalar Şəbəkəsi olaraq öz təcili və təxirəsalınmaz texnikamız (ambulans), həkim heyyətimiz və bütün mümkün imkanlarımızla dövlətimizə dəstək olmağa hazırıq. Biz bilirik ki, dövlətimizin ön cəbhəsi kimi arxa cəbhəsi də güclüdür və bütövlükdə Azərbaycan xalqı hər zaman əsgərlərimizin yanında olduğu kimi həkimlərimiz və tibbi personallarımız da onların yanındadır. Torpaqlarımızın azad olunması üçün hər bir vətəndaşımız hər an hazırdır. Axı Vətən iman əsəridir. Onu qorumaq da hər birimizin borcu olmalıdır. Böyük sərkərdəmiz, dahi şəxsiyyətimiz Şah İsmayıl Xətai 13 yaşında ilk dəfə xalqın qarşısında çıxış edən vaxt bu sözləri deyib: “Ey yaralanmış, parça-parça olmuş Vətənin ər igidləri, ər oğulları! Bilin ki, altı müqəddəs işi bizim üçün əmanət qoyub, babalarımız. Vətənimiz, Dilimiz, Dinimiz, Mədəniyyətimiz, Qeyrətimiz, Qüdrətimiz. Biz də onları qoruyub, gələcək nəsillərə ötürməliyik. Əgər bunlara əməl eləsək, bu, bizi qələbələrə aparacaq”.

Böyük sərkərdəmizin, Azərbaycan Dövlətini yaradan dahimizin bu sözlərini xalqımız böyü coşqu ilə qarşılayaraq, onun ətrafında sız birləşib, böyük Azərbaycan dövlətini yaradıblar. Bu sözlər indi bizim hər birimizin də ali məqsədi olmalı və Ali Baş Komandanımız, cənab İlham Əliyevin ətrafında hamımız bir nəfər kimi sıx birləşməliyik. Atalarımızın da belə bir məsəli var: “Güc bir olsa dağ oynadar yerindən”.

Bəli. Biz inanırıq ki, Bioloji Təbabət Klinikasının kollektivi, başda Elxan Yaqubov olmaqla həqiqətən də döyüşən ordumuzun və bu döyüşlərdə yaralanan vətəndaşlarımızın hər an yanındadırlar. Çünki mən, on bir ildir ki, bu kollektivin gördüyü böyük, uğurlu işləri izləyirəm və həqiqətən də xalqımız bu tibb müəssisəsini özünün ümid qapısı bilib, tez-tez bura müraciət edir.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə